Fəsil 80
Qoyun ağılları və çoban məsəli
İSA MƏSİH Yerusəlimə, məbədin yenidən Yehovaya həsr edilməsi şərəfinə qeyd edilən Həsr etmə (Hanukka) bayramına gəlib. İsanın yerdə yaşadığı dövrdən təxminən 200 il əvvəl, b. e. ə. 168-ci ildə Antiox IV Epifan Yerusəlimi zəbt etmiş və müqəddəs məbədlə qurbangahı murdarlamışdı. Üç ildən sonra Yerusəlim geri alınmış və məbəd yenidən Yehova Allaha həsr edilmişdi. O vaxtdan bəri yəhudilər hər il həmin günü bayram edirlər.
Həsr etmə bayramı yəhudi təqvimi ilə kislev ayının 25-i qeyd edilir. Bu ay bizim təqvimlə noyabrın ikinci hissəsi ilə dekabrın birinci hissəsinə düşür. Deməli, eramızın 33-cü ilindəki əlamətdar Pasxa bayramına 100 gündən bir qədər çox vaxt qalır. Bu vaxt havalar soyuq keçdiyindən həvari Yəhya yazır ki, «qış idi».
İsa üç qoyun ağılı və özünün xeyirxah çoban rolu haqqında bir məsəl danışır. Onun söz açdığı birinci ağıl Musanın qanun əhdini təmsil edir. Qanun bir çəpər kimi yəhudiləri Allahla bağlanmış bu əhdə daxil olmayan xalqların məhvedici adətlərindən qoruyurdu. İsa izah edir: «Bilin və agah olun, qoyun ağılına qapıdan yox, başqa yerdən girən oğru və quldurdur. Qapıdan girən isə qoyunların çobanıdır».
Bəziləri gəlib özlərinin Məsih olduqlarını iddia etmişdi, lakin onlardan heç biri İsanın indi haqqında bəhs etdiyi həqiqi çoban olmamışdı: «Qapıçı onun üçün qapını açır və qoyunlar onun səsinə qulaq asırlar. Çoban qoyunlarını adbaad çağırıb çölə çıxarır... Onlar heç vaxt yad adamın dalınca getməzlər, əksinə, ondan qaçarlar, çünki yadların səsini tanımırlar».
Birinci ağıldakı «qapıçı» Vəftizçi Yəhya idi. O, İsanı otlaqlara aparılacaq rəmzi qoyunlara tanıdaraq onun üçün «qapını açmışdı». İsanın adbaad çağırıb çölə çıxartdığı qoyunlar axırda başqa bir ağıla girirlər. İsa izah edir: «Bunu bilin, mən qoyunlar üçün qapıyam». İsa deyir ki, o, yeni bir ağılın qapısıdır. O, şagirdləri ilə yeni əhd bağlayanda və bunun ardınca Əllinci gün bayramında onların üzərinə müqəddəs ruh tökəndə onlar bu yeni ağıla buraxılırlar.
İsa özünün yeni rolu barədə belə deyir: «Mən qapıyam. Məndən keçən xilas olacaq, o, içəri girəcək, çölə çıxacaq və otlaq tapacaq... Mən isə gəldim ki, qoyunlar həyata, əbədi həyata qovuşsunlar. Mən xeyirxah çobanam... və öz qoyunlarımı tanıyıram, qoyunlarım da məni tanıyır. Necə ki, Atam məni tanıyır, mən də Atamı tanıyıram. Mən qoyunlarım uğrunda canımı fəda edirəm».
Cəmi bir qədər əvvəl İsa öz davamçılarına toxtaqlıq vermişdi: «Qorxma kiçik sürü, çünki Atanız padşahlığı sizə verməyi münasib bildi». Ümumi sayı 144 000 nəfər olan bu kiçik sürü yeni ağıla, yəni ikinci ağıla girir. İsa sözünə davam edir: «Bu ağıldan olmayan başqa qoyunlarım da var. Mən onları da gətirməliyəm. Onlar səsimə qulaq asacaq, bir sürüdə birləşəcəklər və onların bir çobanı olacaq».
«Başqa qoyunlar» «bu ağıldan» olmadığına görə onlar daha başqa, yəni üçüncü ağıldan olmalıdırlar. İkinci və üçüncü ağıldan olan qoyunların gələcəyi bir-birindən fərqlidir. Ağılların birindəki «kiçik sürü» İsa ilə göydə padşahlıq edəcək, digər ağıldakı «başqa qoyunlar» isə yerdə əbədi yaşayacaqlar. Bu qoyunlar müxtəlif ağıllarda olsalar da, bir-birinə paxıllıq etmirlər və aralarında ayrıseçkilik yoxdur. Onlar İsanın dediyi kimi, «bir sürüdə» birləşmiş və onların «bir çobanı» var.
Xeyirxah çoban olan İsa Məsih öz həyatını könüllü surətdə hər iki ağıldakı qoyunlar üçün verir. O deyir: «Onu öz xoşumla verirəm. Onu verməyə və sonra geri almağa haqqım var. Atam mənə belə buyurub». İsanın bu sözləri yəhudilər arasında ixtilaf yaradır.
Bir çoxları deyir: «Onda cin var, onun başına hava gəlib! Nə üçün ona qulaq asırsınız?» Digərləri isə deyir: «Cinə tutulmuş adam bu cür danışa bilməz». Sonra da onlar, görünür, bir neçə ay əvvəl İsanın anadangəlmə kor adamı sağaltdığını xatırlayaraq deyirlər: «Heç cin də korun gözünü aça bilər?» Yəhya 10:1—22; 9:1—7; Luka 12:32; Vəhy 14:1, 3; 21:3, 4; Məzmur 37:29.
▪ Həsr etmə bayramı nədir və nə vaxt qeyd edilir?
▪ Birinci ağıl nədir və onun qapıçısı kim idi?
▪ Qapıçı qapını çobanın üzünə necə açır və sonra qoyunlar haraya girirlər?
▪ Xeyirxah çobanın iki ağılında kimlər olur və onlar neçə sürü təşkil edirlər?