Allaha “bir ağızdan” izzət verin
“Siz yekdilliklə, bir ağızdan Rəbbimiz İsa Məsihin Atası olan Allaha izzət verəsiniz” (ROMALILARA 15:6).
1. Həvari Pavelin öz həmimanlılarına verdiyi ibrət dərsinin məğzi nədədir?
BÜTÜN məsihçilər müxtəlif seçimə və zövqə malikdirlər. Buna baxmayaraq, həyata aparan yolda onların hamısı çiyin-çiyinə yeriməlidirlər. Bu mümkündürmü? Əgər seçim məsələlərinin problemə çevrilməsinə yol verməsək, mümkündür. Həvari Pavelin I əsrdə həmimanlılarına verdiyi ibrət dərsinin məğzi bundadır. O bu vacib prinsipi necə izah etdi? Və biz onun ilhamlanmış məsləhətini bu gün necə tətbiq edə bilərik?
Məsihçi birliyinin vacibliyi
2. Pavel birliyin vacibliyini necə qeyd etdi?
2 Pavel məsihçilər arasında birliyin nə qədər vacib olduğunu başa düşürdü və həmimanlılarına bir-birlərinə məhəbbətlə səbir göstərməyə kömək edərək xoş məsləhətlər verirdi (Efeslilərə 4:1-3; Koloslulara 3:12-14). Həvari öz təcrübəsindən bilirdi ki, birliyi qorumaq həmişə asan olmur, çünki o, 20 ildən artıq müddətdə yığıncaqları ziyarət etmiş və bu vaxt ərzində çoxlu yeni yığıncaqlar təşkil etmişdir (1 Korinflilərə 1:11-13; Qalatiyalılara 2:11-14). Buna görə də, Pavel Romadakı həmimanlıları təşviq edirdi: “Qoy təhəmmül və təsəlli verən Allah... sizə... həmfikir olmağı ehsan etsin ki, siz yekdilliklə, bir ağızdan Rəbbimiz İsa Məsihin Atası olan Allaha izzət verəsiniz” (Romalılara 15:5, 6). Bu gün biz də Yehova Allaha, birləşmiş bir xalq kimi “bir ağızdan” izzət verməliyik. Buna nə dərəcədə müvəffəq oluruq?
3, 4. a) Romadakı məsihçi yığıncağı kimlərdən ibarət idi? b) Romadakı məsihçilər Yehovanı “bir ağızdan” necə izzətləndirə bilirdilər?
3 Romadakı məsihçilərin çoxu Pavelin yaxın dostları idi (Romalılara 16:3-16). Onlar çox müxtəlif idilər, lakin Pavel onların hamısını “Allah tərəfindən sevilən” qardaşları kimi qəbul edirdi. O yazırdı: “Hamınız üçün İsa Məsih vasitəsi ilə Allahıma şükr edirəm ki, imanınız bütün dünyada e’lan olunur”. Aydındır ki, Roma məsihçiləri bir çox sahələrdə nümunəvi idilər (Romalılara 1:7, 8; 15:14). Eyni zamanda, müəyyən məsələlərdə yığıncağın bə’zi üzvlərinin fikirləri fərqlənirdi. Bizim məsihçi qardaşlığımız müxtəlif mənşəyə və müxtəlif mədəniyyətə mənsub olan insanlardan ibarət olduğuna görə, Pavelin nöqteyi-nəzərlərdəki müxtəlifliyə dair Allahın Kəlamında yazılmış nəsihətini nəzərdən keçirmək faydalı olar, bu bizə “bir ağızdan” danışmağa kömək edər.
4 Romada həm yəhudi, həm də qeyri-yəhudi mənşəli imanlılar vardı (Romalılara 4:1; 11:13). Yəhudilərdən olan bə’zi məsihçilər Musanın qanunu altında yaşayarkən riayət etdikləri müəyyən ən’ənələrdən, ehtimal ki, imtina edə bilməmişdilər, halbuki onlar xilas üçün bunun tələb olunmadığını dərk etməli idilər. Digər yəhudilər isə məsihçi olduqdan sonra başa düşdülər ki, Məsihin qurbanlığı onları Musanın qanununun qoyduğu məhdudiyyətlərdən azad etmişdir. Şübhəsiz ki, bu onların həyat tərzinə və bə’zi ən’ənələrə olan münasibətlərinə tə’sir göstərmişdi (Qalatiyalılara 4:8-11). Buna baxmayaraq, Pavelin göstərdiyi kimi onlar “Allah tərəfindən sevilən” kəslər idilər. Onların hamısı bir-birinə düzgün nöqteyi-nəzərlə yanaşaraq, Allaha “bir ağızdan” izzət verə bilirdilər. Bu gün bizim də fikirlərimiz hansısa məsələlərdə fərqlənə bilər, buna görə də Pavelin bu barədə yazdıqlarını diqqətlə nəzərdən keçirməliyik (Romalılara 15:4).
“Bir-birinizi... qəbul edin”
5, 6. Roma yığıncağında nəyə görə müxtəlif nöqteyi-nəzərlər mövcud idi?
5 Pavel Romalılara məktubunda, barəsində müxtəlif nöqteyi-nəzərlər mövcud olan vəziyyət haqqında danışırdı. O yazırdı: “Biri inanır ki, hər şeyi yemək olar, amma imanı zəif adam yalnız tərəvəz yeyir”. Bu cür vəziyyət nəyə görə baş verirdi? Məsələ onda idi ki, Musanın qanununa görə donuz ətini yemək qadağan olunurdu (Romalılara 14:2; Levililər 11:7). Lakin Məsihin ölümündən sonra həmin qanuna riayət etmək öz zəruriliyini itirmişdi (Efeslilərə 2:15). Üç il yarım keçdikdən sonra isə mələk Peterə söylədi ki, Allahın nöqteyi-nəzərincə heç bir qida murdar sayılmır (Həvarilərin işləri 11:7-12). Bunu nəzərə alaraq, yəhudilərdən olan bə’zi məsihçilər, yəqin, hesab edirdilər ki, onlar həm donuz ətini, həm də Qanunun əvvəllər qadağan etdiyi digər qida növlərini yeyə bilərdilər.
6 Lakin yəhudilərdən olan bə’zi məsihçilər üçün, yəqin ki, əvvəllər murdar sayılan bir şeyi yemək barəsindəki fikir iyrənc idi. Ehtimal ki, həmin həssas imanlıların gözü qarşısında onların Məsihdəki qardaşları, yəhudilər, bu cür qidanı yeyəndə, bu, onları olduqca təhqir etmiş olurdu. Bundan əlavə, əvvəlki dinləri güman ki, heç bir qida məhsulunu qadağan etməyən xalqlar arasından da məsihçilər vardı və yəqin ki, kiminsə qida üstündə mübahisə etməsi onlara qeyri-adi görünürdü. Əlbəttə, kimin isə qidanın müəyyən növlərindən imtina etməsində səhv bir şey yox idi, əlbəttə ki, əgər bu zaman o, bunun xilas üçün zəruri olduğuna iddia etmirdisə. Lakin yığıncaqda müxtəlif nöqteyi-nəzərlər ucbatından asanlıqla mübahisə yarana bilərdi. Romadakı məsihçilər diqqət yetirməli idilər ki, aralarındakı bu cür fərqlər onlara “bir ağızdan” Allaha izzət verməyə mane olmasın.
7. Hər həftənin müəyyən gününə riayət etməyə dair hansı nöqteyi-nəzərlər mövcud idi?
7 Pavel ikinci nümunəni gətirir: “Birisi bir günü başqa bir gündən üstün sayır, başqası isə hər günü eyni sayır” (Romalılara 14:5a). Musanın qanunu altında şənbə günü heç bir iş görmək olmazdı. Hətta həmin gün səyahət etməyə dair belə ciddi məhdudiyyət vardı (Çıxış 20:8-10; Matta 24:20; Həvarilərin işləri 1:12). Qanunun aradan qaldırılması ilə həmin qadağalar öz qüvvəsini itirdi. Buna baxmayaraq, yəhudilərdən olan bə’zi məsihçilər üçün əvvəllər müqəddəs saydıqları gündə hansısa işi görmək və ya uzaq məsafəyə hərəkət etmək yaxşı deyildi. Hətta məsihçi olduqdan sonra da, Allahın nöqteyi-nəzərində şənbə günü haqqındakı qanunun qüvvədən düşməsinə baxmayaraq, onlar yeddinci günü, ehtimal ki, yalnız ruhani işlər üçün ayırırdılar. Demək olarmı ki, onlar düzgün davranmırdılar? Əgər onlar şənbənin Allahın tələbi olduğunu iddia etmirdilərsə, yox. Beləliklə, öz məsihçi qardaşlarının vicdanına hörmət etdiyi üçün Pavel yazırdı: “Hər kəs öz fikrindən tamamilə əmin olsun” (Romalılara 14:5b).
8. Romadakı məsihçilər başqalarının vicdanına hörmətlə yanaşmağa təşviq olunsalar da, onlar nəyi etməli deyildilər?
8 Bununla yanaşı, Pavel məsihçiləri vicdan məsələsində özləri ilə çətinliklə mübarizə aparanlara səbirlə yanaşmağa təşviq etsə də, Musanın qanununu xilas olmaq üçün həmimanlılarının boynuna tələb kimi qoymağa çalışanları cəsarətlə ittiham edirdi. Məsələn, həvari eramızın təxminən 61-ci ilində yəhudilərdən olan məsihçilərə məktub yazaraq, həmin məktubda aydın və inandırıcı surətdə izah etdi ki, məsihçilərin İsanın fidiyə qurbanlığına əsaslanan gözəl ümidləri olduğu üçün, onların Musanın qanununa riayət etmələri faydasızdır (Qalatiyalılara 5:1-12; Titusa 1:10, 11; İbranilərə 10:1-17).
9, 10. Məsihçilər nəyi etməməlidirlər? İzah edin.
9 Gördüyümüz kimi Pavel sübut edir ki, əgər məsihçi prinsipləri pozulmursa, nöqteyi-nəzərlərdəki fərqlər birlik üçün təhlükə yaratmır. Həvari vicdanı zəif olan məsihçilərdən soruşur: “Bəs sən nə üçün qardaşını mühakimə edirsən?” Sonra isə o, güclülərdən (ehtimal ki, vicdanı əvvəllər Qanunun qadağan etdiyi qidanı yeməyə və ya şənbə günü adi işlərlə məşğul olmağa yol verən kəslərdən) soruşur: “Sən nə üçün qardaşına xor baxırsan?” (Romalılara 14:10). Beləliklə, Pavel vicdanı zəif olan məsihçiləri, daha geniş nöqteyi-nəzərlərə malik olan qardaşlarını ittiham etməməyə çağırırdı. Eyni zamanda, güclü məsihçilər də vicdanı hələ ki, hansısa sahələrdə zəif olanlara yüksəkdən baxmalı deyildilər. Hamı bir-birinə xüsusi hörmətlə yanaşmalı və ‘özlərinə lüzumundan çox əhəmiyyət verməli’ deyildilər (Romalılara 12:3, 18).
10 Tarazlı nöqteyi-nəzəri Pavel bu cür ifadə etdi: “Hər şeyi yeyən, yeməyənə xor baxmasın; və hər şeyi yeməyən, yeyəni mühakimə etməsin. Çünki onu Allah qəbul etmişdir”. Sonra o davam edir: “Məsih sizi qəbul etdi”. Allaha və Məsihə həm güclü, həm də zəif olanlar məqbuldur, buna görə biz də ‘bir-birimizi qəbul etməliyik’ (Romalılara 14:3; 15:7). Kim isə bunun doğru olduğuna razı olmaya bilərmi?
Qardaşsevərlik bu gün birliyə gətirib çıxarır
11. Hansı xüsusiyyət yalnız Pavelin dövrü üçün xas idi?
11 Romalılara məktubunda Pavel ancaq onun dövrünə xas olan şəraitləri təsvir edirdi. Yehova əhdin birini yenicə ləğv edib, yenisini bağlamışdır. Kimin üçünsə buna uyğunlaşmaq çətin idi. Bu gün vəziyyət eyni deyil, lakin buna bənzər hallar bə’zən baş verir.
12, 13. Məsihçilər hansı hallarda öz qardaşlarının vicdanına hörmət göstərə bilərlər?
12 Tutaq ki, məsihçi qadın, özünü bəzəmək qadağan olunan dini mühitdən çıxıb. O, həqiqəti qəbul etmiş, lakin münasib hallarda parlaq, lakin sadə paltar geyinmək və ya kosmetikadan zövqlə istifadə etmək fikrinə alışmaq onun üçün çətindir. Söhbət Müqəddəs Kitab prinsiplərindən getmədiyi üçün, həmin məsihçini vicdanına zidd davransın deyə, dilə tutmaq düzgün olmazdı. Öz növbəsində isə həmin məsihçi qadın başa düşür ki, o, vicdanı bər-bəzəkdən istifadə etməyə yol verənləri mühakimə etməli deyil.
13 Başqa bir nümunəni nəzərdən keçirək. Məsihçi, spirtli içkinin qəbul edilməsinə pis münasibət bəslənilən mühitdə böyüyüb. Həqiqətə gəldikdən sonra başa düşür ki, Müqəddəs Kitabın nöqteyi-nəzərinə görə şərab — Allahın ən’amıdır və ondan qədərincə istifadə etmək olar (Məzmur 104:15). O, bu nöqteyi-nəzərlə razıdır. O, spirtli içkilərdən qədərincə qəbul edənləri mühakimə etməsə də, öz keçmişini nəzərə alaraq, içkidən imtina etməyi üstün tutur. Beləliklə o, Pavelin sözlərini yerinə yetirir: “Sülh gətirən və bir-birimizi ruhən inkişaf etdirən şeylərə can ataq” (Romalılara 14:19).
14. Məsihçilər hansı hallarda Pavelin romalılara verdiyi nəsihətin ruhuna əsasən davrana bilərlər?
14 Pavelin romalılara verdiyi nəsihətin ruhuna əsasən davranmaq tələb olunan başqa hadisələr də baş verir. Məsihçi yığıncağı çox insanlardan ibarətdir və onların hər birinin öz zövqü var. Buna görə də onlar, deyək ki, geyimə və xarici görünüşə dair müxtəlif seçimə malikdirlər. Şübhəsiz ki, Müqəddəs Kitabda Məsihin bütün həqiqi davamçılarının riayət etdikləri aydın prinsiplər qeyd olunub. Yol vermək olmaz ki, bizim geyimimizdə və ya saç düzümümüzdə qeyri-adilik, nəzakətsizlik və ya bu dünyanın əxlaqi cəhətdən pozulmuş qruplarına xas keyfiyyətlər əks olunsun (1 Yəhya 2:15-17). Məsihçilər, hətta istirahət zamanı belə, Kainatın Hökmdarını təmsil edən xidmətçilər olduqlarını unutmurlar (İşaya 43:10; Yəhya 17:16; 1 Timoteyə 2:9, 10). Lakin məsihçilər bir çox sahələrdə böyük seçimə malikdirləra.
Başqalarını büdrətməkdən çəkinək
15. Məsihçi öz qardaşları uğrunda hansı hallarda şəxsi istəklərindən imtina edə bilər?
15 Romada yaşayan məsihçilərə verdiyi nəsihətində Pavel bizim diqqətimizi daha bir vacib prinsipə yönəldir. Bə’zən güclü vicdana malik olan məsihçi bir şeyin yanlış olmadığını bildiyi halda, onu etməmək qərarına gələ bilər. Nəyə görə? Çünki o başa düşür ki, onun davranışları başqalarına zərər gətirə bilər. Onda o belə halda nə etməlidir? Pavel deyir: “Ət yeməmək, şərab içməmək və qardaşının büdrəməsinə, yoldan çıxmasına, zəif düşməsinə səbəb olan işi görməmək yaxşıdır” (Romalılara 14:14, 20, 21). Beləliklə, “biz qüvvətlilər qüvvətsizlərin zəifliklərinə dözməli və öz qayğımıza qalmamalıyıq. Hər birimiz yaxşılıq naminə öz qonşumuzun qayğısına qalmalıyıq ki, o ruhən inkişaf etsin” (Romalılara 15:1, 2). Əgər bizim davranışlarımız həmimanlımızın vicdanına toxunarsa, qardaşsevərlik bizi həssaslıq göstərməyə və şəxsi istəklərimizdən imtina etməyə təşviq edəcək. Məsələn, bu spirtli içkilərin qəbul edilməsi məsələsi ola bilər. Məsihçiyə qədərincə şərab içmək olar. Lakin əgər bu, onun həmimanlısını büdrədərsə, o, öz hüquqlarını irəli sürməyəcək.
16. Yaşadığımız ərazidəki insanlara necə hörmət göstərə bilərik?
16 Eyni prinsip, məsihçi yığıncağına məxsus olmayan insanlarla davranışımıza da tətbiq ediləndir. Tutaq ki, biz elə bir ərazidə yaşayırıq ki, orada üstünlük təşkil edən dini nöqteyi-nəzərlər insanları həftənin hansısa gününü istirahət günü hesab etməyə vadar edir. Bu cür şəraitləri nəzərə alaraq, qonşularımızı büdrətməmək və təbliğ işimizə maneə yaratmamaq üçün, çalışacağıq ki, bacardıqca həmin insanların hisslərinə toxunacaq az işlər görək. Başqa bir vəziyyətdə isə, imkanlı məsihçi təbliğçilərin çatışmadığı, lakin əsas e’tibarı ilə kasıb insanların yaşadıqları əraziyə köçür. O, çox sadə geyinməklə və ya maddi imkanının yol verdiyindən daha sadə yaşamaqla özünün yeni qonşularına həssas münasibət göstərə bilər.
17. Qərar qəbul edərkən başqalarının vicdanını nəzərə almaq nəyə görə lazımdır?
17 “Qüvvətlilərdən” güzəştə getməyi tələb etmək münasibdirmi? Cavabı növbəti əyani nümunədən görəcəyik? Maşını yolla idarə edərkən təhlükəli dərəcədə yola yaxın yeriyən uşaqları görürük. Yalnız qanuni haqqımız olduğu üçün yolumuza izn verilən maksimum sür’ətlə davam edirikmi? Xeyr, biz sür’əti azaldırıq ki, uşaqları gözlənilən təhlükədən mühafizə edək. Bə’zən bizə bu cür hazırlıq təzahür etdirərək “sür’əti azaltmaq”, yə’ni həmimanlılarımızla və ya başqa insanlarla davranışlarımızda güzəştə getmək lazımdır. Ola bilər ki, nəyisə etməyə tam haqqımız var. Müqəddəs Kitabın heç bir prinsipi pozulmur. Buna baxmayaraq, əgər bizim davranışlarımız başqalarının hisslərinə toxunursa və ya onlara zərər gətirirsə, məsihçi məhəbbəti bizi ehtiyatla hərəkət etməyə təşviq edəcək (Romalılara 14:13, 15). Birliyi qorumaq və Padşahlığın maraqlarını dəstəkləmək, öz hüquqlarımızı qorumaqdan daha vacibdir.
18, 19. a) Başqalarının vicdanına hörmət göstərərək İsanın nümunəsini necə təqlid edirik? b) Biz nədə tam həmrə’yliyə malik olmalıyıq və növbəti məqalədə nə müzakirə ediləcək?
18 Bu cür davranaraq biz ən yaxşı nümunəni təqlid edirik. Pavel deyir: “Məsih də Öz qayğısına qalmamışdı, amma necə ki, yazılmışdır: “Səni rüsvay edənlərin həqarəti Mənim üzərimə düşdü”. İsa bizdən ötrü öz həyatını hazırlıqla qurban verdi. Əlbəttə, biz də hüquqlarımızdan bə’zilərini — əgər bu “qüvvətsizlərə” bizimlə birlikdə Allaha izzət vermək imkanı verirsə — qurban verməyə hazırıq. Biz zəif vicdana malik olan məsihçilərə güzəştə gedəndə və əliaçıqlıq göstərəndə və ya bilərəkdən özümüzü nədə isə məhdudlaşdıraraq öz haqlarımızı irəli sürməyəndə “Məsihin malik olduğu eyni düşüncə tərzinə” (YD) malikik olduğumuzu göstəririk (Romalılara 15:1-5).
19 Müqəddəs Kitabın prinsiplərini özünə daxil etməyən məsələlərdə bizim müxtəlif fikirlərimiz ola bilər, lakin Allaha olan xidmətimizə dair tam həmrə’yliyə malikik (1 Korinflilərə 1:10). Bu cür fikir birliyi, məsələn, bizim düşmənlərimizə münasibətimizdə görünür. Allahın Kəlamı imanımıza zidd gedən insanları “yadlar” adlandırır və bizi onların səsindən qorunmağa çağırır (Yəhya 10:5). “Yadları” necə ayırd edə bilərik? Onlarla necə davranmalıyıq? Bu sualları növbəti məqalədə müzakirə edəcəyik.
[Haşiyə]
a Həddi-büluğa çatmamış uşaqlar geyim məsələlərində valideynlərinin istəklərinə riayət edirlər.
Necə cavab verərdiniz?
• Müxtəlif məsələlərdəki şəxsi nöqteyi-nəzərlər nəyə görə bizim birliyimiz üçün təhlükə yaratmır?
• Biz məsihçilər nəyə görə bir-birimizə həssas və diqqətli olmalıyıq?
• Pavelin birlik haqqındakı nəsihətini hansı sahələrdə tətbiq edə bilərik və bunu etməyə bizi nə təşviq edəcək?
[23-cü səhifədəki şəkil]
Pavelin birlik haqqındakı nəsihəti yığıncaq üçün böyük əhəmiyyət kəsb edirdi.
[24-cü səhifədəki şəkil]
Mənşəcə müxtəlif olmalarına baxmayaraq, məsihçilər həmrə’ydirlər.
[26-cı səhifədəki şəkil]
Bu sürücü nə etməlidir?