Qoy ümidimiz bizə sevinc versin
«Heç vaxt yalan danışmayan Allahın əzəldən bəri vəd etdiyi əbədi həyat [ümidinə malikik]» (TİT. 1:2).
TƏKRAR ÜÇÜN SUALLAR
Haradan bilirik ki, məsh olunmuş məsihçi yer üzündə həyatını sədaqətlə başa vuranda göylərin sakinləri sevinir?
Başqa qoyunların ümidinin gerçəkləşməsi məsh olunmuşların ümidinin gerçəkləşməsi ilə necə bağlıdır?
Ümidimizin gerçəkləşəcəyi vaxtı görmək üçün biz müqəddəs davranışa və Allaha sədaqətə xas olan hansı işlərlə məşğul olmalıyıq?
1. Yehovanın verdiyi ümid bizə hər bir vəziyyətə tab gətirməyə necə kömək edir?
HƏVARİ PAVEL Yehovanı «ümid mənbəyi olan Allah» adlandırdıqdan sonra əlavə etmişdi: «Qoy [O,]... imanınız sayəsində ürəyinizi sevinc və sülhlə bol-bol doldursun və ümidiniz müqəddəs ruhun qüvvəti ilə dolub-daşsın» (Rom. 15:13). Əgər ümidimiz dolub-daşsa, biz hər bir vəziyyətə tab gətirəcək, eləcə də sülh və sevincimizi qoruyacağıq. Məsh olunmuş məsihçilərin ümidi onlar üçün «etibarlı və möhkəm gəmi lövbəri» olduğu kimi, bizim ümidimiz də bizim üçün etibarlı və möhkəm gəmi lövbəri ola bilər (İbr. 6:18, 19). Həyatımızda «tufan» qopanda ümid yapışdığımız bir şeydir, ümid bizi «başqa səmtə» getməyə, yəni yavaş-yavaş şübhələrə qərq olmağa qoymur və imanımızı möhkəm saxlamağa kömək edir. (İbranilərə 2:1; 6:11 ayələrini oxu.)
2. Bizim dövrdəki iki qrup məsihçinin hansı ümidi var və nəyə görə məsh olunmuşların ümidi başqa qoyunları maraqlandırır?
2 Son günlərdə yaşayan məsihçilərin qarşısında iki cür ümid var. «Kiçik sürü»nün yer üzündə qalan məsh olunmuş məsihçiləri üçün göydə ölməz həyata qovuşaraq Padşahlıqda Məsihlə birgə padşah və kahin kimi xidmət etmək ümidi var (Luka 12:32; Vəhy 5:9, 10). Sayca onlardan xeyli çox olan «başqa [qoyunların]», yəni «böyük... izdiham»ın isə Cənnətə çevriləcək yer üzündə Məsihin Padşahlığının təbəələri kimi əbədi yaşamaq ümidi var (Vəhy 7:9, 10; Yəh. 10:16). Başqa qoyunlar heç vaxt unutmamalıdırlar ki, onların xilası hələ yer üzündə yaşayan Məsihin məsh olunmuş qardaşlarını fəal şəkildə dəstəkləmələrindən asılıdır (Mat. 25:34—40). Məsh olunmuşlar öz mükafatlarını alacaqlar, başqa qoyunların ümidi isə gerçəkləşəcək. (İbranilərə 11:39, 40 ayələrini oxu.) Gəlin ilk öncə məsh olunmuşların ümidinə nəzər salaq.
MƏSH OLUNMUŞLARIN «CANLI» ÜMİDİ
3, 4. Məsh olunmuş məsihçilər onları «canlı ümidə» qovuşduran «yeni həyat»ı necə alırlar və onların ümidi nədir?
3 Həvari Peter «seçilmişlər» adlandırdığı məsh olunmuş məsihçilərə iki məktub ünvanlamışdı (1 Pet. 1:2). O, kiçik sürüyə bəxş olunan ecazkar ümidin təfsilatları barədə yazmışdı. Peterin birinci məktubunda deyilir: «Ağamız İsa Məsihin Atası və Allahına şükürlər olsun! O, böyük mərhəmətinə görə İsa Məsihi diriltməklə bizə yeni həyat verib bizi canlı ümidə qovuşdurdu. O, bizə əbədi, ləkəsiz və solmaz miras verdi. Bu miras sizin üçün göydə qorunub saxlanılır. Siz özünüz də axır zamanlarda aşkar olacaq xilasa gətirdiyiniz iman sayəsində Allahın gücü ilə qorunursunuz. İndi siz buna çox sevinirsiniz» (1 Pet. 1:3—6).
4 Yehova Məsihlə birgə göydə hökmranlıq etmək üçün seçdiyi məsihçilərə «yeni həyat» bəxş edir. Sayı məhdud olan bu məsihçiləri Yehova müqəddəs ruhu ilə oğulluğa götürərək padşah və kahin təyin edir (Vəhy 20:6). Peter deyir ki, «yeni həyat» onlara canlı ümid bəxş edir və bu ümidi onlar üçün göydə qorunub saxlanılan «əbədi, ləkəsiz və solmaz miras» adlandırır. Təəccüblü deyil ki, məsh olunmuşlar belə bir canlı ümidə malik olduqlarına görə çox sevinirlər! Ancaq ümidlərinin gerçəkləşməsi onların sadiq qalmalarından asılıdır.
5, 6. Nəyə görə məsh olunmuş məsihçilər aldıqları dəvətə layiq şəkildə yaşamağa var gücləri ilə çalışmalıdırlar?
5 Məsh olunmuşlara ünvanladığı ikinci məktubunda Peter onları təşviq edirdi: «Aldığınız dəvətə və Allah tərəfindən seçildiyinizə layiq yaşamaq üçün var qüvvənizlə çalışın» (2 Pet. 1:10). Onlar var gücləri ilə iman, sədaqət, qardaşlıq sevgisi və məhəbbət kimi məsihçi xüsusiyyətlərini inkişaf etdirməyə can atmalıdırlar. Peter demişdi: «Əgər bütün bunlar sizdə varsa və daha da artırsa, siz... fəaliyyətsiz və bəhrəsiz qalmayacaqsınız». (2 Peter 1:5—8 ayələrini oxu.)
6 Dirildilmiş Məsih Kiçik Asiyada yerləşən Filadelfiya şəhərindəki ruhdan doğulan yığıncaq ağsaqqallarına müraciətində demişdi: «Mənim dözümüm haqqındakı sözə əməl etdiyin üçün, mən sınaq vaxtı səni qoruyacağam. O zaman bütün dünya — yer üzündə yaşayanların hamısı sınanacaq. Mən tezliklə gələcəyəm. Yeridiyin doğru yolda əzmlə addımla ki, heç kəs tacını əlindən almasın» (Vəhy 3:10, 11). Nöqsansızlığını qorumayan məsh olunmuş məsihçi sonadək sadiq qalan seçilmişlərə vəd olunan «solmaz şöhrət çələngi»ni ala bilməyəcəkdi (1 Pet. 5:4; Vəhy 2:10).
PADŞAHLIĞA AÇILAN QAPI
7. Yəhuda öz məktubunda hansı möhtəşəm ümidə toxunur?
7 Eramızın təxminən 65-ci ilində İsanın ögey qardaşı Yəhuda «çağırılmışlar» adlandırdığı məsh olunmuş məsihçilərə məktub yazmışdı. (Yəhuda 1; müqayisə et: İbranilərə 3:1 ayəsi ilə.) Ümumiyyətlə, Yəhudanın niyyəti Allahın səmavi Padşahlığına çağırılan məsihçilər üçün «ümumi» olan möhtəşəm xilas ümidi barədə məktub yazmaq idi (Yəhuda 3). Onun toxunmalı olduğu başqa vacib məsələlər olsa da, qısa məktubunun sonunda o, məsh olunmuş məsihçilərin gözəl ümidinə istinad edərək yazdı: «Sizi yıxılmaqdan qoruya bilən və Öz şərəfli hüzuruna böyük sevinclə, ləkəsiz gətirə bilən Xilaskarımız yeganə Allaha eşq olsun! Şöhrət, əzəmət, qüdrət və hakimiyyət Ağamız İsa Məsih vasitəsilə əzəldən əbədiyyətə qədər Onun olsun» (Yəhuda 24, 25).
8. Yəhuda 24 ayəsinə əsasən, məsh olunmuş məsihçi sonadək sadiq qalanda göyün sakinlərinin ona görə sevindiklərini nə göstərir?
8 Əlbəttə, hər bir sadiq məsh olunmuş məsihçi yıxılıb məhv olmaq istəmir. Onların Müqəddəs Kitaba əsaslanan ümidi bundan ibarətdir ki, İsa Məsih onları dirildəcək və Allahın hüzuruna böyük sevinclə kamil ruhani varlıq kimi gəlmələrinə icazə verəcək. Məsh olunmuş məsihçilərdən biri son nəfəsinədək sadiq qalanda tam əminliklə demək olar ki, o, «calal içində... ruhani varlıq kimi dirildilir» və «çürüməyə məruz qalmır» (1 Kor. 15:42—44). Əgər göyün sakinləri «tövbə edən bir günahkardan ötrü» çox sevinirlərsə, görün, yer üzündə həyatını sədaqətlə başa vuran ruhdan doğulmuş Məsihin bir qardaşına görə onlar nə qədər sevinirlər! (Luka 15:7). Yehova və sadiq ruhani varlıqlar «böyük sevinclə» mükafatını alan məsh olunmuş məsihçi üçün fərəhlənirlər. (1 Yəhya 3:2 ayəsini oxu.)
9. Hansı mənada Padşahlığın qapısı sadiq məsh olunmuşların üzünə geniş açılıb? Bu ümid hələ yer üzündə yaşayan məsh olunmuşlara necə təsir edir?
9 Həvari Peter də məsh olunmuş məsihçilərə yazmışdı ki, əgər sadiq qalaraq aldıqları dəvətə layiq yaşasalar, «Ağamız və Xilaskarımız İsa Məsihin əbədi padşahlığının qapısı [onların üzünə] geniş açılacaq» (2 Pet. 1:10, 11). Peter Padşahlığın qapısının məsh olunmuşların üzünə geniş açılacağını deməklə, ola bilsin, onların göylərə böyük əzəmətlə daxil olacağı faktı nəzərdə tuturdu. Peter həmçinin həyat uğrunda qaçışı uğurla başa vuran bu məsihçilərin göylərdə alacağı saysız-hesabsız xeyir-dualara da istinad edə bilərdi. Onlar arxaya boylanıb sədaqətlə yaşadıqları həyatlarına nəzər salanda ürəkləri sevinc və minnətdarlıqla dolub-daşacaq. Şübhə yoxdur ki, bu ümid hələ yer üzündə yaşayan məsh olunmuş məsihçiləri möhkəmləndirərək ağıllarını fəaliyyətə hazırlamağa kömək edir (1 Pet. 1:13).
BAŞQA QOYUNLAR ÜÇÜN ÜMİD
10, 11. a) Başqa qoyunlar üçün hansı ümid var? b) Başqa qoyunların ümidinin gerçəkləşməsi İsa Məsihlə və Allahın oğullarının meydana çıxması ilə necə bağlıdır?
10 Həvari Pavel Allahın ruhdan doğulmuş oğullarının Məsihin həmvarisləri olmaq kimi möhtəşəm ümidi barədə yazmışdı. Daha sonra isə o, sayı məlum olmayan başqa qoyunlara Yehovanın verdiyi gözəl ümid barədə xatırladı: «Bütün xilqət [insanlar]... böyük səbirsizliklə Allahın oğullarının [məsh olunmuşların] meydana çıxacağı vaxtı gözləyir. Axı xilqət puçluğa öz xoşu ilə tabe olmamışdır, onu tabe edən bunu ümidlə etmişdir. Beləliklə, xilqət çürüklük əsarətindən qurtulub Allahın övladlarının şanlı azadlığına qovuşacaqdır» (Rom. 8:14—21).
11 Yehova «övlad» vasitəsilə bəşəriyyəti «qədim ilan» adlanan Şeytan İblisdən azad edəcəyini vəd edəndə bu ümidi vermişdi (Vəhy 12:9; Yar. 3:15). «Övlad»ın əsas hissəsi İsa Məsihdir (Qalat. 3:16). İsa Məsihin ölüb dirilməsi sayəsində bəşəriyyətin günah və ölümün əsarətindən qurtulmaq kimi əsaslı ümidi var. Bu ümidin gerçəkləşməsi «Allahın oğullarının meydana [çıxması]» ilə bağlıdır. Göydə izzətə qovuşmuş məsh olunmuş məsihçilər «övlad»ın ikinci dərəcəli hissəsidir. Onlar nə zaman meydana çıxacaqlar? İlk öncə Məsihlə birgə Şeytanın pis sistemini məhv edəcəkləri zaman (Vəhy 2:26, 27). Bu, böyük müsibətdən çıxacaq başqa qoyunlara xilas gətirəcək (Vəhy 7:9, 10, 14).
12.Məsh olunmuşların meydana çıxması bəşəriyyət üçün hansı möhtəşəm xeyir-duaları gətirəcək?
12 Məsihin Minillik Hökmranlığı zamanı «xilqət», yəni insanlar necə də rahatlıqla nəfəs alacaq! O vaxt izzətə qovuşmuş Allahın oğulları başqa mənada da meydana çıxacaqlar: onlar Məsihlə birgə onun fidyə qurbanlığının dəyərini bəşəriyyətə tətbiq edərək kahin rolunda çıxış edəcəklər. Səmavi Padşahlığının təbəəsi olan «xilqət» günah və ölümün təsirindən azad olmağa başlayacaq. İtaətkar insanlar tədricən «çürüklük əsarətindən» qurtulacaqlar. Əgər Minillik zamanı Yehovaya sadiq qalsalar və sonuncu imtahandan keçsələr, onların adı əbədilik olaraq həyat kitabında yazılacaq. Onlar «Allahın övladlarının şanlı azadlığına [qovuşacaqlar]» (Vəhy 20:7, 8, 11, 12). Bu, həqiqətən də, möhtəşəm ümiddir!
QOY ÜMİDİMİZ HƏMİŞƏ CANLI QALSIN
13. Ümidimiz nəyə əsaslanıb və Məsih nə zaman zühur edəcək?
13 Peterin Allahdan ilham alaraq yazdığı iki məktubunda həm məsh olunmuş məsihçilərə, həm də başqa qoyunlara ümidlərini canlı saxlamağa kömək edən çoxsaylı məsləhətlər var. O qeyd etmişdi ki, onlar öz ümidlərini əməlləri sayəsində qazanmayıblar, bu, Yehovanın lütfünün təzahürüdür. Peter yazmışdı: «Hər vaxt ayıq olun, ümidinizi İsa Məsihin zühuru vaxtı sizə göstəriləcək lütfə bağlayın» (1 Pet. 1:13). Məsih sadiq davamçılarını mükafatlandırmağa və allahsızlar üzərində Yehovanın hökmünü icra etməyə gələndə zühur edəcək. (2 Salonikililərə 1:6—10 ayələrini oxu.)
14, 15. a) Ümidimizi canlı saxlamaq üçün diqqətimizi nəyə cəmləməliyik? b) Peter hansı məsləhəti vermişdi?
14 Ümidimiz həmişə canlı olsun deyə biz üzümüzə gələn Yehovanın günü barədə heç vaxt unutmamalıyıq və bu, bizim həyat tərzimizdən görünməlidir. Həmin gün «göylər» — hal-hazırkı insan hakimiyyətləri, eləcə də «yer» —pis insan cəmiyyəti və onun «tərkib hissələri» məhv ediləcək. Peter yazmışdı: «Görün siz... necə insan olmalısınız, Yehovanın gününü bərk-bərk yadda saxlayıb gözləməlisiniz. O gün od tutub yanan göylər dağılacaq və həmin o közərmiş tərkib hissələri əriyib töküləcək!» (2 Pet. 3:10—12).
15 İndiki «göylər» və «yer» «yeni bir göy [Məsihin Padşahlığı] və yeni yer [yeni insan cəmiyyəti]» ilə əvəz olunacaq (2 Pet. 3:13). Bundan sonra Peter vəd olunmuş yeni göylərə və yeni yerə dair ümidimizin gerçəkləşməsini gözlədiyimiz müddətdə nə etməli olduğumuza dair aydın məsləhət verdi: «Buna görə də əzizlərim, bütün bunları gözləyərkən var gücünüzlə çalışın ki, Allah sizi axırda ləkəsiz, qüsursuz və əmin-amanlıq içində yaşayan tapsın» (2 Pet. 3:14).
ÜMİDİNİZƏ LAYİQ TƏRZDƏ YAŞAYIN
16, 17. a) Müqəddəs davranışa və Allaha sədaqətə xas olan hansı işlərlə məşğul olmalıyıq? b) Bizim ümidimiz necə gerçəkləşəcək?
16 Ümidimizi canlı saxlamaq kifayət deyil, biz ona layiq tərzdə yaşamalıyıq. Biz ruhani cəhətdən necə insan olduğumuza fikir verməliyik. «Müqəddəs davranış» deyildikdə əxlaqi təmizliyimizi qoruyaraq «başqa millətlərin arasında» nümunəvi tərzdə davranmaq nəzərdə tutulur (2 Pet. 3:11; 1 Pet. 2:12). Aramızda məhəbbət olmalıdır. Bu o deməkdir ki, ümumdünya qardaşlığımızda, hətta öz yığıncağımızda hökm sürən birliyi qorumaq üçün əlimizdən gələni əsirgəməməliyik (Yəh. 13:35). «Allaha sədaqət» deyildikdə isə Yehova ilə münasibətlərimizi qorumağa kömək edən işlər nəzərdə tutulur. Buraya mənalı, dolğun dualar, Müqəddəs Kitabı hər gün oxumaq, yaxşı şəxsi öyrənmə, ailəvi ibadət, o cümlədən Padşahlıq haqda xoş xəbəri fəal şəkildə təbliğ etmək daxildir (Mat. 24:14).
17 Hər birimiz Yehovanın bəyəndiyi və bu pis sistem məhv olub gedəndə Onun xilas etdiyi insan olmaq istəyirik. Onda bizim ümidimiz, yəni «heç vaxt yalan danışmayan Allahın əzəldən bəri vəd etdiyi əbədi həyat» ümidi gerçəkləşəcək (Tit. 1:2).
[22–ci səhifədəki şəkil]
Məsh olunmuş məsihçilər onları «canlı ümidə» qovuşduran «yeni həyat»ı alırlar
[24–cü səhifədəki şəkil]
Ailəlikcə ümidinizi canlı saxlayın