Nəyə görə Yehovaya xidmət həyatımızda birinci yerdə durmalıdır?
«Gün boyu salehliyini, qurtuluşunu dilim bəyan edir» (MƏZ. 71:15).
NECƏ CAVAB VERƏRDİN?
Nuh, Musa, Yeremya və Pavel nəyə görə həyatlarında Yehovaya xidməti birinci yerə qoyurdular?
Həyatını nəyə sərf etdiyini müəyyən etməyə sənə nə kömək edəcək?
Sən nəyə görə həyatında Yehovaya xidməti birinci yerə qoymağa qəti qərarlısan?
1, 2. a) Yehovaya həsr olunmaqla insan nəyi göstərmiş olur? b) Nuhun, Musanın, Yeremyanın və həvari Pavelin nümunələrindən necə faydalana bilərik?
SƏN özünü Yehovaya həsr edib İsanın davamçısı kimi vəftiz olanda çox ciddi bir addım atdın. Sənin özünü Allaha həsr etməyin həyatda qəbul etdiyin ən ciddi qərar idi. Həmin an sən, sanki, Yehovaya bu sözləri deyirdin: «Yehova, mən istəyirəm ki, Sən mənim Ağam olasan və həyatımın hər bir sahəsində mənə rəhbərlik edəsən. Mən Sənin xidmətçinəm. Mən istəyirəm ki, mənim üçün nəyin daha vacib olduğunu, eləcə də vaxtımdan, qabiliyyətlərimdən və imkanlarımdan necə istifadə etməyi Sən müəyyən edəsən».
2 Sən özünü Yehovaya həsr edəndə Ona söz verdin. Belə düzgün və müdrik qərar verməklə sən çox tərifəlayiq bir addım atdın. Bir halda ki Yehovanı Ağa kimi qəbul etmisən, bu, səni öz vaxtından Ona məqbul tərzdə istifadə etməyə necə təşviq etməlidir? Nuhun, Musanın, Yeremyanın və həvari Pavelin nümunələri bizə bu sualın cavabını tapmaqda kömək edəcək. Onların hər biri Yehovaya sidq-ürəkdən xidmət etmişdi. Bizim də vəziyyətimiz onlarınkına oxşayır. Onların həyatda qəbul etdikləri qərarlar hansı məşğuliyyətlərə üstünlük verdiklərini göstərirdi və bu, bizi vaxtımızdan necə istifadə etdiyimizi yoxlamağa təşviq edə bilər (Mat. 28:19, 20; 2 Tim. 3:1).
DAŞQINDAN ƏVVƏL
3. Bizim günlərlə Nuhun günləri arasında hansı oxşarlıq var?
3 İsa Nuhun günləri ilə bizim günlər arasında oxşarlıq olduğunu demişdi: «Nuhun günlərində necə idisə, insan Oğlunun iştirakı zamanı da elə olacaq». Onlar «yeyir, içir, evlənir, ərə gedirdi və Nuh gəmiyə minməyincə, daşqın gəlib onların hamısını aparmayınca heç nəyi fikirləşmirdilər» (Mat. 24:37—39). Bu gün də insanların əksəriyyəti hansı dövrdə yaşadıqlarına qətiyyən məhəl qoymur. Onlar Allahın Öz xidmətçiləri vasitəsilə çatdırdığı xəbərdarlığa diqqət yetirmirlər. Hətta Nuhun günlərində olduğu kimi, çoxları Allahın bəşəriyyətin işlərinə müdaxilə edəcəyi fikrini ələ salırlar (2 Pet. 3:3—7). Bəs ədavətli insanların əhatəsində yaşayan Nuh vaxtından necə istifadə etmişdi?
4. Nuh Yehovadan tapşırıq alandan sonra öz vaxtını nəyə sərf etdi və o, nəyə görə belə etdi?
4 Nuh Allahın niyyəti haqda öyrənəndə və Ondan tapşırıq alanda insanların və heyvanların həyatını xilas edəcək bir gəmi tikdi (Yar. 6:13, 14, 22). Nuh həmçinin Yehovanın qaçılmaz hökmlərini də bəyan edirdi. Həvari Peter onu «salehlik təbliğçisi» adlandırmışdı; bu göstərir ki, Nuh insanlara vəziyyətlərinin nə dərəcədə ciddi olduğunu başa düşmələri üçün böyük səy göstərirdi. (2 Peter 2:5 ayəsini oxu.) Necə düşünürsən, Nuh və onun ailə üzvləri öz vaxtlarını gəlirli işə başlamağa, ətrafdakı insanlardan daha böyük uğur qazanmağa və özləri üçün rahat şərait yaratmağa sərf etsəydilər, bu, müdrik hərəkət olardı? Əlbəttə, yox! Qarşıdakı hadisələrdən xəbərdar olan bu insanlar onları yayındıra biləcək bu kimi şeylərdən uzaq dururdular.
MİSİR ŞAHZADƏSİNİN SEÇİMİ
5, 6. a) Musa aldığı təhsil sayəsində nələrə nail ola bilərdi? b) Nəyə görə Musa Misirdə ona təklif olunan bütün şeyləri rədd etdi?
5 İndi Musanın nümunəsinə nəzər salaq. Fironun qızı tərəfindən övladlığa götürülən Musa sarayda böyüyüb boya-başa çatmışdı. Gənc bir şahzadə kimi, o, «misirlilərin bütün hikmətinə» yiyələnmişdi (Həv. iş. 7:22; Çıx. 2:9, 10). Görünür, aldığı təhsil ona fironun saray əyanlarından biri olmaq imkanı verəcəkdi. Musa öz dövrünün ən qüdrətli dövlətində nüfuzlu bir vəzifə sahibi olaraq kef-damaq içində dəbdəbəli həyat sürə bilərdi. Bəs bütün bunlar Musa üçün əhəmiyyət kəsb edirdimi?
6 Musa uşaq olanda doğma valideynləri ona Yehova haqda öyrədirdilər. Buna görə də Yehovanın İbrahimə, İshaqa və Yaquba verdiyi vədlərdən onun xəbəri var idi. Musa bu vədlərə inanırdı. Yəqin ki, o, öz gələcəyi və Yehovaya sadiqliyi barədə çox fikirləşirdi. Bəs Misirdə şahzadə olmaqla israilli qul olmaq arasında seçim etmək vaxtı gələndə o, hansı qərarı verdi? Musa «günahdan müvəqqəti həzz almaqdansa, Allahın xalqı ilə birlikdə əziyyətə qatlaşmağı üstün tutdu». (İbranilərə 11:24—26 ayələrini oxu.) Daha sonra o, Yehovanın rəhbərliyinə əməl edərək həyatını Onun istədiyi kimi yaşadı (Çıx. 3:2, 6—10). Musa nəyə görə belə etdi? Çünki o, Allahın vədlərinə inanırdı. O, belə bir nəticə çıxarmışdı ki, Misirdə onun heç bir gələcəyi yoxdur. O, haqlı idi: bir müddətdən sonra Allah misirliləri cəzalandırmaq üçün On bəla göndərdi. Allahın bütün həsr olunmuş xidmətçiləri Onun nümunəsindən özləri üçün dərs götürməlidirlər. Bu dünyada karyera qurmaq və ya «kef elə!» prinsipi ilə yaşamaq əvəzinə, diqqətimizi Yehovaya və xidmətə yönəltməliyik.
YEREMYA QARŞIDAKI HADİSƏLƏRDƏN XƏBƏRDAR İDİ
7. Hansı mənada Yeremyanın vəziyyəti bizimkinə oxşayırdı?
7 Yehovaya xidməti həyatlarında birinci yerə qoyan şəxslərdən biri də Yeremya peyğəmbər idi. Yehova ona dönük Yerusəlim və Yəhuda sakinlərinə hökm xəbərini bəyan etmək tapşırığını vermişdi. Müəyyən mənada Yeremya da «son günlərdə» yaşayırdı (Yer. 23:19, 20, «Kitabı Mukaddes»). O, yaxşı bilirdi ki, onun yaşadığı sistem çox çəkən deyil.
8, 9. a) Nəyə görə Barukun düşüncə tərzinə düzəliş etmək lazım idi? b) Planlar qurarkən nəyi yadda saxlamalıyıq?
8 Yeremyanın gələcəkdə baş verəcək hadisələrə inanması məntiqi olaraq onu nəyə təşviq edirdi? Aqibəti qabaqcadan bəlli olan o sistemdə Yeremya öz gələcəyini təmin etməyə çalışmırdı. Bunun heç bir mənası yox idi! Ancaq Yeremyanın mirzəsi Baruk başqa cür düşünürdü. Buna görə də Allah Yeremya vasitəsilə ona dedi: «Bax Mən tikdiyimi dağıdacağam, əkdiyimi çıxaracağam, özü də bütün ölkədə. Əgər sən özün üçün çox şey istəyirsənsə, istəmə. Çünki Mən bütün bəşərin üzərinə bəla gətirəcəyəm... Ancaq hara gedirsən, get, heç olmasa canını qoruyacağam» (Yer. 45:4, 5).
9 Biz Barukun özü üçün istədiyi «çox şey»in nə olduğunu dəqiq bilmirika. Lakin bizə bir şey məlumdur ki, bu, gələcəyi olmayan, bizim eramızdan əvvəl 607-ci ildə babillilərin Yerusəlimi zəbt etmələri ilə sona yetəcək şeylərə aid idi. Özün üçün burada ibrət dərsi görürsənmi? Özümüzü maddi cəhətdən təmin etmək üçün biz müəyyən planlar qurmalı oluruq (Sül. məs. 6:6—11). Faydası, uzağı, Har-Magedona qədər olan məşğuliyyətlərə çoxlu vaxt və güc sərf etmək nə dərəcədə ağıllı hərəkətdir? Düzdür, Yehovanın təşkilatı yeni Padşahlıq zallarının, filialların tikintisini və digər teokratik layihələr planlaşdırmağa davam edir. Bütün bunların gələcəyi var, çünki onlar Padşahlığın maraqları üçün xidmət edir. Yaxşı olardı ki, Yehovanın bütün həsr olunmuş xidmətçiləri planlar qurarkən eyni dəyərlərə üstünlük versinlər. Bəs sən «padşahlığı və [Yehovanın] salehliyini həyatınızda həmişə birinci yerə qoyun» sözlərinə uyğun davranırsanmı? (Mat. 6:33).
«HƏR ŞEYİ ZİBİL HESAB EDİRƏM»
10, 11. a) Pavel məsihçi olmazdan əvvəl onun üçün vacib olan nə idi? b) Pavelin məqsədlərini tamamilə dəyişən nə oldu?
10 Sonda həvari Pavelin nümunəsini nəzərdən keçirək. Məsihçiliyi qəbul etməzdən öncə, qarşıda onu ilk baxışdan parlaq görünən gələcək gözləyirdi. Pavel öz dövrünün ən nüfuzlu müəllimlərindən yəhudi dini qanunlarının incəliklərinə yiyələnmişdi. Ona yəhudi baş kahini tərəfindən müəyyən səlahiyyətlər verilmişdi. O, bir çox müasirləri ilə müqayisədə bu işdə daha çox irəli getmişdi (Həv. iş. 9:1, 2; 22:3; 26:10; Qalat. 1:13, 14). Lakin Pavel Allahın artıq yəhudilərə bir xalq kimi xeyir-dua vermədiyini dərk edəndə onun üçün hər şey dəyişdi.
11 Pavel çox gözəl dərk edirdi ki, yəhudi sistemində yüksək vəzifəyə doğru irəliləmək Yehovanın gözündə heç bir dəyərə malik deyil, çünki o xalqın gələcəyi yox idi (Mat. 24:2). Keçmişdə fərisey olan Pavel vaxtilə vacib hesab etdiyi şeyləri Allahın niyyəti barədə öyrəndiyi yeni biliklərlə və Ona xidmət etmək şərəfi ilə müqayisədə hətta «zibil» adlandırdı. Pavel yəhudi dinində tutduğu vəzifəni buraxıb, ömrünün qalan illərini xoş xəbəri təbliğ etməklə keçirdi. (Filipililərə 3:4—8, 15 ayələrini oxu; Həv. iş. 9:15.)
SƏNİN ÜÇÜN NƏ VACİBDİR?
12. Vəftiz olunandan sonra İsanın əsas işi nədən ibarət idi?
12 Nuh, Musa, Yeremya, Pavel və onlar kimi bir çoxları vaxtlarının və güclərinin böyük qismini teokratik işlərə sərf ediblər. Onlar bizim üçün gözəl nümunədirlər. Əlbəttə, Yehovanın bütün həsr olunmuş xidmətçiləri arasında ən böyüyü İsadır (1 Pet. 2:21). Vəftiz olunandan sonra İsa yer üzündəki həyatının qalan illərini xoş xəbərin təbliğinə və Yehovanı izzətləndirməyə həsr etmişdi. Beləliklə, aydındır ki, Yehovanı özünə Ağa bilən məsihçi üçün ən ümdə iş Ona xidmət etmək olmalıdır. Bunu sənin barəndə də demək olarmı? Biz necə edə bilərik ki, həm Yehovaya daha çox xidmət edək, həm də digər məsuliyyətlərimizi yerinə yetirək? (Məzmur 71:15; 145:2 ayələrini oxu.)
13, 14. a) Bütün həsr olunmuş məsihçilər nəyə təşviq olunurlar? b) Allahın xalqına nə sevinc bəxş edə bilər?
13 Neçə illərdir ki, Yehovanın təşkilatı məsihçiləri dua edərək pioner xidməti barədə düşünməyə təşviq edir. Lakin müxtəlif səbəblər ucbatından Yehovanın bəzi sadiq xidmətçilərinin şəraiti onlara ayda 70 saat təbliğ etməyə imkan vermir. Onlar buna görə məyusluğa qapılmamalıdırlar (1 Tim. 5:8). Bəs sənin haqqında nə demək olar? Doğrudanmı, pioner xidməti sənin üçün əlçatmaz məqsəddir?
14 Bu il keçirilən Xatirə gecəsi ərzində Yehovanın bir çox xidmətçilərinin sevincinə səbəb olan xüsusi tədbir barədə fikirləşək. Mart ayında köməkçi pioner kimi xidmət etmək istəyənlərə 30 və 50 saat arasında seçim etmək imkanı verilmişdi (Məz. 110:3). Bu tədbirə milyonlarla təbliğçilərin qatılması sayəsində yığıncaqlarda qeyri-adi sevinc və canlanma müşahidə olunurdu. Sən öz cədvəlində dəyişikliklər edərək tez-tez köməkçi pioner kimi xidmət etməyi qarşına məqsəd qoya bilərsənmi? Pioner kimi xidmət edən vəftiz olunmuş məsihçi hər günün sonunda böyük məmnunluq hiss edir və buna görə də o deyə bilər: «Yehova, bu gün xidmətdə əlimdən gələni etdim».
15. Gənc məsihçilər məktəbdə oxuyarkən hansı məqsədlər barədə düşünməlidirlər?
15 Ola bilsin, sən məktəbi qurtarmaq üzrəsən. Əgər sağlamlığın yaxşıdırsa və məsuliyyətlərin bir o qədər çox deyilsə, daimi pioner olmaq barədə ciddi düşünmüsənmi? Şübhəsiz, müəllimlərin tam səmimi olaraq fikirləşirlər ki, sənin üçün ən yaxşısı universitetdə və ya kollecdə oxumaq, eləcə də bu dünyada karyera qurmaqdır. Onların bu cür fikirləri pulun gücünə və insan təşkilatlarına olan inamlarından irəli gəlir. Lakin əgər sən pillə-pillə ruhani məqsədlərə can atsan, əsil dəyəri olan və gələcəyə zəmanət verən işlə məşğul olacaqsan. Bununla sən İsanın mükəmməl nümunəsini izləyəcəksən. Verdiyin bu müdrik qərar səni xoşbəxt edəcək. Bu, sənin üçün bir müdafiə olacaq, üstəlik, sənin Yehovaya həsr olunmağına uyğun yaşamağa qəti qərarlı olduğundan xəbər verəcək (Mat. 6:19—21; 1 Tim. 6:9—12).
16, 17. İş və digər məşğuliyyətlərlə əlaqədar hansı suallar meydana çıxır?
16 Allahın bir çox xidmətçiləri ailələrini zəruri şeylərlə təmin etmək üçün çox işləməli olurlar. Lakin bəzilərinin gecələrini gündüzə qatıb işləmələri zəruriyyətdən irəli gəlmir (1 Tim. 6:8). Kommersiya dünyası bizi inandırmağa çalışır ki, bu gün satışa buraxılan bir çox əşyalarsız və texniki yeniliklərsiz keçinmək qeyri-mümkündür. Lakin həqiqi məsihçilər istəmirlər ki, onlar üçün nəyin daha vacib olduğunu Şeytanın dünyası diktə etsin (1 Yəh. 2:15—17). Təqaüdə çıxan məsihçilərə gəlincə isə, məgər onlar üçün Yehovaya xidməti həyatlarında birinci yerə qoyaraq vaxtlarını daimi pioner xidmətinə sərf etməkdən daha yaxşı nəsə ola bilərmi?
17 Yehovanın bütün həsr olunmuş xidmətçiləri özlərindən soruşa bilərlər: «Həyatda əsas məqsədim nədir? Padşahlığın maraqlarını həyatımda birinci yerə qoyurammı? Mən də İsa kimi fədakarlıq ruhu təzahür etdirirəmmi? İsanın daima onun ardınca getmək məsləhətinə əməl edirəmmi? Təbliğ xidmətinə və digər ruhani məşğuliyyətlərə daha çox vaxt sərf etmək üçün cədvəlimdə dəyişikliklər edə bilərəmmi? Əgər hal-hazırda şəraitim xidmətimi genişləndirməyə imkan vermirsə, fədakarlıq ruhu inkişaf etdirməyə davam edirəm?»
ARZU VƏ HƏRƏKƏTLƏRİN
18, 19. Sən nə barədə dua edə bilərsən və nəyə görə demək olar ki, bu xahişin Yehovaya məqbul olacaq?
18 Allahın xalqının canla-başla xidmət etdiyini görmək çox sevindiricidir. Lakin bəzilərinin şəraiti pioner kimi xidmət etməyə yol versə də, onlar buna meyilli deyillər və ya özlərini bu xidmətə layiq bilmirlər (Çıx. 4:10; Yer. 1:6). Belə halda nə etmək olar? Məgər bu, dua üçün münasib mövzu deyil? Əlbəttə, bu barədə Yehovaya dua edə bilərsən. Pavel həmimanlılarına demişdi: «[Yehova] sizin arzu və hərəkətlərinizi istədiyi səmtə yönəldərək sizdə fəaliyyət göstərir» (Filip. 2:13). Əgər ürəyin səni xidmətini genişləndirməyə təşviq etmirsə, Yehovadan sənə arzu və qabiliyyət verməsini xahiş et (2 Pet. 3:9, 11).
19 Nuh, Musa, Yeremya, Pavel və İsa Allahın sadiq bəndələri idilər. Onlar öz vaxtlarını və güclərini Yehovanın hökm xəbərlərini bəyan etməyə sərf edirdilər, eləcə də yol vermirdilər ki, nə isə onları bu işdən yayındırsın. Bu sistemin sonu yaxındır. Bununla belə, həyatını Allaha həsr edən hər bir insan əmin olmalıdır ki, Müqəddəs Kitabdakı bu yaxşı nümunələri izləmək üçün əlindən gələni edir (Mat. 24:42; 2 Tim. 2:15). Belə etsək, Yehovanı razı salacağıq və Ondan bol-bol xeyir-dualar alacağıq. (Malaki 3:10 ayəsini oxu.)
[Haşiyə]
a «Allahın Yeremya vasitəsilə bizə çatdırdığı xəbər» kitabının 104-dən 106-dək səhifələrinə (rus.) bax.
[21–ci səhifədəki şəkil]
İnsanlar Nuhun bəyan etdiyi xəbərdarlığa məhəl qoymurdular
[24–cü səhifədəki şəkil]
Daimi pionerlərin sırasına qoşulmağı ciddi şəkildə götür-qoy etmisən?