“Cəsur olun, Mən dünyaya qalib gəldim”
İSA MƏSİHİN ölüm günü b. e. 33-cü ilinin 31 mart — yəhudi təqviminə görə 14 nisan — cümə axşamı gün batandan sonra başlandı. Həmin axşam İsa və həvariləri qədim yəhudi bayramı olan Pasxanı qeyd etmək üçün Yerusəlimdə bir evin üst otağında toplaşmışdılar. İsa, “bu dünyadan Atanın yanına köçəcəyi saatın gəldiyini” bilərək, həvarilərini sona qədər sevdiyini göstərdi (Yəhya 13:1). O bunu necə etdi? İsa öz şagirdlərinə çox qiymətli dərslər verərək, onları gələcək sınaqlara hazırladı.
Axşamdan bir qədər keçmiş İsa şagirdlərinə dedi: “Cəsur olun, Mən dünyaya qalib gəldim” (Yəhya 16:33). İsa cür’ətlə bu sözləri deyərkən nəyi nəzərdə tuturdu? O, təxminən belə demək istəyirdi: “Dünyada hökm sürən pisliklər məni sərtləşdirmədi və qisasçı etmədi. Bu dünyanın məni öz çərçivəsinə sıxışdırmasına yol vermədim. Bunu etməyə sizin də gücünüz çatar”. Yer üzündəki həyatının son saatlarında İsanın öz sadiq həvarilərinə öyrətdikləri, onların da dünyaya qalib gəlmələrinə kömək etdi.
Müasir dünyada pisliklərin hökm sürdüyünü kim inkar edər? Bəs biz haqsızlığa və zorakılığa necə reaksiya göstəririk? Bu hadisələr bizi qəzəbləndirirmi və biz qisas almağa can atırıqmı? Bəs bu dünyada əxlaqi tənəzzülün göstərdiyi tə’sir haqda nə demək olar? Üstəlik qeyri-kamilliyimizi və günahlı meyllərimizi də əlavə etsək, onda elə çıxır ki, biz iki cəbhədə döyüşməli oluruq: bir tərəfdən, əxlaqsız dünyanın zərbələrinə qarşı, digər tərəfdən isə pis meyllərimizə qarşı müqavimət göstəririk. Bu döyüşdə Allahın köməyi olmadan qalib gəlməyimiz mümkündürmü? Biz Onun köməyini necə əldə edə bilərik? Bəs şəxsi meyllərimizə qarşı müqavimət göstərməkdə, bizə hansı keyfiyyətlər kömək edəcəkdir? Bu suallara cavab almaq üçün, gəlin İsanın yer üzündəki həyatının son günündə sevimli şagirdlərinə öyrətdiklərini nəzərdən keçirək.
Təkəbbürlüyə təvazökarlıqla qalib gəlin
Misal üçün, təkəbbürlüyü, yə’ni məğrurluğu nəzərdən keçirək. Bu xüsusiyyət haqqında Müqəddəs Kitabda deyilir: “Əcəldən əvvəl təkəbbür gələr, fəlakətdən əvvəl lovğalıq ruhu gələr” (Süleymanın məsəlləri 16:18, MKŞ). Müqəddəs Yazılarda həmçinin xəbərdarlıq edilir: “Əgər kimsə, heç olduğu halda, özünü əhəmiyyətli sanırsa, öz-özünü aldadır” (Qalatiyalılara 6:13). Təkəbbürlük doğrudan da dağıdıcı və aldadıcı tə’sir göstərir. Bu səbəbdən “lovağalığa, təkəbbürə” nifrət etsək, müdrik davranmış olarıq (Süleymanın məsəlləri 8:13, MKŞ).
Bəs İsanın həvariləri haqda nə demək olar? Onlar təkəbbürlük və məğrurluq göstərirdilərmi? Ən azı bir dəfə, aralarında kimin böyük olduğu barədə mübahisə etmişdilər (Mark 9:33-37). Başqa bir vaxt isə Yaqub və Yəhya Padşahlıqda özlərinə yüksək vəzifə diləmişdilər (Mark 10:35-45). Bu cür fikirlərdən daşınmaları üçün, İsa şagirdlərinə kömək etmək istəyirdi. Buna görə də o, Pasxa yeməyini yeyən zaman ayağa qalxdı, dəsmal götürüb belinə bağladı və şagirdlərinin ayaqlarını yumağa başladı. Bununla da onlara nə öyrətmək istədiyi tamamilə aydındır. İsa dedi: “Madam ki, Mən Rəbb və Müəllim olduğum halda ayaqlarınızı yudum, siz də bir-birinizin ayaqlarını yumağa borclusunuz” (Yəhya 13:14). Təkəbbürlüyün yerini tamamilə başqa bir keyfiyyət — təvazökarlıq tutmalıdır.
Lakin təkəbbürlüyə qalib gəlmək o qədər də asan deyil. Pasxa axşamı davam edirdi. İsa, sonradan onu ələ verən Yəhuda İskaryotu buraxdıqdan sonra, 11 həvarinin arasında qızğın mübahisə başlandı. Onların həll etdikləri məsələ nə idi? Aralarında kimin ən böyük olduğu! İsa onları danlamaq əvəzinə, başqalarının mənfəətini güdməyin nə dərəcədə vacib olduğunu bir daha səbrlə vurğuladı. O dedi: “Hakimlər xalqlar üzərində hökm sürürlər və bu hökmdarlıq edənlərə havadar deyirlər; siz isə belə olmamalısınız; lakin aranızda ən böyük olan ən kiçik kimi olsun və rəislik edən xidmətkar kimi olsun”. Öz nümunəsini xatırladaraq, sözünə davam etdi: “Mən... sizin aranızda xidmətkar kimiyəm” (Luka 22:24-27).
Həvarilər bundan ibrət götürdülərmi? Görünür ki, götürmüşdülər. İllər keçdikdən sonra, Peter yazırdı: “Hamınız həmfikir, başqalarının dərdlərinə şərik, qardaş sevən, şəfqətli, mehriban, təvazökar olun” (1 Peter 3:8). Gəlin biz də təkəbbürlüyə təvazökarlıqla qalib gələk! Axı bizim həyatımız bundan asılıdır. Əgər məşhurluq, hakimiyyət və yaxud yüksək vəzifə dalınca qaçmırıqsa, hikmətli davranırıq. Müqəddəs Kitabda deyilir: “Allah məğrurlara qarşı durur, təvazökarlara isə lütf verir” (Yaqub 4:6). Buna bənzər fikir qədim bir məsəldə də qeyd edilir: “Təvazökar olmağın və Rəbb qorxusunun sonu sərvət, izzət və həyatdır” (Süleymanın məsəlləri 22:4).
Nifrətə necə qalib gəlmək olar?
Dünyaya, nifrət kimi daha bir xüsusiyyət də xasdır. Nifrətin yaranmasına qorxu, nadanlıq, xurafat, zülm, haqsızlıq, millətçilik, tayfalararası ədavət və irqçilik səbəb olsa da, deyəsən, nifrət bizi hər yerdə əhatə edir (2 Timoteyə 3:1-4). İsanın dövründəki cəmiyyət də nifrətlə dolu idi. Yəhudilər vergiyığanları inkar edir və onlara nifrətlə yanaşırdılar, həmçinin onların samariyalılarla da heç bir əlaqələri yox idi (Yəhya 4:9). Bundan əlavə, onlar qeyri-yəhudilərə də yuxarıdan aşağı baxırdılar. Lakin İsanın gətirdiyi yeni tə’limə müəyyən bir vaxtda bütün xalqlardan olan insanlar qoşulmalı idilər (Həvarilərin işləri 10:34, 35; Qalatiyalılara 3:28). Buna görə də İsa şagirdlərinə yeni əmr verdi.
İsa dedi: “Sizə bir-birinizi sevəsiniz deyə yeni bir əmr verirəm: sizi sevdiyim kimi siz də bir-birinizi sevin”. Onlar məhz bu cür məhəbbəti təzahür etdirməyi öyrənməli idilər, çünki İsa sözünə davam edib deyir: “Əgər bir-birinizə qarşı məhəbbətiniz olsa, bundan hər kəs Mənim şagirdlərim olduğunuzu biləcək” (Yəhya 13:34, 35). Yeni əmrə, “qonşunu özün kimi sevəcəksən” əmrindən daha çox şey daxil idi (Levililərə 19:18). Onların fərqi nədə idi? İsa izah edir: “Mənim əmrim budur: Bir-birinizi Mən sizi sevdiyim kimi sevin. Heç kimdə, bir nəfərin dostları uğrunda canını verməsindən daha böyük məhəbbət yoxdur” (Yəhya 15:12, 13). Onlar necə ki, həmimanlıları uğrunda, eləcə də başqa insanlar uğrunda canlarını verməyə hazır olmalı idilər.
Qeyri-kamil insanlar ürəklərində kök salmış nifrətdən necə azad ola bilərlər? Fədakar məhəbbəti inkişaf etdirməklə. Bunu, müxtəlif etnik, mədəni, dini və siyasi keçmişə sahib olan milyonlarla səmimi insanların nümunəsindən görmək olar. Onlar vahid, nifrətdən azad bir təşkilata — Yehovanın Şahidlərinin ümumdünya qardaşlığına qoşulurlar. Onlar həvari Yəhyanın sözlərinə ciddi yanaşırlar: “Qardaşına nifrət edən hər kəs qatildir və siz bilirsiniz ki, heç bir qatil özündə qalan əbədi həyata malik deyildir” (1 Yəhya 3:15). İsanın həqiqi davamçıları silahlı toqquşmalarda iştirak etməkdən imtina etməklə yanaşı, bütün qüvvələri ilə bir-birlərinə qarşı məhəbbət təzahür etdirməyə də can atırlar.
Bəs imanımıza şərik olmayanlara və ola bilsin, bizə nifrət edənlərə biz necə yanaşmalıyıq? İşgəncə dirəyində ikən İsa onun e’damında iştirak edənlər üçün dua edirdi: “Ata! Onları bağışla, çünki nə etdiklərini bilmirlər” (Luka 23:34). Nifrətlə dolu insanlar Stefanı daşlayıb öldürərkən, o belə sözlər dedi: “Ya Rəbb, bunu onlara günah sayma!” (Həvarilərin işləri 7:60, İ–93). İsa və Stefan, hətta onlara nifrət edən adamlara da yaxşılıq diləyirdilər. Onlar ürəklərində kin saxlamırdılar. Bu səbəbdən Müqəddəs Kitab bizi çağırır: “Hamıya... yaxşılıq edək” (Qalatiyalılara 6:10).
Daimi köməkçi
Həmin əlamətdar axşamda İsa on bir sadiq həvarisinə bildirdi ki, qısa müddətdən sonra bir daha onlarla olmayacaq (Yəhya 14:28; 16:28). Lakin onlara belə bir zəmanət verdi: “Atadan xahiş edəcəyəm ki, O, daim sizinlə bərabər olmaq üzrə sizə başqa bir Təsəlliverici [“köməkçi”, YD] versin” (Yəhya 14:16). Və’d edilən köməkçi Allahın müqəddəs ruhudur. Müqəddəs ruh onlara, Müqəddəs Yazıların dərinliklərini anlamağa kömək edəcək və İsanın öyrətdiklərini xatırladacaqdı (Yəhya 14:26).
Bəs müqəddəs ruh bizə necə kömək edə bilər? Müqəddəs Kitabın — Allahdan ilham almış Kəlamın vasitəsilə. Peyğəmbərlik edən və Müqəddəs Kitabı yazan kişilər, “Müqəddəs ruh tərəfindən hərəkətə” gətirilirdilər (2 Peter 1:20, 21; 2 Timoteyə 3:16). Müqəddəs Yazıları tədqiq etməyin və öyrəndiklərimizi həyatda tətbiq etməyin sayəsində biz bilik əldə edir, hikmət, dərrakə, anlayış, ayırdetmə və düşünmək qabiliyyəti qazanırıq. Məgər bütün bunlar dünyanın təzyiqinə daha müvəffəqiyyətlə qarşı durmağımıza kömək etmirmi?
Müqəddəs ruh, bizə güclü müsbət tə’sir göstərməklə də kömək edir. Onun sayəsində biz Allaha xas olan xüsusiyyətləri təzahür etdirə bilirik. Müqəddəs Kitabdan oxuyuruq: “Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, lütfkarlıq, yaxşılıq, sədaqət, həlimlik, özünə hakim olmaq”. Əxlaqsızlığa, mübahisə etmək meylinə, paxıllığa, qəzəb tutmalarına və digər cismani meyllərimizə qarşı mübarizə aparmaq üçün ehtiyac duyduğumuz keyfiyyətlər məhz bunlar deyilmi? (Qalatiyalılara 5:19-23).
Allahın ruhuna güvənərək, çətinliklərimizin və qəm-qüssəmizin öhdəsindən gəlmək üçün “ən üstün qüdrət”i əldə edə bilərik (2 Korinflilərə 4:7). Müqəddəs ruh, ola bilsin, bizi sınaqlardan və ya şirnikdirici tə’sirlərdən azad etməyəcəkdir, lakin, şübhəsiz ki, onlara tab gətirməyimizə kömək edəcəkdir (1 Korinflilərə 10:13). Həvari Pavel yazırdı: “Məni möhkəmləndirən... vasitəsilə hər şeyi etməyə qadirəm” (Filipililərə 4:13). Allah bu qüvvəni bizə müqəddəs ruhun vasitəsilə verir. Məgər biz müqəddəs ruha görə minnətdar olmalı deyilikmi? Allah müqəddəs ruhu, İsanı sevənlərə və onun əmrlərini yerinə yetirənlərə və’d edir (Yəhya 14:15).
“Mənim məhəbbətimdə qalın”
Yer üzündəki həyatının son günündə İsa öz şagirdlərinə belə sözlər də dedi: “Kim əmrlərimə malik olub onlara riayət edərsə, Məni sevən odur. Məni sevən, Atam tərəfindən seviləcəkdir” (Yəhya 14:21). İsa onları “Mənim məhəbbətimdə qalın” deyə təşviq edirdi (Yəhya 15:9). Beləliklə, əgər biz Atanın və Oğulun məhəbbətində qalırıqsa, bu bizə günahlı meyllərimizə qarşı mübarizə aparmağa, eləcə də bu pis dünyanın tə’sirinə düşməməyə kömək edəcəkdir. Bu necə mümkündür?
Əgər güclü təşviqedici səbəbimiz yoxdursa, pis meyllərimizin qarşısını ala bilərikmi? Yehova Allahla və Onun Oğlu ilə dostluğumuzu qorumaq arzusundan yaxşı stimul ola bilərmi? Yeniyetmə yaşlarından e’tibarən sürdüyü əxlaqsız həyat tərzinə son qoymaq üçün qətiyyətlə mübarizə aparmış Ernestoa adlı gənc belə deyir: “Mən Allahı razı salmaq istəyirdim, lakin Müqəddəs Kitabdan öyrəndim ki, sürdüyüm həyat tərzi düzgün deyil. Buna görə də həyatımda dəyişiklik etmək və Allahın normalarına əsasən yaşamaq qərarına gəldim. Əvvəlki kimi ağlımda dolaşmaqda olan nalayiq, pis fikirlərə qarşı hər gün mübarizə aparmalı olurdum. Ancaq mən qalib gəlmək qərarında idim və durmadan Allahdan kömək diləyirdim. Birinci iki il mənim üçün ən çətin dövr oldu, lakin hələ də özümə qarşı çox tələbkaram”.
Kənardan göstərilən tə’sirə qarşı mübarizəyə gəldikdə isə, İsanın Yerusəlimdəki üst otağı şagirdləri ilə birlikdə tərk etməzdən əvvəl etdiyi yekun duaya diqqət yetirin. O, şagirdləri üçün Atasından rica etmişdi: “Mən xahiş etmirəm ki, Sən onları dünyadan götürəsən. Xahiş edirəm ki, onları şərdən qoruyasan. Mən dünyadan olmadığım kimi, onlarda dünyadan deyillər” (Yəhya 17:15, 16). Bu necə də təsəllivericidir! Yehova sevdiyi kəsləri qoruyur və əgər onlar özlərini bu dünyadan qoruyurlarsa, onlara güc verir.
“İman edin”
İsanın əmrlərinə riayət edərək, pis dünyaya və günaha olan meyllərimizə qarşı mübarizədə qalib çıxa bilərik. Lakin bu mübarizədə nə qədər müvəffəq olsaq da, biz bu dünyadan və miras aldığımız günahdan azad olmaq iqtidarında deyilik. Ancaq ümidsizliyə qapılmaq üçün də heç bir səbəbimiz yoxdur.
Müqəddəs Kitabda yazılmışdır: “Dünya və onun ehtirası keçib gedir, amma Allahın iradəsini yerinə yetirən əbədi yaşayır” (1 Yəhya 2:17). İsa həyatını qurban verdi ki, “Ona iman edənlərin... hamısını” günah və ölümdən xilas etsin (Yəhya 3:16). Allahın iradəsinə dair biliyimizi artırdıqca, gəlin İsa Məsihin məsləhətinə daha ciddi yanaşaq: “Allaha iman edin, Mənə də iman edin” (Yəhya 14:1).
[Haşiyə]
a Ad dəyişdirilib.
[6 və 7-ci səhifələrdəki şəkil]
İsa həvarilərini “Mənim məhəbbətimdə qalın” deyə təşviq etdi.
[7-ci səhifədəki şəkil]
Günahdan və onun nəticələrindən azadlıq tezliklə real olacaqdır.