Fəsil 30
İsanın əleyhdarlara cavabı
BELƏLİKLƏ, yəhudi din rəhbərləri İsa Məsihi şənbə haqqındakı qanunu pozmaqda təqsirləndirirlər. O, bu ittihama belə cavab verir: «Mənim Atam indiyədək işləyir, mən də işləyirəm».
İsanın gördüyü işlər, fəriseylərin iddiasının əksinə olaraq, Qanunda şənbə günü görülməsi qadağan edilmiş işlərə aid deyil. Təbliğ etmək və xəstələrə şəfa vermək işi Allahın tapşırığıdır və İsa Allahdan nümunə götürərək hər gün çalışır. Amma İsanın bu cavabı yəhudiləri daha da hirsləndirir və onlar onu öldürmək üçün fürsət axtarırlar. Nə üçün? Burada nə var ki?!
Onların fikrincə, indi İsa nəinki şənbə haqqındakı qanunu pozur, üstəlik, o, Allahın Oğlu olduğunu iddia etməklə küfr danışır. Lakin İsa onlardan qorxmur və özü ilə Allah arasındakı münasibət barədə cəsarətlə danışaraq deyir: «Ata Oğulu sevir və etdiyi hər şeyi ona göstərir».
«Ata ölüləri dirildib onlara həyat verdiyi kimi, Oğul da ürəyi istədiyi adamlara həyat verir», — deyə İsa sözünə davam edir. Bəli, Oğul artıq ruhani mənada ölü olanları dirildir! O deyir: «Mənim sözlərimi eşidib məni göndərənə iman edən ... ölümdən həyata keçir». Sonra əlavə edir: «Elə bir saat gəlir ki və artıq gəlib, ölülər Allahın Oğlunun səsini eşidəcək və itaət edənlər yaşayacaqlar».
Düzdür, İsanın həmin vaxta qədər kimisə diriltdiyi haqqında məlumat yoxdur. Lakin o, öz ittihamçılarına deyir ki, gələcəkdə dirilmə mütləq olacaq: «Buna heyrət etməyin, çünki elə bir saat gəlir ki, qəbirlərdə olanların hamısı onun səsini eşidəcək,.. diriləcəklər».
İsa Məsih Allahın niyyətində öz rolu barədə ilk dəfə olaraq camaatın qabağında belə açıq və konkret tərzdə danışır. Həm də ki bu ittihamçılara İsa haqqında başqa adam da şəhadət verib. İsa onların yadına salır: «Siz Yəhyanın yanına adam göndərmişdiniz, o, həqiqət barəsində şəhadət etdi».
Cəmi iki il bundan əvvəl Vəftizçi Yəhya bu din rəhbərlərinə özündən sonra gələn adam haqqında danışmışdı. İsa indi həbsdə olan Yəhyaya əvvəllər böyük hörmətlə yanaşdıqlarını onların yadına salır: «Siz onun işığında qısa müddət şadlanmaq istədiniz». İsa bunu xatırlatmaqla onlara qurtuluş yolunu göstərmək istəyir. Əslində, Yəhyanın şəhadəti ən başlıca amil deyil.
İsanın daha güclü dəlilləri var: «Gördüyüm işlər [yenicə göstərdiyi möcüzə də daxil olmaqla] mənim haqqımda şəhadət edir; onlar mənim Ata tərəfindən göndərildiyimi təsdiqləyir». Bundan savayı, İsa deyir: «Məni göndərən Ata mənim haqqımda Özü şahidlik edib». İsa vəftiz olanda Allah demişdi: «Bu, Mənim sevimli Oğlumdur, Mən ondan çox razıyam».
Bəli, ittihamçılar İsanı tam əsassız olaraq rədd edirlər. Axı onun haqqında, özlərinin dediyinə görə diqqətlə araşdırdıqları, Müqəddəs Yazılarda şəhadət verilir! İsa sözünü belə yekunlaşdırır: «Əgər siz Musaya iman etmiş olsaydınız, Mənə də iman edərdiniz; ona görə ki, o, Mənim haqqımda yazmışdır. Lakin əgər onun yazdıqlarına iman etmirsinizsə, Mənim sözlərimə necə iman edərsiniz?» Yəhya 5:17—47; 1:19—27; Matta 3:17.
▪ İsanın gördüyü işlər nəyə görə şənbə haqqındakı qanunu pozmur?
▪ İsa Allahın niyyətində oynadığı xüsusi rolunu necə açıqlayır?
▪ İsa Məsih Allahın Oğlu olduğunu təsdiq etmək üçün hansı dəlilləri gətirir?