Fəsil 96
İsa və varlı gənc
İSA MƏSİH Pereyadan keçib Yerusəlimə gedərkən yolda bir gənc qaça-qaça gəlib onun qabağında diz çökür. Bu gəncə «rəhbər» deyə müraciət edirlər. Ola bilsin, o, sinaqoqda yüksək vəzifə tutur, yaxud da Sinedrion üzvüdür. Həm də çox varlıdır. O, İsadan soruşur:
— Yaxşı Müəllim, əbədi həyatı almaq üçün mən nə etməliyəm?
— Məni niyə «Yaxşı» adlandırırsan? Allahdan başqa Yaxşı şəxsiyyət yoxdur. Görünür, bu gənc «yaxşı» sözünü titul kimi işlədir. Lakin İsa göstərir ki, bu titul yalnız Allaha məxsusdur.
— Əgər həyata qovuşmaq istəyirsənsə, əmrlərə daima riayət et, — İsa deyir.
— Hansı əmrlərə?
— Qətl etmə, zina etmə, oğurluq etmə, yalan şəhadət vermə, atana və anana hörmət et, — deyərək İsa On əmrdən beşini sadalayır və daha vacib olan əmri vurğulayır, — yaxınını özünü sevdiyin kimi sev.
— Bütün bunlara ta uşaqlıqdan əməl edirəm, — bu gənc rəhbər səmimi-qəlbdən etiraf edir və soruşur, — daha nə edim?
Onun bu coşğun istəyini görəndə İsanın ürəyi ona yatır. Eyni zamanda, İsa onun var-dövlətə bağlandığını sezir və deyir: «Bircə şeyin çatmır. Get, nəyin varsa sat və kasıblara payla. Onda göydə xəzinən olacaq. Sonra mənim ardımca gəl».
Bu gənc ayağa qalxır və qəm-qüssə içində çıxıb gedir. İsa bunu təəssüflə izləyir. Bəli, var-dövlət bu gəncin gözlərini örtdüyündən o, həqiqi sərvəti qiymətləndirə bilmir. İsa heyfsilənir: «Pullu adamlara Allahın padşahlığına girmək necə də çətin olacaq!»
İsanın bu sözləri şagirdləri bərk təəccübləndirir. Üstəlik, İsanın: «Dəvə üçün iynə deşiyindən keçmək, varlı adam üçün Allahın padşahlığına girməkdən daha asandır», — sözləri onları lap çaş-baş qoyur.
Şagirdlər bilmək istəyirlər: «Bəs onda kim xilas ola bilər?»
İsa düz onların gözlərinin içinə baxıb deyir: «Bu, insan üçün mümkün deyil, Allah üçünsə mümkün olmayan şey yoxdur».
Peter varlı gəncdən fərqli seçim etdiklərini qeyd edərək deyir: «Bax, biz hər şeyi qoyub sənin ardınca gəldik. Bunun əvəzində nə alacağıq?»
İsa vəd edir: «Yeni dövr gələndə və insan Oğlu öz şanlı taxtına oturanda, mənim ardımca gələn sizlər də on iki taxtda oturub İsrailin on iki qəbiləsi üzərində hakimlik edəcəksiniz». Bununla İsa göstərir ki, Eden bağında olan şərait yenidən yer üzündə bərpa olunacaq. Peter və o biri şagirdlər isə Məsihlə birgə padşahlıq edib yerüzü Cənnəti idarə etmək şərəfinə layiq görüləcəklər. Sözsüz ki, bu misilsiz mükafat hər bir qurbana dəyər!
Bununla yanaşı, İsa göstərir ki, onun ardınca gedənlər üçün hətta indi də mükafat var: «Mənim yolumda və xoş xəbər uğrunda evini, bacı-qardaşını, anasını, atasını, uşaqlarını, yaxud tarlalarını qoyan adam mütləq bu dövrdə təqiblərlə yanaşı yüzqat artıq ev, qardaş, bacı, ana, uşaq və tarla, gələcək dövrdə isə əbədi həyat alacaq».
İsa vəd edir ki, onun davamçıları dünyanın hansı yerinə gedirlərsə getsinlər, həmimanlıları ilə münasibətləri ailə üzvləri ilə münasibətdən daha yaxın və qiymətli olacaq. Həmin varlı gənc isə, görünür, həm bu mükafatı, həm də səmavi Padşahlıqda əbədi həyat mükafatını əldən buraxır.
Sonra İsa əlavə edir: «Birincilərdən bir çoxu axırıncı, axırıncılar isə birinci olacaq». Bunun mənası nədir?
Varlı gənc kimi, dini imtiyazlara malik olub «birinci» sayılanların çoxu Padşahlığa girməyəcək. Onlar «axırıncı» olacaqlar. Amma özündənrazı fəriseylərin «axırıncı», yəni «torpaq adamları» saydıqları adamlardan bir çoxu, o cümlədən İsanın təvazökar şagirdləri «birinci» olacaqlar. Onlar Padşahlıqda İsa Məsihin hakimiyyət şərikləri olmaq şərəfinə layiq görüləcəklər. Mark 10:17—31; Matta 19:16—30; Luka 18:18—30.
▪ Nə üçün bu varlı gəncə «rəhbər» deyilir?
▪ İsa nə üçün «Yaxşı» adlanmaq istəmir?
▪ Varlı gəncin nümunəsi var-dövlətə bağlanmağın təhlükəsini necə göstərir?
▪ İsa davamçılarına hansı mükafatı vəd edir?
▪ Hansı mənada «birincilər» «axırıncı», «axırıncılar» isə «birinci» olacaqlar?