FƏSİL 11
«Şagirdlərin sevinci aşıb-daşır, onlar müqəddəs ruhla dolurdular»
Bulus ədavətli münasibət göstərən və xoş xəbərə hay verməyən insanlarla rəftara dair nümunə qoyur
1, 2. Barnəba və Şaulu qarşıda gözləyən səyahət başqalarından nə ilə fərqlənir və onların işi Həvarilərin işləri 1:8 ayəsinin yerinə yetməsində hansı rolu oynayacaq?
BU GÜN Antakyadakı yığıncaq həyəcan dolu anlar yaşayır. Xoş xəbərin ucqar ərazilərə çatdırılması üçün müqəddəs ruh buradakı bütün peyğəmbərlərin və müəllimlərin arasından Barnəba və Şaulu seçiba (Həv. 13:1, 2). Düzdür, bundan əvvəl də təcrübəli kişiləri təbliğ etmək üçün başqa yerlərə göndərmişdilər. Amma həmin vaxt təbliğ səyahətlərində olan müjdəçilər məsihiliyin artıq kök saldığı ərazilərə getmişdilər (Həv. 8:14; 11:22). Bu dəfə isə Barnəba və Şaul, eləcə də onlara xidmət edəcək Mark ləqəbli Yəhya əhalisinin əksəriyyətinin xoş xəbərlə tanış olmadığı ərazilərə yollanacaqlar.
2 Təxminən 14 il bundan əvvəl İsa davamçılarına demişdi: «Siz... Yerusəlimdə, bütün Yəhudiyyədə və Səməriyyədə, hətta yerin ucqarlarınadək mənim şahidim olacaqsınız» (Həv. 1:8). Barnəba və Şaulun təbliğ səyahətlərində olmaları İsa Məsihin söylədiyi peyğəmbərliyin yerinə yetməsində irəliyə doğru bir addım olacaq!b
«Bir iş üçün» seçilənlər (Həvarilərin işləri 13:1—12)
3. Nə üçün birinci əsrdə səyahət etmək çətin iş idi?
3 Bu gün avtomobil və təyyarə kimi ixtiraların sayəsində insanlar kifayət qədər böyük məsafələri cəmi bir və ya iki saata qət edə bilirlər. Lakin eramızın birinci əsrində vəziyyət tamam başqa cür idi. O dövrdə quru yolla, əsas etibarilə piyada, üstəlik, çox vaxt kələ-kötür yollarla səyahət edirdilər. Bir günə olsa-olsa 30 kilometr yol getmək olurdu, bu isə adamı tamamilə əldən salırdıc. Beləliklə, Barnəba və Şaul aldıqları tapşırığı icra etməyi səbirsizliklə gözləsələr də, başa düşürdülər ki, bu səyahət onlardan çoxlu güc və fədakarlıq tələb edəcək (Mət. 16:24).
4. a) Barnəba ilə Şaul necə seçildilər və dindaşları onların bu təyinatına necə yanaşdılar? b) Yığıncaqda təyinat alan dindaşlarımızı necə dəstəkləyə bilərik?
4 Bəs nəyə görə müqəddəs ruh «bir iş üçün» məhz Barnəba və Şaulu ayırmağı buyurdu? (Həv. 13:2). Müqəddəs Kitabda bununla bağlı heç nə deyilmir. Təkcə onu bilirik ki, bu kişilər müqəddəs ruhun rəhbərliyi altında seçildilər. Müqəddəs Kitabın heç bir yerində deyilmir ki, Antakyadakı peyğəmbərlər və müəllimlər bu qərarla razılaşmadılar. Əksinə, onlar bu təyinatı ürəkdən dəstəklədilər. Ruhani qardaşları paxıllıq etmədən «oruc tutub dua» edəndə və «əllərini Barnəba ilə Şaulun üzərinə qoyub» yola salanda hansı hissləri keçirdiklərini bir təsəvvür et (Həv. 13:3). Biz də yığıncaqda təyinat alan dindaşlarımızı, eləcə də ağsaqqal təyin olunmuş qardaşları dəstəkləməliyik. Bu cür məsuliyyətləri alanların paxıllığını çəkməməliyik, əksinə, «çəkdikləri zəhmətə görə onlara böyük ehtiram və məhəbbət» bəsləməliyik (1 Salon. 5:13).
5. Kipr adasında şahidlik etmək üçün Barnəba və Şaula nə etmək lazım gəldi?
5 Antakya yaxınlığında yerləşən liman şəhəri Selevkiyaya çatandan sonra Barnəba və Şaul oradan təxminən 200 kilometr aralıda yerləşən Kiprə üzdülərd. Əslən kiprli olan Barnəba, yəqin ki, xoş xəbəri həmvətənlərinə çatdırmağı çox arzulayırdı. Adanın şərq sahilində yerləşən Salamis şəhərinə çatanda bu kişilər boş yerə vaxt itirmədilər. Onlar dərhal «yəhudi sinaqoqlarında Allahın sözünü təbliğ etməyə başladılar»e (Həv. 13:5). Barnəba və Şaul, ehtimal ki, yolüstü əsas şəhərlərdə təbliğ edərək Kiprin bir ucundan o biri ucuna səyahət etdilər. Tutduqları istiqamətdən asılı olaraq, xüsusi təyinatlı müjdəçilər, ehtimal ki, təxminən 160 kilometr yol getmişdilər.
6, 7. a) Sergi Paulus kim idi və nə üçün Baryuşə onun xoş xəbərə qulaq asmasına mane olmağa çalışdı? b) Şaul Baryuşənin müqavimətlərinə necə cavab verdi?
6 Birinci əsrdə Kiprdə bütpərəstlik baş alıb gedirdi. Barnəba və Şaul adanın qərb sahilinə, Pafosa çatanda bu, özünü daha qabarıq şəkildə büruzə verdi. Orada onlar Baryuşə adlı bir nəfərlə rastlaşdılar. Baryuşə «yalançı peyğəmbər idi və cadugərlik edirdi. O, prokonsul Sergi Paulusun qulluğunda idi. Sergi Paulus çox ağıllı adam idi»f. Birinci əsrdə bir çox ziyalı romalılar, hətta Sergi Paulus kimi «ağıllı adam»lar belə, vacib qərarlar qəbul edərkən cadugərlərə, yaxud münəccimlərə müraciət edirdilər. Buna baxmayaraq, Sergi Paulus Padşahlıq xəbərinə maraq göstərirdi və «Allahın sözünü dinləməyi ürəkdən arzulayırdı». Bu, peşəsinə uyğun olaraq Elimas (mənası «cadugər») adlanan Baryuşəyə əl vermirdi (Həv. 13:6—8).
7 Baryuşə Padşahlıq xəbərinə qarşı çıxmağa başladı. Onun üçün Sergi Paulusun məsləhətçisi kimi nüfuzlu mövqeyini saxlamağın yeganə yolu valini «imana gəlməyə» qoymamaq idi (Həv. 13:8). Lakin Şaul saray cadugərinin Sergi Paulusun marağını həqiqətdən yayındırmasına sakit baxmaq fikrində deyildi. Bəs o nə etdi? Müqəddəs Kitabda deyilir: «Onda həmçinin Bulus adlanan Şaul müqəddəs ruhla doldu və ona [Baryuşəyə] zənnlə baxıb dedi: “Ey İblisin balası, salehliyin düşməni! Sənin için hər cür yalan və pisliklə doludur! Nə vaxta qədər Yehovanın düz yollarını əyəcəksən? Bax, Yehovanın əli sənə qarşı qalxıb. Sən kor olacaqsan, bir müddət gün işığına həsrət qalacaqsan”. O andaca Elimasın gözünə qatı duman və qaranlıq çökdü. O, ora-bura vurnuxaraq özünə bələdçi axtarmağa başladı»g. Bu möcüzənin sayəsində nə baş verdi? «Prokonsul bunu görəndə iman gətirdi, çünki Yehova haqqında öyrəndikləri onu valeh etmişdi» (Həv. 13:9—12).
8. Biz Bulus kimi necə cəsarət göstərə bilərik?
8 Bulus Baryuşədən qorxmadı. Padşahlıq xəbərinə qarşı duran insanlar ona maraq göstərənlərin imanını məhv etməyə çalışanda biz də qorxmamalıyıq. Əlbəttə, bizim sözlərimiz «həmişə duzlu, ürəkaçan» olmalıdır (Kol. 4:6). Bununla belə, sadəcə münaqişələrdən qaçmaq xatirinə maraqlanan insanın ruhani rifahını təhlükəyə atmaq istəməzdik. Üstəlik, bu gün yalan təlimlər Baryuşə kimi «Yehovanın düz yollarını» əyməyə davam edir. Biz onları ifşa etməkdən qorxub çəkinməməliyik (Həv. 13:10). Gəl Bulus kimi biz də həqiqəti cəsarətlə bəyan edək və səmimi insanların ürəyinə yol tapaq. Hətta Allahın bizi dəstəkləməsi Bulusun vəziyyətində olduğu kimi aydın görünməsə də, əmin ola bilərik ki, Yehova müqəddəs ruhundan istifadə edərək layiqli insanları həqiqətə cəlb edəcək (Yəh. 6:44).
«Xalqı ruhlandırmağa sözünüz varsa, buyurun» (Həvarilərin işləri 13:13—43)
9. Bulusla Barnəba bu gün yığıncaqda məsuliyyət daşıyan qardaşlar üçün hansı sahədə gözəl nümunə qoymuşdur?
9 Görünür, onlar Pafosdan çıxıb Kiçik Asiyanın sahilində yerləşən və dəniz yolu ilə təxminən 250 kilometr aralıda olan Pergiyaya gedəndə müəyyən dəyişikliklər baş verdi. Həvarilərin işləri 13:13 ayəsində bu qrup haqqında «Bulus yoldaşları ilə birlikdə» kimi danışılır. Bu ifadədən belə qənaətə gəlmək olar ki, indi qrupun fəaliyyətinə Bulus rəhbərlik edirdi. Buna baxmayaraq, Müqəddəs Kitabın heç bir yerində Barnəbanın Bulusa həsəd apardığına eyham belə vurulmur. Əksinə, bu iki kişi Allahın iradəsini yerinə yetirmək üçün çiyin-çiyinə çalışmağa davam edirdi. Bulusla Barnəba bu gün yığıncaqda məsuliyyət daşıyan qardaşlar üçün gözəl nümunə qoymuşdur. Məsihilər nüfuz üstündə rəqabət aparmamalı, əksinə, İsanın «siz... bir-birinizə qardaşsınız» sözlərini yadda saxlamalıdırlar. İsa həmçinin demişdi: «Özünü yüksəldən alçaldılacaq, özünü alçaldan yüksəldiləcək» (Mət. 23:8, 12).
10. Pergiyadan Pisidiya Antakyasına gedən yolu təsvir et.
10 Pergiyaya çatanda Mark ləqəbli Yəhya Bulusla Barnəbanı qoyub Yerusəlimə qayıtdı. Müqəddəs Kitabda onun qəfildən çıxıb getməsinin səbəbi izah edilmir. Bulusla Barnəba yollarına davam edərək Pergiyadan Pisidiyadakı Antakyaya, Qalatiya vilayətində yerləşən şəhərə gəldilər. Bu yolu aşmaq asan iş deyildi, çünki Pisidiya Antakyası dəniz səviyyəsindən 1100 metr hündürlükdə yerləşirdi. Həmçinin təhlükəli dağ yolları, adətən, quldurlarla dolu olurdu. Bu azmış kimi, ehtimal ki, həmin vaxt Bulusun səhhəti də yaxşı deyildih.
11, 12. Pisidiya Antakyasındakı sinaqoqda danışarkən Bulus dinləyicilərində necə maraq oyatdı?
11 Pisidiya Antakyasında Bulusla Barnəba şənbə günü sinaqoqa getdilər. Müqəddəs Kitabda deyilir: «Tövrat və Peyğəmbərlərin kitabı oxunduqdan sonra sinaqoqun rəisləri onların yanına adam göndərib soruşdular: “Qardaşlar, xalqı ruhlandırmağa sözünüz varsa, buyurun, söyləyin”» (Həv. 13:15). Bulus danışmaq üçün ayağa qalxdı.
12 Bulus nitqinin əvvəlində: «Ey israillilər və ürəyində Allah qorxusu olanlar»,— deyərək dinləyicilərə müraciət etdi (Həv. 13:16). Onu dinləyənlər yəhudilərdən və prozelitlərdən ibarət idi. Bulus İsanın Allahın niyyətində oynadığı rolu qəbul etməyən dinləyicilərində maraq oyatmaq üçün nə etdi? Birincisi, o, qısaca olaraq yəhudi xalqının tarixindən danışdı. Yehovanın «qürbətdə, Misir torpağında yaşayarkən» bu xalqı necə ucaltdığını və köləlikdən azad olduqdan sonra Allahın «qırx il ərzində səhrada onlara» necə dözdüyünü təsvir etdi. Bulus həmçinin israillilərin Vəd edilmiş diyara necə sahib olduqları, eləcə də Yehovanın torpağı onların arasında necə bölüşdürdüyü haqda danışdı (Həv. 13:17—19). Bəzilərinin fikrincə, ehtimal ki, Bulus bir neçə dəqiqə əvvəl şənbə ayininin bir hissəsi kimi, ucadan oxunan Müqəddəs Kitab parçasına istinad etmişdi. Əgər belə idisə, onda bu, Bulusun «hər cür adam üçün hər şey» olmağı bacardığına daha bir nümunədir (1 Kor. 9:22).
13. Şahidlik etdiyimiz insanların ürəyinə necə yol tapa bilərik?
13 Biz də təbliğ etdiyimiz insanlarda maraq oyatmağa çalışmalıyıq. Məsələn, insanın hansı dinə mənsub olduğunu bilsək, onun üçün xüsusilə maraqlı olan mövzuları seçmək bizə asan olacaq. Həmçinin biz Müqəddəs Kitabdan həmsöhbətimizə tanış olan hissələri sitat gətirə bilərik. İnsanın ayələri öz Müqəddəs Kitabından oxuması daha effektiv ola bilər. Şahidlik etdiyin insanların ürəyinə yol tapmaq üçün üsullar axtar.
14. a) Bulus İsa haqqında xoş xəbəri çatdırarkən sözünə necə başladı və o, dinləyicilərinə hansı xəbərdarlığı söylədi? b) Camaat Bulusun nitqinə necə hay verdi?
14 Sonra Bulus İsrail padşahlarının nəslindən xilaskar İsanın gəldiyi və Vəftizçi Yəhyanın onun gəlişinə yol hazırladığı haqqında danışdı. Bundan sonra Bulus İsanın necə öldürüldüyünü və dirildiyini təsvir etdi (Həv. 13:20—37). O dedi: «Bunu bilin ki, biz sizə bu adam vasitəsilə günahların əfvini bildiririk... İman gətirən hər kəs bu adamın vasitəsilə günahsız sayılır». Sonra həvari dinləyicilərinə xəbərdarlıq etdi: «Özünüzü gözləyin ki, Peyğəmbərlərin kitabında deyilən bu sözlər sizin başınıza gəlməsin: “Ey rişxəndçilər, baxın və mat qalın, məhv olun, çünki Mən sizin zəmanədə elə bir iş görəcəyəm ki, onun haqqında sizə ətraflı danışsalar da, əsla inanmayacaqsınız”». Bulusun nitqinin dinləyicilərdə oyatdığı təəssürat diqqətəlayiq idi. Müqəddəs Kitabda deyilir: «Camaat yalvar-yaxar edib onlardan xahiş etdi ki, gələn şənbə də bu haqda danışsınlar». Üstəlik, «sinaqoqdakılar dağılışandan sonra yəhudilərin və prozelitlərin arasından xeyli mömin adam Bulusla Barnəbanın dalınca getdi» (Həv. 13:38—43).
«Biz digər xalqlara üz tuturuq» (Həvarilərin işləri 13:44—52)
15. Növbəti şənbə günü nə baş verdi?
15 Növbəti şənbə günü «demək olar ki, bütün şəhər» Bulusa qulaq asmağa yığışdı. Bu, bəzi yəhudilərin xoşuna gəlmədi və onlar «küfr danışa-danışa Bulusun dediklərinə qarşı çıxmağa başladılar». Belə olduqda, Bulusla Barnəba cəsarətlə onlara dedi: «Allahın sözü ilk növbədə sizə çatdırılmalı idi. Madam ki siz bu sözü rədd edirsiniz və özünüzü əbədi həyata layiq hesab etmirsiniz, biz digər xalqlara üz tuturuq. Yehova bizə belə əmr edib: “Mən səni xalqlar üçün nur təyin etdim ki, yerin nəhayətlərinədək nicat aparasan”» (Həv. 13:44—47; Əşy. 49:6).
16. Yəhudilər xoş xəbərin təbliğçilərinin kəskin sözlərinə necə münasibət göstərdilər və Bulusla Barnəba onların müqavimətlərinin qarşısında nə etdi?
16 Başqa xalqlardan olanlar sevindilər və «əbədi həyat yolunda yeriməyə meyli olanların hamısı iman gətirdi» (Həv. 13:48). Yehovanın sözü tezliklə bütün o əraziyə yayıldı. Yəhudilərin isə xoş xəbərə münasibəti tamamilə başqa cür oldu. Müjdəçilər mahiyyət etibarilə yəhudilərə dedilər ki, Allahın Kəlamı birinci onlara çatdırılsa da, onlar Məsihi rədd etdilər, buna görə də Allahın hökmünə uğrayacaqlar. Yəhudilər şəhərin hörmətli qadınlarını və nüfuzlu kişilərini «qızışdırıb Bulus ilə Barnəbaya qarşı qaldırdılar və onlar həvariləri öz torpaqlarından qovdular». Bəs Bulus və Barnəba nə etdi? Onlar «ayaqlarının tozunu çırpıb Konyaya getdilər». Bununla Pisidiya Antakyasında məsihiliyə son qoyuldumu? Qətiyyən! Orada qalan «şagirdlərin sevinci aşıb-daşır, onlar müqəddəs ruhla dolurdular» (Həv. 13:50—52).
17—19. Bulusla Barnəbanın qoyduğu gözəl nümunəni necə təqlid edə bilərik və bu bizə sevincimizi qorumağa necə kömək edəcək?
17 Bu sadiq insanların müqavimətlər qarşısında özlərini necə aparmasından özümüzə vacib dərs götürə bilərik. Hətta dünyanın nüfuzlu insanları bizə mane olmağa çalışanda belə biz təbliği dayandırmırıq. Əgər fikir verdinsə, Antakyadakı camaat xoş xəbəri rədd edəndə Bulusla Barnəba ayaqlarının tozunu çırpdı. Onlar bunu qəzəbləndikləri üçün yox, həmin insanların gələcəyinə görə məsuliyyət daşımadıqlarını göstərmək üçün etdilər. Bu şövqlü təbliğçilər başa düşürdülər ki, insanların xoş xəbərə necə münasibət göstərəcəyi onlardan asılı deyil. Onlardan asılı olan şey təbliğə davam edib-etməyəcəkləri idi. Buna görə də Konyaya çatana kimi onlar yolboyu təbliğ etdilər!
18 Bəs Antakyada qalan şagirdlər haqda nə demək olar? Düzdür, onları əhatə edən insanlar xoş xəbərə düşmən kəsilmişdi. Lakin onların sevinci başqalarının xəbərə yaxşı hay verməsindən asılı deyildi. İsa demişdi: «Allahın sözünü eşidib ona əməl edənlər xoşbəxtdirlər!» (Luka 11:28). Pisidiya Antakyasındakı şagirdlər məhz bu cür davranmaq əzmində idilər.
19 Gəl Bulusla Barnəba kimi heç vaxt unutmayaq ki, biz xoş xəbəri təbliğ etmək məsuliyyətini daşıyırıq. Xəbəri qəbul edib-etməmək yalnız və yalnız təbliğ etdiyimiz adamın işidir. İnsanlar müjdəyə hay verməyəndə biz birinci əsrdəki şagirdlərin nümunəsini izləyə bilərik. Həqiqəti qiymətləndirsək və müqəddəs ruhun bizə rəhbərlik etməsinə yol versək, hətta təqiblər qarşısında belə sevincimizi qoruya bilərik (Qal. 5:18, 22).
a «“Təsəlli oğlu” Barnəba» adlı çərçivəyə bax.
b Həmin vaxt Yerusəlimdən təxminən 550 kilometr şimalda yerləşən Suriya Antakyasına qədər uzanan ərazilərdə artıq yığıncaqlar var idi.
d Birinci əsrdə, külək əlverişli istiqamətdə əsərdisə, gəmi bir günə 150 kilometr yol gedə bilərdi. Sərt hava şəraitində belə səyahətlər çox uzun sürərdi.
e «Yəhudi sinaqoqları» adlı çərçivəyə bax.
f Kipr Roma senatının idarəçiliyi altında idi. Adanı prokonsul rütbəli əyalət valisi idarə edirdi.
g Bu vaxtdan etibarən Şaula Bulus kimi müraciət olunur. Bəzilərinin fikrincə, bu Roma adını o, Sergi Paulusun şərəfinə götürmüşdü. Lakin Kiprdən getdikdən sonra da onun Bulus adı ilə çağırılması bunun başqa səbəbini üzə çıxarır — «digər xalqlara göndərilmiş bir həvari» olan Bulus o andan etibarən yalnız özünün Roma adı ilə çağırılmasını qərara aldı. Ehtimal ki, həmçinin onun ibrani adının, yəni Şaulun yunan dilində tələffüzü o dildə pis məna daşıyan sözlə çox oxşar olduğundan o, Bulus adından istifadə etmək qərarına gəldi (Rom. 11:13).