Fəsil 93
İnsan Oğlu zühur edəndə
İSA MƏSİH şimalda (Samariyada, yaxud Qalileyada) olduğu vaxt fəriseylər Allahın Padşahlığının nə vaxt gələcəyi barədə ona sual verirlər. Onlar elə bilirlər ki, Padşahlıq böyük təmtəraq və təntənə ilə gələcək. Lakin İsa deyir: «Allahın padşahlığı açıq-aşkar tərzdə gəlməyəcək. Onun barəsində: “Baxın, buradadır” və ya: “Oradadır”, — deməyəcəklər. Çünki Allahın padşahlığı aranızdadır».
İsanın dediyi «aranızdadır» sözünü bəzən «içinizdədir» kimi tərcümə edirlər, bu səbəbdən bəziləri elə düşünür ki, Padşahlıq Allahın xidmətçilərinin ürəyindədir. Lakin Allahın Padşahlığı İsanın həmin vaxt söhbət etdiyi bu imansız fəriseylərin ürəyində heç cür ola bilməzdi. Əslində, Padşahlığın təyin edilmiş padşahı İsa Məsih onlarla olduğu üçün Allahın Padşahlığı onların arasındadır.
Ehtimal ki, fəriseylər gedəndən sonra İsa Padşahlığın gəlişi haqqında şagirdlərinə danışır. O, gələcəkdə padşah kimi iştirakını vurğulayaraq onları xəbərdar edir: «Sizə: “Oradadır!”, yaxud: “Buradadır!” — deyəcəklər. Onların dalınca düşüb getməyin. Çünki şimşək çaxanda göyün bir ucundan o biri ucuna qədər necə parlayırsa, insan Oğlunun zühur günündə də belə olacaq». Beləcə, İsanın sözlərindən məlum olur ki, şimşək bütün göy üzündə göründüyü kimi, onun padşahlıq taxtına çıxması da onu gözləyənlər üçün aydın görünəcək.
Sonra İsa gələcək hadisələri qədimdə olmuş hadisələrlə müqayisə edərək özünün iştirakı zamanı insanlarda hansı əhvali-ruhiyyə olacağını göstərir: «Nuhun günlərində olduğu kimi, insan Oğlunun günlərində də elə olacaq... Lutun günlərində də belə idi: insanlar yeyir-içir, alır-satır, əkir, ev tikirdilər. Amma Lut Sodomdan çıxdığı gün göydən atəş və kükürd yağıb hamını məhv etdi. İnsan Oğlunun zühur günündə də belə olacaq».
İsa heç də demir ki, Nuhun və Lutun müasirləri sırf yemək-içmək, alqı-satqı, əkmək və tikmək kimi normal işlərə görə məhv edildilər. Nuh və Lut da öz ailələri ilə birgə bu işləri görürdülər. Başqaları isə bu işləri görür, lakin Allahın niyyətinə məhəl qoymurdular. Onlar məhz buna görə məhv edildilər. Bu dünyanın üzərinə böyük müsibət gələn zaman İsa zühur edəndə də insanlar bu səbəbdən məhvə uğrayacaqlar.
İsa özünün gələcəkdə padşahlıq taxtında oturduğuna işarə edəcək əlaməti görərkən yubanmadan hərəkətə keçməyin vacibliyini vurğulayır: «O gün kim damda olarsa, əşyalarının dalınca evə düşməsin; tarlada olan da geri qayıtmasın. Lutun arvadını heç vaxt yadınızdan çıxarmayın».
İnsanlar Məsihin iştirakının açıq-aydın əlamətini görəndə yol verməməlidirlər ki, var-dövlətə olan bağlılıq onları yubandırsın. Sodomdan çıxanda Lutun arvadı, görünür, şəhərdə qoyduğu şeylərinə görə heyfsilənib geriyə baxdı və duz sütununa çevrildi.
İsa söhbətinə davam edir: «Həmin gecə iki nəfər bir yataqda olacaq. Biri götürüləcək, o birisi qalacaq. Bir dəyirmanda iki qadın dən üyüdəcək. Biri götürüləcək, o birisi qalacaq».
Bir nəfərin götürüləcəyi fikri Nuhun öz ailəsi ilə gəmiyə girməsinə və mələklərin Lutu ailəsi ilə Sodomdan çıxartmasına uyğun gəlir. Bu, xilas deməkdir! «O birisi qalacaq» ifadəsi isə məhvi bildirir.
Bu vaxt şagirdlər soruşurlar: «Ağa, hara?»
İsa cavab verir: «Cəsəd haradadırsa, qartallar da ora yığışacaq». Xilas üçün «götürülənlər» iti gözlü qartala bənzəyirlər, çünki «cəsədin» üstünə toplaşırlar. «Cəsəd» həqiqi Məsihin səmavi Padşahlıqda padşah kimi iştirakını və Yehova Allahın verdiyi ruhani ziyafəti bildirir. Luka 17:20—37; Yaradılış 19:26.
▪ Padşahlıq hansı mənada fəriseylərin arasında idi?
▪ Məsihin iştirakı hansı mənada şimşəyə bənzəyir?
▪ Nə üçün insanlar Məsihin iştirakı zamanındakı işlərinə görə məhv ediləcəklər?
▪ «Götürülmək» və «qalmaq» nə deməkdir?