Qardaşlıq məhəbbətinizi möhkəmləndirin
‘Məsih bizi sevdiyi kimi, siz də məhəbbətlə hərəkət edin’ (EFES. 5:2).
1. İsa davamçılarını tanımağa kömək edəcək hansı vacib xüsusiyyəti vurğuladı?
ALLAHIN PADŞAHLIĞI haqda xoş xəbərin evdən-evə təbliği Yehovanın Şahidlərinin fərqləndirici cəhətidir. Lakin İsa Məsih onun əsil şagirdlərini tanımağa kömək edəcək başqa bir səciyyəvi xüsusiyyəti vurğuladı. O dedi: «Sizə bir-birinizi sevəsiniz deyə yeni bir əmr verirəm: sizi sevdiyim kimi siz də bir-birinizi sevin. Əgər bir-birinizə qarşı məhəbbətiniz olsa, bundan hər kəs Mənim şagirdlərim olduğunuzu biləcək» (Yəh. 13:34, 35).
2, 3. Qardaşlıq məhəbbətimiz yığıncağa yeni gələnlərə necə təsir edir?
2 Həqiqi məsihçilər arasında olan məhəbbətə daha heç bir yerdə rast gələ bilmərik. Maqnit dəmiri özünə çəkdiyi kimi, məhəbbət də Yehovanın xidmətçilərini birləşdirir və səmimi insanları həqiqi ibadətə cəlb edir. Misal üçün, götürək, Kamerundan olan Marselinonu. O, iş yerində görmə qabiliyyətini itirib. Bu bədbəxt hadisədən sonra söz-söhbət gəzirdi ki, guya o, cadugər olduğu üçün kor olub. Keşiş və kilsənin digər üzvləri ona təsəlli vermək əvəzinə, kilsədən qovdular. Yehovanın Şahidlərindən biri onu yığıncaq görüşünə dəvət edəndə Marselino əvvəlcə tərəddüd etdi. Çünki o, yenidən rədd edilməkdən qorxurdu.
3 Marselinonun Padşahlıq Zalında özünə qarşı gördüyü münasibət onu çox təəccübləndirdi. Yığıncaq üzvləri onu mehribanlıqla qarşıladı və orada eşitdiyi Müqəddəs Kitab təlimləri ona təsəlli verdi. O gündən etibarən Marselino heç bir yığıncaq görüşündən qalmadı, Müqəddəs Kitabı öyrənməkdə tərəqqi etdi və 2006-cı ildə vəftiz olundu. Hal-hazırda o, həqiqəti ailə üzvləri və qonşuları ilə bölüşür, hətta bir neçə insana Müqəddəs Kitabı öyrənməyə kömək edir. Marselino istəyir ki, onun Allahın xalqı arasında duyduğu məhəbbəti Müqəddəs Kitabı öyrətdiyi insanlar da öz üzərlərində hiss etsinlər.
4. Pavelin: «Məhəbbətlə hərəkət edin» nəsihətinə nəyə görə tabe olmalıyıq?
4 Bu qardaşlıq məhəbbəti özü-özlüyündə cəlbedici olsa da, onu qorumaq üçün biz əlimizdən gələni etməliyik. Axşam çağı düşərgədə qızınmaq üçün tonqalın ətrafına toplaşan insanları təsəvvür edək. Əgər onlar ocağa odun atmasalar, o sönəcək. Eynilə, hər birimiz yığıncaqdakı gözəl məhəbbət bağlarını möhkəmləndirməyə çalışmasaq, o, getdikcə zəifləyəcək. Bunun baş verməməsi üçün biz nə etməliyik? Bu suala həvari Pavel belə cavab verir: «Məsih bizi sevib, Özünü bizim üçün Allaha xoş ətirli bir sovqat və qurban olaraq fəda etdiyi kimi, siz də məhəbbətlə hərəkət edin» (Efes. 5:2). Gəlin məhəbbətlə necə hərəkət edə biləcəyimizi nəzərdən keçirək.
«Siz də ürəyinizi açın»
5, 6. Nəyə görə Pavel Korinf məsihçilərini ‘ürəklərini açmağa’ səsləyirdi?
5 Həvari Pavel qədim Korinf məsihçilərinə yazırdı: «Ey korinflilər, sizinlə açıq danışdıq, sizə ürəyimizi açdıq. Biz sizdən sevgi əsirgəmirik, lakin siz bizdən sevginizi əsirgədiniz. Bunun müqabilində (sizə öz övladlarım kimi müraciət edirəm) siz də ürəyinizi açın» (2 Kor. 6:11-13). Nəyə görə Pavel korinfliləri ürəklərini məhəbbət üçün açmağa təşviq edirdi?
6 Gəlin qədim Korinf yığıncağının təməlinin necə qoyulduğuna nəzər salaq. Pavel buraya gələndə b. e. 50-ci ilinin axırları idi. Təbliğ etməyə başlayanda çətinliklərlə qarşılaşsa da, o, ruhdan düşmədi. Qısa müddət ərzində bu şəhərdə bir çoxları xoş xəbərə iman gətirdi. «Bir il altı ay» ərzində Pavel yeni yığıncağa təlim vermək və onu möhkəmləndirmək işi ilə məşğul idi. Buradan aydın görmək olur ki, Pavel Korinf məsihçilərinə dərin məhəbbət bəsləyirdi (Həv. iş. 18:5, 6, 9-11). Onların da Pavelə qarşılıqlı məhəbbət və hörmət göstərməyə hər bir əsası var idi. Lakin yığıncaqdakıların bəziləri ondan uzaqlaşmışdılar. Ola bilsin, onun birbaşa verdiyi məsləhətlər kimlərinsə xoşuna gəlmirdi (1 Kor. 5:1-5; 6:1-10). Başqaları isə, görünür, «fövqəlhəvarilər»in böhtanlarına qulaq asırdılar (2 Kor. 11:5, 6). Pavel istəyirdi ki, bütün bacı-qardaşlar onu ürəkdən sevsinlər. Buna görə də Pavel həmin məsihçiləri ‘ürəklərini açaraq’ ona və digər həmimanlılarına yaxınlaşmağa səsləyirdi.
7. Qardaşlıq məhəbbəti təzahür etdirmək üçün ürəklərimizi necə aça bilərik?
7 Bəs bizim haqqımızda nə demək olar? Qardaşlıq məhəbbəti təzahür etdirmək üçün ürəklərimizi necə aça bilərik? Eyni yaşa və ya eyni etnik qrupa mənsub olan insanların bir-birinə məhəbbət göstərməsi təbiidir. Eyni əyləncə növünü sevən insanlar da birgə çox vaxt keçirə bilərlər. Ancaq əgər maraq dairəmiz başqalarınkından fərqləndiyi üçün onlardan uzaq gəziriksə, onda biz ürəklərimizi geniş açmalıyıq. Yaxşı olardı ki, özümüzdən soruşaq: «Çox vaxt mənə yaxın olan bacı-qardaşlarlamı xidmətə çıxır və ya vaxt keçirirəm? “Onların mənim dostum olmalarına hələ çox var”,— deyə düşünərək yığıncağa yeni gələnlərlə münasibətə sərhəd qoyurammı? Yığıncağa gələndə həm gənclərlə, həm də yaşlılarla görüşürəmmi?»
8, 9. Pavelin Romalılara 15:7 ayəsindəki məsləhətə əsasən, başqaları ilə necə görüşməliyik ki, bu, qardaşlıq məhəbbətimizi möhkəmləndirsin?
8 Başqalarını salamlamağa gəldikdə, Pavelin romalılara ünvanladığı sözləri həmimanlılarımıza düzgün münasibət inkişaf etdirməyə kömək edə bilər. (Romalılara 15:7 ayəsini oxu.) «Qəbul edin» kimi tərcümə olunan yunan sözü «kimisə mehribanlıqla və ya qonaqpərvərliklə qəbul etmək, özünə yaxın buraxmaq və onunla dostluq etmək» mənasını daşıyır. Qədim zamanlarda qonaqpərvər ev sahibinin dostları evinə qonaq gələndə o, onları böyük sevinclə qəbul edirdi. Məsih məcazi mənada bizi qəbul edir, biz də ondan nümunə götürərək həmimanlılarımızı qəbul etməliyik.
9 Padşahlıq Zalında və başqa yerlərdə bacı-qardaşlarımızla görüşərkən çoxdan görmədiyimiz və ya ünsiyyət etmədiyimiz insanlara diqqət yetirə bilərik. Nəyə görə onlarla bir neçə dəqiqə söhbət etməyəsən? Növbəti görüşdə isə başqalarına yaxınlaşmaq olar. Qısa vaxt ərzində bir çox bacı-qardaşlarla gözəl söhbət edə bilərik. Bir dəfəyə hamı ilə ünsiyyət edə bilmədiyimiz üçün narahat olmamalıyıq. Əgər hər görüşdə hamı ilə hal-əhval tutmaq alınmırsa, heç kim buna görə inciməməlidir.
10. Yığıncaqda hər birimiz üçün hansı gözəl imkan var və biz bundan necə faydalana bilərik?
10 Salamlaşmaq — başqalarını qəbul etmək üçün birinci addımdır. Bu addım xoş ünsiyyətə və möhkəm dostluğa yol aça bilər. Məsələn, konqreslərdə iştirak edənlər bir-birləri ilə tanış olub söhbət edəndə yenidən görüşəcəkləri günü gözləyirlər. Padşahlıq Zalının tikintisində iştirak edən, eləcə də fəlakət baş verən ərazidə yardım edən könüllülər çox vaxt yaxın dost olurlar, çünki onlar bir yerdə işləyərkən bir-birinin gözəl xüsusiyyətlərini görürlər. Yehovanın təşkilatında möhkəm dostluq telləri qurmaq imkanı çoxdur. Əgər ürəyimizi geniş açsaq, bizi həqiqi ibadətdə birləşdirən məhəbbət telləri möhkəmlənəcək və çoxlu dostlarımız olacaq.
Başqalarına vaxt ayır
11. Mark 10:13-16 ayələrindən göründüyü kimi, İsa bizim üçün hansı nümunəni qoyub?
11 Bütün məsihçilər, İsa kimi, əlçatan olmağa çalışmalıdır. Gəlin görək, valideynlər öz uşaqlarını İsanın yanına gətirəndə şagirdlərinin buna mane olmasına İsa necə münasibət göstərdi: «Qoyun uşaqlar Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Allahın Səltənəti belələrinindir». Sonra «onları qucaqlayıb, əllərini üzərlərinə qoyaraq, xeyir-dua verdi» (Mark 10:13-16). Böyük Müəllim tərəfindən belə məhəbbət görən bu uşaqların necə sevindiyini bir təsəvvür edin!
12. Əlçatan olmağımıza nə mane ola bilər?
12 Hər bir məsihçi özündən soruşmalıdır: «Mən başqaları üçün əlçatanam, yoxsa özümü elə göstərirəm ki, guya həmişə məşğulam?» Öz-özlüyündə pis olmayan vərdişlər bəzən ünsiyyətə mane ola bilər. Məsələn, əgər biz başqalarının yanında tez-tez mobil telefonla danışır və ya qulağımızda qulaqcıq mahnıya qulaq asırıqsa, bununla göstəririk ki, onlarla ünsiyyət etmək bizim üçün o qədər də maraqlı deyil. Başqaları isə tez-tez başımızın cib kompüterinə qarışdığını görərlərsə, elə qənaətə gələ bilərlər ki, biz onlarla danışmaq istəmirik. Əlbəttə, «susmağın öz vaxtı» var. Lakin insanların əhatəsində olanda əksər hallarda ‘danışmaq vaxtıdır’ (Vaiz 3:7). Bəziləri belə deyə bilər: «Hər şeyi ürəyimdə saxlamağa üstünlük verirəm» və ya «Səhər tezdən ağzımı açmağa halım yoxdur». Amma danışmağa həvəsli olmadığımız halda belə mehribanlıqla ünsiyyət etsək, səmimi məhəbbət göstərmiş olarıq (1 Kor. 13:5).
13. Pavel Timoteyi bacı-qardaşlarına necə yanaşmağa təşviq edirdi?
13 Pavel gənc Timoteyi yığıncağın bütün üzvlərinə hörmətlə yanaşmağa təşviq edirdi. (1 Timoteyə 5:1, 2 ayələrini oxu.) Biz də yaşca özümüzdən böyük olan məsihçilərə ata-anamız, kiçiklərə isə doğma bacı-qardaşlarımız kimi yanaşmalıyıq. Əgər bizdə əziz bacı-qardaşlarımıza qarşı belə münasibət olarsa, onda heç kim bizim yanımızda özünü artıq hiss etməyəcək.
14. Başqaları ilə ruhlandırıcı ünsiyyət etmək hansı faydanı gətirir?
14 Başqalarını ruhlandırıcı ünsiyyətə cəlb edəndə biz onları ruhani və emosional cəhətdən möhkəmləndirmiş oluruq. Filialların birində xidmət edən bir qardaş xatırlayır ki, o, Bet-Elə təzə gələndə uzun illər orada xidmət edən bir neçə qardaş onunla söhbət etməyə vaxt ayırırdı. Onların ruhlandırıcı sözləri sayəsində o, həqiqətən də Bet-El ailəsinin üzvü olduğunu hiss edirdi. İndi o, həmin qardaşlar kimi, Bet-El ailəsinin digər üzvləri ilə ünsiyyət edir.
Həlimlik sülhyaradan olmaqda bizə kömək edir
15. Məsihçilər arasında fikir ayrılığının qaçılmaz olduğu nədən görünür?
15 Qədim Filipidə yaşayan Evodiya və Sintixi adlı iki məsihçi bacı arasında, ehtimal ki, həll etməkdə çətinlik çəkdikləri bir problem var idi (Filip. 4:2, 3). Pavel və Barnaba arasında olan qızğın mübahisə hamıya bəlli oldu və onlar bir müddətə yollarını ayırdılar (Həv. iş. 15:37-39). Bu hadisələr göstərir ki, həqiqi məsihçilər arasında da fikir ayrılığının olması qaçılmazdır. Münaqişəni həll edib dostluğu yenidən bərpa edə bilməyimiz üçün Yehova bizdən köməyini əsirgəmir. Ancaq O, bizdən də müəyyən bir şey tələb edir.
16, 17. a) Şəxsi münaqişələrin həll olunmasında həlimlik nə dərəcədə vacibdir? b) Yaqubun Esava yaxınlaşması haqqındakı məlumat həlimliyin dəyərini necə vurğulayır?
16 Təsəvvür edək ki, sən dostunla birlikdə avtomobillə səyahətə çıxmağa hazırlaşırsan. Yola düşməzdən əvvəl, sən yandırma açarını çevirib mühərriki işə salmalısan. Eynilə, fikir ayrılığını həll etməyə başlamaq üçün də açardan istifadə etmək lazımdır. Bu açar — həlimlikdir. (Yaqub 4:10 ayəsini oxu.) Müqəddəs Kitabın növbəti nümunəsindən göründüyü kimi, bu açar aralarında fikir ayrılığı yaranan iki nəfərə Müqəddəs Kitab prinsiplərini tətbiq etməyə kömək edir.
17 Esav ilk oğulluq haqqını əkiz qardaşı Yaquba satdığı üçün onu əldən vermişdi, buna görə qəzəb içində qardaşını öldürmək istəyirdi. Bu hadisənin üstündən iyirmi il keçmişdi. Bu qədər vaxtdan sonra əkiz qardaşlar yenidən görüşməli idilər və buna görə ‘Yaqub çox qorxub həyəcanlanırdı’. Qardaşı Esavın onun üzərinə hücum edəcəyi ehtimalı çox böyük idi. Ancaq onlar görüşəndə Yaqub Esavın gözləmədiyi bir addımı atdı: o, «qardaşına yaxınlaşanda yeddi dəfə yerə əyildi». Bəs sonra nə baş verdi? «Esav Yaqubu qarşılamaq üçün qaçıb onu qucaqladı və boynuna sarılıb öpdü. Onlar ağlaşdılar». Təhlükə sovuşmuşdu. Yaqubun həlimliyi Esavdakı istənilən nifrət hissinə üstün gəlmişdi (Yar. 27:41; 32:3-8; 33:3, 4).
18, 19. a) Şəxsi ixtilaflar zamanı Müqəddəs Kitab məsləhətlərini tətbiq etmək təşəbbüsünü öz üzərimizə götürmək nəyə görə vacibdir? b) Əgər münaqişəni həll etmək üçün göstərdiyimiz ilk cəhdlərimiz boşa çıxırsa, nəyə görə təslim olmamalıyıq?
18 Müqəddəs Kitabda ixtilafları həll etmək üçün gözəl məsləhətlər var (Mat. 5:23, 24; 18:15-17; Efes. 4:26, 27)a. Lakin bu məsləhətləri həlimliklə tətbiq etməyincə sülh yaratmaq çətin olacaq. Qarşı tərəfdən həlimlik gözləmək vəziyyətdən çıxış yolu deyil, bir halda ki, özümüz həlimlik göstərə bilərik.
19 Əgər fikir ayrılığını həll etmək üçün göstərdiyimiz ilk cəhdlərimiz müəyyən səbəblərə görə boşa çıxarsa, təslim olmamalıyıq. Çünki qarşı tərəfin öz hisslərini götür-qoy etməsi üçün vaxt tələb oluna bilər. Yusifin qardaşları onunla xaincəsinə davranmışdılar. Uzun illər idi ki, onlar görüşmürdülər və indi Yusif Misirdə firondan sonra ikinci şəxs idi. Bir gün onlar səhvlərini başa düşdülər və ondan üzr istədilər. Yusif onları bağışladı və Yaqubun oğulları Yehovanın adını daşımaq şərəfinə layiq görülən bir xalq oldu (Yar. 50:15-21). Bacı və qardaşlarımızla sülhü qorumaqla biz yığıncağın birliyini və sevincini qorumuş oluruq. (Koloslulara 3:12-14 ayələrini oxu.)
Gəlin «əməllə və həqiqətlə sevək»
20, 21. İsanın öz həvarilərinin ayaqlarını yumasından hansı ibrət dərsini götürə bilərik?
20 Ölümündən bir az əvvəl İsa həvarilərinə demişdi: «Mənim sizə etdiyim kimi siz də edəsiniz deyə, sizə bir nümunə göstərdim» (Yəh. 13:15). O, 12 həvarsinin ayaqlarını təzəcə yuyub qurtarmışdı. İsanın bu hərəkəti nə dini ayin idi, nə də ki o, bunu kiməsə qulluq etmək xatirinə etmişdi. İsanın həvarilərinin ayaqlarını yuması haqqında danışmazdan öncə, Yəhya yazır: «İsa dünyada Özünə aid olanları sevmiş olaraq, onları sona qədər sevdi» (Yəh. 13:1). Şagirdlərinə qarşı məhəbbəti İsanı, adətən, qulların gördüyü işi görməyə təşviq etdi. İndi onlar bir-biriləri üçün həlimliklə xeyirxah işlər görməli idilər. Bəli, əsil qardaşlıq məhəbbəti hər birimizi bütün bacı-qardaşlarımızın qayğısına qalmağa təşviq etməlidir.
21 Həvari Peter Allahın Oğlunun onun ayaqlarını yumasının səbəbini anladı. O deyir: «Ruh vasitəsilə həqiqətə itaət edərək, canlarınızı təmizləyib qardaşlar üçün riyasız məhəbbətə sahib oldunuz. Buna görə, bir-birinizi var qüvvə ilə səmimi qəlbdən sevin» (1 Pet. 1:22). İsanın ayaqlarını yuduğu həvarilər arasında Yəhya da var idi. O yazır: «Uşaqlarım, sözlə və dillə deyil, əməllə və həqiqətlə sevək» (1 Yəh. 3:18). Qoy ürəyimiz bizi bacı və qardaşlarımıza olan məhəbbətimizi əməldə təsdiq etməyə təşviq etsin!
[Haşiyə]
a «Yehovanın iradəsini yerinə yetirmək üçün təşkil olunmuşuq» kitabının 144-150-ci səhifələrinə (rus.) baxın.
Yadınızdadırmı?
• Qarşılıqlı məhəbbət üçün ürəyimizi necə aça bilərik?
• Başqalarına vaxt ayırmaqda bizə nə kömək edəcək?
• Həlimlik sülhü yaratmaqda hansı rolu oynayır?
• Həmimanlılarımızın qayğısına qalmağa bizi nə təşviq etməlidir?
[21-ci səhifədəki şəkil]
Həmimanlılarınızı mehribanlıqla salamlayın
[23-cü səhifədəki şəkil]
Başqalarına vaxt ayırmaq imkanını əldən verməyin