Fəsil 65
İsanın Yerusəlimə gizli səfəri
İNDİ eramızın 32-ci ilinin payız fəslidir, Çardaqlar bayramı yaxınlaşır. Təxminən bir il yarım bundan əvvəl, keçən ilin Pasxa bayramında yəhudilər İsanı öldürmək istəmişdilər. Həmin vaxtdan bəri o, əsas fəaliyyətini Qalileyada cəmləşdirir. Yəqin ki, bu vaxt ərzində İsa Yerusəlimə ancaq yəhudilərin illik üç bayramında iştirak etmək üçün getmişdir.
İndi İsanın qardaşları ona: «Burada qalma, Yəhudeyaya get», — deyə israr edirlər. Yerusəlim Yəhudeyanın paytaxtı və bütün ölkənin dini mərkəzidir. Onun qardaşlarının fikrincə, «məşhurlaşmaq istəyən adam gizlində iş görməz».
Hərçənd İsanın qardaşları Yaqub, Şimon, Yusif və Yəhuda böyük qardaşlarının Məsih olduğuna inanmırlar, amma onlar istəyirlər ki, İsa bu bayrama getsin və oradakı camaata xariqüladə qüdrətini göstərsin. İsa bilir ki, bu təhlükəlidir. O deyir: «Dünya mənə nifrət edir, çünki mən onun işlərinin şər olduğuna şəhadət edirəm. Ancaq sizə nifrət etməsinə səbəb yoxdur». Buna görə də qardaşlarına deyir: «Siz bayrama gedin. Mən isə [hələ] getmirəm».
Çardaqlar bayramı yeddi gün davam edir, səkkizinci gündə isə təntənə ilə başa çatır. Əkinçilik mövsümünün bitməsi şərəfinə qeyd edilən bu mərasim böyük sevinc və şükran bayramıdır. Qardaşları camaatla getdikdən bir neçə gün sonra İsa şagirdlərlə birgə heç kimin diqqətini cəlb etmədən gizlincə yola düşür. Adamların çoxu İordan boyu yolla gedir, amma İsagil Samariyanın içindən keçməli olurlar.
İsagil dincəlmək üçün Samariyanın kəndlərindən birində qalmaq istəyirlər. O hazırlıq görmək üçün qabaqcadan adamlarını göndərir. Amma oranın camaatı biləndə ki, İsanın yolu Yerusəlimədir, onu qəbul etmir. Bundan qəzəblənən şagirdləri Yaqub və Yəhya deyirlər: «Ağa, istəyirsən deyək göydən alov gəlib bunları məhv etsin?» İsa onları qoymur və məzəmmət edir. Sonra onlar başqa kəndə gedirlər.
Yolda ikən bir mirzə İsaya deyir: «Müəllim, sən hara getsən, mən də sənin ardınca gedəcəyəm».
İsa ona cavab verir: «Tülkülərin də, göy quşlarının da yuvası var, amma insan Oğlunun başını qoymağa belə yeri yoxdur». İsa bununla mirzəyə göstərir ki, onun davamçısı müxtəlif çətinliklərlə üzləşməli olacaqdır. Amma, görünür, mirzənin qüruru bu cür yaşayışı qəbul etməyə yol vermir.
Başqa bir adama İsa deyir:
— Ardımca gəl.
— İcazə ver, əvvəlcə gedim atamı dəfn edim, — deyə o adam cavab verir.
— Qoy ölülər öz ölülərini dəfn etsinlər, sən isə get hər yerdə Allahın padşahlığını təbliğ et.
Görünür ki, bu adamın atası hələ ölməyib, əks təqdirdə, oğul İsanı dinləməkdən ötrü burada olmazdı. Bu kişi istəyir ki, İsa ona atası ölənəcən möhlət versin. O, Allahın Padşahlığını həyatında birinci yerə qoymağa hazır deyil.
Yolda daha bir adam İsaya deyir: «Ağa, sənin ardınca gedəcəyəm, amma icazə ver gedim əvvəl evdəkilərlə sağollaşım».
İsa ona cavab verir: «Əlini xışın üstünə qoyub arxadakı şeylərə baxan adam Allahın padşahlığına layiq deyil». Kim İsanın davamçısı olmaq istəyirsə, bütün diqqətini Allahın Padşahlığının işlərinə yönəltməlidir. Əgər əkinçi həmişə irəli baxmırsa, onun açdığı şırım əyri-üyrü olacaq. Eləcə də kiminsə gözü geridə, bu köhnə zəmanədə ilişib qalırsa, o, asanlıqla əbədi həyat yolunu aza bilər. Yəhya 7:2—10; Luka 9:51—62; Matta 8:19—22.
▪ İsanın qardaşlarının adı nədir və onlar İsanın barəsində nə düşünürlər?
▪ Samariyalılar nə üçün İsaya qarşı kobud davranırlar və Yaqubla Yəhya nə etmək istəyirlər?
▪ İsanın yoldakı üç söhbəti nə barədədir və o, xidmət üçün fədakarlığın vacibliyini necə vurğulayır?