Fəsil 90
Dirilməyə ümid
İSA MƏSİH gəlib Betaniya kəndinə çatır. Bu kənd Yerusəlimdən üç kilometr aralıda yerləşir. Lazar bir neçə gün bundan əvvəl ölüb və dəfn edilib. Onun bacıları Marta ilə Məryəm yas içindədirlər və çoxlu adam başsağlığı vermək üçün onların evinə gəlib.
Bacılar kədərlidirlər. Bu vaxt kimsə Martaya İsanın kəndə çatdığını xəbər verir. Yəqin, Marta bacısına heç nə demədən bayıra çıxır və İsanı qarşılamağa gedir. O, İsaya yaxınlaşanda deyir: «Ağa, sən burada olsaydın, qardaşım ölməzdi». Qardaşları öləndən bəri bacılar, ola bilsin, bu sözləri dəfələrlə bir-birinə söyləmişlər.
Bununla belə, Marta inanır ki, İsa hələ də onun qardaşı üçün nə isə edə bilər. O, ümidini belə ifadə edir:
— Ancaq indi də əminəm ki, Allahdan nə istəsən, sənə verəcək.
— Qardaşın diriləcək, — İsa ona söz verir.
Marta elə bilir ki, İsa yer üzündə olacaq dirilmədən — İbrahim peyğəmbərin və Allahın digər xidmətçilərinin gözlədiyi vaxtdan danışır. O cavab verir: «Bilirəm, o, axırıncı gündə, dirilmə zamanı diriləcək».
Lakin İsa onu ümidvar edir ki, bu dəqiqə ona kömək edəcək. O bəyan edir: «Dirilmə və həyat mənəm. Mənə iman edən ölsə də, həyata qayıdacaq və mənə inamla yaşayan adam heç vaxt ölməyəcək». Bununla İsa Martaya xatırladır ki, Allah ona ölüm üzərində hakimiyyət verib.
İsa Allaha sədaqətlə xidmət edən müasirlərinin heç vaxt ölməyəcəyini demir. Xeyr, o, Martaya bildirir ki, ona iman gətirənlər əbədi yaşayacaqlar. İnsanların əksəriyyəti axırıncı gündə diriləndə əbədi həyata qovuşacaqlar. Lakin digər sədaqətli iman sahibləri bu dövrün sonu gələndə sağ qalacaq. İsanın indi dedikləri həqiqi mənada onların üzərində yerinə yetəcək. Onlar heç vaxt ölməyəcəklər. İsa bu möhtəşəm bəyanatdan sonra Martadan soruşur:
— Buna inanırsan?
— Bəli, Ağa, mən inanıram ki, sən Allahın Oğlusan, dünyanın gözlədiyi Məsihsən.
Sonra Marta tələsik evə qayıdır və xəlvətcə bacısına deyir: «Müəllim gəlib, səni görmək istəyir». Bunu eşitcək Məryəm cəld qalxıb İsanın yanına gedir. Onun bayıra çıxdığını görənlər məzarın üstünə getdiyini düşünərək ardınca gedirlər.
Məryəm İsaya yaxınlaşıb ayaqlarına yıxılır və deyir: «Ağa, sən burada olsaydın, qardaşım ölməzdi». İsa Məryəmin və onun ardınca gələn camaatın ağladığını görəndə bərk qəhərlənir.
— Onu hara qoymusunuz?
— Ağa, gedək bax, — deyə adamlar cavab verirlər.
İsanın gözlərindən yaş axır. Bunu görən yəhudilər deyirlər: «Görün onu necə sevirdi!»
Bəziləri İsanın bir neçə ay bundan əvvəl Çardaqlar bayramında anadangəlmə kor oğlanı sağaltdığını xatırlayaraq soruşurlar: «Korun gözünü açan adam bir şey edə bilməzdi ki, bu yazıq ölməsin?» Yəhya 5:21; 6:40; 9:1—7; 11:17—37.
▪ İsa Betaniyaya nə vaxt gəlir və orada vəziyyət nə yerdədir?
▪ Marta nəyin əsasında dirilməyə inanır?
▪ Lazarın ölümü İsaya necə təsir edir?