Bütün peyğəmbərliklər Məsihdən bəhs edir
«İsanın şəhadəti [«İsa haqqındakı şəhadət», YD] peyğəmbərlik ruhudur» (VƏHY 19:10).
1, 2. a) Eramızın 29-cu ilindən başlayaraq, israillilər hansı seçim qarşısında durmuşdular? b) Bu məqalədə nəyi nəzərdən keçirəcəyik?
ERAMIZIN 29-cu ilidir. İsraildə xalq təşvişə düşüb, hamı və’d edilmiş Məsihdən danışır. Vəftizçi Yəhyanın xidməti insanların marağını daha da artırır (Luka 3:15). Lakin Yəhya deyir ki, o, Məsih deyil. O, Nazaretli İsaya işarə edərək deyir: «Mən... “Allahın Oğlu Budur”, — deyə şəhadət etdim» (Yəhya 1:20, 34). Artıq bir azdan İsanın dalınca izdiham düşməyə başlayır, onlar İsanın tə’limini dinləmək və şəfa tapmaq istəyirlər.
2 Növbəti aylar ərzində Yehova İsanın Onun Oğlu olduğunu təsdiq edən bol-bol dəlillər təqdim edir. Müqəddəs Yazıları öyrənən və İsanın işlərini gözləri ilə görən insanların ona inanmağa bütün əsasları var. Lakin israillilər Allahla əhddə olsalar da, ümumilikdə onların imanları zəifdir. İsanın Məsih və Allahın Oğlu olduğunu az adamlar qəbul edir (Yəhya 6:60-69). Bəs əgər sən o dövrdə yaşasaydın, necə davranardın? İsanı Məsih kimi qəbul edər və onun sadiq davamçısı olardınmı? Gəlin görək İsa şənbə haqqındakı qanunu pozmaqda ittiham olunarkən hansı sübutları gətirir və öz sadiq şagirdlərinin imanını möhkəmləndirmək üçün nə edir.
İsa dəlillər gətirir
3. Hansı vəziyyət İsanı öz müdafiəsinə dəlillər gətirməyə təşviq etdi?
3 Eramızın 31-ci ilinin Pasxa bayramıdır. İsa Yerusəlimdədir. İndicə o, 38 il xəstə olmuş adama şəfa verdi. Ancaq İsa bunu şənbə günü etdiyi üçün, yəhudilər onu tə’qib edirlər. Onlar həmçinin İsanı küfr danışmaqda ittiham edir və onu Allahı öz Atası adlandırdığı üçün öldürmək istəyirlər (Yəhya 5:1-9, 16-18). İsanın öz müdafiəsinə dediyi sözlərində, hər bir səmimi israillini İsanın Məsih olduğuna əmin etmək qüvvəsinə malik olan üç tutarlı dəlili görmək olar.
4, 5. Yəhyanın tapşırığı nədən ibarət idi və o, bu tapşırığı nə dərəcədə yaxşı yerinə yetirdi?
4 Əvvəlcə İsa özünün sələfi olan Vəftizçi Yəhyanın şəhadətinə işarə edib deyir: «Siz Yəhyanın yanına adamlar göndərdiniz və o, həqiqətə şəhadət etdi. Yəhya, yanan və nur saçan çıraq idi; və siz bir müddət onun işığında şadlıq etmək istədiniz» (Yəhya 5:33, 35).
5 Vəftizçi Yəhya «yanan və nur saçan çıraq idi», belə ki, Hirod onu haqsızcasına zindana atmazdan əvvəl, o, Məsihə yol hazırlamağa dair Allahın həvalə etdiyi tapşırığı yerinə yetirmişdi. Yəhya dedi: «Mən... su ilə vəftiz edərək gəldim ki, O [Məsih], İsrailə zahir olsun. ...Ruhun göydən göyərçin kimi endiyini və Onun üzərinə qonduğunu gördüm. Mən Onu tanımazdım, amma su ilə vəftiz etmək üçün məni Göndərən mənə dedi: “Kimin üzərinə Ruhun enib qaldığını görsən, Müqəddəs Ruhla vəftiz edən Odur”. Mən də görüb: “Allahın Oğlu Budur”, — deyə şəhadət etdim”» (Yəhya 1:26-37)a. Yəhya İsanın Allahın Oğlu, yə’ni və’d edilmiş Məsih olduğunu açıqca bəyan edir. Yəhyanın şəhadəti o qədər aydın idi ki, onun ölümündən təxminən səkkiz ay sonra bir çox səmimi qəlbli yəhudilər e’tiraf etdilər: «Yəhyanın bu Adam üçün bütün dedikləri doğru çıxdı» (Yəhya 10:41, 42).
6. İsanın gördüyü işlər nəyə görə insanları Allahın onu dəstəklədiyinə əmin etməli idi?
6 Sonra İsa özünün Məsih olduğunu sübut etmək üçün daha bir dəlil gətirir. Bu dəlil, Allahın onu yaxşı işlərinə görə dəstəkləməsidir. O deyir: «Məndə olan şəhadət Yəhyanınkından daha böyükdür; çünki Atanın Mənə icra etmək üçün tapşırdığı bu işlər, indi etdiyim işlər, Mənim Ata tərəfindən göndərildiyimə şəhadət edir» (Yəhya 5:36). Bu dəlili, hətta İsanın düşmənləri də təkzib edə bilmədilər, çünki onlar İsanın çoxsaylı mö’cüzələrindən xəbərdar idilər. Onlar sonradan: «Nə edək? Bu Adam bir çox mö’cüzələr göstərir» deyə soruşurdular (Yəhya 11:47). Bununla belə, İsaya iman edənlər də vardı, onlar deyirdilər: «Məsih gələndə Bunun etdiklərindən daha çoxmu əlamətlər göstərəcəkdir?» (Yəhya 7:31). İsanın dinləyicilərinin Atanın xüsusiyyətlərini Oğulda görmək kimi gözəl imkanları var idi (Yəhya 14:9).
7. İbranicə Müqəddəs Yazılar İsa haqqında necə şəhadət edir?
7 Nəhayət İsa daha bir təkzibedilməz dəlil gətirir. O deyir: «Müqəddəs Yazılar... Mənim haqqımda şəhadət [edir] ...Əgər siz Musaya iman etmiş olsaydınız, Mənə də iman edərdiniz; ona görə ki, o, Mənim haqqımda yazmışdır» (Yəhya 5:39, 46). Sözsüz ki, Məsih haqqında məsihçilikdən əvvəl bir çox şahidlər yazmışdılar, Musa da onlardan biri idi. Onların yazılarına Məsihə işarə edən yüzlərlə peyğəmbərliklər və ətraflı nəsil şəcərəsi daxil idi (Luka 3:23-38; 24:44-46; Həvarilərin işləri 10:43). Bəs Musanın qanunu necə? Həvari Pavel yazmışdı: «Qanun Məsihə yol göstərən mürəbbimiz oldu» (Qalatiyalılara 3:24). Həqiqətən də, İsa haqqındakı şəhadət peyğəmbərliklərin məğzini, mahiyyətini və məqsədini təşkil edir (Vəhy 19:10).
8. Nəyə görə bir çox yəhudilər Məsihə iman etmədilər?
8 Məgər İsanın Məsih olduğuna dair sübutlar az idimi? Yəhya onu Allahın Oğlu kimi təqdim edirdi; İsa mö’cüzələr göstərir və Allahın xüsusiyyətlərini əks etdirirdi; bundan başqa, Müqəddəs Yazılar təkzibedilməz tərzdə ona şəhadət edirdi. Allahı və Onun Kəlamını əsl mə’nada sevən hər bir insan üçün, İsanın və’d edilmiş Məsih olduğunu başa düşmək və buna inanmaq çətin deyildi. Ancaq bu cür məhəbbət İsrail xalqında yox idi. İsa düşmənlərinə dedi: «Sizi tanıyıram, daxilinizdə Allah sevgisi yoxdur» (Yəhya 5:42). Onlar «bir olan Allahdan gələn izzəti» axtarmaq əvəzinə, izzəti bir-birlərindən qəbul edirdilər. Təəccüblü deyil ki, Atası kimi şöhrətpərəstliyə nifrət edən İsa ilə onların arasında fikir ayrılığı mövcud idi! (Yəhya 5:43, 44; Həvarilərin işləri 12:21-23).
Peyğəmbərlik görüntüləri ilə möhkəmlənənlər
9, 10. a) Nəyə görə göylərdən olan əlamət İsanın şagirdlərinə vaxtında verilmişdi? b) İsa şagirdlərinə hansı gözəl və’di vermişdir?
9 İsa öz müdafiəsi üçün yuxarıda xatırlanan dəlilləri gətirdiyi zamandan bir ildən artıq vaxt keçir. Eramızın 32-ci ilinin Pasxası arxada qalıb. İsaya iman edənlərin çoxu, bəlkə də, tə’qiblərin, var-dövlətə can atmağın və ya həyatın qayğıları ucbatından artıq onun dalınca getmir. Başqaları isə, yəqin ki, mə’yus olmuş və çaşmışlar, çünki İsa xalqın onu padşah etmək cəhdindən boyun qaçırdı. Yəhudi din rəhbərləri onunla mübahisə etdikdə isə, İsa — ona izzət gətirə bilsə də — göylərdən əlamət göstərmir (Matta 12:38, 39). Bu, kimdəsə çaşqınlıq yarada bilərdi. Bundan əlavə, İsa şagirdlərinə çox çətin başa düşdükləri bə’zi şeyləri açmağa başlayır, yə’ni o, «Yerusəlimə getməli, ağsaqqallar, baş kahinlər və din alimlərinin əlindən çox əzab çəkməli, öldürülməli»dir (Matta 16:21-23).
10 Təxminən doqquz-on aydan sonra İsanın «bu dünyadan Atanın yanına köçəcəyi saat» gəlməlidir (Yəhya 13:1). Özünün sadiq şagirdləri üçün narahat olan İsa söz verir ki, onlardan bə’zilərinə məhz imansız yəhudilərə göstərməkdən imtina etdiyi şeyi — göylərdən bir əlamət göstərəcək. İsa deyir: «Sizə doğrusunu deyirəm: Burada duranların bə’zisi İnsan Oğlunun Hökmdar [Padşah] sifəti ilə gəldiyini görmədən, ölümü əsla dadmayacaqdır» (Matta 16:28). Aydındır ki, İsa onun şagirdlərindən hansınınsa 1914-cü ildə Xilaskar Padşahlığın tə’sis olunduğu vaxta qədər yaşayacağını nəzərdə tutmurdu. İsa sadəcə üç ən yaxın şagirdinə gələcəkdə olacaq padşahlıq hakimiyyətinin izzətini göstərmək niyyətindədədir. Məsihin izzətinin qabaqcadan belə göstərilməsi «görkəmin dəyişilməsi» adlanır.
11. İsanın görkəminin dəyişilməsini təsvir edin.
11 Altı gündən sonra İsa Peteri, Yaqubu və Yəhyanı yanına alıb onları uca bir dağa, ehtimal ki, Xermon dağının təpələrindən birinə aparır. Orada İsanın «onların önündə görkəmi dəyişildi; üzü günəş kimi parladı və paltarı işıq kimi ağ oldu». Bu arada Musa ilə İlyas peyğəmbər görünür və İsa ilə söhbət edirlər. Ola bilsin, bu fövqəl’adə hadisə gecə vaxtı baş verir ki, bunun da sayəsində görüntü daha parlaq şəkil alır. Görüntü o dərəcədə realdır ki, Peter İsa, Musa və İlyas üçün üç çadır qurmağı təklif edir. Peter hələ danışmaqda ikən, nurlu bir bulud onların üzərinə kölgə salır və buluddan bir səs gəlir: «Bu Mənim sevimli Oğlumdur, Ondan çox məmnunam, Ona qulaq asın!» (Matta 17:1-6).
12, 13. İsanın görkəminin dəyişilməsi onun şagirdlərinə hansı tə’siri bağışladı?
12 Düzdür, Peter İsanın «diri Allahın Oğlu Məsih» olduğunu artıq əvvəlcədən e’tiraf etmişdir (Matta 16:16). Amma İsanın Allahın Məsh edilmiş Oğlu olduğunu təsdiqləyən şəhadəti Allahın Özündən şəxsən eşitməyi təsəvvürünüzə gətirin! İsanın görkəminin dəyişilməsi Peter, Yaqub və Yəhyanın imanını necə də möhkəmləndirir! İndi onlar gələcəkdə baş verəcək hadisələrə və məsihçi yığıncaqlarında daşıyacaqları vacib məs’uliyyətlərə daha çox hazırdırlar.
13 İsanın görkəminin dəyişilməsi onun şagirdlərinə unudulmaz təəssürat bağışlayır. 30 ildən sonra Peter yazır: «Ən əzəmətli olan İzzətdən Ona: “Sevimli Oğlum Budur. Ondan çox məmnunam”, — deyən bir səs gəldikdə, O [İsa], Ata Allahdan şərəf və izzət aldı. Göydən gələn bu səsi biz, Onunla bərabər müqəddəs dağda ikən eşitdik» (2 Peter 1:17, 18). Görüntü Yəhyaya da eyni təəssüratı bağışlayır. Bu hadisədən 60 ildən artıq vaxt keçdikdən sonra, görünür, Yəhya ona istinad edərək deyir: «Biz də Onun izzətini, Atanın vahid Oğlunun izzətini gördük» (Yəhya 1:14). Buna baxmayaraq, İsanın görkəminin dəyişilməsi şagirdlərinə verilən sonuncu görüntü deyildi.
Həqiqət işığı sadiq kəslər üçün nur saçmağa davam edir
14, 15. Yəhya İsa gəlincəyə qədər hansı mə’nada qalmalı idi?
14 İsa dirildikdən sonra Qalileya dənizinin sahilində şagirdlərinə görünür. Orada o, Peterə deyir: «Əgər Mən gəlincəyə qədər onun [Yəhyanın] sağ qalmasını istəyirəmsə, bundan sənə nə?» (Yəhya 21:1, 20-22, 24). Bu sözlər Yəhyanın başqa həvarilərdən daha çox yaşayacağınamı işarə edir? Görünür belədir, çünki bundan sonra Yəhya təxminən 70 il Allaha sədaqətlə xidmət edir. Lakin İsanın sözləri daha dərin mə’na kəsb edir.
15 «Mən gəlincəyə qədər» ifadəsi bizə İsanın «İnsan Oğlunun Padşah sifəti ilə [gələcəyi]» sözlərini xatırladır (Matta 16:28, İ–93). Yəhya İsa gəlincəyə qədər o mə’nada qalır ki, öz peyğəmbərlik görüntüsündə onun Padşahlıq qüdrətində gəldiyini görür. Yəhya həyatının sonuna yaxın, Patmos adasında sürgündə olarkən, özünə «Rəbbin günündə» baş verəcək hadisələrə dair heyrətamiz peyğəmbərlik simvollarını daxil edən vəhy alır. Yəhya bu e’cazkar görüntülərdən o qədər tə’sirlənir ki, İsa: «Bəli, tez gəlirəm» dedikdə, Yəhya: «Amin. Gəl, ya Rəbb İsa!» deyə, nida edir (Vəhy 1:1, 10; 22:20).
16. İmanımızı möhkəmləndirməyə davam etmək nə üçün vacibdir?
16 Birinci əsrdə yaşayan səmimi insanlar İsanı Məsih kimi qəbul edib, ona iman gətirirlər. Lakin hər tərəfdən onları inamsızlıq əhatə edir. Onların qarşısında duran işləri, habelə imtahanları nəzərə alsaq, şagirdlər möhkəmlənməyə ehtiyac duyurlar. İsa sadiq davamçılarını ruhlandırmaq üçün, özünün Məsih olduğuna dair kifayət qədər sübutlar təqdim edir və onlara Allahın niyyətlərində onun rolunu işıqlandıran peyğəmbərlik görüntüləri verir. Biz bu gün «Rəbbin günü»nün sonuna yaxınlaşırıq. Tezliklə Məsih Şeytanın pis sistemini bütünlüklə məhv edib, Allahın xalqını xilas edəcəkdir. Biz də, Yehovanın ruhani rifahımız üçün təqdim etdiyi hər şeydən tam fayda əldə edərək, imanımızı möhkəmləndirməliyik.
«Zülmət» zamanı qurtuluş
17, 18. Birinci əsrdə İsanın davamçıları ilə Allahın niyyətinə müqavimət göstərənlər arasında hansı təzad vardı və onların aqibəti necə oldu?
17 İsanın ölümündən sonra, şagirdləri «Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, hətta dünyanın ən uzaq yerlərinə qədər» ona şahidlik edərək, onun tapşırığını cəsarətlə yerinə yetirirlər (Həvarilərin işləri 1:8). Onların üzərinə tə’qiblərin yağmasına baxmayaraq, Yehova gənc məsihçi yığıncağını ruhani anlayışla və çoxlu yeni şagirdlərlə xeyir-dualandırır (Həvarilərin işləri 2:47; 4:1-31; 8:1-8).
18 Digər tərəfdən, xoş xəbərə müqavimət göstərənlər get-gedə daha çox zülmətə qərq olurlar. Süleymanın məsəlləri 4:19 ayəsində deyilir: «Pislərinsə yolu zülmətdir, onlar nəyə görə büdrədiklərini bilməzlər». Eramızın 66-cı ilində Roma qoşunları Yerusəlimi mühasirəyə aldıqları zaman «zülmət» daha da artır. Mə’lum olmayan səbəblər üzündən, Roma qoşunları müvəqqəti olaraq geri çəkilirlər, lakin 70-ci ildə yenidən qayıdıb şəhəri xarabaya çevirirlər. Yəhudi tarixçisi İosif Flavinin verdiyi mə’lumata görə, o zaman bir milyondan artıq yəhudi tələf olur. Lakin sadiq məsihçilər qaçmağa müyəssər olurlar. Bu necə mümkün olur? Romalılar Yerusəlimdən birinci dəfə geri çəkiləndə şagirdlər İsanın göstərişinə əməl edib, oradan qaçırlar (Luka 21:20-22).
19, 20. a) İndiki sistemin sona yaxınlaşmasına baxmayaraq, Allahın xalqı nəyə görə qorxmamalıdır? b) Hələ 1914-cü ilə qədər Yehova xalqına hansı vacib həqiqətləri anlatmışdı?
19 Bizim də vəziyyətimiz buna oxşardır. Qarşıda gözlənilən məşəqqət Şeytanın pis sisteminin bütünlüklə məhv edilməsi ilə əlamətdar olacaq. Lakin Allahın xalqı qorxmalı deyil, belə ki, İsa və’d etmişdir: «Budur, Mən, dövrün sonuna qədər hər gün sizinləyəm» (Matta 28:20). İlk şagirdlərinin imanlarını möhkəmləndirmək və onları qarşıda baş verəcək hadisələrə hazırlamaq üçün, İsa gələcəkdə Xilaskar Padşah kimi səmavi izzətinin görüntüsünü onlara göstərmişdir. Bəs bizim günlərimiz haqqında nə demək olar? 1914-cü ildə həmin görüntü həqiqətə çevrildi. Bu, Allahın xalqının imanını necə də möhkəmləndirir! Bu həmçinin bizə gözəl gələcəyə dair ümid verir. Vaxt keçdikcə Yehova xidmətçilərinə bu görüntü ilə əlaqədar daha da dərin biliklər açıqlayır. Bugünkü zülmət dünyada «salehlərin yolu... dan yeri tək şəfəq saçar, nurunu artıraraq gündüzə qovuşar» (Süleymanın məsəlləri 4:18).
20 Hələ 1914-cü ilə qədər, məsh edilmiş məsihçilərdən ibarət kiçik bir qrup Rəbbin qayıtmasına aid olan vacib həqiqətləri dərk etməyə başlamışdır. Məsələn, onlar Rəbbin qayıtmasının görünməz olacağını anladılar. Bu, eramızın 33-cü ilində İsa göyə qalxarkən iki mələyin şagirdlərə dediyi sözlərə uyğun gəlir. Buludlar İsanı şagirdlərin nəzərindən ayırdıqdan sonra mələklər dedi: «Sizdən göyə aparılan bu [İsanın] göyə qalxdığını necə gördünüzsə, eyni cür geri qayıdacaqdır» (Həvarilərin işləri 1:9-11).
21. Növbəti məqalədə nə müzakirə olunacaqdır?
21 İsanın göyə qalxmasını yalnız onun sadiq davamçıları müşahidə etmişdilər. Onun görkəminin dəyişildiyi zaman olduğu kimi, bu hadisədə də şagirdlərdən başqa heç kim iştirak etmirdi. Dünyanın baş verənlərdən heç xəbəri də yox idi. Eyni şey Məsihin Padşahlıq qüdrətində qayıtdığı zaman baş verdi (Yəhya 14:19). Onun Padşah kimi iştirakını sadiq məsh edilmiş şagirdlərdən başqa heç kim dərk etmədi. Növbəti məqalədə biz bu anlayışın onlara necə tə’sir göstərdiyini öyrənəcək, həmçinin bunun sayəsində İsanın milyonlarla yer vətəndaşlarının yığılmasının necə mümkün olduğunu nəzərdən keçirəcəyik (Vəhy 7:9, 14).
[Haşiyə]
a Göründüyü kimi, İsanın vəftizi zamanı Allahın səsini yalnız Yəhya eşitmişdi. İsanın müraciət etdiyi yəhudilər ‘nə Onun [Allahın] səsini eşitmiş, nə də Onun üzünü görmüşlər’ (Yəhya 5:37).
Yadınızdadırmı?
• İsa şənbə günü haqqındakı qanunu pozmaqda və küfr danışmaqda ittiham olunarkən, özünün Məsih olduğuna dair hansı dəlilləri gətirirdi?
• İsanın ilk şagirdləri onun görkəminin dəyişilməsindən necə faydalanırdılar?
• İsa özü gələnə qədər Yəhyanın qalacağını dedikdə, nəyi nəzərdə tuturdu?
• 1914-cü ildə hansı görüntü həqiqətə çevrildi?
[18-ci səhifədəki şəkillər]
İsa özünün Məsih olduğunu sübut edən dəlillər gətirirdi.
[20-ci səhifədəki şəkil]
İsanın görkəminin dəyişilməsi onun şagirdlərinin imanını möhkəmləndirirdi.
[21-ci səhifədəki şəkil]
Yəhya İsa «gəlincəyə» qədər qalmalı idi.