FƏSİL 122
İsa Məsihin yuxarı mərtəbədəki yekun duası
ALLAHI VƏ GÖNDƏRDİYİ MƏSİHİ TANIMAĞIN BƏHRƏSİ
YEHOVA, İSA MƏSİH VƏ ŞAGİRDLƏR VƏHDƏTDƏDİR
İsa peyğəmbər həvarilərini çox istədiyindən onları öz gedişinə hazırlayır. İndi o, başını göyə qaldırıb Allaha dua edir: «Oğlunu şərəfləndir ki, oğlun da Səni şərəfləndirsin. Sən ona bütün bəşəriyyət üzərində hakimiyyət verdin ki, o, Sənin ona verdiyin adamların hamısını əbədi həyata qovuşdursun» (Yəhya 17:1, 2).
Aydındır ki, İsa Məsih üçün Allahı şərəfləndirmək ən ümdə məsələdir. Ancaq bununla belə, onun əbədi həyatdan danışması da insanın ürəyinə toxtaqlıq verir. Bütün bəşəriyyət üzərində hakimiyyət aldığı üçün Məsih hamıya fidyə qurbanlığından yararlanmağa imkan yaradır. Ancaq bu fidyədən hamı faydalanmayacaq. Bəs niyə hamı yox? Çünki o, yalnız onun növbəti sözlərinə uyğun yaşayanlara fidyədən bəhrələnməyə imkan verəcək: «Əbədi həyat odur ki, Səni, tək gerçək Allahı və göndərdiyin İsa Məsihi tanısınlar» (Yəhya 17:3).
İnsan gərək həm Allahı, həm də göndərdiyi İsa Məsihi tanısın, onlarla sıx münasibətdə olsun və onların baxışlarını mənimsəsin. Üstəlik, başqaları ilə rəfdarında onların misilsiz xüsusiyyətlərini təqlid etməyə çalışmalıdır. O, Allahın adının ucalmasının insanların əbədi həyatı almasından daha vacib olduğunu dərk etməlidir. İsa peyğəmbər duasında yenə bu məsələyə qayıdır:
«Mənə tapşırdığın işi başa çatdırdım, Səni yerdə şərəfləndirdim. İndi isə Ata, qoy yanında olum, dünya yaranmazdan əvvəl Sənin yanında olarkən sahib olduğum şərəflə məni şərəfləndir» (Yəhya 17:4, 5). Bəli, Məsih xahiş edir ki, Allah onu dirildərək əvvəlki şərəfini qaytarsın.
Ancaq onun xidmətdə həyata keçirdiyi şeylər unudulmayıb. O dua edir: «Dünyadan mənə verdiyin adamlara Sənin adını açdım. Onlar Səninki idilər, Sən onları mənə verdin. Onlar Sənin sözünə əməl edirlər» (Yəhya 17:6). İsa peyğəmbər xidməti zamanı Yehova Allahın adını yalnız bəyan etmirdi. O həmçinin həvarilərinə Allahın adının daşıdığı mənanı açıqlayırdı. Onlara Allahın gözəl sifətlərini və insanlarla necə məhəbbətlə davrandığını öyrədirdi.
Həvarilər Yehova Allahı tanıdılar, Onun Oğlu İsa Məsihin vəzifəsinin nədən ibarət olduğunu öyrəndilər və Məsihin öyrətdiklərini başa düşdülər. O, təvazökarlıqla deyir: «Mənə verdiyin sözləri onlara çatdırdım. Onlar bu sözləri qəbul etdilər və Sənin elçin olduğumu aydın dərk etdilər, inandılar ki, məni Sən göndərmisən» (Yəhya 17:8).
Sonra İsa Məsih şagirdləri ilə bütün bəşər arasında böyük fərqin olduğunu göstərir: «Onlardan ötrü Səndən xahiş edirəm, dünya üçün yox, mənə verdiyin adamlar üçün Sənə yalvarıram, çünki onlar Sənindirlər... Müqəddəs Atam, mənə verdiyin adının xatirinə gözün onların üstündə olsun ki, biz bir olduğumuz kimi, onlar da bir olsunlar... Mən onları qorudum, heç biri itmədi. Yalnız həlaka gedən adam itdi». Bu adam İsa Məsihi satmağa hazırlaşan Yəhuda İskəryutdur (Yəhya 17:9—12).
İsa Məsih duasına davam edir: «Dünya onlara nifrət edir... Mən onları dünyadan götürməyi xahiş etmirəm. Xahiş edirəm ki, onları Şərirdən qoruyasan. Onlar da mənim kimi dünyaya məxsus deyillər» (Yəhya 17:14—16). Həvarilər və digər şagirdlər Şeytanın idarə etdiyi dünyadakı insanların arasında yaşasalar da, bu cəmiyyətdən və onun pis əməllərindən uzaq durmalıdırlar. Bəs bunu necə etməlidirlər?
Onlar İsa Məsihin öyrətdiyi və Tövratda yazılan həqiqətlərə əməl etməklə özlərini müqəddəs saxlamalıdırlar, yəni özlərini Allaha ibadətə həsr etməlidirlər. Məsih duada deyir: «Onları həqiqət vasitəsilə müqəddəs et. Həqiqət Sənin sözündür» (Yəhya 17:17). Bir müddət sonra bəzi həvarilər Allahdan ilham alaraq Müqəddəs Kitabın bəzi hissələrini yazacaqlar. Bu yazılanlar da insanlara müqəddəs qalmağa kömək edəcək.
Vaxt keçdikcə digər insanlar da həqiqəti qəbul edəcək. Buna görə də İsa peyğəmbər yalnız orada olanlar üçün yox, onların sözləri vasitəsilə ona iman edəcək adamlar üçün də dua edir. Peyğəmbər onlar üçün Allahdan nə diləyir? O, deyir: «Aralarında birlik olsun. Ata, Sən mənimlə, mən də Səninlə vəhdətdə olduğum kimi, qoy onlar da bizimlə vəhdətdə olsunlar» (Yəhya 17:20, 21). Bəli, onlar arasında tam yekdillik hökm sürür. O dua edir ki, onun davamçıları da onlarla vəhdətdə olsunlar.
Bir az əvvəl İsa peyğəmbər Butrusa və digər həvarilərə onlar üçün yer hazırlamağa gedəcəyini demişdi, o, bununla göyü nəzərdə tuturdu (Yəhya 14:2, 3). İndi isə duasında həmin fikri vurğulayır: «Ata, arzu edirəm ki, mənə verdiyin adamlar mənim olduğum yerdə, yanımda olsunlar və mənə verdiyin şərəfi görsünlər, çünki Sən məni bəşərin təməli qoyulandan əvvəl sevmisən» (Yəhya 17:24). Bununla o təsdiqləyir ki, Allah vahid Oğlunu əzəldən, yəni Adəmlə Həvva dünyaya övlad gətirməzdən öncə sevmişdir və bu Oğul sonralar yerdə İsa Məsih oldu.
Duasının sonunda İsa peyğəmbər Allahın adını, habelə Allahın həvarilərə və həqiqəti qəbul edəcək digər insanlara məhəbbətini vurğulayaraq deyir: «Mən Sənin adını onlara açdım və yenə açacağam ki, mənə duyduğun məhəbbət onlarda da olsun və mən onlarla vəhdətdə olum» (Yəhya 17:26).