Fəsil 68
İsa təlim verməkdə davam edir
ÇARDAQLAR bayramının yeddinci, axırıncı günüdür. İsa Məsih məbədin «xəzinə qabları» yanında təlim verməyə davam edir. Görünür, bu yer məbədin «Qadınlar həyəti» adlanan hissəsində yerləşir. Orada ianə üçün qablar qoyulub.
Bayram ərzində gecələr məbədin bu hissəsi xüsusilə işıqlandırılır. Burada dörd böyük şamdan durur və şamdanların hər birində yağla dolu dörd iri qab var. Bu 16 qabın yağı ilə yanan şamdanların saçdığı gur işıq gecələr böyük ərazini işıqlandırır. Görünür, indi İsanın dediyi sözlər onun dinləyicilərinin xəyalında məhz bu səhnəni canlandırır. «Mən dünyanın nuruyam, — deyə İsa bəyan edir. — Mənim ardımca gələn əsla qaranlıqda yeriməyəcək. O, həyat nuruna sahib olacaq».
Fəriseylər buna etiraz edirlər: «Sən özün-özünə şəhadət edirsən, sənin şəhadətin doğru deyil».
İsa cavab verir: «Mən özüm-özümə şəhadət etsəm də, mənim şəhadətim doğrudur. Çünki mən haradan gəldiyimi və hara getdiyimi bilirəm. Siz isə mənim haradan gəldiyimi və hara getdiyimi bilmirsiniz». Sonra əlavə edir: «Mən özüm-özümə şəhadət edirəm. Məni göndərmiş Ata da mənim haqqımda şəhadət edir».
— Sənin Atan haradadır? — deyə fəriseylər maraqlanırlar.
— Siz nə məni, nə də Atamı tanıyırsınız. Məni tanısaydınız, Atamı da tanıyardınız, — deyə İsa cavab verir. Fəriseylər İsanı tutmaq fikrindədirlər, amma indi heç kim ona toxunmur.
— Mən çıxıb gedirəm, — İsa təkrar edir. — Siz getdiyim yerə gələ bilməzsiniz.
— Bəlkə, bu özünü öldürmək istəyir? Bir görün nə deyir: «Siz getdiyim yerə gələ bilməzsiniz», — deyə yəhudilər təəccüblənirlər.
— Siz aşağıdakı aləmdənsiniz, mən isə yuxarıdakı aləmdənəm. Siz bu dünyadansınız, mən isə bu dünyadan deyiləm... Əgər siz inanmasanız ki, mən gəlişini gözlədiyiniz şəxsəm, günahlarınız içində öləcəksiniz.
Bu sözlərlə İsa əvvəllər göydə yaşadığına və özünün vəd edilmiş Məsih olduğuna işarə edir. Lakin onlar dərin nifrət hissi ilə ondan soruşurlar: «Sən kimsən?»
Onu qəbul etmədiklərinə görə İsa belə deyir: «Yəni bütün dediklərim hədər getdi?.. Məni göndərən doğruculdur. Mən Ondan eşitdiklərimi dünyaya danışıram». Sonra İsa deyir: «Siz insan Oğlunu yuxarı qaldıranda mənim o şəxs olduğumu və özümdən heç bir şey etmədiyimi biləcəksiniz. Ata məni necə öyrədibsə, mən də elə danışıram. Məni göndərən mənimlədir. O, məni tək qoymayıb, çünki mən həmişə Onun bəyəndiyi işləri görürəm».
Bunu eşidəndə çoxlu adam İsaya iman edir. İsa onlara müraciət edir: «Əgər mənim sözlərimi qəlbinizdə saxlasanız, deməli, siz, həqiqətən, mənim şagirdlərimsiniz. Siz həqiqəti dərk edəcəksiniz və həqiqət sizi azad edəcək».
İsanın əleyhdarları müdaxilə edirlər: «Biz İbrahimin övladlarıyıq və heç vaxt heç kəsin köləsi olmamışıq. Necə yəni “siz azad olacaqsınız”?»
Hərçənd yəhudilər dəfələrlə başqa xalqların köləsi olsalar da, heç vaxt onları əsarət altına alanları özlərinə ağa hesab etməmişlər. Onlar kölə adını qəbul etmirlər. Amma indi İsa göstərir ki, onlar əslində kölədirlər. Necə? O deyir: «Eşidin və agah olun, günah işləyən hər bir adam günahın köləsidir».
Yəhudilər günahın köləsi olduqlarını inkar etməklə özlərini təhlükə qarşısına qoyurlar. İsa izah edir: «Nökər evdə həmişəlik qalmır. Oğul həmişəlik qalır». Nökərin varislik hüququ yoxdur və onu istənilən vaxt qova bilərlər. Evdə yalnız doğma, yaxud oğulluğa götürülmüş oğul «həmişəlik», yəni həyatı boyu qalır.
İsa sözünə davam edir: «Əgər Oğul sizi azad edirsə, siz, həqiqətən də, azad olacaqsınız». Beləliklə, insanları azadlığa çıxaran həqiqət məhz Oğul — İsa Məsih haqqındadır. Yalnız onun kamil insan həyatının qurban verilməsi vasitəsilə insanlar ölümə aparan günahın köləliyindən azad ola bilərlər. Yəhya 8:12—36.
▪ Bayramın yeddinci günündə İsa harada təlim verir? Gecələr orada nə olur və İsanın təliminə bu necə aiddir?
▪ İsa öz mənşəyi haqqında nə deyir və bu, onun kimliyini necə açıqlayır?
▪ Yəhudilər hansı mənada kölədirlər və hansı həqiqət onları azad edə bilər?