Fəsil 101
Betaniyada Şimonun evində
İSA MƏSİH Yerixodan çıxıb Betaniya kəndinə gəlir. Yol bir gün çəkir. Yerixo ilə Betaniya arasında təxminən 19 kilometrlik məsafə var və yol yoxuşdur. Yerixo dəniz səviyyəsindən 250 metr aşağıda, Betaniya isə 760 metr yüksəklikdə, Zeytun dağının şərq yamacında yerləşir. Bu balaca kənd Yerusəlimdən 3 kilometr aralıdadır. Yadınızdadırsa, Lazarla bacıları bu kənddə yaşayır.
Yerusəlimə Pasxa bayramına artıq xeyli adam gəlib. Onlar Qanunun tələbinə əsasən, paklanmaq üçün qabaqcadan gəliblər. Ola bilsin, onlar meyitə toxunduqlarına, yaxud digər səbəblərə görə natəmizdirlər. Buna görə də bayramı qeyd edə bilmək üçün paklanma ayinini icra edirlər. Bu adamlar məbədə toplaşanda düşünürlər ki, görəsən, İsa bayrama gələcək, yoxsa yox.
Yerusəlim İsa ilə bağlı mübahisələrin mərkəzidir. Hamı bilir ki, din rəhbərləri İsanı öldürmək istəyir. Bu rəhbərlər hətta sərəncam veriblər ki, kim İsanın yerini bilsə, onlara xəbər versin. Son aylar ərzində din rəhbərləri düz üç dəfə onu öldürməyə cəhd göstərmişlər: Çardaqlar bayramında, Həsr etmə bayramında və Lazarın dirilməsindən sonra. Buna görə də camaatı maraq bürüyüb və onlar bir-birindən soruşurlar: «Görəsən, o bayrama gəlməyəcək?»
Yəhudi təqviminə əsasən, Pasxa bayramı nisanın 14-ü qeyd edilir. İsa bayrama 6 gün qalmış, cümə günü axşamüstü, nisanın 8-i başlayanda Betaniyaya gəlir. O, şənbə günü gələ bilməzdi, çünki Qanuna əsasən, cümə günü axşam günbatandan şənbə günü günbatana qədər yəhudilər üçün yol getmək qadağan idi. Yəqin ki, İsa Betaniyada həmişə olduğu kimi dostu Lazarın evinə gedir və cümədən şənbəyə keçən gecəni orada qalır.
Növbəti gün Betaniya sakinlərindən Şimon adlı bir nəfər İsagili şam yeməyinə dəvət edir. Bu adam əvvəllər cüzamlı olmuş və ehtimal ki, İsa ona şəfa vermişdi. Lazar da bacıları ilə buradadır. Marta ona xas olan qayğıkeşliklə qonaqlara qulluq edir. Məryəm isə yenə də bütün diqqətini İsaya yönəldib. Lakin bu dəfə onun gördüyü iş mübahisəyə səbəb olur.
Məryəm içində təxminən 300 qram «xalis nard» olan balaca bir qab gətirir. Bu ətirli yağ çox bahalıdır, onun qiyməti bir illik əmək haqqına bərabərdir. Məryəm yağı İsanın başına və ayaqlarına tökür. Sonra saçı ilə onun ayaqlarını qurulayır. Yağın ətri bütün evi bürüyür.
Lakin şagirdlər buna hirslənib deyirlər: «Bu boyda israfçılıq olar?» Yəhuda İskariot da deyir: «Bu yağı baha qiymətə satıb pulunu kasıblara paylamaq olardı». Əslində, kasıblar Yəhudanı maraqlandırmır. O, şagirdlərdə olan pul qutusundan oğurluq etdiyi üçün belə deyir.
İsa Məryəmi müdafiə edir: «Bu qızdan nə istəyirsiniz? O, mənə yaxşılıq etdi. Kasıblar həmişə yanınızdadır, mən isə həmişə yanınızda olmayacağam. O, yağı üstümə tökməklə məni dəfnə hazırladı. İnanın, xoş xəbər dünyanın harasında təbliğ olunsa, bu qadının gördüyü iş barəsində danışılacaq, özü isə yad ediləcək».
İsa artıq ikinci gündür ki, Betaniyadadır. Onun burada olması xəbəri bütün ətrafa yayılıb. Bu səbəbdən Şimonun evinə çoxlu adam gəlir. Onlar İsanı və Lazarı görmək istəyirlər. Çoxları ölmüş adamı diriltdiyinə görə İsaya iman gətirir. Böyük kahinlər isə buna görə İsanı da, Lazarı da öldürmək istəyirlər. Görün, bu böyük kahinlər necə pis adamdırlar! Yəhya 11:55—12:11; Matta 26:6—13; Mark 14:3—9; Həvarilərin işləri 1:12.
▪ Yerusəlim məbədində camaat nədən danışır və nəyə görə?
▪ Nəyə görə İsa Betaniyaya şənbə günü yox, cümə günü gəlir?
▪ İsa Betaniyada şənbə günü kimə qonaq gedir?
▪ Məryəmin hansı hərəkəti mübahisəyə səbəb olur və İsa onu necə müdafiə edir?
▪ Böyük kahinlərin pis adam olduqları nədən görünür?