Fəsil 69
Əslində kim kimin övladıdır
BAYRAM ərzində İsa Məsihin yəhudi rəhbərləri ilə söhbəti getdikcə gərginləşir. İsa deyir: «Mən bilirəm ki, siz İbrahimin övladlarısınız. Ancaq siz məni öldürmək istəyirsiniz, çünki mənim sözlərim sizə kar etmir. Mən Atamın yanında olarkən gördüklərimi sizə danışıram, siz isə öz atanızdan eşitdiklərinizi edirsiniz».
İsa onların atasının kim olduğunu açıqlamır, lakin aydın göstərir ki, özünün və onların atası ayrıdır. Yəhudi rəhbərləri İsanın kimi nəzərdə tutduğunu anlamayıb deyirlər: «Bizim atamız İbrahimdir». Bu adamlar əmindirlər ki, onlarda Allahın dostu olan İbrahimin imanı var.
Lakin İsanın cavabı onları sarsıdır: «Əgər siz İbrahimin övladlarısınızsa, İbrahimin gördüyü işləri görün». Doğrudan da, əsil oğul atasına bənzər. İsa deyir: «Siz isə indi məni, Allahdan eşitdiyi həqiqəti sizə söyləyən adamı öldürmək istəyirsiniz. İbrahim belə iş görməmişdi». İsa yenə deyir: «Siz atanızın tökdüyünü yığırsınız».
Onlar hələ də İsanın kimdən danışdığını anlamırlar və israr edirlər ki, İbrahimin həqiqi övladlarıdırlar: «Biz bic doğulmamışıq». Beləcə, onlar İbrahim kimi həqiqi mömin olduqlarını söyləyərək iddia edirlər: «Bizim bir Atamız var, o da Allahdır».
Bəs, doğrudan da, onların atası Allahdır? «Sizin Atanız Allah olsaydı, — deyə İsa cavab verir, — siz məni sevərdiniz, çünki mən Allahdan gəlmişəm və indi buradayam. Mən özümdən gəlməmişəm, məni O göndərib. Nə üçün mənim dediklərimi başa düşmürsünüz?»
İsa bu din rəhbərlərinə, onu rədd etmələrinin nəticəsini göstərmək istəmişdi. İndi isə onlara birbaşa deyir: «Sizin atanız İblisdir və siz atanızın arzularını həyata keçirmək istəyirsiniz». İblis necə atadır? İsa deyir ki, İblis qatildir, «yalançıdır və yalanın atasıdır». Sonra bu fikri belə yekunlaşdırır: «Allahın bəndəsi Allahın sözünə qulaq asır. Siz isə Allah bəndəsi olmadığınız üçün mənə qulaq asmırsınız».
Yəhudilər İsanın onları ittiham etməsindən qəzəblənərək deyirlər: «Düz deyirik də! Sən samariyalısan, özü də içində cin oturub». Yəhudilərin samariyalılardan zəhləsi gedir və «samariyalı» ifadəsini kimisə alçaltmaq, gözdən salmaq üçün işlədirlər.
İsa «samariyalı» sözünə məhəl qoymur və belə cavab verir: «Məndə cin yoxdur. Mən Atama ehtiram bəsləyirəm. Siz isə mənə hörmət qoymursunuz». Sonra heyrətləndirici bir bəyanat verir: «Mənim sözümə əməl edən adam üçün ölüm yoxdur». Bu o demək deyil ki, İsanın davamçıları heç vaxt ölməyəcək. İsa demək istəyir ki, onlar «ikinci ölümə» («ikinci ölümdən» dirilmə yoxdur), yəni əbədi məhvə düçar olmayacaqlar.
Amma yəhudilər İsanın sözlərini hərfi mənada qəbul edirlər və deyirlər: «Doğrudan da, səhv etməmişik. Səndə cin var. İbrahim də, peyğəmbərlər də ölüblər, sən isə deyirsən ki: “Mənim sözümə əməl edən adam heç vaxt ölməyəcək”. Məgər sən vəfat etmiş atamız İbrahimdən böyüksən? Peyğəmbərlər də ölüblər. Sən özünü kim hesab edirsən?»
Bütün bu söhbət boyu İsa özünün vəd edilmiş Məsih olduğunu bu adamlara göstərir. Lakin onların: «Özünü kim hesab edirsən?» — sualına birbaşa cavab vermir. O deyir: «Əgər mən özümə şan-şöhrət axtarıramsa, mənim şöhrətim heç nədir. Məni şöhrətləndirən Atamdır. Siz Onu öz Allahınız sanırsınız, amma Onu qətiyyən tanımırsınız. Mən isə Onu tanıyıram. Əgər mən desəydim ki, Onu tanımıram, sizin kimi yalançı olardım».
İsa yenidən sadiq İbrahim peyğəmbərin nümunəsinə qayıdır: «Atanız İbrahim mənim günümü görmək ümidi ilə yaşayaraq sevinirdi. O, mənim günümü gördü və şadlandı». Bəli, İbrahim peyğəmbər iman gözü ilə irəli baxır və vəd edilmiş Məsihin gəlişini səbirsizliklə gözləyirdi. Yəhudilər öz imansızlıqlarını büruzə verərək deyirlər: «Sənin heç əlli yaşın da yoxdur, sən İbrahimi görmüsən?!»
«Bilin və agah olun, İbrahim doğulmazdan əvvəl mən var idim», — İsa onlara deyir. Əlbəttə, İsa özünün insan olmazdan öncə göydə qüdrətli bir ruhani varlıq olduğunu vurğulayır.
İsanın İbrahimdən öncə mövcud olması bəyanatı yəhudiləri bərk qəzəbləndirir və onu daşlamaq istəyirlər. Lakin İsa gizlənir və heç bir xəsarət almadan məbəddən çıxır. Yəhya 8:37—59; Vəhy 3:14; 21:8.
▪ İsa özünün və düşmənlərinin atasının ayrı olduğunu necə göstərir?
▪ Yəhudilər İsanı nə üçün «samariyalı» adlandırırlar?
▪ İsanın davamçıları üçün hansı mənada «ölüm yoxdur»?