Yehovanın Kəlamı canlıdır
«Romalılara məktub»dan diqqətəlayiq fikirlər
ERAMIZIN təxminən 56-cı ilində, üçüncü missioner səyahəti zamanı həvari Pavel Korinf şəhərinə gəlir. O, Romadakı yəhudi və qeyri-yəhudi məsihçilər arasında fikir ayrılığı olduğunu öyrənir. Məsih yolunda həmfikir olmaları arzusu ilə Pavel onlara məktub yazır.
Romalılara məktubunda Pavel insanların necə saleh sayıldığını və belələrinin necə yaşamalı olduğunu izah edir. Məktub Allah və Onun Kəlamı haqqında biliyimizi genişləndirir, Allahın lütfünü vurğulayır və xilasımızda oynadığı rola görə Məsihi izzətləndirir (İbr. 4:12).
BƏRAƏT VERİLİR. NECƏ?
«Hamı günah işlətmiş və Allahın izzətindən məhrum qalmışdır», — deyə həvari Pavel yazır. «Onlar Onun [Allahın] lütfü ilə, İsa Məsihin verdiyi nicatla bəraəti müftə aldılar». Pavel həm də deyir: «İnsan Qanunu icra etməklə deyil, imanla bəraət qazanır» (Rom. 3:23, 24, 28). Bir nəfərin ‘salehliyinə’ iman vasitəsilə həm məsh olunmuşlara, həm də ‘başqa qoyunlardan’ ibarət ‘böyük izdihama’ ‘bəraət verilə’ bilər. Məsh olunmuşlara Məsihin həmvarisləri kimi göylər həyatı üçün, böyük izdihama isə «böyük məşəqqətdən» sağ çıxmaq ümidilə Allahın dostları kimi bəraət verilə bilər (Rom. 5:18; Vəhy 7:9, 14; Yəh. 10:16; Yaq. 2:21-24; Mat. 25:46).
Pavel soruşur: «Qanunun hakimiyyəti altında deyil, Allahın lütfü altında olduğumuz üçün günah işlədəkmi?» «Əsla!» — deyə o cavab verir. Sonra isə izah edir: ‘Siz ya ölümlə nəticələnən günahın, yaxud salehliklə nəticələnən itaətin qullarısınız’ (Rom. 6:15, 16). O deyir: «Əgər bədənin mənfi əməllərini Ruh vasitəsilə məhv edərsinizsə, yaşayacaqsınız» (Rom. 8:13).
Müqəddəs Kitab suallarına cavablar:
1:24-32 — Burada təsvir olunan pozğunluğu yəhudilər, yoxsa bütpərəstlər törədirdi? Baxmayaraq ki, bunu hər iki qrupa aid etmək mümkündür, Pavel burada əsas etibarilə qədimdə yaşayan dönük israillilər haqqında danışır. Onlar Allahın ədalətli hökmünü bildiklərinə baxmayaraq, ‘Allahı öz şüurlarında saxlamağı uyğun görmədilər’. Buna görə də, onlar töhmətə layiq idilər.
3:24, 25 — ‘Məsihin əfv etdirən qurbanı’ ödənilməmişdən qabaq ‘işlədilən günahları’ necə yuya bilərdi? Yaradılış 3:15 ayəsində yazılan Məsihlə bağlı ilk peyğəmbərlik İsa b. e. 33-cü ilində işgəncə dirəyində edam olunanda yerinə yetdi (Qalat. 3:13, 16). Ancaq peyğəmbərlik deyilən zaman fidiyə Yehovanın gözündə artıq ödənilmiş kimi idi, çünki Allahın niyyətinin yerinə yetməsinə heç nə mane ola bilməzdi. Beləliklə, İsa Məsihin gələcək qurbanlığına əsaslanaraq Yehova Adəmin bu vədə iman gətirən övladlarının günahından keçə bilərdi. Fidiyənin sayəsində məsihçilikdən qabaq ölənlərin də dirilməsi mümkündür (Həv. iş. 24:15).
6:3-5 — Məsih İsaya və onun ölümünə vəftiz olunmaq nə deməkdir? Yehova Məsihin davamçılarını müqəddəs ruhla məsh edəndə onlar İsa ilə birləşir və onun bədəni olan yığıncağın üzvləri olurlar, bu yığıncağın Başı isə Məsihdir (1 Kor. 12:12, 13, 27; Kolos. 1:18). Onların Məsih İsaya vəftizi bu deməkdir. Məsh olunmuşların Məsihin ‘ölümünə vəftiz olunmaları’ isə o deməkdir ki, onlar həyatlarını qurban verib yer üzündə əbədi yaşamaq ümidindən imtina edirlər. Buna görə də onlar ölərkən, İsa kimi, özlərini qurban vermiş olurlar, baxmayaraq ki, onların ölümü günahları yumur. Onlar öləndə və göylər həyatına diriləndə Məsihin ölümünə vəftiz sona çatır.
7:8-11 — ‘Günah əmr vasitəsi ilə’ necə fürsət tapdı? Qanun insanlara günahı tamlığı ilə başa düşməyə kömək edərək, onları günahlı olmağın nə demək olduğundan agah etdi. Nəticədə onlar bir çox hərəkətlərinin günah olduğunu gördülər və daha çox insan özünün günahlı olduğunu başa düşdü. Buna görə də demək olar ki, günah Qanun vasitəsilə fürsət tapdı.
Bizim üçün ibrət dərsləri:
1:14, 15. Xoş xəbəri səylə təbliğ etmək üçün çoxlu səbəblərimiz var. Onlardan biri odur ki, biz İsanın qanı ilə satın alınan insanlara borcluyuq və onlara ruhani cəhətdən kömək etmək məsuliyyətini daşıyırıq.
1:18-20. Allahsız və haqsız işlər görən insanlar «üzürsüzdürlər», çünki Allahın gözlə görülməz xüsusiyyətləri yaratdıqları ilə açıqca görünür.
2:28; 3:1, 2; 7:6, 7. Pavel yəhudilərə kənardan təhqiredici kimi görünə bilən sözlər dedikdən sonra, sözlərini yumşaldır. Bu, mübahisəli məsələləri nəzakətlə və bacarıqla müzakirə etməkdə bizə gözəl nümunədir.
3:4. İnsanın dedikləri Allahın Kəlamı vasitəsilə dediyi sözlərə zidd gedəndə biz Müqəddəs Kitabdakı xəbərə etibar etməklə və Allahın iradəsinə uyğun davranmaqla Allahın «haqlı» olduğuna inandığımızı göstəririk. Padşahlığın təbliği və şagird hazırlamaq işində səylə iştirak etməklə biz başqalarına Allahın haqlı olduğunu görməyə kömək edə bilərik.
4:9-12. İbrahim 99 yaşında sünnət olunmazdan çox əvvəl imanı onun hesabına salehlik kimi qeyd edilmişdi (Yar. 12:4; 15:6; 16:3; 17:1, 9, 10). Allah belə möhtəşəm üsulla göstərdi ki, insan Onun önündə nəyin sayəsində saleh sayıla bilər.
4:18. Ümid imanın vacib hissəsidir. Bizim imanımız ümidə əsaslanıb (İbr. 11:1).
5:18, 19. İsanın Adəmlə bənzərliyini məntiqi şəkildə göstərdikdən sonra, Pavel yığcam və sadə sözlərlə bir nəfərin ‘bir çoxları üçün canını fidiyə olaraq verməsinin’ necə mümkün olduğunu izah edir (Mat. 20:28). Məntiqi mülahizə yürütmək və yığcam danışmaq təqlid etməli olduğumuz gözəl təlim metodudur (1 Kor. 4:17).
7:23. Əl, ayaq və dil kimi bədən üzvləri bizi ‘günah qanununa əsir edə bilər’. Ehtiyatlı olmalıyıq ki, onlardan sui-istifadə etməyək.
8:26, 27. Çaş-baş qalıb, nə haqda dua edəcəyimizi bilməyəndə, ‘ruh özü bizim üçün vəsatət edir’. Sonra «duaları eşidən» Yehova Kəlamında yazılan münasib duaları bizim tərəfimizdən edilən dua kimi qəbul edir (Məz. 65:2).
8:38, 39. Bədbəxtliklər, pis ruhi qüvvələr, insan hakimiyyətləri Yehovanın bizə olan sevgisini soyuda bilməz; bu kimi şeylər bizim də məhəbbətimizi soyutmamalıdır.
9:22-28; 11:1, 5, 17-26. İsrail xalqının bərpa olunmasına dair bir çox peyğəmbərliklər üzvləri ‘yalnız yəhudilərdən deyil, digər xalqlardan da dəvət edilmiş’ məsh olunmuşlar yığıncağının üzərində yerinə yetdi.
10:10, 13, 14. Allaha və yaxınlarımıza məhəbbətlə yanaşı, Yehovaya və Onun vədlərinə möhkəm iman bizi məsihçi xidmətində səylə iştirak etməyə təşviq edə bilər.
11:16-24, 33. ‘Allahın xeyirxahlıq və sərtliyi’ necə də gözəl, tarazlı şəkildə ifadə olunur! Bəli, «O, işləri kamil Qayadır, çünki bütün yolları haqdır» (Qanun. t. 32:4).
SALEH SAYILMAĞIMIZA MÜVAFİQ YAŞAMAQ
Pavel deyir: «Beləliklə, ey qardaşlar, Allahın mərhəməti naminə sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs, Allaha məqbul qurban kimi təqdim edin» (Rom. 12:1). «Beləliklə», başqa sözlə məsihçilərin imanlarına görə saleh sayıldıqlarını nəzərə alaraq, Pavelin dediyi sonrakı sözlər onların özlərinə, başqalarına və insan hakimiyyətlərinə münasibətinə təsir etməlidir.
Pavel yazır: «Sizin hər birinizə deyirəm: özünüzə lüzumundan çox əhəmiyyət verməyin». O məsləhət verir: «Qoy məhəbbət riyasız olsun» (Rom. 12:3, 9). «Hər adam, öz üzərində olan hakimlərə tabe olsun» (Rom. 13:1). Vicdanla bağlı məsələlərdə o, məsihçiləri ‘bir-birinə hökm etməməyə’ səsləyir (Rom. 14:13).
Müqəddəs Kitab suallarına cavablar:
12:20 — Biz düşmənin başına ‘yanan kömürü’ necə yığırıq? Müqəddəs Kitabın yazıldığı dövrlərdə filizi kürəyə atanda təkcə altına deyil, üstünə də kömür yığırdılar. Üstdən istiliyin artması sayəsində metal əriyib qatışıqlardan təmizlənirdi. Eyni tərzdə biz də düşmənimizə yaxşılıq etməklə onun başına yanan kömürlər yığırıq, beləliklə onun sərtliyi əriyəcək, yaxşı xüsusiyyətləri üzə çıxacaq.
12:21 — «Pisliyə yaxşılıq ilə» necə qalib gəlirik? Üsullardan biri Yehovanın münasib bildiyi vaxta qədər Padşahlıq haqqında xoş xəbəri cəsarətlə təbliğ etməkdir (Mark 13:10).
13:1 — Üzərimizdə olan hakimlər hansı mənada «Allah tərəfindən təyin olunmuşdur»? Hakim dairələr o mənada «Allah tərəfindən təyin olunmuşdur» ki, onlar Allahın icazəsi ilə idarə edirlər, bəzi hallarda isə onların idarə edəcəyini Allah qabaqcadan bilirdi. Bunu Müqəddəs Kitabda bir neçə padşah haqqında qabaqcadan deyilməsindən görmək olar.
Bizim üçün ibrət dərsləri:
12:17, 19. İntiqam almaq yalnız Yehovanın ixtiyarı çatan bir işi öz üzərimizə götürmək deməkdir. ‘Pislik əvəzinə pislik etmək’ özündən razı olmağın əlaməti olardı.
14:14, 15. Biz qardaşımıza təklif etdiyimiz qida və ya içki ilə onu nə kədərləndirməli, nə də büdrətməliyik.
14:17. Allahla yaxşı münasibətlər əsas etibarilə insanın nəyi yeyib-içməsindən, nədən isə imtina etməsindən asılı deyil. Əksinə, bu, salehlik, sülh və sevinclə bağlıdır.
15:7. Səmimi qəlbdən həqiqəti axtaran və yığıncağa gələn bütün insanları üzgörənlik etmədən yaxşı qarşılamalı və Padşahlıq xəbərini hər kəsə təbliğ etməliyik.
[31-ci səhifədəki şəkillər]
Fidiyənin onun ödənilməsindən əvvəlki günahlara tətbiq edilməsi mümkündürmü?