TƏLİM MƏQALƏSİ 10
Məhəbbət və minnətdarlıq vəftizə aparan yoldur
«Vəftiz olunmağıma nə mane olur?» (HƏV. 8:36).
NƏĞMƏ 37 Yehovanı bütün qəlbinlə sev
İCMALa
1, 2. Həvarilərin işləri 8:27—31, 35—38 ayələrinə əsasən, həbəşistanlı məmuru vəftiz olunmağa nə təşviq etmişdi?
VƏFTİZ olunub Məsihin şagirdi olmaq istəyirsiniz? Yehovaya məhəbbət və etdiklərinə qarşı minnətdarlıq çoxlarını bu addımı atmağa təşviq edib. Gəlin Həbəşistan hökmdarına xidmət edən bir məmurun hadisəsinə nəzər salaq.
2 Həbəşistanlı məmur Müqəddəs Yazılardan öyrəndiyinə uyğun davranaraq dərhal vəftiz olundu. (Həvarilərin işləri 8:27—31, 35—38 ayələrini oxuyun.) Onu vəftiz olunmağa nə təşviq etdi? Aydındır ki, Allahın Kəlamı onun üçün dəyərli idi, çünki arabayla Yerusəlimdən Həbəşistana qayıdarkən Əşiya peyğəmbərin kitabını oxuyurdu. Filiplə danışarkən məmurun ürəyində İsa Məsihin şəxsən onun üçün etdiklərinə görə minnətdarlıq hissi oyandı. Bəs o, Yerusəlimə nəyə görə getmişdi? Onu ora aparan Yehovaya sevgi idi. Bunu haradan bilirik? Məmur Yerusəlimə Yehovaya ibadət etmək üçün getmişdi. O, öz dinindən ayrılıb, Allaha həsr olunmuş yeganə xalqa qoşulmuşdu. Elə məhz həmin məhəbbət — Yehovaya məhəbbət bu məmuru digər vacib addımı atmağa, vəftiz olunub İsanın şagirdi olmağa təşviq etmişdi (Mət. 28:19).
3. Nələr insanın vəftiz olunmasına mane ola bilər? («Daxilən necə insansınız?» adlı çərçivəyə baxın.)
3 Yehovaya bəslədiyiniz məhəbbət sizi vəftiz olunmağa təşviq edə bilər. Lakin məhəbbət bu addımı atmağınıza mane də ola bilər. Necə? Məsələn, imanınıza şərik olmayan ailə üzvlərinizi və dostlarınızı o qədər sevirsiniz ki, qorxursunuz vəftiz olunsanız, sizə qarşı münasibətləri pisləşər (Mət. 10:37). Yaxud da Allahın nifrət etdiyi vərdişlərdən xoşunuz gəlir və onlardan qurtulmaq sizə çətindir (Zəb. 97:10). Bəlkə də, gözünüzü açandan yalan dinlə əlaqəli bayramları qeyd edirsiniz və həmin bayramlarla bağlı xatirələr sizə çox əzizdir. Buna görə də Yehovanın sevmədiyi bu tədbirlərə qatılmamaq sizə çətin gəlir (1 Kor. 10:20, 21). Bu zaman qərar verməlisiniz: «Mən kimi, yaxud nəyi daha çox sevirəm?»
KİMİ DAHA ÇOX SEVMƏLİYİK?
4. İnsanı vəftiz olunmağa təşviq edən başlıca səbəb hansıdır?
4 Sevdiyiniz və dəyər verdiyiniz çox şey ola bilər. Məsələn, yəqin ki, Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başlamazdan öncə də Allahı sevir, Onun razılığını qazanmağa çalışırdınız. Daha sonra Yehovanın Şahidləri ilə tanış oldunuz və onlarla vaxt keçirmək xoşunuza gəldi. Amma bu, o demək deyil ki, bu kimi şeylər özünüzü Yehovaya həsr edib vəftiz olunmağa təşviq edəcək. İnsanı vəftizə təşviq edən başlıca səbəb Yehova Allaha məhəbbətdir. Yehovanı hər kəsdən və hər şeydən çox sevsəniz, heç kim və heç nə Ona xidmət etməyinizə mane ola bilməyəcək. Yehovaya məhəbbət sizi vəftiz olunmağa təşviq edəcək və vəftizdən sonra Ona sadiq qalmağınıza kömək edəcək.
5. Hansı sualları araşdıracağıq?
5 İsa Məsih demişdi ki, biz Yehovanı bütün qəlbimiz, bütün varlığımız, bütün ağlımız və var gücümüzlə sevməliyik (Mark 12:30). Yehovaya bu cür dərin məhəbbət və hörmət bəsləməyi necə öyrənmək olar? Yehovanın bizi nə qədər çox sevdiyi haqda düşünsək, biz də Onu sevəcəyik (1 Yəh. 4:19). Qəlbinizdə Yehovaya sevginin yaranması sizdə daha hansı hissləri doğuracaq və bu sizi nəyə təşviq edəcək?b
6. Romalılara 1:20 ayəsinə əsasən, Yehova haqda öyrənməyin bir üsulu hansıdır?
6 Yehova haqda Onun yaratdıqlarından öyrənin. (Romalılara 1:20 ayəsini oxuyun; Vəhy 4:11.) Yehovanın yaratdığı bitkilərə, heyvanlara nəzər salın, görün onları necə hikmətlə yaradıb. İnsan bədəninin necə möhtəşəm yaradıldığı barədə nələrisə öyrənməyə çalışın (Zəb. 139:14). Yehovanın yaratdığı günəşdə nə qədər enerjinin olduğunu bir təsəvvür edin, hələ nəzərə alın ki, bu, Onun yaratdığı milyardlarla ulduzdan yalnız biridirc (Əşy. 40:26). Bunları etsəniz, Ona ehtiramınız artacaq. Allahın hikmətli və qüdrətli olduğunu bilmək Onunla dostluğunuzun təməl daşlarından yalnız biridir. Yehovaya sarsılmaz məhəbbət yetişdirmək üçün Onun haqda daha çox öyrənməlisiniz.
7. Yehovanı dərin məhəbbətlə sevmək üçün nəyə əmin olmalısınız?
7 Yehovanın sizə dəyər verdiyinə əmin olmalısınız. Yerin-göyün sahibinin sizə nəzər saldığına, sizi sevdiyinə inanmaq çətindir? Onda unutmayın ki, Yehova «heç birimizdən uzaq deyil» (Həv. 17:26—28). O, «ürəkləri araşdırır». Davud padşah oğlu Süleymana demişdi: «Onu axtarsan, tapacaqsan». Yehova da sizə belə bir vəd verir (1 Saln. 28:9). Əslində, Müqəddəs Kitabı öyrənməyinizə səbəb də Yehovanın sizi Özünə cəlb etməsidir, O deyir: «Səni Özümə tərəf çəkdim» (Ərm. 31:3). Yehovanın sizin üçün etdikləri barədə daha çox öyrəndikcə, Ona olan məhəbbətiniz də bir o qədər artacaq.
8. Yehovanın məhəbbətinə necə qarşılıq verə bilərsiniz?
8 Yehovanın məhəbbətinə qarşılıq verməyin bir yolu dua vasitəsilə Onunla danışmaqdır. Dərdinizi bölüşdükcə və sizin üçün etdiyi şeylərə görə minnətdarlıq bildirdikcə Ona məhəbbətiniz artacaq. Dualarınıza cavab aldıqca aranızdakı dostluq möhkəmlənəcək (Zəb. 116:1). Yehovanın sizi anladığına əmin olacaqsınız. Amma Yehovaya daha yaxın olmaq üçün Onun düşüncə tərzinə bələd olmalısınız. Həmçinin sizdən nə gözlədiyini bilməlisiniz. Bu biliklərə sahib olmağın yeganə yolu Onun Kəlamını, Müqəddəs Kitabı mütaliə etməkdir.
9. Müqəddəs Kitaba dəyər verdiyinizi necə göstərə bilərsiniz?
9 Allahın Kəlamına dəyər verməyi öyrənin. Yehova və Onun niyyəti haqda həqiqət yalnız Müqəddəs Kitabda yazılıb. Müqəddəs Kitaba dəyər verdiyinizi onu hər gün oxumaqla, Müqəddəs Kitab dərslərinə qabaqcadan hazırlaşmaqla və öyrəndiklərinizə əməl etməklə göstərirsiniz (Zəb. 119:97, 99; Yəh. 17:17). Bəs Müqəddəs Kitabı mütaliə etmək üçün cədvəliniz var? Cədvələ riayət edərək Müqəddəs Kitabı hər gün oxuyursunuz?
10. Müqəddəs Kitabı xüsusi edən amillərdən biri hansıdır?
10 Müqəddəs Kitabı xüsusi edən amillərdən biri orada İsanı şəxsən görmüş insanların verdiyi məlumatların olmasıdır. Müqəddəs Kitab İsanın sizin üçün etdiklərinin dəqiqliklə qeyd olunduğu yeganə kitabdır. İsa Məsih haqda daha çox öyrəndikcə, onunla dost olmaq istəyəcəksiniz.
11. Yehovanı sevməyi necə öyrənə bilərsiniz?
11 İsa Məsihi sevməyi öyrənin. Beləcə, Yehovaya sevginiz artacaq. Çünki İsa Məsih Atasının xüsusiyyətlərini mükəmməl şəkildə əks etdirir (Yəh. 14:9). Odur ki, Məsih haqda nə qədər çox öyrənsəniz, Yehovanı bir o qədər yaxşı tanıyacaqsınız və sevəcəksiniz. Başqalarının həqarətlə yanaşdığı kəslərə — yoxsullara, xəstələrə və zəiflərə İsanın necə can yandırdığını yadınıza salın. Həmçinin onun sizə necə gözəl məsləhətlər verdiyi və onlara əməl etməyin həyatınızı necə yaxşılığa doğru dəyişdiyi haqda düşünün (Mət. 5:1—11; 7:24—27).
12. İsa Məsih haqda öyrənmək sizdə hansı istəyi oyada bilər?
12 İsa Məsihin günahlarımızın bağışlanması üçün verdiyi qurban barədə dərindən düşünmək ona olan sevginizi artıracaq (Mət. 20:28). Məsihin sizin uğrunuzda öldüyünü dərk edəndə siz tövbə etmək və Allahın əfvinə sığınmaq istəyəcəksiniz (Həv. 3:19, 20; 1 Yəh. 1:9). İsa Məsihə və Yehovaya duyduğunuz məhəbbət sizi onları sevən insanlara yaxın olmağa təşviq edəcək.
13. Yehova sizə nə bəxş edib?
13 Yehovanın ailəsini sevməyi öyrənin. İmanınıza şərik olmayan ailə üzvləriniz və keçmiş dostlarınız nəyə görə özünüzü Yehovaya həsr etmək istədiyinizi başa düşməyə bilər. Hətta sizə qarşı çıxa bilərlər. Yehova sizə bu çətinliklərə sinə gərməyə kömək etmək üçün bacı-qardaşlardan ibarət ruhani ailə bəxş edib. Bu ruhani ailəyə bağlı qalsanız, ehtiyac duyduğunuz sevgi və qayğını tapacaqsınız (Mark 10:29, 30; İbr. 10:24, 25). Bəlkə də, bir gün ailə üzvləriniz də Yehovaya xidmət etməyə və Onun normalarına itaət etməyə başlayacaq (1 But. 2:12).
14. 1 Yəhya 5:3 ayəsinə əsasən, Yehovanın normaları haqda nə deyərdiniz?
14 Yehovanın normalarını sevməyi və onlara əməl etməyi öyrənin. Yehovanı tanımazdan öncə, ola bilsin, öz qayda-qanunlarınız var idi. Lakin indi siz Yehovanın qayda-qanunlarının nə qədər üstün olduğunu görürsünüz (Zəb. 1:1—3; 1 Yəhya 5:3 ayəsini oxuyun). Məsələn, götürək Müqəddəs Kitabda ərlər, arvadlar, valideynlər və uşaqlar üçün olan məsləhətləri (Efes. 5:22—6:4). Bu məsləhətlərə əməl etmək ailənizdə müsbət dəyişikliklərə səbəb olub? Dost seçimi ilə bağlı göstərişləri tətbiq etmək sizdə yaxşı vərdişlər yaradıb? İndi daha xoşbəxtsiniz? (Məs. 13:20; 1 Kor. 15:33, haş.). Çox yəqin ki, bu suallara «bəli» deyə cavab verdiniz.
15. Müqəddəs Kitab prinsiplərini necə tətbiq edəcəyinizi bilməyəndə nə edə bilərsiniz?
15 Ola bilsin, bəzən Müqəddəs Kitab prinsiplərini necə tətbiq etməyi bilmirsiniz. Buna görə də Yehova yaxşını pisdən ayırmağınız üçün təşkilatı vasitəsilə Müqəddəs Kitaba əsaslanan vəsaitlər təqdim edir (İbr. 5:13, 14). Bu vəsaitləri oxuyub araşdıranda Müqəddəs Kitab prinsiplərinin nə qədər praktiki olduğunu və onları həyatınızın hansı sahəsində tətbiq edə biləcəyinizi görəcəksiniz.
16. Yehova xalqını necə təşkil edib?
16 Yehovanın təşkilatını sevməyi və dəstəkləməyi öyrənin. Yehova xalqını yığıncaqlar şəklində təşkil edib və İsa Məsih bu yığıncaqların başıdır (Efes. 1:22; 5:23). İsa Məsih bu gün həyata keçirmək istədiyi işi aparmaları üçün məsh olunmuş məsihilərdən ibarət kiçik bir qrup təyin edib. «Sadiq və ağıllı nökər» adlanan bu qrupun üzərinə sizin Yehovaya yaxınlaşmağınıza, Onunla münasibətlərinizi qorumağınıza kömək etmək məsuliyyəti düşür (Mət. 24:45—47). Həmçinin sadiq nökər tələblərə cavab verən qardaşların ağsaqqal təyin olunmasının qeydinə qalır. Ağsaqqallar sizin ruhani rifahınız üçün çalışır (Əşy. 32:1, 2; İbr. 13:17; 1 But. 5:2, 3). Onlar sizdən ötrü əllərindən gələni etməyə, sizə təsəlli verməyə və Yehovaya daha da yaxın olmağınıza kömək etməyə hazırdılar. Lakin onların sizin üçün edə biləcəyi ən vacib şey Yehova haqda öyrənməyinizə kömək etmələridir (Efes. 4:11—13).
17. Romalılara 10:10, 13, 14 ayələrinə əsasən, nə üçün insanlara Yehova haqda danışırıq?
17 Başqalarına Yehovanı sevməyi öyrədin. İsa Məsih davamçılarına tapşırmışdı ki, insanlara Yehova haqda öyrətsinlər (Mət. 28:19, 20). Bu əmrə borc hissindən irəli gələrək də əməl etmək olar. Amma Yehovaya məhəbbətiniz atdıqca həvari Butrus və Yəhya kimi düşünəcəksiniz. Onlar demişdi: «Biz gördüyümüz və eşitdiyimiz şeylər barəsində danışmaya bilmərik» (Həv. 4:20). Çox az şey tapılar ki, kiməsə Yehovanı sevməyi öyrətmək qədər sevinc bəxş etsin. Təsəvvür etmək olar, müjdəçi Filip həbəşistanlı məmura Allahın Kəlamındakı həqiqəti öyrənib vəftiz olunmağa kömək edəndə nə qədər sevinmişdi! Filipdən örnək alıb İsa Məsihin təbliğ etmək əmrinə əməl edəndə siz də Yehovanın Şahidi olmaq istədiyinizi göstərirsiniz. (Romalılara 10:10, 13, 14 ayələrini oxuyun.) Onda siz də həbəşistanlı məmur kimi deyəcəksiniz: «Vəftiz olunmağıma nə mane olur?» (Həv. 8:36).
18. Növbəti məqalədə hansı suallara cavab tapacaqsınız?
18 Vəftiz olunmaq qərarını verəndə həyatınızın ən vacib addımını atmış olacaqsınız. Bu, çox ciddi addımdır, ona görə də vəftizin mənası haqda yaxşı-yaxşı düşünməlisiniz. Bəs vəftizlə bağlı nələri bilməlisiniz? Vəftizdən öncə və sonra hansı addımları atmalısınız? Növbəti məqalədə bu suallara cavab tapacaqsınız.
NƏĞMƏ 2 Yehovadır ismin
a Bəziləri Yehovanı sevsə də, Onun Şahidi kimi vəftiz olunmağa hazır olub-olmadığına qərar verə bilmir. Ola bilsin, siz də tərəddüd içindəsiniz. Məqalədə araşdırılan bəzi praktiki məsləhətlərə əməl etmək sizi vəftiz olunmağa təşviq edə bilər.
b Hər kəs fərqli olduğuna görə bu məqalədə təqdim olunan məsləhətləri, ola bilsin, hərə müxtəlif ardıcıllıqla tətbiq etsin.
c «Həyatın əmələ gəlməsi. Beş vacib suala cavab» (rus.) və «Həyat necə yaranıb?» adlı broşürlərdə digər nümunələr də var.
d ŞƏKLİN İZAHI: Bir bacı bazarlıq edən zaman satıcıya buklet verir.