Allahın sevdiyi kəslər arasında varsanmı?
“Kim əmrlərimə malik olub onlara riayət edərsə, Məni sevən odur. Məni sevən, Atam tərəfindən seviləcəkdir” (YƏHYA 14:21).
1, 2. a) Yehova bəşəriyyəti sevdiyini necə göstərdi? b) Eramızın 33-cü ilinin 14 nisan axşamında İsa hansı mərasimi tə’sis etdi?
YEHOVA yaratdığı insanları sevir. O, bəşəriyyəti “elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu ona görə etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın, hamısının əbədi həyatı olsun” (Yəhya 3:16). İsa Məsihin ölümünün Xatirə Gecəsindən qabaq, biz məsihçilər daha çox dərk etməliyik ki, Yehova “bizi sevdi və Öz Oğlunu bizim günahlarımızın əfvini tə’min edən qurban kimi göndərdi” (1 Yəhya 4:10).
2 Eramızın 33-cü ilinin 14 nisanında, axşamdan bir qədər keçmiş, İsa Məsih və 12 həvarisi, israillilərin Misirdən azad edildiklərini xatırladan Pasxanı qeyd etmək üçün, Yerusəlimdə üst otağa toplaşdılar (Matta 26:17-20). Onlar yəhudi bayramını qeyd etdikdən sonra, İsa Yəhuda İskaryotu göndərdi və sonradan məsihçilər tərəfindən Məsihin ölümünün Xatirə Gecəsi adlanan axşam yeməyini tə’sis etdia. Yanında qalan 11 həvarisinə İsa özünün fiziki bədənini və qanını təmsil edən mayasız çörək ilə şərab verdi. Bu barədə ətraflı mə’lumat Matta, Mark və Lukanın Müjdəsində, eləcə də bu hadisəni “Rəbbin axşam yeməyi” adlandıran həvari Pavelin məktubunda yazılıb (1 Korinflilərə 11:20, İ-93; Matta 26:26-28; Mark 14:22-25; Luka 22:19, 20).
3. İsanın öz şagirdləri ilə birlikdə axırıncı dəfə üst otaqda olmaları barədə yalnız həvari Yəhya hansı vacib mə’lumatları xatırladır?
3 Maraqlıdır ki, həvari Yəhya çörək və şərabın ötürülməsini xatırlatmır. Ehtimal ki, bunun səbəbi, onun öz Müjdəsini yazdığı vaxt (təxminən b. e. 98-ci ilində) bu mərasimin artıq ilk məsihçilər arasında keçirilməsi idi (1 Korinflilərə 11:23-26). Lakin öz ölümünün Xatirə Gecəsini tə’sis etməzdən əvvəl və sonra Məsihin dedikləri, həmçinin etdikləri barədə bizə vacib mə’lumatları təqdim edən yeganə şəxs, Allahdan ilham alan Yəhya olmuşdur. Bu həyəcanlandırıcı təfsilatlar, Yəhyanın yazdığı Müjdənin ən azı beş fəslində təsvir olunur. Bu fəsillərdən, Allahın hansı insanları sevdiyi bizə mə’lum olur. Gəlin Yəhyanın yazdığı Müjdənin 13-dən 17-dək olan fəsillərini nəzərdən keçirək.
Məsihin məhəbbət nümunəsindən öyrənin
4. a) Məsihin ölümünün Xatirə Gecəsini tə’sis edərkən, İsa Məsihin şagirdləri ilə etdiyi söhbətin əsas mövzusunu Yəhya necə qeyd edir? b) Yehovanın İsanı sevməsinin vacib səbəblərindən birini söyləyin.
4 Məhəbbət - İsa Məsihin öz həvarilərinə söylədiyi son nəsihəti də daxil etməklə, həmin fəsillərin əsas mövzusunu təşkil edir. Bu fəsillərdə “məhəbbət” sözünün müxtəlif formalarına 33 dəfə rast gəlməyimiz təəccüblü deyil. Məsihin öz Atası Yehovaya və şagirdlərinə bəslədiyi dərin məhəbbət, bu fəsillərdə olduğu kimi başqa heç bir yerdə belə aydın şəkildə ifadə olunmur. İsa Məsihin Yehovaya olan məhəbbəti bütün İncildə aşkar göstərilsə də, İsanın “Mən Atanı sevirəm” sözlərini təkcə Yəhya qeyd etmişdir (Yəhya 14:31). İsa həmçinin Yehovanın onu sevdiyini də söyləyir və bunun səbəbini izah edir: “Atam Məni sevdiyi kimi, Mən də sizi sevdim; Mənim məhəbbətimdə qalın. Mən Atamın əmrlərini yerinə yetirib Onun məhəbbətində qalıram. Əgər siz də Mənim əmrlərimi yerinə yetirsəniz, Mənim məhəbbətimdə qalacaqsınız” (Yəhya 15:9, 10). Yehova öz Oğlunu ona görə sevir ki, o, Atasına tam ürəkdən itaət edir. İsa Məsihin bütün davamçıları üçün necə də gözəl nümunədir!
5. İsa Məsih şagirdlərinə olan məhəbbətini necə təzahür etdirdi?
5 İsanın öz davamçılarına bəslədiyi dərin məhəbbət, onun həvariləri ilə son görüşü haqqında Yəhyanın yazdıqlarının lap başlanğıcında qeyd edilir. Yəhya yazır: “Pasxa bayramından əvvəl bu dünyadan Atanın yanına köçəcəyi saatın gəldiyini bilən İsa dünyada Özünə aid olanları sevmiş olaraq, onları sona qədər sevdi” (Yəhya 13:1). Həmin unudulmaz axşamda İsa, başqalarına məhəbbətlə qayğı göstərməyə dair yadda qalan dərs verdi: o, həvarilərinin ayaqlarını yudu. İsa, şagirdlərinin həm onun, həm də qardaşları üçün könüllü surətdə etməli olduqları işi gördü. Onlar isə bu fürsəti əldən verdilər. İsa şagirdlərinə dedi: “Madam ki, Mən Rəbb və Müəllim olduğum halda ayaqlarınızı yudum, siz də bir-birinizin ayaqlarını yumağa borclusunuz. Çünki Mənim sizə etdiyim kimi siz də edəsiniz deyə, sizə bir nümunə göstərdim” (Yəhya 13:14, 15). Məsihçilər öz qardaşlarına sevinclə xidmət etməlidirlər (Matta 20:26, 27; Yəhya 13:17).
Yeni əmrə riayət edin
6, 7. a) Məsihin ölümünün Xatirə Gecəsi ilə əlaqədar Yəhya hansı vacib təfsilatı xatırladır? b) İsa öz şagirdlərinə hansı yeni əmri verdi və bu əmrdəki yenilik nədən ibarət idi?
6 Nisanın 14-ü gecəsində üst otaqda baş verənləri təsvir edərkən, Yəhuda İskaryotun otaqdan çıxmasını yalnız Yəhya xatırladır (Yəhya 13:21-30). İncildə verilən mə’lumatlardan aydın olur ki, İsa öz ölümünün Xatirə Gecəsini, yalnız bu satqının gedişindən sonra tə’sis etdi. Sonra o, sadiq həvarilərinə son məsləhət və nəsihətlər verərək, onlarla hərtərəfli söhbət etdi. Biz Xatirə Gecəsini qeyd etməyə hazırlaşarkən, İsanın həmən axşamda dediklərini öyrənməyə xüsusi maraq göstərməliyik, çünki biz də Allahın sevdiyi kəslərin arasında olmaq istəyirik.
7 İsa Məsih öz ölümünün Xatirə Gecəsini tə’sis etdikdən sonra, onun şagirdlərinə verdiyi birinci əmri bir qədər qeyri-adi səslənirdi. O dedi: “Sizə bir-birinizi sevəsiniz deyə yeni bir əmr verirəm: sizi sevdiyim kimi siz də bir-birinizi sevin. Əgər bir-birinizə qarşı məhəbbətiniz olsa, bundan hər kəs Mənim şagirdlərim olduğunuzu biləcək” (Yəhya 13:34, 35). Bu əmr hansı mə’nada yeni idi? Həmin axşam bir qədər sonra, İsa öz sözlərini izah etdi: “Mənim əmrim budur: Bir-birinizi Mən sizi sevdiyim kimi sevin. Heç kimdə, bir nəfərin dostları uğrunda canını verməsindən daha böyük məhəbbət yoxdur” (Yəhya 15:12, 13). Musanın qanununa əsasən israillilər yaxınlarını özləri kimi sevməli idilər (Levililər 19:18). Amma İsanın əmrinə daha artıq tələb daxil idi. Məsih onları sevdiyi kimi, məsihçilər də bir-birlərini sevməli və qardaşları uğrunda canlarından keçməyə hazır olmalıdırlar.
8. a) Fədakar məhəbbət özünə nəyi daxil edir? b) Yehovanın Şahidləri fədakar məhəbbəti bu gün necə təzahür etdirirlər?
8 Məsihin ölümünün Xatirə Gecəsi ilə əlaqədar bütün yığıncaqlar, eləcə də ayrılıqda hər birimiz özümüzü yoxlamalıyıq ki, məsihçini fərqləndirən xüsusiyyətə - Məsihin məhəbbəti kimi məhəbbətə doğrudan da malikikmi. Məsihçinin öz əməllərində dəfələrlə fədakarlıqla əks etdirdiyi bu cür məhəbbət onu göstərir ki, məsihçi öz qardaşını ələ verməkdənsə ölməyə hazırdır. Əksər hallarda bu cür “məhəbbət”, qardaşlarına və başqa insanlara kömək və xidmət edərək, öz şəxsi mənafeyini könüllü surətdə qurban vermək mə’nasını daşıyır. Həvari Pavel bu sahədə gözəl nümunə vermişdir (2 Korinflilərə 12:15; Filipililərə 2:17). Bütün dünyada Yehovanın Şahidləri, fədakarlıq ruhu göstərməklə, həmimanlılarına və bütün insanlara kömək etməklə, eləcə də qüvvə və vaxtlarını öz yaxınlarına Müqəddəs Kitab həqiqətini təbliğ etməyə sərf etməklə tanınırlar (Qalatiyalılara 6:10)b.
Dəyərli münasibətləri qiymətləndirin
9. Allah və Onun Oğlu ilə dəyərli münasibətimizi qorumaq üçün, biz nəyi sevinclə edirik?
9 Yehovanın və Oğlu İsa Məsihin bizə təzahür etdirdikləri məhəbbətdən dəyərli bir şey ola bilməz. Lakin bu məhəbbətə malik olmaq və onu duymaq üçün nə isə etməliyik. İsa, şagirdləri ilə birgə keçirdiyi axırıncı gecədə dedi: “Kim əmrlərimə malik olub onlara riayət edərsə, Məni sevən odur. Məni sevən, Atam tərəfindən seviləcəkdir; Mən də onu sevəcəyəm və Özümü ona göstərəcəyəm” (Yəhya 14:21). Əgər Allah və Onun Oğlu ilə münasibətlərimizi yüksək qiymətləndiririksə, deməli, onların əmrlərinə sevinclə riayət edirik. Bu özünə, fədakar məhəbbət göstərməyə dair yeni əmri və həmçinin dirildikdən sonra Məsihin verdiyi tapşırığı - xoş xəbəri qəbul edən kəslərdən “şagirdlər hazırlamağa” (YD) çalışaraq “xalqa təbliğ edib şahidlik etməyi” daxil edir (Həvarilərin işləri 10:42; Matta 28:19, 20).
10. Məsh edilmişlər və “başqa qoyunlar” kimlərlə dəyərli münasibətə malikdirlər?
10 Həmin axşam bir qədər sonra, İsa Məsih sadiq həvarisi (Taday) Yəhudanın sualına cavab olaraq dedi: “Kim Məni sevərsə, sözümə riayət edər; və Atam onu sevər və Biz onun yanına gedib onunla bərabər məskən salarıq” (Yəhya 14:22, 23). Məsihlə göydə idarə etməyə də’vət olunmuş məsh edilmişlər hələ yer üzündə ikən Yehova və Oğlu ilə xüsusi yaxın münasibətə malikdirlər (Yəhya 15:15; 16:27; 17:22; İbranilərə 3:1; 1 Yəhya 3:2, 24). Onların həmkarları, yə’ni yer üzündə əbədi yaşamaq ümidini əldə edən “başqa qoyunlar” da itaətli olmaları sayəsində, “tək Çoban” olan İsa Məsihlə, eləcə də Yehova Allahla dəyərli münasibətə malikdirlər (Yəhya 10:16; Məzmur 15:1-5; 25:14).
“Dünyadan deyilsiniz”
11. İsa şagirdlərinə hansı aydın xəbərdarlığı verdi?
11 Ölümündən qabaq, sadiq şagirdləri ilə son görüşü zamanı İsa aydın xəbərdarlıq verdi: Allahın sevdiyi kəslərə dünya nifrət edəcəkdir. O dedi: “Əgər dünya sizə nifrət edərsə, bilin ki, sizdən əvvəl Mənə nifrət etmişdir. Əgər dünyadan olsaydınız, dünya ondan olanı sevərdi. Halbuki dünyadan deyilsiniz, Mən sizi dünyadan seçdim; bunun üçün dünya sizə nifrət edir. Mənim sizə söylədiyim sözü xatırlayın: “Qul ağasından üstün deyildir”. Əgər Məni tə’qib etdilərsə, sizi də tə’qib edəcəklər; əgər Mənim sözümə riayət etdilərsə, sizin də sözünüzə riayət edəcəklər” (Yəhya 15:18-20).
12. a) İsa Məsih öz şagirdlərini nəyə görə xəbərdar etdi ki, dünya onlara nifrət edəcəkdir? b) Məsihin ölümünün Xatirə Gecəsinin yaxınlaşması ilə əlaqədar hər birimiz nə haqda düşünməliyik?
12 İsa bu xəbərdarlığı 11 həvarisinə, eləcə də həqiqi davamçılarına ona görə verdi ki, onlar, dünya tərəfindən göstərilən nifrətlə qarşılaşarkən ruhdan düşüb, məğlub olmasınlar. O əlavə etdi: “Yoldan azmayasınız deyə sizə bunları söylədim. Sizi sinaqoqlardan qovacaqlar; hətta elə saat gəlir ki, sizi öldürən hər adam, Allaha xidmət etdiyini sanacaqdır. Və bu şeyləri edəcəklər, çünki nə Atanı, nə də Məni tanıdılar” (Yəhya 16:1-3). Müqəddəs Kitaba dair bir lüğətə əsasən, “yoldan azmaq” kimi tərcümə olunan fe’l forması, “insanda şübhə yaratmaq və onu, e’tibar edəcəyi və tabe olacağı kəsdən üz döndərməyə təhrik etmək; əlaqəni kəsmək” mə’nasını bildirir. Məsihin ölümünün Xatirə Gecəsinin yaxınlaşması ilə əlaqədar hər birimiz, keçmişdəki və bugünkü sadiq məsihçilərin həyatı barədə dərindən düşünməli, sınaqlarda göstərdikləri mərdliyi təqlid etməliyik. Qoy heç bir əziyyət və ya tə’qiblər sizi Yehovadan və İsa Məsihdən üz döndərməyə təhrik etməsin; onlara e’tibar etməyə və tabe olmağa qəti qərarlı olun.
13. Atasına etdiyi duasında İsa Məsih öz davamçıları üçün nəyi xahiş etdi?
13 İsa, Yerusəlimdə üst otaqda axırıncı dəfə dua edərkən, Atasına dedi: “Mən onlara Sənin sözünü verdim və dünya onlara nifrət eylədi; çünki Mən dünyadan olmadığım kimi, onlar da dünyadan deyillər. Mən xahiş etmirəm ki, Sən onları dünyadan götürəsən. Xahiş edirəm ki, onları şərdən qoruyasan. Mən dünyadan olmadığım kimi, onlar da dünyadan deyillər” (Yəhya 17:14-16). Biz əmin ola bilərik ki, Yehova sevdiyi kəsləri qoruyur və dünyadan olmamaq cəhdlərində onları möhkəmləndirir (İşaya 40:29-31).
Atanın və Oğulun məhəbbətində qalın
14, 15. a) İsa Məsih özünü nə ilə müqayisə etdi və ona zidd olan cır asma kimi təmsil edirdi? b) “Həqiqi meynənin” budaqları kimlərdir?
14 Nisanın 14-də sadiq şagirdləri ilə etdiyi səmimi söhbəti zamanı İsa Məsih, cır meynəyə, yə’ni vəfasız İsrailə zidd olaraq, özünü “həqiqi Meynə” ilə müqayisə edib dedi: “Mən həqiqi Meynəyəm, Atam da Bağbandır” (Yəhya 15:1). Bir neçə əsr əvvəl Yeremya peyğəmbər, Yehovanın öz dönük xalqına dediyi sözləri yazmışdı: “Mən səni ə’la asma... olaraq əkmişdim... mənə əcnəbi bir asmanın azman çubuqlarına necə döndün?” (Yeremya 2:21). Hoşea peyğəmbər isə yazırdı: “İsrail yayılan [“cırlaşan”, YD] bir asmadır, meyvəsini verir... Onların ürəyi bölündü” (Hoşea 10:1, 2).
15 Həqiqi ibadətin səmərəsini vermək əvəzinə, İsrail özü üçün səmərə verərək, dönüklüyə düçar oldu. Sadiq həvariləri ilə son görüşündən üç gün qabaq, İsa Məsih ikiüzlü yəhudi rəhbərlərinə dedi: “Sizə deyirəm ki, Allahın Padşahlığı sizdən alınıb, Onun meyvələrini yetişdirəcək bir millətə veriləcəkdir” (Matta 21:43, İ-93). 144 000 məsh edilmiş məsihçilərdən ibarət olan bu yeni xalq - “Allahın İsraili” - İsa Məsihin “həqiqi meynəsinin” budaqları ilə müqayisə edilir (Qalatiyalılara 6:16; Yəhya 15:5; Vəhy 14:1, 3).
16. İsa Məsih 11 sadiq həvarisini nəyə də’vət etdi və sonun vaxtında sadiq qalıq haqqında nə demək olar?
16 İsa Məsih, onunla üst otağa toplaşan 11 həvarisinə dedi: “Siz Məndə qalın və Mən sizdə. Budaq meynədə qalmasa, özlüyündə məhsul verə bilmədiyi kimi, siz də beləcə, Məndə qalmasanız, məhsul verə bilməzsiniz” (Yəhya 15:2, 4). Yehovanın xalqının müasir tarixi göstərir ki, məsh edilmiş məsihçilərin sadiq qalıqları, onların Başı olan İsa Məsihdə qalıblar (Efeslilərə 5:23). Onlar yol verdilər ki, Yehova öz “üzüm bağını” təmizləyib, budasın (Malaki 3:2, 3). Onlar 1919-cu ildən e’tibarən Padşahlığın səmərəsini bolluqla verməyə başladılar: bunu əvvəlcə məsh edilmiş məsihçilər, 1935-ci ildən isə, onların həmkarları olan və günü-gündən çoxalan “böyük... izdiham” etdi (Vəhy 7:9; İşaya 60:4, 8-11).
17, 18. a) İsa Məsihin hansı sözləri, Yehovanın məhəbbətində qalmaqda məsh edilmişlərə və “başqa qoyunlara” kömək edir? b) Məsihin ölümünün Xatirə Gecəsində iştirak etmək bizə necə kömək edəcək?
17 İsa Məsihin növbəti sözləri məsh edilmişlərin hamısına və onların həmkarlarına aiddir: “Atam çox məhsul vermənizlə izzətlənir; beləliklə Mənim şagirdlərim olacaqsınız. Atam Məni sevdiyi kimi, Mən də sizi sevdim; Mənim məhəbbətimdə qalın. Mən Atamın əmrlərini yerinə yetirib Onun məhəbbətində qalıram. Əgər siz də Mənim əmrlərimi yerinə yetirsəniz, Mənim məhəbbətimdə qalacaqsınız” (Yəhya 15:8-10).
18 Biz hamımız Allahın məhəbbətində qalmaq istəyirik, bu isə bizi, məsihçi keyfiyyətlərini hasil etməyə təşviq edir. Buna görə də biz, “Padşahlıq haqqında olan” xoş xəbəri təbliğ etməyin bütün imkanlarından istifadə edirik (Matta 24:14, İ-93). Həmçinin, həyatımızda ruhun səmərəsini təzahür etdirmək üçün də əlimizdən gələni edirik (Qalatiyalılara 5:22, 23). Məsihin ölümünün Xatirə Gecəsində iştirak etmək, bu işdə qərarımızı möhkəmlədəcək, həmçinin Allahın və Məsihin bizə olan böyük məhəbbətini xatırladacaqdır (2 Korinflilərə 5:14, 15).
19. Növbəti məqalədə hansı köməkdən bəhs olunacaqdır?
19 Rəbbin Xatirə Gecəsini tə’sis etdikdən sonra, İsa və’d etdi ki, Atası onun sadiq davamçılarına “Təsəlliverici, Müqəddəs Ruh” göndərəcəkdir (Yəhya 14:26). Növbəti məqalədə bu ruhun, məsh edilmişlərə və “başqa qoyunlara” Yehovanın məhəbbətində qalmaq üçün necə kömək etdiyi müzakirə olunacaqdır.
[Haşiyələr]
a Müqəddəs Kitab əsasındakı hesablamalara görə, 2002-ci ildə nisan ayının 14-ü, martın 28-də Çərşənbə axşamı, günün batması ilə başlanacaq. Həmin axşam bütün dünyada Yehovanın Şahidləri Rəbb İsa Məsihin öldüyü günü qeyd etmək üçün toplaşacaqlar.
b Yehovanın Şahidləri tərəfindən nəşr edilən “Yehovanın Şahidləri - Allahın Padşahlığının müjdəçiləri” adlı kitabın (ing.) 19 və 32-ci fəsillərinə baxın.
Təkrar üçün suallar
• İsa Məsih, məhəbbətlə xidmət etməyə dair öz şagirdlərinə hansı praktiki dərsi verdi?
• Məsihin ölümünün Xatirə Gecəsi ilə əlaqədar özümüzü hansı mə’nada yoxlamalıyıq?
• Dünya tərəfindən nifrət və tə’qiblər olacağı barədə Məsihin xəbərdarlığı nəyə görə bizi büdrətməli deyil?
• “Həqiqi meynə” kimi təmsil edir? “Budaqlar” kimlərdir və onlardan nə gözlənir?
[5-ci səhifədəki şəkil]
İsa Məsih, başqalarına məhəbbətlə xidmət etməkdə həvarilərə unudulmaz dərs verdi.
[6 və 7-ci səhifələrdəki şəkillər]
Məsihin şagirdləri, fədakar məhəbbət göstərməklə ona tabe olurlar.