Anlayış göstərin
Problem
Diqqətimizi başqalarının bizdən fərqli olduğuna cəmləyəndə bu fərqləri nöqsan və ya qüsur hesab edəcəyik. Özümüzü onlardan üstün sayacağıq. Bu cür münasibət olanda onlara anlayışla yanaşmaq çətin olur. Bu isə dərində olan bir problemdən, qərəzdən xəbər verir.
Müqəddəs Kitabdan məsləhət
«Sevinənlərlə sevinin, ağlayanlarla ağlayın» (ROMALILARA 12:15).
Mənası: Bu məsləhəti iki sözlə ifadə etmək olar: anlayış göstərin. Yəni özünüzü başqasının yerinə qoyun, onun dərdinə şərik olun.
Anlayış göstərməyin faydası
Biz başqasına anlayışla yanaşanda həmin adamla nə qədər oxşar olduğumuzu başa düşürük. Görürük ki, o da bizim kimi eyni hissləri keçirir. Anlayış kömək edir ki, mənşəyindən asılı olmayaraq, bütün insanların bəşər ailəsinin üzvü olduğunu dərk edək. O insanlarla aramızda olan oxşar cəhətlərə diqqətimizi cəmləyəndə onlara münasibətimiz də yaxşılaşır.
Anlayış bizə həmçinin başqalarına hörmət etməyə kömək edir. Seneqalda yaşayan Ann-Mari aşağı kastadan hesab olunan adamlara bir vaxtlar yuxarıdan aşağı baxırdı. Ancaq anlayış ona bu münasibətini dəyişməyə kömək etdi. O deyir: «Aşağı kastadan olan adamların çətinliklərin i görəndə fikirləşdim ki, görəsən mən onların yerində olsaydım, özümü necə hiss edərdim. Onda başa düşdüm ki, bu adamlardan heç də üstün deyiləm. Axı nə etmişəm ki, onlardan üstün olum?!» Bəli, əgər biz başqasının çətinliklərini başa düşməyə çalışsaq, onlara tənqidi yanaşmayacağıq.
Nə edə bilərsiniz?
Mənfi münasibət bəslədiyiniz adamlarla aranızdakı fərqli cəhətləri yox, oxşar cəhətləri görməyə çalışın. Məsələn, onların növbəti hallarda hansı hissləri keçirdiyi barədə düşünün:
Anlayış kömək edir ki, bütün insanların bəşər ailəsinin üzvü olduğunu dərk edək
ailəlikcə yemək yeyəndə
ağır iş gününün sonunda
dostları ilə vaxt keçirəndə
sevdikləri musiqiyə qulaq asanda
Sonra özünüzü onların yerinə qoyun və düşünün:
Kimsə mənim ləyaqətimi alçaltsaydı, özümü necə hiss edərdim?
Kimsə məni tanımadan haqqımda yanlış düşünsəydi, özümü necə hiss edərdim?
Onların mənsub olduğu təbəqədən olsaydım, özümə qarşı hansı rəftarı gözləyərdim?