Fəsil 67
İsanı tutmaq mümkün olmur
ÇARDAQLAR bayramı hələ davam edir və din xadimləri İsanı həbs etmək üçün keşikçiləri göndərirlər. İsa gizlənmir, əksinə, xalq qarşısında təlim verərək deyir: «Məni göndərənin yanına qayıtmazdan əvvəl bir az da sizinlə qalacağam. Siz məni axtaracaqsınız, amma tapmayacaqsınız və getdiyim yerə gələ bilməyəcəksiniz».
Yəhudilər bunun mənasını başa düşmürlər. Onlar bir-birilərindən soruşurlar: «Bu adam hara gedir ki, biz onu tapmayacağıq? Bəlkə, o, yunanların arasında yaşayan yəhudilərin yanına gedib yunanları da öyrətmək fikrindədir? Görəsən o: “Məni axtaracaqsınız, amma tapmayacaqsınız və getdiyim yerə gələ bilməyəcəksiniz”, — sözləri ilə nə demək istəyir?» İsa özünün tezliklə öləcəyindən, diriləcəyindən və göydəki gələcək həyatından danışır; onun düşmənləri oraya gedə bilməyəcəklər.
Bayramın yeddinci, yəni sonuncu günü gəlir. Bu yeddi gün ərzində hər səhər kahin Siloam hovuzundan götürdüyü suyu boşaldırdı və su axıb qurbangahın dibinə çatırdı. İsa, ola bilsin, bu adəti camaata xatırladaraq deyir: «Susayan yanıma gəlib içsin. Kim mənə iman edərsə, Müqəddəs Yazılarda deyildiyi kimi, onun “içindən həyat suları axacaq”».
Burada İsa müqəddəs ruh töküləndə hasil olacaq gözəl bəhrələrdən danışır. Müqəddəs ruh gələn il, Əllinci gün bayramında töküləcəkdi. Onda İsanın 120 şagirdi insanlara təbliğ etməyə başlayacaq və həmin vaxtdan bəri «həyat suları» axacaqdı. O vaxta kimi Məsihin şagirdlərindən heç biri müqəddəs ruhla məsh olunub göylər həyatına dəvət almamışdı, müqəddəs ruh bu mənada hələ gəlməmişdi.
Bəziləri İsanın təlimini dinləyərək deyir: «Bu adam, doğrudan da, Peyğəmbərdir!» «Peyğəmbər» deyərkən onlar, görünür, Müqəddəs Yazılarda vəd edilmiş Musa peyğəmbərdən böyük peyğəmbəri nəzərdə tuturlar. Bir başqaları deyir: «Bu Məsihdir». Ancaq etiraz edənlər də var: «Məgər Məsih Qalileyadan gələcək? Axı Müqəddəs Yazılarda yazılıb ki, Məsih Davudun nəslindən olacaq və Davudun yaşadığı Betlehem kəndindən gələcək».
Beləliklə, camaat arasında ixtilaf yaranır. Adamların bir qismi İsanı yaxalamaq fikrinə düşür, amma heç kim buna cürət etmir. Keşikçilər əliboş qayıdanda böyük kahinlər və fəriseylər soruşurlar: «Onu niyə gətirmədiniz?»
Keşikçilər cavab verirlər: «Biz hələ ömrümüzdə görməmişik ki, kimsə belə danışsın».
Hirslərindən zəncir gəmirən fəriseylər keşikçiləri lağa qoyub söyürlər və yalana əl atırlar. Fəriseylər rişxəndlə: «Deyəsən, o, sizi də yoldan çıxarıb! Görün, heç rəhbərlərdən və ya fəriseylərdən kimsə ona inanır? Bu lənətə gəlmiş camaatın isə Qanundan xəbəri yoxdur», — deyirlər.
Bundan sonra Sinedrionun üzvü, yəni yəhudi rəhbərlərindən olan Nikodim adlı bir fərisey İsanın tərəfini saxlamağa cürət edir. Yəqin, xatirinizdədir ki, həmin Nikodim iki il yarım bundan əvvəl gecə vaxtı İsanın yanına gəlib ona iman gətirdiyini göstərmişdi. İndi o deyir: «Məgər bizim qanun, insanı dinləmədən və onun işini araşdırmadan ona hökm kəsməyə yol verir?»
Öz aralarından kiminsə İsaya tərəfdar çıxdığını görən fəriseylər daha da qızışırlar: «Olmaya, sən də qalileyalısan? — deyə kinayə atırlar. — Axtarsan görərsən ki, Qalileyadan heç vaxt peyğəmbər çıxmaz».
Müqəddəs Yazılarda Qalileyadan peyğəmbər gələcəyi birbaşa deyilməsə də, o bölgədə parlaq işıq görünəcək sözləri Məsihin oradan gələcəyinə işarə edir. Üstəlik, İsa Betlehemdə doğulub və Davud padşahın kökündəndir. Fəriseylər bu faktları bilirlər, amma, görünür, xalq arasında İsa barəsində yanlış məlumatları yayan onlardır. Yəhya 7:32—52; Yeşaya 9:1, 2; Matta 4:13—17.
▪ Bayramın yeddi günü ərzində hər səhər nə olur və İsa buna necə diqqət yetirir?
▪ Nə üçün keşikçilər İsanı gətirmirlər və fəriseylər buna necə reaksiya verirlər?
▪ Nikodim kimdir və o, İsaya necə münasibət bəsləyir? Fəriseylər ona nə deyirlər?
▪ Məsihin Qalileyadan gələcəyinə hansı dəlillər var?