FƏSİL 130
İsa Məsih edama aparılır
MƏTTA 27:31, 32 MARK 15:20, 21 LUKA 23:24—31 YƏHYA 19:6—17
PİLAT İSA MƏSİHİ AZADLIĞA BURAXMAQ ÜÇÜN YOL AXTARIR
İSA MƏSİH ÖLÜMƏ MƏHKUM OLUNUR
İsa Məsih vəhşicəsinə döyülərək ələ salınıb. Hətta bundan sonra da Pilat onu azadlığa buraxmaq üçün cəhd göstərəndə böyük kahinlərin və onların tərəfdarlarının fikri dəyişmir ki dəyişmir. Onlar İsa Məsihin ölməsini istəyirlər. Hamısı bir ağızdan qışqırır: «Onu dirəkdə edam et! Edam et!» Pilat cavab verir: «Aparın özünüz edam edin, mən onda heç bir günah görmürəm» (Yəhya 19:6).
Yəhudilərin İsa Məsihin Roma hökumətinə qarşı çıxmasına dair gətirdikləri ittihamlar İsa Məsihi ölümə məhkum etmək üçün Pilatı qane etmir. Buna görə də onlar Sinedrionda irəli sürdükləri dini ittihamlara qayıdıb İsa peyğəmbəri Allaha qarşı küfr danışmaqda günahlandırırlar. Onlar deyirlər: «Bizim bir qanunumuz var və həmin qanuna görə o ölməlidir, çünki o, özünə Allahın oğlu deyir» (Yəhya 19:7). Pilat bunu ilk dəfədir ki, eşidir.
O, təzədən sarayına qayıdır və qəddar rəftara dözən insanı azadlığa buraxmaq üçün yollar axtarır. Bir tərəfdən arvadı onunla bağlı yuxu görüb. İndi də yəhudilər deyirlər ki, Məsih özünü Allahın Oğlu adlandırır (Mətta 27:19). Pilat bilir ki, İsa peyğəmbər Cəlilədəndir (Luka 23:5—7). Amma yenə də onun haradan olduğunu soruşur (Yəhya 19:9). Ola bilsin, Pilatda suallar yaranır: görəsən, o, doğrudanmı əvvəllər yaşayıb, bəlkə o, doğrudan da ilahi varlıqdır?
İsa Məsih Pilata padşah olduğunu, ancaq Padşahlığının bu dünyadan olmadığını demişdi. Artıq əlavə izahata ehtiyac olmadığını bilib Məsih susur. Ancaq Məsihin susması Pilatın şəninə toxunur: «Sən mənə cavab vermirsən? Məgər bilmirsən ki, səni azad etmək də, edam etmək də mənim əlimdədir?» (Yəhya 19:10).
Peyğəmbər cavab verir: «Sənə göydən verilməsəydi, mənim üzərimdə heç bir ixtiyarın olmazdı. Buna görə də məni sənə təslim etmiş adamın günahı daha ağırdır» (Yəhya 19:11). Ehtimal ki, bunu deyərkən İsa Məsih ağlında konkret bir adamı nəzərdə tutmur. Onun bunu deməkdə məqsədi odur ki, Qayafayla əməkdaşları və Yəhuda İskəryut Pilatdan daha böyük məsuliyyət daşıyırlar.
İsa Məsihin davranışı və sözləri Pilata güclü təsir bağışlayır. Üstəlik, o, Məsihin ilahi mənşəyi olmasından qorxur. Buna görə də onu azad etmək üçün bir daha cəhd edir. Ancaq yəhudilər Pilatın gözünü qorxudan digər bir fikir irəli sürürlər. Onlar hədə-qorxu gəlirlər: «Sən bu adamı azad etsən, Sezara dost deyilsən. Özünü padşah elan edən hər bir adam Sezara qarşı çıxır» (Yəhya 19:12).
Hökmdar İsa Məsihi yenə də xalqın qarşısına çıxarır, özü isə kürsüdə oturub camaata deyir: «Bu da sizin padşahınız!» Yəhudilərin ürəyi yumşalmır: «Ona ölüm! Ona ölüm! Onu dirəkdə edam et!» — deyə onlar qışqırırlar. Pilat Məsihi müdafiə edir: «Deyirsiniz, padşahınızı edam edim?» Yəhudilər uzun müddətdir ki, Roma hökumətinin əlindən cana gəliblər. Bununla belə, böyük kahinlər utanmaz-utanmaz deyirlər: «Bizim Sezardan başqa padşahımız yoxdur» (Yəhya 19:14, 15).
Canının qorxusundan Pilat sonda yəhudilərin tələblərinə boyun əyib İsa Məsihin edamına əmr verir. Əsgərlər Məsihin əynindəki bənövşəyi libası çıxarıb öz paltarını geyindirirlər. Onu edam yerinə aparanda işgəncə dirəyini də özünə daşıtdırırlar.
Nisanın 14-ü günortaya yaxındır. İsa Məsih dünən səhərdən ta indiyədək bir dəqiqə də olsun yatmayıb, bir-birinin ardınca ağır işgəncələrə məruz qalıb. Buna görə də dirəyi bir az daşıyandan sonra onun ağırlığına dözməyib taqətdən düşür. Onda əsgərlər yoldan keçən bir adamı, kirenalı Şimonu tutub (Kirena Afrikada yerləşir) İsa Məsihin işgəncə dirəyini daşımağa məcbur edirlər. Məsihin ardınca xeyli adam gedir, bəziləri onun üçün ağlayır və dərddən sinələrinə döyürlər.
Peyğəmbər kədər içində olan qadınlara deyir: «Ey Yerusəlim qızları, məndən ötrü ağlamayın. Özünüzdən, uşaqlarınızdan ötrü ağlayın. Gün gələcək, insanlar deyəcəklər: “Sonsuz, uşaq doğmamış, uşaq əmizdirməmiş qadınlar nə xoşbəxtdir!” O zaman insanlar dağlara: “Üstümüzə yıxılın!”, təpələrə: “Bizi örtün!”, — deyəcəklər. Əgər ağacın canında su var ikən belə edirlərsə, görün o quruyanda nə olacaq!» (Luka 23:28—31).
İsa peyğəmbər ağac deyərkən yəhudi xalqını nəzərdə tutur. Nə qədər ki İsa Məsih və ona iman gətirən yəhudilər onların arasındadır, qurumaq üzrə olan ağacın canında hələ su var. Lakin bu adamlar xalqın arasından götürüləndə qupquru qurumuş ağac, yəni ruhani cəhətdən ölü xalq qalacaq. Roma ordusu Allahın hökmünü icra etməyə gələndə yəhudi xalqı üçün ağlamaq vaxtı yetişəcək.