Fəsil 71
İnadkar fəriseylər inanmırlar
ƏVVƏLLƏR kor olmuş dilənçinin valideynləri fəriseylərin hüzuruna qorxa-qorxa gəlirlər. Onlar İsaya iman gətirən hər kəsin sinaqoqdan qovulacağı haqqındakı qərardan halidirlər. Cəmiyyətdən uzaqlaşdırılmaq, özü də kasıb bir ailə üçün, ağır nəticələr verə bilərdi. Buna görə də bu ata-ana ehtiyatlı tərpənirlər.
Fəriseylər onlardan soruşurlar: «Bu, sizin oğlunuzdur? O, kor doğulub? Bəs indi necə görür?»
Valideynlər cavab verirlər: «Bəli, bu bizim oğlumuzdur və o, kor doğulub. Amma gözləri necə açılıb, bunu kim edib — xəbərimiz yoxdur». Oğulları, əlbəttə ki, hər şeyi ata-anasına danışıb, lakin onlar ehtiyatı əldən verməyərək əlavə edirlər: «Özündən soruşun. O, yekə kişidir. Qoy özü desin».
Fəriseylər təzədən həmin adamı çağırırlar. Bu səfər onlar İsanı təqsirli edən dəlillər topladıqlarını bildirərək onu qorxutmaq istəyirlər. Fəriseylər tələb edirlər: «Allah eşqinə, bizə düzünü söylə. Biz bilirik ki, o adam günah sahibidir».
Əvvəllər kor olmuş kişi onların ittihamını rədd etmir və belə cavab verir: «O adamın günah sahibi olub-olmadığı barəsində heç nə deyə bilmərəm». Sonra əlavə edir: «Bir şeyi bilirəm ki, mən kor idim, indi isə görürəm».
Onu dolaşdırmaq üçün fəriseylər təkrarən soruşurlar:
— O, sənə nə etdi? Gözlərini necə açdı?
— Mən sizə dedim, ancaq siz heç qulaq asmadınız. Niyə yenidən soruşursunuz? — kişi narazı-narazı cavab verir və istehza ilə soruşur: — Bəlkə, siz də onun şagirdi olmaq istəyirsiniz?
— Özünsən onun şagirdi! — fəriseylər onun üstünə çımxırırlar. — Biz Musanın şagirdləriyik. Biz bilirik ki, Musa ilə Allah danışıb, bu adamı isə kim göndərib, bilmirik.
Fağır kişi heyrətini gizlədə bilməyib deyir: «Elə təəccüblüsü də odur ki, siz onun kim tərəfindən göndərildiyini bilmirsiniz, ancaq o, mənim gözlərimi açıb». Bundan hansı qənaətə gəlmək olar? Bu kişi hamıya məlum olan həqiqəti söyləyir: «Biz bilirik ki, Allah günahlı adamları dinləmir, lakin Onun iradəsini yerinə yetirən möminləri dinləyir. Ta qədimdən indiyədək eşidilməyib ki, kimsə anadangəlmə korun gözlərini açsın». Deməli: «Əgər bu adamı Allah göndərməsəydi, o, heç nə edə bilməzdi».
Bu sərrast məntiqin qarşısında fəriseylər deməyə söz tapmırlar. Bununla belə, həqiqəti qəbul edə bilmədiklərindən kişini söyürlər. «Sən günah içində doğulmusan, indi bizə ağıl öyrədəcəksən?» — deyib onu çölə qovurlar. Yəqin ki, onu sinaqoqdan da xaric edirlər.
İsa hadisədən xəbər tutur və həmin adamı tapıb deyir:
— İnsan Oğluna iman edirsən?
— O kimdir, ağa? Söylə, ona iman edim.
— Sən onu görmüsən və o, indi səninlə danışır.
— Ağa, inanıram, — deyib İsaya təzim edir.
İsa sonra izah edir: «Mən dünyaya bu hökm üçün gəlmişəm: korlar görsünlər, görənlər isə kor olsunlar».
Bunu eşidən fəriseylər soruşurlar: «Yəni biz koruq?» Əgər onlar zehinlərinin kor olduğunu etiraf etsəydilər, onda İsaya qarşı çıxmalarını üzürlü saymaq olardı. Buna görə də İsa onlara deyir: «Siz kor olsaydınız, günahınız olmazdı». Lakin onlar kor olmadıqlarını və heç bir ruhani işığa ehtiyac duymadıqlarını inadla deyib dururlar. İsa sözünü belə yekunlaşdırır: «İndi ki: “Biz görürük”, — deyirsiniz, günahınız boynunuzda qalır». Yəhya 9:19—41.
▪ Sağalmış kişinin valideynləri nəyə görə fəriseylərin yanına qorxa-qorxa gedirlər və nə deyirlər?
▪ Fəriseylər sağalmış kişiyə necə hədə-qorxu gəlmək istəyirlər?
▪ Sağalmış kişinin hansı məntiqli dəlili fəriseyləri qəzəbləndirir?
▪ Nəyə görə fəriseylərin İsaya qarşı çıxmaları üzürlü deyil?