DƏRS 48
Mülayim və dərrakəli ol
BİZ Müqəddəs Kitabın sayəsində həyatımızda baş verən dəyişikliklərə görə çox minnətdarıq və onun başqalarına da belə fayda gətirməsini istəyirik. Bundan başqa, xoş xəbərə necə hay vermələrindən insanların gələcəyinin asılı olduğunu da başa düşürük (Mat. 7:13, 14; Yəh. 12:48). Biz səmimi-qəlbdən insanların həqiqəti qəbul etməsini arzulayırıq. Lakin yaxşı nəticə əldə etmək üçün möhkəm əminlik və səydən başqa dərrakəli və mülayim olmaq da tələb olunur.
Hətta Müqəddəs Yazılardan çoxlu təsdiqləyici ayələr gətirdikdə belə, hansısa bir şeyin əslində necə olduğunu kobud şəkildə söyləyərək insanın ürəyinə əziz olan etiqadın yalan olduğunu ifşa etmək elə də yaxşı nəticəni vermir. Məsələn, sadəcə məşhur bayramların kökünün bütpərəstliyə gedib çıxdığını söyləməklə, insanların onlara münasibəti dəyişməyəcək. Lakin məsələyə mülayimliklə və dərrakə ilə yanaşmaqla çox şeyə nail olmaq olar. Bəs mülayim olmaq nə deməkdir?
Müqəddəs Yazılarda deyilir ki, ‘yuxarıdan nazil olan hikmət... sülhpərvər, mülayimdir’ (Yaq. 3:17). «Mülayim» kimi tərcümə olunan yunan sözü hərfi mənada «güzəştə gedən» deməkdir. Diqqət yetir ki, mülayimlik sülhpərvərliklə əlaqələndirilir. Titusa 3:2 ayəsində bu xüsusiyyət həlimliklə yanaşı göstərilir, davakarlığa isə zidd tutulur. Filipililərə 4:5 ayəsi bizi ‘mülayimliyimizlə’ tanınmağa təşviq edir. Mülayim insan qarşısındakının mənşəyini, vəziyyətini və hisslərini nəzərə alır. Lazım gələndə güzəştə getməyə hazır olur. Bu cür yanaşma üsulu insanların ürəyinə və zehninə yol açır və onlarla Müqəddəs Kitab əsasında mülahizə yürütdükdə bizə daha həvəslə qulaq asmalarına kömək edir.
Nədən başlamaq lazımdır? Tarixçi Luka xəbər verir ki, həvari Pavel Salonikdə olanda, ‘Məsihin əzab çəkib, ölülərdən dirilməsinin lazım olduğunu izah və sübut edərkən’ Müqəddəs Yazılardan istifadə edirdi (Həv. iş. 17:2, 3). Diqqətəlayiqdir ki, Pavel bunu sinaqoqda edirdi. Onun müraciət etdiyi insanlar İbranicə Müqəddəs Yazılara etibarlı mənbə kimi baxırdılar. Buna görə də söhbətə onların qəbul etdiyi şeylərdən başlamaq yerində idi.
Afinadakı Areopaqda yunanlara müraciət edərkən isə, Pavel söhbətinə Müqəddəs Yazılara istinad etməklə başlamadı. Əksinə, onların bildiyi və qəbul etdiyi şeylərdən başladı və bunlardan istifadə edərək Yaradan və Onun niyyətləri haqqında söhbətə keçdi (Həv. iş. 17:22-31).
Müasir dövrdə milyonlarla insan Müqəddəs Kitabı etibarlı mənbə hesab etmir. Lakin indiki çətin zəmanə, demək olar ki, hər kəsin həyatına təsir edir. İnsanlar şəraitin yaxşılaşmasının həsrətindədirlər. Əvvəlcə onları narahat edən şeylərə laqeyd yanaşmadığını göstərsən, sonra Müqəddəs Kitabın bunun səbəbini necə izah etdiyini söyləsən, bu, onları Müqəddəs Kitabda Allahın insanlara dair niyyəti haqqında deyilənlərə qulaq asmağa təşviq edə bilər.
Ola bilər, Müqəddəs Kitabı öyrənən adamın dini etiqadları və riayət etdiyi adət-ənənələr ona dədə-babalarından qalıb. İndi həmin etiqadların və adətlərin Allaha məqbul olmadığını öyrəndiyi üçün onları rədd edərək Müqəddəs Kitabdakı həqiqətləri qəbul edir. O, bu qərarını valideynlərinə necə izah edə bilər? Valideynlərinə elə gələ bilər ki, ona ötürdükləri dini ənənələri rədd etməklə o, onların özünü rədd edir. Öyrənən belə nəticəyə gələ bilər ki, qərarını Müqəddəs Kitab əsasında izah etməzdən əvvəl, onları sevdiyinə və hörmət etdiyinə valideynlərini əmin etməlidir.
Nə zaman güzəştə getmək lazımdır? Əmr etməyə tam səlahiyyəti olmasına baxmayaraq, Yehova Allah qeyri-adi mülayimlik nümayiş etdirir. Lutu ailəsi ilə birlikdə Sodomdan xilas edərkən Yehovanın mələyi ona dedi: «Bu düzənliyin heç yerində qalma, dağa qalx, yoxsa həlak olarsan». Lakin Lut: «Aman, ağam!» — deyib, Soara qaçmağa izin verməsi üçün Yehovaya yalvardı. Yehova Lutun istəyini nəzərə alıb ona ora getməyə icazə verdi. Buna görə də başqa şəhərlər məhv ediləndə Soara heç nə olmadı. Lakin sonralar Lut Yehovanın ilk göstərişinə əməl edib dağa köçdü (Yar. 19:17-30). Yehova göstərişinin düzgün olduğunu bilirdi, lakin O, anlayışla və səbirlə yanaşaraq, Lutun özünün bunu başa düşməsinə yol verdi.
Qarşımızdakı məqsədə çatmaq istəyiriksə, biz də insanlarla münasibətdə mülayim olmalıyıq. Ola bilər, sən əminsən ki, qarşındakı yanılır. Bunu sübut etmək üçün təkzibedilməz dəlillər də gətirə bilərsən. Lakin yaxşı olar ki, ona yanıldığını sübut etməyə çalışmayasan. Mülayim olmaq Yehovanın normalarını pozmaq demək deyil. Sadəcə ona öz fikirlərini bölüşdüyü üçün minnətdarlıq etmək və ya bəzi yanlış fikirlərinə şərh verməmək olar. Bunun sayəsində söhbəti daha yaxşı nəticə verəcək mövzuya yönəldə biləcəksən. Hətta o, sənin etiqadını tənqid etsə də, kəskin reaksiya vermə. Ondan nə üçün belə düşündüyünü soruş. Cavabını diqqətlə dinlə. Belə etməklə, onun hansı düşüncə tərzinə malik olduğunu başa düşəcəksən. Bu, həmçinin gələcəkdə faydalı söhbətlər etməyə də yol aça bilər (Sül. məs. 16:23; 19:11).
Yehova insanlara seçim etmək bacarığı bəxş etmişdir. İnsanlar bu bacarıqlarından düzgün istifadə etməsələr belə, Yehova onları bundan məhrum etməyib. Yehovanın adından xalqa müraciət edən Yeşua Allahın İsrail üçün etdiklərini sadaladı. Sonra isə dedi: «Əgər Rəbbə qulluq etmək gözünüzdə pisdirsə, bu gün kimə qulluq edəcəyinizi özünüz seçin. Atalarınızın qulluq etdikləri Fərat çayının o tayındakı allahlaramı, yoxsa torpaqlarında yaşadığınız Emorluların allahlarınamı qulluq edəcəksiniz? Amma mən və mənim evimdəkilər Rəbbə qulluq edəcək» (Yeşua 24:15). Bu gün bizə «şəhadət» etmək tapşırılıb. Biz əminliklə danışır, lakin başqalarını dediklərimizə inanmağa məcbur etmirik (Mat. 24:14). Onlar seçim etməlidirlər və biz onları bu hüquqdan məhrum etməyə çalışmırıq.
Suallar ver. İnsanlarla danışarkən mülahizə yürütməkdə İsa gözəl nümunə qoymuşdur. O, dinləyicilərin mənşəyini nəzərə alır və onlara tanış olan şeylərdən nümunələr çəkirdi. Həmçinin suallardan da məharətlə istifadə edirdi. Bu, insanlara fikirlərini ifadə etməyə imkan verir və onların ürəyindəkiləri üzə çıxarırdı. Suallar, həmçinin onları müzakirə edilən mövzu üzərində düşünməyə təşviq edirdi.
Qanunu yaxşı bilən bir nəfər İsadan: «Əbədi həyatı miras almaq üçün mən nə etməliyəm?» — deyə soruşdu. İsa bu suala dərhal da cavab verə bilərdi. Lakin o, həmin adamı öz fikrini bildirməyə təşviq etdi: «Qanunda nə yazılıb? Necə oxuyursan?» Kişi doğru cavab verdi. Onun düzgün cavab verməsi söhbətə son qoydumu? Xeyr. İsa ona sözünə davam etməyə yol verdi və həmin adamın sonra verdiyi sual onun özünə bəraət qazandırmağa çalışdığını göstərdi. O soruşdu: «Axı mənim qonşum kimdir?» İsa qonşunun kim olduğunu söyləmədi, çünki həmsöhbəti yəhudilərin başqa xalqlara və samariyalılara olan münasibətinin təsiri altında olaraq buna etiraz edə bilərdi. Əksinə, İsa onu bir nümunə üzərində düşünməyə təşviq etdi. Bu nümunə, kahin və levilidən fərqli olaraq, quldurlar tərəfindən döyülüb talan edilmiş bir kişiyə kömək edən xeyirxah samariyalı haqda idi. Sadə bir sualla İsa həmsöhbətinin nümunənin məğzini başa düşdüyünə əmin oldu. İsanın bu cür mülahizə yürütməyi sayəsində kişi «qonşu» sözünün heç vaxt ağlından belə keçirmədiyi mənasını bildi (Luka 10:25-37). Təqlid etmək üçün necə də gözəl nümunədir! Təkcə özün danışmaqdansa və beləliklə də mahiyyət etibarilə həmsöhbətinin əvəzinə düşünməkdənsə, nəzakətlə suallar verməyi və onu düşünməyə təşviq edən nümunələr çəkməyi öyrən.
Sübutlar gətir. Həvari Pavel Salonikdəki sinaqoqda danışarkən sadəcə dinləyiciləri üçün nüfuzlu olan mənbədən oxumaqla kifayətlənmədi. Lukanın sözlərinə görə Pavel izah etdi, sübut etdi və oxuduqlarını necə tətbiq etməyi göstərdi. Nəticədə, «onlardan bəziləri... iman gətirdilər və Pavel ilə Silaya tərəf keçdilər» (Həv. iş. 17:1-4).
Auditoriyanın kimlərdən ibarət olmasından asılı olmayaraq, bu cür yanaşma üsulu faydalı ola bilər. Bu, qohumlara, iş yoldaşlarına, məktəb yoldaşlarına, xidmət zamanı tanımadığın adamlara şahidlik etdiyin, Müqəddəs Kitab öyrənməsi keçirdiyin və ya yığıncaqda çıxış etdiyin hallara da aiddir. Müqəddəs Kitabdan oxuduğun ayənin mənası sənə aydın ola bilər, lakin bu o demək deyil ki, o, sənin qarşındakına da aydındır. Nəticədə, ayəni izah edərkən və ya onun necə tətbiq edildiyini göstərərkən sözlərin qəti surətdə irəli sürülən iddia kimi səslənə bilər. Belə olmasın deyə, ayədəki əsas sözləri seçib onları izah edə bilərsənmi? Söylədiyin fikri təsdiq etmək üçün kontekstdən və ya mövzu ilə bağlı başqa ayələrdən dəlillər gətirə bilərsənmi? Sözlərinin ağlabatan olduğunu göstərmək üçün nümunə çəkmək olarmı? Dinləyiciləri mövzu üzərində düşündürməkdə sualların köməyi dəyərmi? Həqiqəti bu cür mülayimliklə və dərrakə ilə təqdim etmək insanlara xoş təsir bağışlayacaq və bunun sayəsində üzərində düşünmək üçün onlara maraqlı fikirlər söyləyə biləcəksən.