FƏSİL 90
«Dirilmə və həyat mənəm»
İSA PEYĞƏMBƏR İLAZƏR ÖLƏNDƏN SONRA GƏLİR
«DİRİLMƏ VƏ HƏYAT MƏNƏM»
İsa peyğəmbər Pereyadan Beytaniyyəyə gəlir. Bu kənd Yerusəlimdən təxminən 3 kilometr şərqdə yerləşir. İlazərin bacıları Məryəmlə Marta yaslıdırlar. Çoxlu adam başsağlığına gəlib.
Birdən kimsə Martaya İsa peyğəmbərin gəldiyini deyir. O, tez onun qabağına qaçır. Marta İsa peyğəmbərə deyir: «Ağa, sən burada olsaydın, qardaşım ölməzdi». Qardaşları öləndən bəri bacılar, ola bilsin, dörd gündür ki, bu haqda fikirləşirlər. Bununla belə, Martanın ümidi hələ ölməyib. O deyir: «Əminəm ki, Allahdan nə istəsən, sənə verəcək» (Yəhya 11:21, 22). Marta inanır ki, İsa Məsih hələ də onun qardaşı üçün nə isə edə bilər.
İsa Məsih cavab verir: «Qardaşın diriləcək». Marta elə başa düşür ki, Məsih gələcəkdə yer üzündə olacaq dirilmədən — İbrahim peyğəmbərin və digərlərinin gözlədiyi vaxtdan danışır. O, buna iman etdiyini növbəti sözlərlə bildirir: «Bilirəm, o, axırıncı gündə, dirilmə zamanı diriləcək» (Yəhya 11:23, 24).
Bəs İsa peyğəmbər dirilməni indi edə bilər? O deyir: «Mənə iman edən ölsə də, həyata qayıdacaq və mənə inamla yaşayan adam heç vaxt ölməyəcək». O, Martaya xatırladır ki, Allah ona ölüm üzərində hakimiyyət verib (Yəhya 11:25, 26).
Əlbəttə, İsa peyğəmbər şagirdlərinin heç vaxt ölməyəcəyini demək istəmir. Həvarilərinə dediyi kimi, hətta özü də ölməlidir (Mətta 16:21; 17:22, 23). O bildirir ki, ona iman edənlər əbədi yaşayacaqlar. İnsanların əksəriyyəti dirilib əbədi həyata qovuşacaq. Lakin axırzamanda yaşayan Allahın bəzi sadiq bəndələri heç vaxt ölümü dadmayacaq. Hər iki halda, ona iman edən kəslər heç vaxt əbədiyyən ölü vəziyyətdə qalmayacaq.
Bir az öncə «dirilmə və həyat mənəm» deyən İsa peyğəmbər dörd gün əvvəl ölən İlazəri dirildə biləcək? O, Martadan soruşur: «Buna inanırsan?» Marta cavab verir: «Bəli, Ağa, mən inanıram ki, sən Allahın Oğlusan, dünyaya gəlməli olan Məsihsən». Peyğəmbərin elə indi nəsə edəcəyinə iman edərək Marta tez evə qaçıb təklikdə bacısına deyir: «Ustad gəlib, səni görmək istəyir» (Yəhya 11:25—28). Məryəm evdən çıxıb gedir. Oradakı camaat onun İlazərin məzarına getdiyini düşünərək onun dalınca gedir.
Məryəm isə İsa Məsihin yanına gedir. Ağlayaraq onun ayağına düşür və bacısının dediyi sözləri təkrarlayır: «Ağa, sən burada olsaydın, qardaşım ölməzdi». Peyğəmbər Məryəmin və onun ardınca gələn camaatın ağladığını görəndə bərk qəhərlənir və dərindən ah çəkir. O hətta göz yaşlarını saxlaya bilmir. Bu, çoxlarına təsir edir. Amma bəziləri belə deyir: «Korun gözünü açan bir şey edə bilməzdi ki, bu yazıq ölməsin?» (Yəhya 11:32, 37).