FƏSİL 9
«Allah ayrı-seçkilik etməyən Allahdır»
Məsihilər sünnət olunmamış qeyri-yəhudilərə təbliğ etməyə başlayırlar
1—3. Butrus hansı görüntünü aldı və nəyə görə onun mənasını başa düşmək vacibdir?
ERAMIZIN 36-cı ilidir. İlıq payız günəşi havanı isindirir. Butrus liman şəhəri Yaffada, dənizin yaxınlığında yerləşən evin yastı damında dua edir. O, artıq bir neçə gündür ki, bu evdə qonaqdır. Butrusun burada qalması müəyyən dərəcədə onun qərəzsiz olduğundan xəbər verir. Evin sahibi Şimon dabbağlıq etdiyindən hər yəhudi onun evində qalmağa razı olmazdıa. Lakin buna baxmayaraq, Butrus Yehovanın insanlara qərəzsiz münasibətinə dair hələ vacib bir şeyi başa düşməlidir. Tezliklə o bunu öyrənəcək.
2 Butrus dua edən zaman ona görüntü verilir. Bu görüntü hər bir yəhudini çaşbaş qoyardı. Göydən arasında Qanuna görə murdar sayılan heyvanlar olan kətan süfrəyə oxşar bir şey enir. Qeybdən gələn bir səs Butrusa heyvanları kəsib yeməyi deyəndə o cavab verir: «Mənim dilimə heç vaxt murdar, napak şey dəyməyib». Səs düz üç dəfə təkrarlayır: «Bir də Allahın pak etdiyi şeylərə murdar demə» (Həv. 10:14—16). Görüntü Butrusu çaşbaş qoysa da, bu, çox çəkmir.
3 Butrusun aldığı görüntü hansı mənanı daşıyırdı? Bunu öyrənmək vacibdir, çünki bu sualın cavabı Yehovanın insanlara münasibəti ilə bağlı mühüm həqiqəti açıqlayır. İnsanlara Allahın gözü ilə baxmağı öyrənməyincə həqiqi məsihilər olan bizlər Allahın Padşahlığı haqqında ətraflı şəhadət verə bilmərik. Görüntünün mənasını başa düşmək üçün gəl onunla əlaqədar baş verən həyəcanlandırıcı hadisələri nəzərdən keçirək.
O, «daima Allaha dua edirdi» (Həvarilərin işləri 10:1—8)
4, 5. Kornili kim idi və o, dua edən zaman nə baş verdi?
4 Butrusun xəbəri yox idi ki, bir gün əvvəl təxminən 50 kilometr şimalda yerləşən Qeysəriyyədə Kornili adlı bir nəfərə də görüntü verilmişdi. Roma ordusunda yüzbaşı olan «Kornili mömin bir adam idi»b. Onu həmçinin nümunəvi ailə başçısı da adlandırmaq olar, belə ki, onun «ev əhli də özü kimi Allahdan qorxan adamlar idi». Kornili yəhudi prozeliti deyildi; o, sünnət olunmamış qeyri-yəhudi idi. Buna baxmayaraq, Kornili yoxsul yəhudilərlə şəfqətlə davranır, onlara əl tuturdu. Bu səmimi insan «daima Allaha dua edirdi» (Həv. 10:2).
5 Təxminən günorta saat üçdə Kornili dua edərkən görüntü aldı. Bir mələk ona dedi: «Sənin duaların, savab işlərin Allahın dərgahına yetişib. Allah onları yad etdi» (Həv. 10:4). Mələyin göstərişi ilə Kornili Butrusun dalınca adam göndərdi. Sünnət olunmamış qeyri-yəhudi Kornili indiyədək onun üçün bağlı olan qapıdan girmək üzrə idi. O, tezliklə xilas xəbərini eşidəcəkdi.
6, 7. a) Allahın Onun haqqında həqiqəti bilmək istəyən insanların dualarına cavab verdiyini göstərən hadisə danış. b) Bu kimi hadisələrdən hansı nəticəyə gəlirik?
6 Bəs bu gün Allah Onun haqqında həqiqəti öyrənmək istəyən səmimi insanların dualarına cavab verirmi? Bir nümunəyə baxaq. Albaniyada yaşayan bir bacı ev-ev təbliğ edərkən bir qadına içində uşaqların tərbiyəsi ilə bağlı məqaləc olan «Gözətçi qülləsi» jurnalını təklif etdi. Qadın jurnalı götürdü və bacıya dedi: «Desəm inanmazsınız, amma elə indicə qızlarımın tərbiyəsində mənə kömək etməsi üçün Allaha dua edirdim. Əminəm ki, sizi O göndərib! Siz düz mənim ürəyimdən xəbər verdiniz!» Qadın qızları ilə birlikdə Müqəddəs Kitabı öyrənməyə başladı, sonralar isə həyat yoldaşı da onlara qoşuldu.
7 Bəlkə bu, istisna haldır? Əsla! Bu kimi hadisələr bütün dünyada dönə-dönə, hətta o qədər tez-tez baş verir ki, bunu sadəcə təsadüf adlandırmaq mümkün deyil. Belə isə buradan nə nəticə çıxarmaq olar? Birincisi, Yehova Onu axtaran səmimi insanların duasına cavab verir (1 Pad. 8:41—43; Zəb. 65:2). İkincisi, təbliğ xidmətində mələklər bizə kömək edir (Vəhy 14:6, 7).
«Butrus çaşbaş qalıb» (Həvarilərin işləri 10:9—23a)
8, 9. Allah müqəddəs ruhu vasitəsilə Butrusa nəyi açıqladı və o, buna necə hay verdi?
8 Hələ də damda olan «Butrus çaşbaş qalıb» gördüyü görüntünün mənası haqda düşünərkən Kornilinin adamları evə yaxınlaşdılar (Həv. 10:17). Qanuna görə murdar sayılan heyvanları yeməkdən üç dəfə imtina edən Butrus, görəsən, bu adamlarla birlikdə getməyə və qeyri-yəhudinin evinə girməyə razı olacaqmı? Müqəddəs ruh bu məsələyə dair Allahın iradəsinin nədən ibarət olduğunu artıq müəyyən dərəcədə açıqlamışdı. Ruh Butrusa dedi: «Səni üç nəfər axtarır. Dur, aşağı düş, onlarla get, tərəddüd etmə, çünki onları mən göndərmişəm» (Həv. 10:19, 20). Murdar heyvanlarla bağlı aldığı görüntü, şübhəsiz ki, Butrusu müqəddəs ruhun rəhbərliyinə tabe olmağa hazırlamışdı.
9 Butrus öyrənəndə ki, onun dalınca adam göndərməyi Korniliyə Allah tapşırıb, qeyri-yəhudi qasidləri evə dəvət etdi və «onlara qonaqpərvərlik göstərdi» (Həv. 10:23a). Allahın iradəsi ilə bağlı biliyi artdığı üçün itaətkar həvari artıq öz baxışlarını dəyişməyə başlamışdı.
10. Yehova xalqını necə idarə edir və biz özümüzə hansı sualları verməliyik?
10 Bu gün də Yehova Öz iradəsini xalqına tədricən açıqlayır (Məs. 4:18). O, müqəddəs ruhu vasitəsilə «sadiq və ağıllı nökər»i idarə edir (Mət. 24:45). Hərdən Allahın Kəlamından öyrəndiyimiz həqiqətlərə aydınlıq gətirilir və ya müəyyən təşkilati məsələlərdə dəyişikliklər edilir. Biz özümüzdən soruşmalıyıq: «Belə dəyişiklikləri necə qarşılayıram? Bu məsələlərdə Allahın ruhunun rəhbərliyinə tabe olurammı?»
Butrus «onlara... vəftiz olunmağı tapşırdı» (Həvarilərin işləri 10:23b—48)
11, 12. Butrus Qeysəriyyəyə çatanda nə etdi və o, nəyi başa düşdü?
11 Görüntü aldığı günün ertəsi Butrus digər doqquz nəfərlə — Kornilinin göndərdiyi üç qasid və Yaffadan olan altı yəhudi qardaşla Qeysəriyyəyə yola düşdü (Həv. 11:12). Kornili, ehtimal ki, hamısı qeyri-yəhudi olan «qohum-əqrəbasını və yaxın dostlarını» yığıb Butrusun yolunu gözləyirdi (Həv. 10:24). Oraya çatanda Butrus heç vaxt ağlından belə keçirmədiyi bir şeyi etdi: sünnət olunmamış qeyri-yəhudinin evinə ayaq basdı! Butrus dedi: «Siz yaxşı bilirsiniz ki, yəhudilərin qanununa görə başqa millətdən olan adamla ünsiyyət qurmaq və ya onun yanına getmək düzgün deyil. Lakin Allah mənə göstərdi ki, mən heç kəsi murdar və ya natəmiz saymamalıyam» (Həv. 10:28). Butrus indi anlamağa başlayırdı ki, aldığı görüntü ona sadəcə hansı qidanın yeyilə biləcəyini göstərmək üçün deyildi. O, heç kəsi, hətta qeyri-yəhudini də murdar və ya napak saymamalı idi.
12 Kornilinin evinə yığışanların hər biri Butrusun nə söyləyəcəyini səbirsizliklə gözləyirdi. «Hamımız Allahın qarşısında yığışmışıq. Buyur danış, Yehovanın sənə əmr etdiyi şeyləri dinləməyə hazırıq»,— deyə Kornili söylədi (Həv. 10:33). Kimsə sənə Yehova haqqında öyrənmək istədiyini desəydi, hansı hissləri keçirərdin? Butrus nitqinə bu cür təsirli sözlərlə başladı: «Doğrudan da, görürəm ki, Allah ayrı-seçkilik etməyən Allahdır, hər xalqın içində Ondan qorxan və düzgün iş görən adamdan razıdır» (Həv. 10:34, 35). Butrus başa düşmüşdü ki, Allahın insanlara münasibəti onların irqindən, milliyyətindən və ya digər xarici faktorlardan asılı deyil. O, sözünə İsa Məsihin xidmətinə, ölümünə və dirilməsinə dair şəhadət verməklə davam etdi.
13, 14. a) Eramızın 36-cı ilində Kornilinin və digər qeyri-yəhudilərin məsihiliyi qəbul etməsi nəyə görə diqqətə layiqdir? b) Nə üçün biz insanlar haqqında xarici faktorlar əsasında mühakimə yürütməməliyik?
13 Bu an görünməmiş bir şey baş verdi: «Butrus söhbətini qurtarmamış» müqəddəs ruh «digər xalqlardan olanların» üzərinə töküldü (Həv. 10:44, 45). Bu, Allahın Kəlamında müqəddəs ruhun vəftizdən əvvəl töküldüyü haqda verilən yeganə məlumatdır. Bunun Allahın razılığına əlamət olduğunu başa düşərək Butrus həmin qeyri-yəhudilərə «vəftiz olunmağı tapşırdı» (Həv. 10:48). Eramızın 36-cı ilində qeyri-yəhudilərin məsihi olması yəhudilərə xüsusi lütf göstərilən dövrün bitdiyini bildirirdi (Dən. 9:24—27). Bu dəfə şahidlik verməklə Butrus padşahlığın sonuncu, üçüncü açarından istifadə etdi (Mət. 16:19). Bu açar sünnət olunmamış qeyri-yəhudilərin qarşısında ruhla məsh olunmuş məsihi olmaq imkanı açdı.
14 Padşahlığın təbliğçiləri olan bizlər də Allahın ayrı-seçkiliyi sevmədiyini dərk edirik (Rom. 2:11). O, hər cür insanın xilas olmasını istəyir (1 Tim. 2:4). Beləliklə, biz heç vaxt insanlar haqqında onların xarici görünüşünə və digər xüsusiyyətlərinə əsaslanaraq mühakimə yürütməməliyik. Bizə Allahın Padşahlığı haqqında ətraflı şəhadət vermək tapşırılıb. Bu, irqindən, milliyyətindən, xarici görünüşündən və ya dini baxışlarından asılı olmayaraq, bütün insanlara şahidlik etməyi özünə daxil edir.
«Onlar... sakitləşdilər və Allaha alqış» etdilər (Həvarilərin işləri 11:1—18)
15, 16. Nə üçün bəzi yəhudi məsihilər Butrusla mübahisəyə girişdi və Butrus öz hərəkətini nə ilə izah etdi?
15 Butrus Yerusəlimə yola düşdü. Yəqin ki, o, baş verənləri oradakı qardaşlara danışmaq arzusu ilə alışıb yanırdı. Görünür, sünnət olunmamış qeyri-yəhudilərin «Allahın sözünü qəbul etdikləri» xəbəri artıq Yerusəlimdəkilərin qulağına çatmışdı. Butrus oraya çatan kimi «sünnət tərəfdarları onu tənqid» etməyə başladı. Butrusun sünnətsizlərin evinə getməsi və onlarla çörək kəsməsi onların xoşuna gəlməmişdi (Həv. 11:1—3). Onlar qeyri-yəhudilərin Məsihin davamçısı ola biləcəyini şübhə altına almırdılar. Əksinə, yəhudi şagirdlər təkid edirdilər ki, ibadətlərinin Yehovaya məqbul olması üçün qeyri-yəhudilər sünnət olunmaq da daxil olmaqla, Qanuna riayət etməlidirlər. Aydındır ki, bəzi yəhudi şagirdlərə Musanın qanunundan əl çəkmək çətin idi.
16 Butrus hərəkətini nə ilə izah etdi? Həvarilərin işləri 11:4—16 ayələrinə əsasən, o bu işin Allahın rəhbərliyi ilə olduğuna dörd sübut gətirdi: 1) aldığı görüntünü (4—10 ayələr); 2) ruhun göstəriş verdiyini (11, 12-ci ayələr); 3) mələyin Kornilinin yanına gəlməsini (13, 14-cü ayələr); 4) müqəddəs ruhun qeyri-yəhudilərin üzərinə enməsini (15, 16-cı ayələr). Butrus sözünə düşündürücü bir sualla yekun vurdu: «Əgər Allah Ağamız İsa Məsihə iman gətirən bizlərə [yəhudilərə] bağışladığı ənamı [müqəddəs ruhu] onlara da [imanlı qeyri-yəhudilərə] bağışlayıbsa, mən kiməm ki, Allaha mane olum?» (Həv. 11:17).
17, 18. a) Butrusun sözləri yəhudi məsihiləri hansı mənada sınağa çəkdi? b) Nə üçün yığıncaqda birliyi qorumaq çətin ola bilər və özümüzə hansı sualları vermək yaxşı olardı?
17 Butrusun sözləri həmin qardaşları əməlli-başlı sınağa çəkdi. Görəsən, onlar hər cür qərəzli fikri bir kənara atıb yenicə vəftiz olunmuş qeyri-yəhudiləri dindaşları kimi qəbul edə biləcəklərmi? Müqəddəs Kitabda deyilir: «Onlar [həvarilər və digər yəhudi məsihilər] bu sözləri eşidəndə sakitləşdilər və Allaha alqış edib dedilər: “Deməli, Allah başqa xalqlardan olanlara da tövbə edib həyata qovuşmaq imkanı açdı”» (Həv. 11:18). Belə müsbət əhval-ruhiyyə yığıncağın birliyini qorudu.
18 Həqiqi məsihilər «hər xalqa, hər tayfaya, hər ümmətə və hər dilə mənsub adamlardan ibarət» olduqları üçün bu gün də yığıncaqda birliyi qorumaq asan olmaya bilər (Vəhy 7:9). Bir çox yığıncaqlarda müxtəlif irqlərdən, mədəniyyətlərdən olan, eləcə də mənşəyi bir-birindən fərqlənən insanlara rast gəlmək olar. Biz özümüzdən soruşmalıyıq: «Mən ürəyimdən qərəzli fikirləri tamamilə silib atmışammı? Çalışırammı ki, məsihi bacı-qardaşlarımla münasibətimə millətçilik, yerlibazlıq, öz mədəniyyəti ilə fəxr etmə və irqçilik kimi bu dünyanın parçalayıcı xüsusiyyətləri təsir etməsin. Bu cür qalmağa qətiyyətliyəmmi?» İlk qeyri-yəhudilərin məsihiliyi qəbul etməsindən bir neçə il sonra Butrusla (Kifayla) nə baş verdiyini yadına sal. O, başqalarının təsiri altına düşüb «qeyri-yəhudilərdən uzaq gəzməyə başladı» və Bulus ona məsləhət verməli oldu (Qal. 2:11—14). Gəl həmişə qərəzli fikirlərdən özümüzü qoruyaq.
Xeyli adam iman gətirdi (Həvarilərin işləri 11:19—26a)
19. Yəhudi məsihilər Antakyada kimlərə təbliğ etməyə başladılar və bu, hansı bəhrələri gətirdi?
19 İsanın şagirdləri sünnət olunmamış qeyri-yəhudilərə təbliğ etməyə başladılarmı? Gəl bir qədər sonra Suriya Antakyasında baş verənlərə nəzər salaqd. Həmin şəhərdə böyük yəhudi icması var idi. Buna baxmayaraq, yəhudilərlə qeyri-yəhudilər arasında, demək olar ki, ədavət yox idi. Bu səbəbdən, qeyri-yəhudilərə təbliğ etmək üçün Antakyadakı şərait çox əlverişli idi. Bəzi yəhudi şagirdlər xoş xəbəri yunandilli əhaliyə məhz burada təbliğ etməyə başladılar (Həv. 11:20). Onlar yalnız yunandilli yəhudilərə yox, həmçinin sünnət olunmamış qeyri-yəhudilərə də təbliğ edirdilər. Yehova bu işi avand etdi və «xeyli adam... iman» gətirdi (Həv. 11:21).
20, 21. Barnəba necə təvazökarlıq göstərdi və biz xidmətimizi icra edərkən onu necə təqlid edə bilərik?
20 Biçinə hazır olan bu ərazidə təbliğ işinə nəzarət etmək üçün Yerusəlimdəki yığıncaq Barnəbanı Antakyaya göndərdi. Xoş xəbərə hay verənlərin sayı çox olduğundan Barnəba təkbaşına bu işin öhdəsindən gələ bilməzdi. Ona millətlərə həvari olacaq Şauldan yaxşı kim kömək edə bilərdi? (Həv. 9:15; Rom. 1:5). Barnəba Şaulu özünə rəqib bildimi? Xeyr. Əksinə, o, təvazökarlıqla davrandı. Şəxsən Tarsa yollandı, Şaulu axtarıb tapdı və kömək etməsi üçün onu götürüb Antakyaya qayıtdı. Bir il ərzində onlar çiyin-çiyinə çalışaraq yerli yığıncaqdakı şagirdləri ruhlandırdılar (Həv. 11:22—26a).
21 Bəs biz xidmətimizi icra edərkən necə təvazökarlıq göstərə bilərik? Bu xüsusiyyət özünə imkanlarımızın məhdud olduğunu başa düşməyi daxil edir. Hər birimizin müxtəlif güclü cəhətləri və bacarıqları var. Məsələn, kiməsə qeyri-formal, yaxud ev-ev təbliğ etmək asan, təkrar söhbət etmək və ya Müqəddəs Kitab öyrənməsinə başlamaq isə çətin gələ bilər. Əgər sənə xidmətin hansısa sahəsində təkmilləşmək lazımdırsa, nə üçün kömək istəməyəsən? Belə etsən, xidmətin daha səmərəli olacaq və sənə böyük sevinc gətirəcək (1 Kor. 9:26).
Qardaşlara yardım göndərilir (Həvarilərin işləri 11:26b—30)
22, 23. Antakyadakı məsihilər öz qardaşlıq məhəbbətlərini necə göstərdilər, bəs bu gün Allahın xalqı necə davranır?
22 «Şagirdlər Allahın hökmü ilə ilk dəfə Antakyada məsihi adlanmağa başladılar» (Həv. 11:26b). Allahın rizası ilə verilən bu ad həyat tərzi Məsihinkinə bənzəyən insanlara çox uyğun gəlirdi. Yəhudilərdən və digər xalqlardan olan insanlar məsihi olduqdan sonra onlar arasında qardaşlıq telləri yarandımı? Gəl baxaq görək eramızın 46-cı ilində böyük qıtlıq olanda nə baş verdie. Keçmişdə qıtlıq ehtiyatda pulu və ərzağı olmayanlara daha çox təsir edirdi. Ehtimal ki, əksəriyyəti kasıb olan Yəhudiyyədəki məsihilər qıtlıq vaxtı ən zəruri şeylərə ehtiyac duyurdular. Aralarında qeyri-yəhudi məsihilər də olan Antakyadakı qardaşlar Yəhudiyyədəki dindaşlarının ehtiyac içində olduğunu biləndə onlara yardım göndərdilər (Həv. 11:29). Bu, səmimi qardaşlıq məhəbbətinin necə də gözəl təzahürüdür!
23 Bu gün də Allahın xalqı eyni cür davranır. Başqa ölkədə və ya öz ərazimizdə yaşayan dindaşlarımızın fəlakətlə üzləşdiyini eşidəndə biz onlara canla-başla yardım əlimizi uzadırıq. Filial komitələri qasırğa, zəlzələ və sunami kimi təbii fəlakətlərdən zərər çəkmiş qardaşlara kömək etmək məqsədilə tez bir zamanda Zərərçəkənlərə yardım komitələri təşkil edir. Kömək üçün görülən bütün bu tədbirlər bizim aramızda sözün əsl mənasında qardaşlıq tellərinin olduğunu göstərir (Yəh. 13:34, 35; 1 Yəh. 3:17).
24. Biz Butrusun aldığı görüntünün mühüm məna kəsb etdiyini yaxşı başa düşdüyümüzü necə göstərə bilərik?
24 Həqiqi məsihi olan bizlər Butrusun birinci əsrdə Yaffadakı evin damında aldığı görüntünün nə qədər mühüm məna kəsb etdiyini yaxşı başa düşürük. Biz ayrı-seçkilik etməyən Allaha ibadət edirik. Yehovanın iradəsi ondan ibarətdir ki, biz Onun Padşahlığı haqqında ətraflı şəhadət verək, yəni bütün irqlərdən, millətlərdən və ya təbəqələrdən olan insanlara təbliğ edək. Gəl bizi dinləyən hər kəsin xoş xəbərə hay verməsinə imkan yaratmağı qarşımıza məqsəd qoyaq (Rom. 10:11—13).
a Yəhudilər dabbağlıqla məşğul olan adama yuxarıdan aşağı baxırdılar, çünki dabbağ heyvanların gönü və leşi ilə işləyir, eləcə də gönü emal edərkən it nəcisindən istifadə edirdi. Dabbağlar murdar sayıldıqlarından məbədə gedə bilməzdilər və onların iş yeri şəhərdən ən azı 50 qulac, yəni 22 metr aralı olmalı idi. Şimonun evinin dəniz kənarında olmasının səbəblərindən biri də bu ola bilər (Həv. 10:6).
b «Kornili və Roma ordusu» adlı çərçivəyə bax.
c 2006-cı il, 1 noyabr sayının 4—7 səhifələrindəki «Tərbiyəyə aid etibarlı məsləhətlər» adlı məqalə.
d «Suriya Antakyası» adlı çərçivəyə bax.
e Yəhudi tarixçisi İosif Flavi də imperator Klavdinin (b. e. 41—54) hakimiyyəti vaxtı baş qaldıran bu «bərk qıtlıq» haqqında məlumat verir.