Fəsil 14
İlk şagirdlər
QIRX gün çöllükdə qalandan sonra İsa Məsih Vəftizçi Yəhyanın yanına qayıdır. İsa yaxınlaşanda Yəhya ona işarə edərək yanındakı adamlara deyir: «Bəşəriyyətin günahını yuyan Allahın Quzusu budur! “Məndən sonra gələn məni ötüb qabağımda durdu, çünki o, məndən əvvəl var idi”, — deyə haqqında danışdığım adam budur». Yerdə Yəhya İsadan yaşca böyükdür, lakin o bilir ki, İsa əvvəllər göylərdə mövcud olub.
Amma bir neçə həftə bundan qabaq İsa vəftiz olmaq üçün gələndə Yəhya dəqiq bilmirdi ki, Allahın Məsihi məhz İsa olacaq. Yəhya etiraf edir: «Mən özüm də onu tanımırdım, lakin mən suda vəftiz edirəm ki, İsrail onu tanısın».
Yəhya İsanı vəftiz edən zaman baş verənləri oradakı adamlara belə təsvir edir: «Müqəddəs ruhun göydən göyərçin kimi enib onun üzərində qaldığını gördüm. Mən özüm də onu tanımırdım. Ancaq məni suda vəftiz etməyə göndərən Allah dedi: “Müqəddəs ruhun kimin üzərinə enib qaldığını görsən, bil ki, müqəddəs ruhla vəftiz edən odur”. Mən də bunu gördüm və təsdiq etdim ki, o, Allahın Oğludur».
Ertəsi gün Vəftizçi Yəhya iki şagirdi ilə bir yerdə idi. İsa onlara yaxınlaşanda Yəhya yenə də deyir: «Allahın Quzusu budur!» Yəhyanın iki şagirdi bu sözləri eşidəndə İsanın ardınca gedir. Onlardan birinin adı Andreas, digərininki isə Yəhyadır. Bu məlumatı da məhz həmin Yəhya yazmışdır. Belə ehtimal edilir ki, bu şagird Yəhya Məryəmin bacısı Salomenin oğludur, yəni İsanın xalası oğludur.
İsa Andreasla Yəhyanın onun dalınca gəldiyini görüb onlardan soruşur:
— Nə istəyirsiniz?
Onlar da ondan soruşurlar:
— Müəllim, sən harada qalırsan?
— Gəlin özünüz görəcəksiniz.
Bu hadisə təxminən günorta saat dörddə baş verir. Onlar həmin günü İsanın yanında qalırlar. Bu, Andreasa böyük təsir bağışlayır və o gedib qardaşı Peteri tapır, sevinə-sevinə ona xəbər verir: «Biz Məsihi tapmışıq!» Sonra qardaşını İsanın yanına gətirir. Ehtimal ki, bu vaxt şagird Yəhya da gedib öz qardaşı Yaqubu İsanın yanına gətirir. Amma Yəhya özünün yazdığı «Xoş xəbər»də şəxsən ona aid olan bu məlumatı təvazökarlıqla buraxıb.
Səhərisi gün İsa Məsih Betsayda şəhərindən olan Filipi görür. Andreasla Peter də həmin şəhərdən idilər. İsa Filipi dəvət edir: «Ardımca gəl».
Filip də öz növbəsində Natanaeli (o, Bartolomey adı ilə də tanınır) tapıb deyir: «Biz Qanunda Musanın yazdığı və Peyğəmbərlərin bəhs etdiyi adamı, nazaretli Yusifin oğlu İsanı tapmışıq». Amma Natanaelin inanmağı gəlmir. «Heç Nazaretdən də fərli bir şey çıxar?» — deyə o soruşur.
Onda Filip təklif edir: «Gəl, özün bax». Onlar İsaya yaxınlaşanda İsa Natanaeli göstərib deyir:
— Budur, qəlbində zərrə qədər də biclik olmayan əsil israilli!
— Sən məni haradan tanıyırsan? — deyə Natanael soruşur.
— Filip səni çağırmazdan əvvəl mən səni görmüşdüm. Sən əncir ağacının altında idin.
Heyrətini gizlədə bilməyən Natanael deyir: «Müəllim, sən Allahın Oğlusan, sən İsrailin Padşahısan!»
İsa ondan soruşur: «Səni əncir ağacının altında görmüşdüm dediyimə görə mənə inandın? Sən bunlardan da böyük işlər görəcəksən». Sonra onlara deyir: «Sizi əmin edirəm ki, siz səmanın açıldığını və Allahın mələklərinin insan Oğlunun [İsa Məsihin] yanına enib-qalxdıqlarını görəcəksiniz».
Bundan bir qədər sonra İsa Məsih bu yeni şagirdlərini götürüb İordan vadisindən Qalileyaya yollanır. Yəhya 1:29—51.
▪ İsa Məsihin ilk şagirdlərinin adı nədir?
▪ Peter və ola bilsin, Yaqub İsa ilə necə tanış olurlar?
▪ İsa Məsihin Allahın Oğlu olduğuna Natanael necə inanır?