Oyaq durun — hökm vaxtı gəldi!
Bu məqalə, 2004-2005-ci il ərzində bütün dünya üzrə keçirilən vilayət konqresində e’lan olunan «Oyaq durun!» broşürasına əsaslanıb.
«Oyaq durun; çünki Rəbbinizin hansı gün gələcəyini bilməzsiniz» (MATTA 24:42).
1, 2. İsa öz gəlişini uyğun olaraq nə ilə müqayisə etdi?
YAŞADIĞINIZ ərazidə oğrunun evləri talamaq üçün fürsət axtardığını bilsəydiniz, necə davranardınız? Yəqin ki, siz əzizlərinizi və dəyərli əşyalarınızı qorumaq üçün ehtiyatlı olmağa çalışacaqsınız, axı oğru nə vaxt gəldiyini xəbər vermir. Əksinə, o, gizlincə və gözləmədiyin vaxtda gəlir.
2 İsa Məsih öz təbliğində oğru obrazından dəfələrlə istifadə etmişdir (Luka 10:30; Yəhya 10:10). O, axır günlərdə Allahın hökmünü icra etmək üçün gəlməzdən qabaq baş verəcək hadisələr haqqında danışarkən, xəbərdarlıq etmişdir: «Oyaq durun; çünki Rəbbinizin hansı gün gələcəyini bilməzsiniz. Amma bunu bilin ki, əgər ev sahibi oğrunun hansı saatda gələcəyini bilsəydi, oyaq qalıb öz evini oğurlamağa qoymazdı» (Matta 24:42, 43). Beləliklə İsa da öz gəlişinin oğrunun gəlişi kimi gözlənilmədən olacağını bildirdi.
3, 4. a) İsa Məsihin gəlişi ilə bağlı onun xəbərdarlığına diqqət yetirmək nə deməkdir? b) Bununla əlaqədar hansı suallar meydana çıxır?
3 İsanın çəkdiyi nümunə aydın şəkildə göstərir ki, onun gəlişinin vaxtı mə’lum olmayacaq. Bir qədər əvvəl həmin peyğəmbərlikdə İsa demişdi: «O günü və o saatı nə göylərin mələkləri, nə də Oğul bilir; Atadan başqa heç kim bilmir» (Matta 24:36). Buna görə də, İsa öz dinləyicilərini təşviq edirdi: «Hazır olun» (Matta 24:44). Məsihin xəbərdarlığına diqqət yetirənlər, onun Allahın hökmünün İcraçısı kimi nə vaxt gəlməsindən asılı olmayaraq, hər zaman ehtiyatlı və lazımi tərzdə davranırlar.
4 Bununla əlaqədar növbəti vacib suallar meydana çıxır: Məsihin xəbərdarlığı yalnız bu dünyanın adamlarına aiddir, yoxsa həqiqi məsihçilər də oyaq durmalıdırlar? Oyaq durmaq nə üçün vacibdir və bu nə deməkdir?
Xəbərdarlıq kimlərə ünvanlanıb?
5. Nədən bilirik ki, İsa «oyaq durun» xəbərdarlığını həqiqi məsihçilərə ünvanlandırmışdı?
5 Yaxınlaşan fəlakət haqqındakı xəbərdarlığa qarşı qulaqlarını tıxayan insanlar üçün, İsa həqiqətən də oğru kimi gözlənilmədən gələcək (2 Peter 3:3-7). Bəs həqiqi məsihçilər üçün? Həvari Pavel həmimanlılarına yazırdı: «Siz özünüz dəqiq bilirsiniz ki, Rəbbin Günü oğru gecə gələn kimi gələcək» (1 Saloniklilərə 5:2). Biz ‘Rəbbin Gününün’ gələcəyinə zərrə qədər də şübhə etmirik. Bəs bu, oyaq durmağın bir o qədər də vacib olmadığınımı göstərir? Diqqət yetirək ki, növbəti sözləri deyərkən, İsa məhz öz şagirdlərinə müraciət etmişdi: «İnsan Oğlu sizin zənn etmədiyiniz saatda gələcəkdir» (Matta 24:44). Daha öncə İsa şagirdlərini ilk növbədə Padşahlığı axtarmağa təşviq edəndə, onlara xəbərdarlıq etmişdi: «Siz də hazır olun; çünki İnsan Oğlu sizin zənn etmədiyiniz saatda gələcəkdir» (Luka 12:31, 40). Məgər aydın deyilmi ki, «oyaq durun» xəbərdarlığını İsa öz davamçılarına ünvanlandırmışdı?
6. Nəyə görə oyaq durmaq lazımdır?
6 Biz nəyə görə oyaq durmalı və hazır olmalıyıq? İsa Məsih izah etdi: «O zaman tarlada iki nəfər olacaq; biri alınacaq, biri isə qalacaqdır. Dəyirmanda dən üyüdən iki qadın olacaq; biri alınacaq, biri isə qalacaqdır» (Matta 24:40, 41). Bu allahsız dünya məhvə uğrayan zaman hazır olanlar «alınacaq», yə’ni xilas olacaqlar. Digərləri isə, eqoistcəsinə yalnız öz mənfəətlərini güddükləri üçün «qalacaq», yə’ni məhv olacaqlar. Bu kimi insanların arasında bir zamanlar ruhani biliklər almış, sonra isə oyaq qalmayanlar da ola bilər.
7. Sonun nə zaman gələcəyini bilməməyimiz bizə hansı imkanı verir?
7 Hal-hazırda mövcud olan sistemin sonunun nə zaman gələcəyini dəqiq bilməməyimiz, Allaha xidmətimizin təmənnasız olduğunu sübut etməyə imkan yaradır. Nəyə görə? Bizdə elə təəssürat yarana bilər ki, son hələ gec gələcək. Təəssüflər olsun ki, bu cür düşünən məsihçilərdən bə’ziləri Yehovaya xidmətdəki sə’ylərinin soyumasına yol vermişlər. Lakin biz həyatımızı Allaha həsr etməklə, özümüzü qeyri-şərtsiz olaraq Ona xidmətə təqdim etmişik. Yehovanı tanıyanlar başa düşürlər ki, son anda sə’y göstərməklə Allahda təəssürat yaratmaq mümkün deyil. O, ürəyimizdə olanları görür (1 Şamuel 16:7).
8. Yehovaya olan məhəbbətimiz, bizi oyaq durmağa necə təşviq edir?
8 Biz Yehovanı səmimi qəlbdən sevdiyimiz üçün, Onun iradəsini yerinə yetirmək arzusu ilə alışıb yanırıq (Məzmur 40:8; Matta 26:39). Biz Ona əbədiyyən xidmət etmək istəyirik. Və bu cür gələcəyi umduğumuzdan bir qədər artıq gözləməli olduğumuz üçün, o öz dəyərini itirmir. Oyaq durmağımızın ən əsas səbəbi odur ki, Yehovanın gününün Onun niyyətlərinin həyata keçirilməsində oynadığı vacib rolu dərk edirik. Səmimi qəlbdən Allahı razı salmaq istəyimiz bizi Onun Kəlamına diqqət yetirməyə və əvvəlcə Padşahlığı axtarmağa təşviq edir (Matta 6:33; 1 Yəhya 5:3). Gəlin müzakirə edək, görək oyaq durmağımız qərarlarımızda və həyat tərzimizdə necə əks olunmalıdır.
Həyatınız nəyə yönəldilmişdir?
9. İnsanların hansı zəmanədə yaşadığımızı dərk etmələri nəyə görə vacibdir?
9 Bir çox insanlar ciddi problemlərin və bədbəxtliklərin adi bir hala çevrildiyini görür və ehtimal ki, onlar həyatlarının gedişatından məmnun deyillər. Bəs onlar dünya hadisələrinin əslində bizim üçün hansı mə’nanı daşıdığını bilirlərmi? Onlar ‘dövrün sonunun’ yaxınlaşdığı bir zamanda yaşadığımızı bilirlərmi? (Matta 24:3). Bəs eqoizmin, zorakılığın və hətta Allaha məqbul olmayan düşüncə tərzinin bu qədər geniş yayılmasının ‘axır günlərin’ əlaməti olduğunu e’tiraf edirlərmi? (2 Timoteyə 3:1-5). Onlar ayılmalı, baş verənlərin məğzini başa düşməli və həyatlarının nəyə yönəldildiyinin üzərində düşünməlidirlər.
10. Oyaq durduğumuza əmin olmaq üçün nə edə bilərik?
10 Bəs biz oyaq dururuqmu? Gündəlik həyatımızda sağlamlıq, ailə və ibadətimizlə bağlı qərarlar qəbul etməli oluruq. Biz Müqəddəs Kitab prinsiplərini bilir və onlara əsasən yaşamağa can atırıq. Buna görə də özümüzə növbəti sualları vermək yaxşı olardı: «Həyat qayğılarının məni Allaha xidmətdən yayındırmasına yol verirəmmi? Bu dünyanın fəlsəfəsi, yə’ni düşüncə tərzi mənim qərarlarıma tə’sir göstərirmi?» (Luka 21:34-36; Koloslulara 2:8). Hər an əməllərimizdən görünməlidir ki, biz bütün qəlbimizlə Yehovaya güvənir və Onun idrakına e’tibar edirik (Süleymanın məsəlləri 3:5). Bu bizim həqiqi həyatdan — Allahın yeni dünyasındakı əbədi həyatdan bərk yapışmağımıza kömək edəcək (1 Timoteyə 6:12, 19).
11-13. a) Nuhun günlərində və b) Lutun günlərində baş verənlərdən nə öyrənə bilərik?
11 Müqəddəs Kitabda oyaq durmağımıza kömək edən bir çox ibrət ala biləcəyimiz nümunələr var. Nuhun günlərində baş verənləri yada salaq. Daşqından çox-çox əvvəl Allah insanlara xəbərdarlıq etmişdi. Ancaq Nuh və onun ailəsindən başqa qulaq asan olmadı (2 Peter 2:5). İsa Məsih bu barədə demişdir: «Nuhun günləri necə idisə, İnsan Oğlunun gəlişi də elə olacaqdır. Çünki Nuhun gəmiyə girdiyi günə qədər, tufandan əvvəlki günlərdə, insanlar yeyib, içib, evlənib, ərə gedirdilər. Və tufan gəlib hamısını aparıncaya qədər necə bixəbər idilərsə, İnsan Oğlunun gəlişi də bu cür olacaqdır» (Matta 24:37-39). Biz bu nümunədən nə öyrənə bilərik? Əgər bizlərdən kim isə həyatın qayğılarının, hətta gündəlik işlərin Allahın birinci yerə qoymağımızı istədiyi ruhani işləri sıxışdırıb çıxarmasına yol verirsə, həmin adamın öz həyat tərzi üzərində ciddi düşünməsi gərəkdir (Romalılara 14:17).
12 Daha bir nümunə üzərində düşünək. Lut və ailəsinin yaşadıqları Sodom şəhəri maddi cəhətdən çiçəklənən, ruhən isə solmuş bir vəziyyətdə idi. Yehova mələkləri göndərmişdi ki, bu şəhəri məhv etsinlər. Mələklər Luta və ailəsinə Sodomdan qaçmağı və dönüb geriyə baxmamağı tapşırmışdılar. Mələklərin təşviqi ilə onlar şəhəri tərk etdilər. Lakin Lutun arvadı Sodomdakı evləri üçün heyfsilənirdi. O, Allahın əmrini pozaraq, geri döndü və bu, ona həyatı bahasına başa gəldi (Yaradılış 19:15-26). İsa gələcəkdən danışarkən, xəbərdarlıq etmişdir: «Lutun arvadını xatırlayın». Biz bu xəbərdarlığa diqqət yetiririkmi? (Luka 17:32).
13 Allahın xəbərdarlığına qulaq asanlar məhvdən qaçdılar. Nuh ailəsi ilə birlikdə, həmçinin Lut və qızları xilas oldular (2 Peter 2:9). Biz bu nümunələrdəki xəbərdarlığa ciddi yanaşsaq, salehliyi sevənlərə yönələn xilas xəbəri bizi də təşviq edə bilər. Allahın ‘salehlik ömür sürən’ «yeni göylər və yeni yer» haqqındakı və’dinin yerinə yetəcəyi vaxtı əminliklə gözləyirik (2 Peter 3:13).
‘Hökm vaxtı gəldi!’
14, 15. a) Hökm «vaxtı» özünə nəyi daxil edir? b) ‘Allahdan qorxmaq və Ona izzət vermək’ nə deməkdir?
14 Əgər oyaq qalarıqsa, biz nəyə ümid edə bilərik? Allahın niyyətinin necə yerinə yetəcəyi «Vəhy» kitabında addımbaaddım təsvir olunmuşdur. Bu kitabda yazılanlara uyğun hərəkət etməklə, biz öz hazırlığımızı göstərəcəyik. Oradakı peyğəmbərliklərdə 1914-cü ildə Məsih hakimiyyətə gəldikdən sonra başlayan «Rəbbin günündə» baş verən hadisələr canlı surətdə təsvir olunur (Vəhy 1:10). «Vəhy» kitabı diqqətimizi «əbədi bir Müjdə» həvalə olunan mələyə yönəldir. Həmin mələk yüksək bir səslə bəyan edirdi: «Allahdan qorxun! Ona izzət verin! Çünki Onun hökmünün vaxtı gəldi» (Vəhy 14:6, 7). Hökm «vaxtı» — peyğəmbərlikdə təsvir olunan Allahın hökmlərinin həm bəyan edildiyi, həm də icra olunduğu qısa vaxt müddətidir. Hazırda biz məhz həmin dövrdə yaşayırıq.
15 İndi, hökm vaxtı hələ başa çatmamışdan əvvəl, təşviq olunuruq: «Allahdan qorxun! Ona izzət verin!» Bu sözlər nə mə’na daşıyır? Allah qarşısında sağlam qorxuya malik olmaq bizi pisliyə nifrət etməyə təşviq etməlidir (Süleymanın məsəlləri 8:13). Əgər Allaha hörmət ediriksə, onda Onu ehtiram hissi ilə dinləyəcəyik. «Onun Kəlamını — Müqəddəs Kitabı müntəzəm olaraq oxumağa vaxtımız yoxdur» deyə özümüzə haqq qazandırmayacaq və məsihçi görüşlərinə getmək məsləhətinə e’tinasızlıq göstərməyəcəyik (İbranilərə 10:24, 25). Biz Allahın Xilaskar Padşahlığı haqqındakı xoş xəbəri bəyan etmək şərəfini qiymətləndirəcək və öz məs’uliyyətimizi sə’ylə yerinə yetirəcəyik. Bütün qəlbimizlə hər zaman Yehovaya arxalanacağıq (Məzmur 62:8). Yehovanın Küll-İxtiyar Allah olduğunu qəbul etdiyimiz üçün, həyatımızı hazırlıqla Onun iradəsinə tabe etdirərək Ona ehtiram bəslədiyimizi göstəririk. Bəs sən həqiqətən də Allah qorxusuna maliksənmi və hər addımınla Ona məhz bu cür izzət verirsənmi?
16. Nəyə görə demək olar ki, Vəhy 14:8 ayəsində deyilən Böyük Babil üzərindəki hökm artıq yerinə yetib?
16 «Vəhy» kitabının 14-cü fəslində hökm vaxtı baş verməli olan sonrakı hadisələr təsvir edilir. Əvvəlcə yalan dinin dünya imperiyası olan Böyük Babil xatırlanır. Biz oxuyuruq: «Başqa bir mələk də ardınca gəlib deyirdi: “Yıxıldı! ...böyük Babil şəhəri yıxıldı!”» (Vəhy 14:8). Allahın gözündə Böyük Babil şəhəri həqiqətən də yıxılıb. 1919-cu ildə Yehovanın məsh edilmiş xidmətçiləri, minilliklər ərzində insanların üzərində hakim kəsilən Babil ehkamlarının və ən’ənələrinin əsarətindən azad oldular (Vəhy 17:1, 15). Həmin andan e’tibarən onlar əllərindən gələni etmişlər ki, həqiqi ibadət geniş yayılsın. Beləliklə, Allahın Padşahlığı haqqındakı xoş xəbərin təbliği o vaxtdan e’tibarən bütün yer üzündə səslənir (Matta 24:14).
17. Böyük Babildən çıxmaq nə deməkdir?
17 Allahın Böyük Babil üzərindəki məhkəməsi yalnız yuxarıda sadalanan hadisələrlə sona yetmir. Tezliklə onu tamamilə məhv gözləyir (Vəhy 18:21). Müqəddəs Kitab tam əsasla hər bir kəsi təşviq edir: «Ey xalqım, oradan [Böyük Babildən] çıxın ki, onun günahlarına şərik olmayasınız» (Vəhy 18:4, 5). Böyük Babildən çıxmaq nə deməkdir? Bu, sadəcə yalan dinlə bütün əlaqəni kəsməkdən daha artıq mə’na daşıyır. Böyük Babilin tə’siri bir çox məşhur bayram və ən’ənələrdə, bu gün geniş yayılmış cinsi əxlaqsızlıqda, spiritizmlə bağlı əyləncələrdə və bir çox başqa şeylərdə görünür. Oyaq qalmaq üçün, Böyük Babildən həqiqətən də ayrıldığımızı həm əməllərimizlə, həm də ürəyimizin arzuları ilə sübut etməliyik.
18. Oyaq duran məsihçilər Vəhy 14:9, 10 ayələrindəki sözləri yadda saxlayaraq, nədən qaçmağa çalışırlar?
18 Vəhy 14:9, 10 ayələrində ‘hökm vaxtının’ daha bir xüsusiyyəti açıqlanır. Başqa mələk deyir: «Kim canavara və onun surətinə səcdə edib, alnına, yaxud əlinə damğa vurulmasını qəbul edərsə, O da, Allahın hiddət kasasında saf olaraq hazırlanmış Öz qəzəbinin şərabından içəcəkdir». Nəyə görə? ‘Canavar və onun surəti’ — Yehovanın hakimiyyətini qəbul etməyən insan hökumətlərinin simvoludur. Oyaq duran məsihçilər diqqətli olmağa çalışırlar ki, həqiqi Allah Yehovanı Küll-İxtiyar Hökmdar kimi qəbul etməyənlərin tə’siri altına düşməsinlər. Fikirlərimizin və əməllərimizin bu cür tə’sir altına düşməsinə yol verməyimiz, ‘alına, yaxud ələ vurulan’ köləlik damğasına bənzəyərdi. Məsihçilər Allahın Padşahlığının artıq göylərdə qurulduğunu bilirlər. Bu Padşahlıq bütün insan rəhbərliklərinə son qoyacaq, özü isə əbədiyyən duracaq (Daniel 2:44).
Vaxtın yaxın olduğunu unutmayın
19, 20. a) Axır günlər sona yaxınlaşdıqca, Şeytan, şübhəsiz ki, nə etməyə çalışacaqdır? b) Biz nəyə qətiyyətli olmalıyıq?
19 Axır günlərin sonuna yaxınlaşdıqca, sınaqlar və şirnikdirici tə’sirlər də get-gedə artır. Hələ ki, qeyri-kamilik və bu köhnə sistemdə yaşayırıq xəstəliklər, qocalıq, əzizlərimizin ölümü, inciklik hissləri, Allahın Kəlamını təbliğ etdiyimiz insanların e’tinasızlığı və bir çox başqa şeylər bizə əzab verməyə davam edəcək. Şeytan bizim xoş xəbəri təbliğ etməyə və Allahın normalarına əsasən yaşamağa son qoymağımızı gözləyir (Efeslilərə 6:11-13). Hansı dövrdə yaşadığımızı qətiyyən unutmamalıyıq!
20 Ciddi problemlərlə qarşılaşacağımızı bilərək, İsa Məsih bizi təşviq etmişdir: «Oyaq durun; çünki Rəbbinizin hansı gün gələcəyini bilməzsiniz» (Matta 24:42). Beləliklə, gəlin hər zaman ayıq olaq və hansı dövrdə yaşadığımızı unutmayaq. Şeytanın bizi öz tələsinə salmasına yol verməyək: xidmətdə soyumayaq və həqiqəti tərk etməyək. Allahın Padşahlığı haqqındakı xoş xəbəri daha da sə’ylə və cəsarətlə təbliğ edək. Nə olursa-olsun, gəlin vaxtın gözləmədiyini unutmayaq və İsanın oyaq durmaq əmrinə diqqət yetirək. Beləliklə biz Yehovaya izzət verəcək və əbədi xeyir-dualar alacağıq.
Siz necə cavab verərdiniz?
• Nədən görünür ki, oyaq durmaq xəbərdarlığı həqiqi məsihçilərə aiddir?
• Hansı xəbərdaredici nümunələr oyaq durmağımıza kömək edir?
• Hökm vaxtı nədir və bu vaxt sona çatmamış biz nə etməliyik?
[23-cü səhifədəki şəkil]
İsa öz gəlişini oğrunun gəlişi ilə müqayisə etdi.
[24-cü səhifədəki şəkil]
Böyük Babilin məhvi yaxındır.
[25-ci səhifədəki şəkillər]
Gəlin daha da sə’y və qətiyyətlə təbliğ edək.