FƏSİL 108
Məsihi sözdə tutmağa cəhd edirlər
MƏTTA 22:15—40 MARK 12:13—34 LUKA 20:20—40
PADŞAHA MƏXSUS ŞEYLƏRİ PADŞAHA VERİN
DİRİLƏNLƏR EVLƏNƏCƏKLƏR?
ƏN VACİB ƏMR
İsa Məsihin düşmənləri çıxılmaz vəziyyətdədirlər. Elə indicə Məsih məsəllər danışaraq onların iç üzünü açdı. Fərisilər ona sui-qəsd hazırlayırlar. Onlar İsa Məsihin Roma hökumətinə qarşı bir söz deməsini istəyirlər. Buna görə də onu sözdə tutmaq üçün öz adamlarını onun yanına göndərirlər (Luka 6:7).
Bu adamlar deyir: «Ustad, biz bilirik ki, sən həmişə düz danışırsan, doğru təlim verirsən. Səndə tərəfkeşlik yoxdur, Allahın yolunu həqiqətə müvafiq öyrədirsən. Necə bilirsən, padşaha can vergisi ödəmək düzgündür, ya yox?» (Luka 20:21, 22). Məsih onların yaltaqlığına aldanmır. Çünki bu sözlərin arxasında ikiüzlüyün və hiyləgərliyin olduğunu bilir. Əgər peyğəmbər «düzgün deyil» desə, onu Roma imperiyasına qarşı qiyam qaldırmaqda təqsirləndirəcəklər, yox əgər «düzgündür» desə, onda Roma imperiyasının tabeliyində olmaqdan təngə gələn yəhudilər onu səhv başa düşüb ona qarşı çıxacaqlar. Bəs peyğəmbər necə cavab verir?
O deyir: «Ey ikiüzlülər, məni niyə sınayırsınız? Vergini ödədiyiniz sikkəni mənə göstərin». Ona bir dinar verirlər. İsa peyğəmbər onlara deyir: «Burada kimin surəti və titulu həkk olunub?» Onlar cavab verirlər: «Padşahın». Onda peyğəmbər deyir: «Elə isə, padşaha məxsus şeyləri padşaha, Allaha məxsus şeyləri Allaha verin» (Mətta 22:18—21).
Adamlar İsa peyğəmbərin sözlərindən heyrətə gəlirlər və deməyə söz tapmayıb oradan gedirlər. Amma gün hələ bitməyib, fərisilərin də cəhdləri hələ qabaqdadır. Fərisilərin həmləsi boşa çıxandan sonra başqa dini qrupun insanları İsa peyğəmbərə yaxınlaşır.
Dirilməyə inanmayan saddukilər dirilmə barədə və qayınla nikah bağlamaq barədə sual qaldırırlar: «Ustad, Musa belə buyurub: “Bir kişi övladsız ölərsə, qardaşı onun dul qalmış arvadını almalıdır ki, qardaşının nəsli kəsilməsin”. Aramızda yeddi qardaş var idi. Böyük qardaş evləndi, amma övladsız öldü. Arvadını ikinci qardaşı aldı. O da, üçüncüsü də — yeddinci qardaşa qədər hamısı o qadınla evləndi və öldü. Hamısından axırda qadın da öldü. İndi görəsən, diriləndən sonra həmin qadın bu yeddi qardaşdan hansının arvadı olacaq? Axı onların hamısı bu qadınla evlənmişdi» (Mətta 22:24—28).
Saddukilərin Musa peyğəmbərin yazdığı kitabları qəbul etdiklərini bilən İsa Məsih belə deyir: «Siz nə Müqəddəs Yazıları bilirsiniz, nə də Allahın qüdrətindən xəbəriniz var. Buna görə də yanılırsınız. Axı diriləndən sonra kişilər evlənməyəcək, qadınlar da ərə getməyəcəklər. Onlar göydəki mələklər kimi olacaqlar. O ki qaldı ölülərin dirilməsinə, məgər Musanın kitabında, kol haqqındakı əhvalatda Allahın Musaya: “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam”, — dediyini heç oxumamısınız? O, ölülərin yox, dirilərin Allahıdır. Siz bərk yanılırsınız» (Mark 12:24—27; Çıxış 3:1—6). Bu cavabdan sonra izdiham mat-məəttəl qalır.
İsa Məsih həm fərisiləri, həm də saddukiləri susdurdu. İndi isə bir-birinə düşmən olan bu iki dini qrup birləşib Məsihi sınamaq üçün onun yanına gəlirlər. Bir mirzə soruşur: «Ustad, Tövratda ən vacib əmr hansıdır?» (Mətta 22:36).
Məsih cavab verir: «Ən vacib əmr budur: “Dinlə, ey İsrail! Allahımız Yehova tək olan Yehovadır. Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla, bütün ağlınla və var gücünlə sev”. İkinci əmr isə budur: “Başqasını özünü sevdiyin kimi sev”. Bunlardan böyük əmr yoxdur» (Mark 12:29—31).
Cavabı eşidən mirzə deyir: «Ustad, yaxşı dedin. Doğru deyirsən ki, “O, təkdir, Ondan başqası yoxdur” və insanın Onu bütün qəlbilə, bütün düşüncəsi ilə, var qüvvəsi ilə sevməsi, həmçinin başqasını özü kimi sevməsi bütün yandırma qurbanlarından və başqa qurbanlardan qat-qat qiymətlidir». İsa peyğəmbər onun ağılla cavab verdiyini görüb deyir: «Sən Allahın Padşahlığından uzaq deyilsən» (Mark 12:32—34).
Artıq üç gündür ki (9, 10 və 11 nisan), İsa peyğəmbər məbəddə təlim verir. Daha ona sual verməyə cürət etməyən din xadimlərindən fərqli olaraq, bu mirzə və bəzi insanlar onu böyük həvəslə dinləyir.