“Allahın kəlamı vüs’ət alırdı”
“Dünyaya sözünü göndərir; kəlamı tez yayılır” (MƏZMUR 147:15).
1, 2. İsa şagirdlərinə hansı tapşırığı verdi və bu tapşırıq özünə nələri daxil edirdi?
MÜQƏDDƏS Kitabın ən heyrətləndirici peyğəmbərliklərindən biri, Həvarilərin işləri 1:8-ci ayəsində yazılıbdır. Göyə qalxmazdan bir qədər əvvəl, İsa sadiq davamçılarına dedi: “Müqəddəs Ruh üzərinizə endikdən sonra... qüdrət alacaqsınız. Və... dünyanın ən uzaq yerlərinə qədər Mənə şahid olacaqsınız”. Onları necə də böyük iş gözləyirdi!
2 Allahın kəlamını bütün dünyada təbliğ etmək tapşırığı, sayca az olan şagirdlərə yəqin ki, qorxuducu görünürdü. Bu tapşırıq özünə nəyi daxil edirdi? İnsanlara, Allahın Padşahlığı haqqındakı xoş xəbəri anlamaqda kömək etmək lazım idi (Matta 24:14). İsa haqqında şəhadətlik etmək, onun tə’limlərini yaymaqdan və Yeqovanın niyyətində oynadığı rolu başa salmaqdan ibarət idi. Bundan əlavə, şagirdlər hazırlamaq və onları vəftiz etmək lazım idi. Sadalanan bu işlərin hamısını bütün dünyada icra etmək lazım gəlirdi! (Matta 28:19, 20).
3. İsa öz davamçılarını nədə əmin etdi və onun verdiyi tapşırığa şagirdlər necə yanaşdılar?
3 Lakin İsa öz davamçılarını əmin etdi ki, onlara tapşırılan işin icrasında müqəddəs ruh onlarla olacaq. Buna görə də, tapşırığın geniş miqyasına və düşmənlərin fasiləsiz olaraq onları susdurmağa yönəltdikləri şiddətli cəhdlərə baxmayaraq, İsanın ilk şagirdləri onun buyurduğunu müvəffəqiyyətlə yerinə yetirdilər. Bu, inkar edilməsi mümkün olmayan tarixi faktdır.
4. Təbliğ etmək və öyrətmək tapşırığında Allahın məhəbbəti necə əks olunurdu?
4 Təbliğ etmək və tə’lim vermək üzrə keçirilən ümumdünya kampaniyası, Allahın, Onu tanımayan insanlara məhəbbətinin təzahürü idi. Bu iş insanlara imkan verirdi ki, onlar Yeqovaya yaxınlaşsınlar və günahların bağışlanmasına nail olsunlar (Həvarilərin işləri 26:18). Bundan başqa, təbliğ etmək və öyrətmək tapşırığında Yeqovanın, Onun kəlamını yayanlara olan məhəbbəti də əks olunurdu, çünki onlar bu işi etməklə Yeqovaya sədaqətlərini və qonşularına olan məhəbbətlərini göstərə bilirdilər (Matta 22:37—39). Həvari Pavel məsihçi xidmətini o dərəcədə yüksək qiymətləndirirdi ki, onu “sərvət” adlandırırdı (2 Korinflilərə 4:7).
5. a) İlk məsihçilərin ən dəqiq tarixi harada yerləşir və bu mənbədə hansı artımdan bəhs olunur? b) “Həvarilərin işləri” kitabı nəyə görə Allahın müasir xidmətçiləri üçün əhəmiyyət kəsb edir?
5 İlk məsihçilərin təbliğ fəaliyyətlərinin ən dəqiq tarixi, şagird Lukanın Allahdan ilham alaraq yazdığı “Həvarilərin işləri” kitabında yerləşir. Həmin kitabda, heyrətləndirici və çox sür’ətli artım haqda bəhs olunur. Allahın Kəlamından olan biliyin belə vüs’ət alması, Məzmur 147:15-ci ayəsində yazılanları xatırladır: “[Yeqova] dünyaya sözünü göndərir; kəlamı tez yayılır”. Müqəddəs ruhdan qüvvət alan ilk məsihçilər haqqındakı mə’lumat bu gün bizim üçün həddindən artıq maraqlı və olduqca vacibdir. Yeqovanın Şahidləri həmin təbliğ fəaliyyətini və şagirdlərin hazırlanması işini yerinə yetirirlər, ancaq bunu daha geniş miqyasda edirlər. Biz təxminən, birinci əsrdəki məsihçilərin qarşılaşdıqları eyni çətinliklərlə qarşılaşırıq. Yeqovanın ilk məsihçilərə necə xeyir-dua və qüvvət verdiyinə diqqət yetirməklə, Onun köməyinə əminliyimiz möhkəmlənəcəkdir.
Şagirdlərin sayının artımı
6. Vüs’ət almağa aid hansı ifadəyə “Həvarilərin işləri” kitabında üç dəfə rast olunur və bu ifadə nə mə’na daşıyır?
6 Həvarilərin işləri 1:8-ci ayəsindən olan sözlərin yerinə yetdiyini öyrənmək üçün, məsələn, «Allahın kəlamı vüs’ət alırdı» ifadəsini nəzərdən keçirək. Bu ifadəyə Müqəddəs Kitabda cü’zi fərqlə yalnız üç dəfə — hər üçünə də “Həvarilərin işləri” kitabında rast olunur (Həvarilərin işləri 6:7; 12:24; 19:20). “Allahın kəlamı”, yə’ni “Yeqovanın kəlamı” (YD) ifadəsi altında bu hissələrdə xoş xəbər — göylərdən verilib fəaliyyətə təşviq edən həqiqət, qəbul edənlərin həyatını dəyişən güclü, canlı kəlamlar nəzərdə tutulur (İbranilərə 4:12).
7. Həvarilərin işləri 6:7-ci ayəsində bəhs olunan artım nə ilə bağlıdır və eramızın 33-cü ilinin Pentikost günü nə baş verdi?
7 Allahın kəlamının vüs’ət alması haqda ilk dəfə Həvarilərin işləri 6:7-ci ayəsində bəhs olunur. Biz oxuyuruq: “Allahın kəlamı vüs’ət alırdı və Yerusəlimdə şagirdlərin sayı xeyli artırdı. Kahinlərdən bir çoxu da imana sarılırdı”. Buradakı artım, şagirdlərin sayının çoxalması ilə bağlıdır. Əvvəlcə, eramızın 33-cü ilinin Pentikost günündə, Allahın müqəddəs ruhu üst otağa yığılan təxminən 120 şagirdin üzərinə tökülmüşdü. Bundan sonra, həvari Peter ruhlandırıcı mə’ruzə ilə çıxış etdi və onu dinləyənlərdən 3 000 nəfəri elə həmin gün imana gəldilər. Minlərlə adam, İsanın — təxminən əlli gün qabaq bir cinayətkar kimi dirək üzərinə mismarlanan şəxsin ismi naminə vəftiz olunmaq üçün Yerusəlimdəki hovuza və onun ətrafında olan gölə doğru hərəkət edən zaman yaranan canlanmanı təsəvvür edin! (Həvarilərin işləri 2:41).
8. Eramızın 33-cü ilinin Pentikost bayramından sonrakı illər ərzində şagirdlərin sayı necə çoxalırdı?
8 Əlbət ki, bu yalnız başlanğıc idi. Yəhudi din rəhbərlərinin təbliğ fəaliyyətini dayandırmaq üçün yönəltdikləri arası kəsilməyən cəhdləri müvəffəqiyyətsizliyə uğradı. Onların hədsiz narazılığına səbəb olaraq, “Rəbb... xilas edilənləri gündən günə cəmiyyətə əlavə edirdi” (Həvarilərin işləri 2:47). Tezliklə, belə adamların “sayı təqribən beş min nəfərə çatdı”. Bundan sonra, “get-gedə artan kişilərlə qadınlar Rəbbə iman edib cəmiyyətə qoşulurdular” (Həvarilərin işləri 4:4; 5:14). Bir qədər sonrakı dövr haqqında oxuyuruq: “Bütün Yəhudeya, Qalileya və Samariyada cəmiyyətlər salamat qalıb inkişaf edirdilər və Rəbb qorxusunda, Müqəddəs Ruhun təşviqi ilə hərəkət edərək çoxalırdılar” (Həvarilərin işləri 9:31). Bir neçə ildən sonra, ehtimal ki, təxminən eramızın 58-ci ilində bir “neçə min nəfər iman” etmiş şəxslər haqqında danışılırdı (Həvarilərin işləri 21:20). Həmin vaxt artıq iman edən çoxlu qeyri-yəhudi də vardı.
9. İlk məsihçiləri necə təsvir edərdiniz?
9 Sayca artım, əsasən imana yeni gələnlərin hesabına olurdu. Məsihçi dini gənc olsa da, çox fəal idi. Kilsələrin passiv üzvlərindən fərqli olaraq, şagirdlər Yeqovaya və Onun Kəlamına tam sədaqətli idilər; onlardan bə’ziləri həqiqəti, qəddarcasına tə’qib olunan məsihçilərdən öyrənmişdilər (Həvarilərin işləri 16:23, 26—33). Məsihçiliyi inamla, şüurlu tərzdə qəbul edirdilər (Romalılara 12:1). İman göstərənlərə Allahın yollarını öyrədirdilər; həqiqət onların zehinlərində və ürəklərində idi (İbranilərə 8:10, 11). Onlar öz imanları uğrunda ölümə hazır idilər (Həvarilərin işləri 7:51—60).
10. İlk məsihçilər öz üzərlərinə hansı məs’uliyyəti götürürdülər və bizim zəmanəmizdə kimlər belə davranır?
10 Məsihçi tə’limini qəbul edənlər, həqiqəti başqaları ilə bölüşmək məs’uliyyətini anlayırdılar. Bu, şagirdlərin sayının sonrakı artımına bilavasitə səbəb olurdu. Bir Müqəddəs Kitab alimi qeyd edirdi: “İmanın yayılması, daha çox sə’y göstərən məsihçinin və ya rəsmi surətdə tə’yin olunan təbliğçinin istisna ixtiyarı sayılmırdı. Müjdənin təbliği, Cəmiyyətin hər bir üzvünün vəzifəsi və borcu idi. [...] Lap başlanğıcdan cəmiyyətin bütün üzvlərinin təbliğ işində könüllü olaraq iştirak etmələri, məsihçi hərəkatına güclü təkan verirdi”. Sonra o yazırdı: “Müjdəni təbliğ etmək ilk məsihçilər üçün həyat demək idi”. Bunu, müasir məsihçilər haqqında da demək olar.
Ərazilərin sayca artımı
11. Həvarilərin işləri 12:24-cü ayəsində hansı artım təsvir olunur və bu artım necə baş verirdi?
11 Allahın kəlamının vüs’ət alması haqda ikinci dəfə Həvarilərin işləri 12:24-cü ayəsində deyilir: “Allahın kəlamı isə vüs’ət alıb, yayılırdı”. Buradakı ifadə ərazilərin artması ilə bağlıdır. Dövlət rəhbərlərinin müqavimətinə baxmayaraq, məsihçi fəaliyyəti daima inkişaf edirdi. Başlanğıcda müqəddəs ruhun tökülməsi ilk dəfə Yerusəlimdə baş vermişdi, oradan isə kəlam sür’ətlə ətrafa yayılmağa başladı. Yerusəlimdəki tə’qib üzündən şagirdlər Yəhudeya və Samariyanın bütün ərazilərinə dağıldılar. Bunun nəticəsi nə oldu? “Dağılanlar Allahın kəlamını müjdələyərək dolaşırdılar” (Həvarilərin işləri 8:1, 4). Filip, xədimə təbliğ etmək tapşırığını yerinə yetirdi. Xədim vəftiz olunduqdan sonra xoş xəbəri Həbəşistana apardı (Həvarilərin işləri 8:26—28, 38, 39). Lod, Şaron və Yaffada həqiqətin təməli tez qoyuldu (Həvarilərin işləri 9:35, 42). Sonralar həvari Pavel dənizdə və quruda minlərlə kilometr məsafəni qət edib, Aralıq dənizi boyunca bir çox ölkələrdə yığıncaqlar təşkil etdi. Həvari Peter isə Babilə getdi (1 Peter 5:13). Eramızın 33-cü ilinin Pentikost günündə müqəddəs ruhun tökülməsindən təxminən 30 il sonra, Pavel yazırdı ki, xoş xəbər “göy altında olan hər məxluqa təbliğ edilmişdir”, yə’ni ola bilsin, o zaman dünyanın tanınan hissələrində yayılmışdır (Koloslulara 1:23).
12. Məsihçiliyin düşmənləri Allahın kəlamının ərazilərdə “vüs’ət aldığını” necə e’tiraf edirdilər?
12 Hətta məsihçi dininin düşmənləri belə e’tiraf edirdilər ki, Allahın kəlamı bütün Roma imperiyasında kök salmışdı. Məsələn, Həvarilərin işləri 17:6-cı ayəsində qeyd olunur ki, Yunanıstanın şimalındakı Salonik şəhərində düşmənlər ucadan deyirdilər: “Dünyanı alt-üst edən bu adamlar buraya da gəldilər”. Bundan əlavə, II əsrin başlanğıcında Kiçik Pliniy, Bitiniya şəhərindən roma imperatoru Trayana məsihçilik barədə gileylənərək yazmışdı: “[Məsihçilik] şəhərlərdə ləngimədi, amma öz epidemiyasını yaxınlıqdakı kəndlərə və qəsəbələrə yaydı”.
13. Ərazilərin artmasında Allahın bəşəriyyətə olan məhəbbəti hansı tərzdə əks olunurdu?
13 Ərazilərin bu tərzdə artmasında, fidiyəyə ehtiyac duyan bəşəriyyətə Yeqovanın dərin məhəbbəti ifadə olunurdu. Peter, qeyri-yəhudi olan Korneliusun üzərinə müqəddəs ruhun töküldüyünü görüb dedi: “Doğrudan da dərk edirəm ki, Allah insanların kimliyinə baxmaz. Amma hər xalqdan olub, Ondan qorxan və haqq iş görən Ona məqbuldur” (Həvarilərin işləri 10:34, 35). Bəli, xoş xəbər bütün xalqlar üçün müəyyən edilmişdi və Allahın kəlamının ərazilərdə “vüs’ət alması” insanlara hər yerdə Allahın məhəbbətinə öz münasibətlərini göstərmələrinə imkan verirdi. XXI əsrdə Allahın kəlamı əsil mə’nada bütün yer üzünə yayılıb.
Üstün gələn artım
14. Həvarilərin işləri 19:20-ci ayəsində hansı artım haqqında deyilir və Allahın kəlamı nəyə üstün gəlirdi?
14 Allahın kəlamının vüs’ət alması haqda üçüncü dəfə Həvarilərin işləri 19:20-ci ayəsində bəhs olunur. “Yeni Dünya Tərcüməsinə” əsasən oxuyuruq: “Yeqovanın kəlamı bu cür qüdrətlə artır və üstün gəlirdi”. “Üstün gəlirdi” kimi tərcümə olunan qədim yunan sözü, “qüvvənin təzahürü” fikrini verir. Əvvəlki ayələrdə danışılır ki, Efesdə bir çoxları iman etdilər və sehrbazlıqla məşğul olanların bə’ziləri hamının gözü qarşısında öz kitablarını yandırdılar. Beləliklə, Allahın kəlamı yalan dini e’tiqadlara “üstün gəlirdi”. Xoş xəbər, tə’qib kimi digər maneələrə də üstün gəlirdi. Onun yayılmasını heç nə dayandıra bilmirdi. Bu işdə birinci əsrin məsihçiləri ilə müasir məsihçilər arasında tə’sir bağışlayıcı daha bir oxşarlıq görürük.
15. a) Bir Müqəddəs Kitab tarixçisi ilk məsihçilər haqqında nə yazmışdı? b) Şagirdlər öz nailiyyətlərini kimə aid edirdilər?
15 Həvarilər və digər məsihçilər Allahın kəlamını sə’ylə e’lan edirdilər. Bir Müqəddəs Kitab tarixçisi onlar haqqında belə dedi: “İnsanlarda Rəbb haqqında danışmaq istəyi olanda, onlar bunu etməyin çoxsaylı üsullarını tapırlar. Bizə üsullar yox, həmin kişi və qadınların əhval-ruhiyyəsi daha çox tə’sir bağışlayır”. Bununla belə, ilk məsihçilər, xidmətlərindəki nailiyyətlərin büsbütün öz cəhdlərindən asılı olmadığını e’tiraf edirdilər. Müjdəni yaymaq işini onlara Allah həvalə etmişdi və Allahın özü də bu işi yerinə yetirməkdə onlara kömək edirdi. Ruhani artım Allahdan gəlir. Həvari Pavel bunu Korinfdəki yığıncağa yazdığı məktubunda e’tiraf etdi. O yazırdı: “Mən əkdim, Apollos suvardı, amma Allah böyütdü. Çünki biz Allahın yanında əməkdaşlarıq” (1 Korinflilərə 3:6, 9).
Müqəddəs ruh fəaliyyətdədir
16. Cəsarətlə danışmaq üçün müqəddəs ruhun şagirdlərə qüvvət verdiyi nədən görünür?
16 İsanın şagirdlərinə verdiyi və’di xatırlayaq: o, şagirdlərini əmin etmişdi ki, müqəddəs ruh Allahın kəlamının vüs’ət almasında müəyyən rol oynayacaq və təbliğ fəaliyyətinin həyata keçirilməsində onlara qüvvət verəcək (Həvarilərin işləri 1:8). Bəs bu necə baş verirdi? Pentikost günündə müqəddəs ruhun tökülməsindən tez sonra Peter və Yəhya, ölkənin ali məhkəməsi olan yəhudi Sinedrionunun qarşısında durdular; Sinedrionun tərkibinə daxil olan hakimlər İsa Məsihin e’damında məs’uliyyət daşıyırdılar. Həvarilər bu cür yüksək və düşmən mövqeyli yığıncağın qarşısında qorxudan əsirdilərmi? Qətiyyən! Müqəddəs ruh Peterlə Yəhyaya qüvvət verdi. Onlar elə cəsarətlə danışdılar ki, düşmənləri çox təəccübləndilər və onların “İsa ilə bərabər” olduqlarını bildilər (Həvarilərin işləri 4:8, 13). Stefan da, müqəddəs ruhun tə’siri sayəsində Sinedrion qarşısında cəsarətlə şəhadətlik etdi (Həvarilərin işləri 6:12; 7:55, 56). Bundan qabaq isə müqəddəs ruh şagirdləri cəsarətlə təbliğ etməyə təşviq etmişdi. Luka mə’lumat verir: “Onlar dua etdikdən sonra, toplaşdıqları yer sarsıldı. Hamı Müqəddəs Ruhla dolmuşdu və Allahın sözünü cəsarətlə söyləyirdi” (Həvarilərin işləri 4:31).
17. Müqəddəs ruh şagirdlərə xidmətdə daha necə kömək edirdi?
17 Yeqova güclü müqəddəs ruhunun vasitəsilə və dirildilmiş İsa ilə birlikdə təbliğ fəaliyyətinə rəhbərlik edirdi (Yəhya 14:28; 15:26). Müqəddəs ruh Korneliusun, onun qohumlarının və yaxın dostlarının üzərinə tökülən zaman həvari Peter e’tiraf etdi ki, sünnətsiz qeyri-yəhudilər İsa Məsihin ismi naminə vəftiz olunmaq tələblərinə müvafiq ola bilərlər (Həvarilərin işləri 10:24, 44—48). Daha sonra, Barnabanın və Şaulun (həvari Pavelin) missioner fəaliyyətinə tə’yin olunmalarında əsas rolu müqəddəs ruh oynamışdı və sonra, hara gedib getməmək lazım gəldiyini onlara ruh buyururdu (Həvarilərin işləri 13:2, 4; 16:6, 7). Yerusəlimdəki həvarilər və ağsaqqallar bir qərar qəbul edəndə, müqəddəs ruh onlara rəhbərlik edirdi (Həvarilərin işləri 15:23, 28, 29). Bundan əlavə, müqəddəs ruh yığıncaqda nəzarətçilərin tə’yin olunmasına da rəhbərlik edirdi (Həvarilərin işləri 20:28).
18. İlk məsihçilər məhəbbəti nədə göstərirdilər?
18 Bundan başqa, müqəddəs ruh məsihçilərdə məhəbbət kimi, Allaha məqbul olan xüsusiyyətləri yetişdirirərək, onların özlərində də fəaliyyət göstərirdi (Qalatiyalılara 5:22, 23). Məhəbbət, şagirdləri bir-birlərinə kömək etməyə təşviq edirdi. Məsələn, eramızın 33-cü ilinin Pentikost günündən sonra, Yerusəlimdəki şagirdlərin maddi ehtiyaclarını ödəmək üçün xüsusi fond təşkil olunmuşdu. Müqəddəs Kitabda deyilir: “Onların aralarında ehtiyacı olan bir kimsə yox idi. Ona görə ki, torpaq və mülk sahibi olanların hamısı bunları satıb, satılmış şeylərin pulunu gətirərək Həvarilərin sərəncamına verirdilər. Bu da hər birinə ehtiyacına görə paylanırdı” (Həvarilərin işləri 4:34, 35). Məsihçilərin məhəbbəti yalnız həmimanlılarını deyil, başqa insanları da əhatə edirdi və xoş xəbərin təbliğində olduğu kimi, digər xeyirxah işlərində də ifadə olunurdu (Həvarilərin işləri 28:8, 9). İsa, öz davamçılarının fədakar məhəbbətlərinə görə tanınacaqlarını söylədi (Yəhya 13:34, 35). Ən üstün xüsusiyyət olan məhəbbət, şübhəsiz ki, birinci əsrdə olduğu kimi, bizim zəmanəmizdə də insanları Allaha cəlb edir və artıma kömək edir (Matta 5:14, 16).
19. a) Allahın kəlamı birinci əsrdə hansı üç cəhətdən artırdı? b) Növbəti məqalədə biz nəyə diqqət yetirəcəyik?
19 “Müqəddəs ruh” ifadəsinə Həvarilərin işləri kitabında ümumiyyətlə 41 dəfə rast olunur. Məsihçilərin birinci əsrdəki artımı, şübhəsiz, müqəddəs ruhun qüvvəsi və rəhbərliyi ilə bağlı idi. Şagirdlərin sayı artır, Allahın kəlamı böyük ərazilərdə yayılır və o dövrün dinlərinə və fəlsəfələrinə üstün gəlirdi. Birinci əsrdə baş verən artım, bu gün Yeqovanın Şahidlərinin fəaliyyətində öz əksini tapır. Növbəti məqalədə, Allahın kəlamının müasir zəmanədə valehedici tərzdə vüs’ət aldığına diqqət yetirəcəyik.
Yadınızdadırmı?
• İlk şagirdlər sayca necə artırdılar?
• Allahın kəlamı digər ərazilərə necə yayılırdı?
• Birinci yüzillikdə Allahın kəlamı necə üstün gəlirdi?
• Allahın kəlamının vüs’ət almasında müqəddəs ruh hansı rolu oynayırdı?
[19-cu səhifədəki şəkil]
Müqəddəs ruh Yerusəlimdəki həvarilərə və ağsaqqallara rəhbərlik edirdi.
[22-ci səhifədəki şəkil]
Filipin xədimə təbliğ etməsi sayəsində xoş xəbər başqa əraziyə də yayıldı.
[İcazə ilə]
Yuxarı sağ künc: Reproduction of the City of Jerusalem at the time of the Second Temple-located on the grounds of the Holyland Hotel, Jerusalem