Fəsil 55
Xeyli şagird İsadan ayrılır
QALİLEYA gölünün şərq sahilində möcüzə ilə çörək və balıq yeyib doymuş adamlar sonradan gəlib İsa Məsihi tapırlar və o, onlarla göydən gələn həqiqi çörək haqqında danışır. Bu söhbət davam edir və İsa Kapernahum sinaqoqunda izah edir ki, göydən gəlmiş həqiqi çörək odur.
İsa sözünə belə davam edir: «Həmin çörək bəşəriyyətin həyatı uğrunda fəda edəcəyim bədənimdir». Cəmi iki il bundan qabaq, 30-cu ilin baharında İsa Nikodim adlı bir yəhudi ilə söhbətində demişdi: «Allah dünyanı o qədər sevir ki, yeganə Oğlunu onun uğrunda qurban verdi». İndi də İsa göstərir ki, onun bir azdan verəcəyi qurbana iman edən, yəni məcazi mənada onun bədənini yeyən hər kəs əbədi həyat ala bilər.
Bu sözlər dinləyiciləri çaş-baş qoyur: «Nə? Bu adam bizə öz bədənini verəcək, biz də onu yeyəcəyik?!» İsa onun bədənini məcazi mənada yemək lazım olduğunu nəzərdə tuturdu. İsanın öz fikrini vurğulamaq üçün dediyi sonrakı sözlər, hərfən qəbul ediləndə, tamam ağlasığmaz görünür:
«Əgər insan Oğlunun bədənini yeməsəniz və qanını içməsəniz, həyata qovuşmayacaqsınız. Mənim bədənimdən yeyib qanımdan içənin əbədi həyatı var və mən onu axırıncı gündə dirildəcəyəm. Axı mənim bədənim həqiqi qidadır və qanım həqiqi içkidir. Bədənimdən yeyən və qanımdan içən mənimlə vəhdətdədir və mən də onunla vəhdətdəyəm».
İsa heç kəsi kannibalizmə çağırmır, belə olsaydı, onun bu təlimi, həqiqətən də, təhqiramiz səslənərdi! Xeyr, onun sözləri məcazi məna daşıyır. İsa sadəcə vurğulayır ki, əbədi həyata qovuşmaq üçün onun kamil insan bədəni və qanı bahasına veriləcək qurbana iman gətirmək lazımdır. Əfsus ki, hətta onun şagirdlərinin çoxu bu təlimi anlamağa cəhd etmirlər. Onlar İsaya qarşı çıxırlar: «Bu nə danışır?! Bu sözlərə qulaq asmaq mümkün deyil!»
İsa şagirdlərinin çoxunun deyindiyini bilərək onlara deyir: «Bu sözlərim sizi təhqir edir? Bəs insan Oğlunun əvvəllər olduğu yerə qayıtdığını görsəniz, onda necə?.. Sizə dediyim sözlər müqəddəs ruhdandır, onlar həyat verir. Amma aranızda elələri var ki, inanmır».
İsa sözünə davam edir: «Buna görə sizə: “Atam rüsxət verməsə, kimsə yanıma gələ bilməz”, — dedim». Beləcə, şagirdlərin çoxu İsadan ayrılır və onun ardınca getmir. Onda İsa on iki həvaridən soruşur: «Bəlkə, siz də getmək istəyirsiniz?»
Peter cavab verir: «Ağa, kimin yanına gedək? Əbədi həyatın sözləri səndədir. Biz inandıq və bilirik ki, Allahın müqəddəs qulu sənsən». Ola bilsin ki, Peter və digər həvarilər də İsanın bu sözlərinin mənasını tam başa düşmədilər, amma görün, onlar necə vəfalıdırlar!
İsa Peterin cavabından məmnun qalır və qeyd edir: «Siz on iki nəfəri mən seçməmişəm? Ancaq sizdən biri böhtançıdır». O, Yəhuda İskariotu nəzərdə tutur. Çox güman, İsa hiss edir ki, Yəhuda məhz bu vaxt əyri yola düşməyə başlayır.
İsa onu padşah etmək istəyənləri peşman etmişdi. İndi onlar, yəqin ki, belə düşünürlər: əgər bu adam Məsihə layiq olan bir səlahiyyətdən imtina edirsə, bəs o, necə Məsih ola bilər? Bu sual heç cür onların ağlına batmır. Yəhya 6:51—71; 3:16.
▪ İsa Məsih öz bədənini kimlərin uğrunda verir və «onun bədənini yemək» nə deməkdir?
▪ Onun hansı sözləri adamları daha da çaş-baş salır və o, əslində nəyi nəzərdə tutur?
▪ Çoxları İsadan ayrılanda Peter nə deyir?