Əsaslı surətdə şahidlik etməyə öyrədilmişik
«Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, hətta dünyanın ən uzaq yerlərinə qədər Mənə şahid olacaqsınız» (HƏVARİLƏRİN İŞLƏRİ 1:8).
1, 2. Peterə hansı tapşırıq verilmişdi və bu tapşırığı ona kim vermişdi?
«NAZARETLİ İsa... “Dirilərin və ölülərin Allah tərəfindən tə’yin olunan Hakimi Odur”, — deyə xalqa təbliğ edib [«əsaslı surətdə», YD] şahidlik etməyi bizə əmr etdi» (Həvarilərin işləri 10:38, 42). Həvari Peter müjdəçi kimi aldığı tapşırığı Korneliusa və onun ailə üzvlərinə bu sözlərlə izah etdi.
2 İsa bu tapşırığı nə zaman vermişdi? Göyə qalxmazdan əvvəl həyata qaytarılmış Məsih özünün sadiq şagirdlərinə demişdi: «Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, hətta dünyanın ən uzaq yerlərinə qədər Mənə şahid olacaqsınız» (Həvarilərin işləri 1:8). Ehtimal ki, Peter məhz bu hadisəni nəzərdə tuturdu. Lakin Peter, Məsihin şagirdi kimi ona olan imanı haqqında başqalarına danışmalı olacağını əvvəlcədən bilirdi.
Üç illik tə’lim
3. İsa hansı mö’cüzəni göstərdi və Peterlə Andreyə nə təklif etdi?
3 B. e. 29-cu ilində vəftiz olunandan bir neçə ay sonra İsa Qalileya dənizinin yaxınlığında iki balıqçıya — Peterə və onun qardaşı Andreyə təbliğ etmişdir. Qardaşlar bütün gecəni çalışmış, lakin heç nə tuta bilməmişdilər. İsa onlardan birinə dedi: «Dərin yerə sürün və ov üçün torlarınızı suya atın». Onlar Məsihi dinləyib «çoxlu balıq tutdular; hətta torları yırtılırdı». Peter bu mö’cüzəni görən zaman qorxuya düşdü, ancaq İsa onu sakitləşdirərək dedi: «Qorxma, bu gündən e’tibarən insanları tutacaqsan» (Luka 5:4-10).
4. a) İsa şagirdlərini şahidlik etməyə necə hazırladı? b) Məsihin şagirdlərinin xidmətini onların Müəllimlərinin xidməti ilə müqayisə etdikdə nə demək olar?
4 Peterlə Andrey, həmçinin Zevedeyin oğulları Yaqub və Yəhya oradaca öz qayıqlarını saxlayıb, İsanın ardınca getdilər. Təxminən üç il ərzində Məsihlə bərabər şəhərləri və kəndləri gəzib dolaşır, müjdəçi olmağı ondan öyrənirdilər (Matta 10:7; Mark 1:16, 18, 20, 38; Luka 4:43; 10:9). Eramızın 33-cü ilinin 14 nisan günündə, onların tə’limi sona yetəndə İsa demişdi: «Mənə iman edən, gördüyüm işləri özü də görəcək. Bunlardan daha böyük şeylər də edəcəkdir» (Yəhya 14:12). Məsihin şagirdlərinin qarşısında Müəllimləri kimi əsaslı surətdə, amma daha böyük miqyasda təbliğ etmək işi dururdu. Onlar tezliklə bildilər ki, özləri və gələcək şagirdlərin hamısı «bütün xalqlara» təbliğ etməli və bu işi «dövrün sonuna qədər» yerinə yetirməlidirlər (Matta 28:19, 20).
5. İsanın şagirdlərinə verdiyi hazırlıqdan biz necə fayda əldə edə bilərik?
5 Biz «dövrün son»a çatdığı vaxtda yaşayırıq (Matta 24:3). Birinci əsrdəki şagirdlərdən fərqli olaraq, bizim İsa ilə gəzmək və onun necə təbliğ etdiyini müşahidə etmək imkanımız yoxdur. Amma buna baxmayaraq, İsanın necə təbliğ etdiyi və öz davamçılarına hansı göstərişləri verdiyi haqda Müqəddəs Kitabdan oxuyaraq onun tə’limindən fayda əldə edə bilərik (Luka 10:1-11). Bu məqalədə İsanın şagirdlərinə verdiyi olduqca vacib dərsi, təbliğ işinə necə yanaşmaq məsələsini müzakirə edəcəyik.
İnsanlara qayğı
6, 7. İsanın etdiyi şahidlik nəyə görə yaxşı tə’sir bağışlayırdı və biz onu bu sahədə necə təqlid edə bilərik?
6 İsanın etdiyi şahidlik nəyə görə yaxşı tə’sir bağışlayırdı? Səbəblərdən biri, onun insanlara göstərdiyi dərin maraq və qayğı idi. Məzmurçu qabaqcadan demişdir ki, Məsih «yoxsula, fəqirə» rəhm edəcək (Məzmur 72:13). Sözsüz ki, İsa bu peyğəmbərliyi yerinə yetirirdi. Müqəddəs Kitab bir hadisə ilə bağlı bunları söyləyir: «İzdihamı gördükdə İsanın onlara yazığı gəldi; çünki çobansız qoyunlar kimi taqətsiz və dağınıq idilər» (Matta 9:36). Hətta ciddi günah işlədən insanlar da onun qayğısını duyur və ona yaxınlaşmağa can atırdılar (Matta 9:9-13; Luka 7:36-38; 19:1-10).
7 Əgər bizi də insanlara olan qayğı hərəkətə gətirirsə, onda xidmətimiz faydalı olacaqdır. Təbliğə getməzdən əvvəl, söyləyəcəyin xəbərin insanlar üçün nə qədər vacib olması haqqında nəyə görə bir anlığa düşünməyəsən? Onların payına düşən və ancaq Allahın Padşahlığının həll edə biləcəyi çətinliklər haqda fikirləş. Rast gəldiyin hər bir insana müsbət münasibətlə yanaş, çünki xoş xəbərə kimin hay verəcəyini bilmirsən. Bəlkə də, yaxınlaşacağın növbəti insan sənin kimi birisinin gəlib ona kömək etməsi haqda dua edib?!
Məhəbbət təşviq edir
8. Məsihi xoş xəbəri təbliğ etməyə təşviq edən nə idi və məsihçilər bu sahədə öz Müəllimlərini necə təqlid edirlər?
8 İsanın bəyan etdiyi xoş xəbər bəşəriyyət üçün ən vacib məsələlərlə — Yehovanın iradəsinin yerinə yetirilməsi, Onun adının izzətləndirilməsi və hakimiyyətinə bəraət qazandırılması ilə bağlı idi (Matta 6:9, 10). Ataya məhəbbət İsanı təşviq edirdi ki, Ona olan sədaqətini sonadək qorusun və bütün bu vacib məsələləri həll edəcək Padşahlıq haqqında əsaslı surətdə şahidlik etsin (Yəhya 14:31). Bu gün də Məsihin davamçılarını məhəbbət təşviq etdiyi üçün onlar xidmətdə bütün sə’ylə çalışırlar. Həvari Yəhya demişdi: «Allahı sevmək, Allahın əmrlərinə riayət etmək deməkdir». Onun əmrlərindən biri də xoş xəbəri təbliğ etmək və insanlara Məsihin şagirdi olmaqda kömək etməkdir (1 Yəhya 5:3; Matta 28:19, 20).
9, 10. Allaha məhəbbətdən başqa daha hansı məhəbbət bizi əsaslı surətdə şahidlik etməyə təşviq edir?
9 İsa davamçılarına demişdi: «Əgər Məni sevirsinizsə, əmrlərimi yerinə yetirin. Kim əmrlərimə malik olub onlara riayət edərsə, Məni sevən odur» (Yəhya 14:15, 21). Beləliklə, məhz İsaya məhəbbət bizi həqiqətə şahidlik etməyə və onun əmr etdiyi hər şeyə riayət etməyə təşviq etməlidir. Dirildikdən sonra həvarilərinə görünərək, İsa Peterə müraciət edib dedi: «Quzularımı otar. [...] Qoyunlarımı otar. [...] Qoyunlarımı otar». Peter bunu hansı hisslərdən irəli gələrək etməli idi? Cavab İsanın həvariyə verdiyi suallardan aydın olur: «Məni... çox sevirsənmi? [...] Məni sevirsənmi? [...] Məni sevirsənmi?» Beləliklə, Peter məhz İsaya olan məhəbbətdən irəli gələrək əsaslı surətdə şahidlik etməli, İsanın «qoyunlarını» tapmalı və onları «otarmalı» idi (Yəhya 21:15-17).
10 Peterdən fərqli olaraq biz İsa ilə şəxsən tanış deyilik. Bununla belə, İsanın bizim üçün etdiklərini yüksək qiymətləndiririk. Bizi onun «hər bir adam naminə ölüm» dadaraq təzahür etdirdiyi böyük məhəbbəti riqqətə gətirir (İbranilərə 2:9; Yəhya 15:13). Biz də növbəti sözləri yazan Pavelin keçirdiyi hisslərə şərikik: «Məsihin məhəbbəti bizi məcbur [«təşviq», YD] edir... Məsih hamı üçün öldü ki, yaşayanlar artıq özləri üçün yox... [onun] üçün yaşasınlar» (2 Korinflilərə 5:14, 15). Əgər biz Məsihin məhəbbətinə görə minnətdarıqsa və onu seviriksə, onun əsaslı surətdə şahidlik etmək tapşırığını sə’ylə yerinə yetirəcəyik (1 Yəhya 2:3-5). Heç vaxt yol vermək olmaz ki, bizdə təbliğ işinə e’tinasız münasibət yaransın, axı biz İsanın qurbanını adi bir şey hesab etmək istəmirik (İbranilərə 10:29).
Məqsədinizi unutmayın
11, 12. İsa yer üzünə hansı məqsədlə gəlmişdi və bütün diqqətini bu məqsədə yönəltdiyini necə göstərirdi?
11 Ponti Pilatın qarşısında durarkən İsa dedi: «Mən bunun üçün doğulmuşam və bunun üçün dünyaya gəlmişəm ki, həqiqətə şəhadət edim» (Yəhya 18:37). O, heç nəyə onu məqsədindən yayındırmağa yol vermirdi. Allahın Onun üçün olan iradəsi bundan ibarət idi.
12 Şeytan bu sahədə İsanı dəfələrlə sınağa çəkmişdi. İsanın vəftizindən bir az sonra İblis ona bu dünyada görkəmli şəxsiyyət olmağı və «dünyanın bütün ölkələrini və onların şan-şöhrətini» təklif etdi (Matta 4:8, 9). Daha sonra yəhudilər onu padşah etmək istədilər (Yəhya 6:15). Bə’ziləri, bəlkə də elə düşünürlər ki, gərək İsa bu təkliflərə razı olaydı, çünki onların fikrinə görə, İsa yer üzündə rəhbərlik etsəydi insanlar üçün çoxlu yaxşılıqlar edə bilərdi. Lakin İsa başqa cür düşünürdü. Onun məqsədi həqiqətə şəhadət etmək idi.
13, 14. a) İsanı məqsədindən nə yayındıra bilmədi? b) İsa maddi cəhətdən yoxsul olsa da, nəyi edə bildi?
13 Bundan əlavə, heç bir var-dövlət İsanı Allahın iradəsini icra etməkdən yayındıra bilmədi. Buna görə də o, varlı insan olmamışdı. Onun hətta öz evi də yox idi. İsa bir dəfə demişdi: «Tülkülərin hini və göy quşlarının yuvası vardır; İnsan Oğlu isə başını söykəməyə yer tapmır» (Matta 8:20). Müqəddəs Kitaba əsasən, İsadan qalan yeganə qiymətli şey, Roma əsgərlərinin kimin olacaq deyə püşk atdıqları paltar idi (Yəhya 19:23, 24). Onda demək olarmı ki, İsa əbəs yerə yaşamışdı? Əlbəttə ki, yox!
14 İsa ən varlı xeyriyyəçinin edə biləcəyindən də çox şey etmişdir. Pavel deyirdi: «Siz Rəbbimiz İsa Məsihin lütfünü bilirsiniz; O zəngin olduğu halda sizin uğrunuzda yoxsullaşdı ki, siz Onun yoxsulluğu ilə zənginləşəsiniz» (2 Korinflilərə 8:9; Filipililərə 2:5-8). Məsih maddi cəhətdən yoxsul olsa da, təvazökar insanların kamilliyə çataraq əbədi həyata nail olmalarına yol açdı. Biz ona necə də minnətdarıq! Və biz necə də şadıq ki, İsa diqqətini Allahın iradəsini yerinə yetirməyə yönəltməklə mükafat almışdır! (Məzmur 40:8; Həvarilərin işləri 2:32, 33, 36).
15. Var-dövlətdən daha qiymətli olan nədir?
15 Bu gün Məsihi təqlid etməyə çalışan məsihçilər də var-dövlət dalınca qaçmağı rədd edirlər (1 Timoteyə 6:9, 10). Onlar pulun sayəsində daha rahat yaşamağın mümkün olduğunu inkar etməsələr də, əbədi gələcəyin var-dövlətdən asılı olmadığına əmindirlər. İsa ölən zaman paltarının onun üçün heç bir əhəmiyyət kəsb etmədiyi kimi, məsihçi öləndə də onun var-dövləti heç bir əhəmiyyət kəsb etmir (Vaiz 2:10, 11, 17-19; 7:12). Məsihçi üçün əsl qiymətli şey — Yehova və İsa Məsihlə olan münasibətdir (Matta 6:19-21; Luka 16:9).
Müqavimət maneə deyil
16. İsa müqavimətlərə necə yanaşırdı?
16 Müqavimətlərə baxmayaraq, İsa məqsədyönlü şəkildə həqiqət haqqında şəhadət edirdi. İsa yer üzündəki xidmətinin özünü qurban verməsi ilə başa çatacağını bilsə də, ruhdan düşmürdü. Pavel demişdi: «[Məsih] qarşısına qoyulan sevinc uğrunda, rüsvayçılığa e’tinasızlıq göstərib, çarmıxa təhəmmül etdi və Allahın taxtının sağında oturdu» (İbranilərə 12:2). Diqqət yetirək ki, İsa ‘rüsvayçılığa e’tinasızlıq göstərdi’. Düşmənlərin onun haqqında düşündükləri İsanı heç də narahat etmirdi. Onun üçün başlıca olan iş Allahın iradəsini icra etmək idi.
17. İsanın təhəmmülündən biz nə öyrənə bilərik?
17 İsanın təhəmmülündən hansı ibrət dərsini götürə bildiyimizi göstərərək, Pavel məsihçiləri təşviq edirdi: «Günahkarlar tərəfindən Ona qarşı olan bu qədər müxalifətə tab gətirən Şəxsi fikirləşin ki, canınız yorulub, taqətdən düşməyəsiniz» (İbranilərə 12:3). Müqavimət və ya istehzalara gündən-günə tab gətirmək doğrudan da asan deyil. Bu dünyada «müvəffəqiyyətli» olacağımızı gözləyən doğmaların istəklərinə zidd davranaraq, dünyəvi ehtirasları daima rədd etmək də asan deyil. Lakin Məsih kimi biz də kömək üçün Yehovaya müraciət edir və qətiyyətlə ilk növbədə Allahın Padşahlığını axtarırıq (Matta 6:33; Romalılara 15:13; 1 Korinflilərə 2:4).
18. İsanın Peterə verdiyi cavabdan hansı ibrət dərsini götürə bilərik?
18 Məsihin məqsədyönlü olması ölümünün yaxınlaşdığı barədə şagirdlərini xəbərdar etdiyi zaman özünü daha aydın biruzə verdi. Peter İsadan xahiş etdi ki, ‘özünə yazığı gəlsin’ və ‘bu əsla onun başına gəlməsin’. İsa Yehovanın iradəsini yerinə yetirməkdən onu yayındıra biləcək heç bir şey barədə eşitmək belə istəmirdi. O, üzünü Peterdən yan çevirib dedi: «Rədd ol Məndən, şeytan! Sən Mənə mane olursan. Çünki sənin fikirlərin Allahın deyil, insan fikirləridir» (Matta 16:21-23). Biz də insan fikirlərini bu cür qətiyyətlə rədd edəcəyik. Qoy bizim həyatımıza həmişə Allah haqqındakı fikirlər rəhbərlik etsin.
Əsl fayda
19. İsa mö’cüzələr göstərsə də, onun xidmətinin əsasını təşkil edən nə idi?
19 Məsih olduğunu sübut etmək üçün İsa çoxlu mö’cüzələr göstərmişdir. O, hətta ölüləri də dirildirdi. Mö’cüzələr çox insanları cəlb edirdi, lakin İsa yer üzünə ictimai problemlərlə məşğul olmaq üçün gəlməmişdir. O, həqiqətə şəhadət etmək üçün gəlmişdir. O bilirdi ki, etdiyi mö’cüzələrin sayəsində insanların aldığı fayda müvəqqətidir. Hətta onun diriltdiyi insanlar da əvvəl-axır ölürdülər. Amma yalnız həqiqətə şəhadət etməklə insanlara əbədi həyatı almağa kömək edə bildi (Luka 18:28-30).
20, 21. Yaxşı işlərə münasibətdə məsihçilər hansı tarazlığı təzahür etdirirlər?
20 Bu gün ayrı-ayrı insanlar xəstəxanalar açaraq, yaxud kasıblar üçün yaxşılıqlar edərək İsanın xeyirxah işlərini təqlid etməyə çalışırlar. Hərdən belə insanlar bunun üçün böyük fədakarlıq göstərirlər və onların səmimi qəlbdən çalışmaları tə’rifə layiqdir. Lakin onların gördükləri işin gətirdiyi fayda nə qədər yaxşı olsa da, müvəqqətidir. Yalnız Allahın Padşahlığı sözün əsl mə’nasında kömək edəcək. Bu səbəbdən, İsa kimi, Yehovanın Şahidləri də qüvvələrini Padşahlıq haqqındakı həqiqətə şəhadət etməyə yönəldirlər.
21 Məsihçilər, əlbəttə ki, insanlara başqa sahələrdə də kömək edirlər. Pavel yazırdı: «Nə qədər fürsətimiz varsa, hamıya, xüsusən imanlılar ailəsinə yaxşılıq edək» (Qalatiyalılara 6:10). Hansısa bir fəlakət üz verəndə və ya kimsə ehtiyac içində olanda, biz tərəddüd etmədən yaxınlarımıza, o cümlədən məsihçi bacı-qardaşlarımıza ‘yaxşılıq edirik’. Bununla belə, biz həqiqətə şəhadət etməyi ən başlıca məsələ hesab edirik.
Məsihin nümunəsindən öyrən
22. Nəyə görə məsihçilər yaxınlarına təbliğ edirlər?
22 Pavel yazırdı: «Müjdəni... təbliğ etmirəmsə, vay halıma!» (1 Korinflilərə 9:16). O, xoş xəbərə ciddi yanaşırdı, çünki onu təbliğ edərək həm özünü, həm də ona qulaq asanları xilas edirdi (1 Timoteyə 4:16). Biz də xidmətimizə eynilə yanaşırıq. Biz yaxınlarımıza kömək etmək istəyirik. Yehovaya məhəbbətimizi göstərmək istəyirik. İsaya olan məhəbbətimizi sübut etmək və onun bizə təzahür etdirdiyi böyük məhəbbətə görə minnətdarlığımızı bildirmək istəyirik. Bütün bunları nəzərə alaraq xoş xəbəri təbliğ edir və «artıq bəşəri ehtiraslara görə deyil, Allahın iradəsinə görə» yaşayırıq (1 Peter 4:1, 2).
23, 24. a) Mö’cüzəli balıq ovu ilə bağlı hansı ibrət dərsini alırıq? b) Bizim günlərdə kimlər əsaslı surətdə şahidlik edirlər?
23 Başqaları bizə istehza edəndə və ya gətirdiyimiz xəbəri qəzəblə rədd edəndə, Məsihi təqlid edərək ruhdan düşmürük. Biz İsanın Peterlə Andreyi onun dalınca getməyə çağırarkən göstərdiyi mö’cüzəni xatırlayırıq. Buradan özümüz üçün ibrət dərsi görürük: əgər Məsihin göstərişlərinə riayət edir və məcazlarla desək, sanki balığın olmadığı yerlərə tor atırıqsa, mükafatımız bol ov ola bilər. Bir çox məsihçilər ilk baxışdan bəhrəsiz görünə bilən əraziləri illərlə işləyərək gözəl bəhrələr əldə etmişlər. Başqaları «balığın» daha çox olduğu yerlərə gedib, orada çoxlu «balıqlar» tutmuşlar. Hər necə olsa da, məcazi mə’nada desək, torlarımızı atmağa son qoymayacağıq. İsa yer üzünün hansısa hissəsində təbliğ işinin başa çatdığı haqda hələ heç nə deməyib (Matta 24:14).
24 230-dan artıq ölkə və ərazidə altı milyondan çox Yehovanın Şahidləri sə’ylə çalışırlar. «Gözətçi Qülləsi»nin 2005-ci il 1 fevral sayında 2004-cü xidmət ili üçün onların ümumdünya hesabatı dərc olunub. Bu hesabat Yehovanın təbliğ işinə bol-bol xeyir-dua verdiyini göstərir. Bu sistemdə qalan vaxt ərzində isə Pavelin təşviq edən məsləhətinə riayət edəcəyik: «Allahın kəlamını təbliğ et, vaxtlı ya vaxtsız hazır ol» (2 Timoteyə 4:2). Yehova bu işin sona çatdığını deyənə qədər, gəlin əsaslı surətdə şahidlik etməyə davam edək.
Bu ildən e’tibarən Yehovanın Şahidlərinin illik ümumdünya hesabatı «Gözətçi Qülləsi»nin 1 yanvar sayında deyil, 1 fevral sayında dərc olunacaq.
Cavab verə bilərsinizmi?
• İsanın öz şagirdlərinə verdiyi hazırlıqdan biz necə fayda əldə edə bilərik?
• İsa təbliğ etdiyi insanlara necə yanaşırdı?
• Bizi əsaslı surətdə şahidlik etməyə təşviq edən nədir?
• İsa kimi, biz də diqqətimizi Allahın iradəsini yerinə yetirməyə necə yönəldə bilərik?
[15-ci səhifədəki şəkil]
Əgər biz də İsa kimi insanlara qayğı göstərəriksə, xidmətimiz daha çox fayda gətirəcək.
[16 və 17-ci səhifələrdəki şəkil]
İsa yer üzünə başlıca olaraq həqiqətə şəhadət etmək üçün gəlmişdir.
[17-ci səhifədəki şəkillər]
Yehovanın Şahidlərinin başlıca məqsədi əsaslı surətdə şahidlik etməkdir.