Məsihin düşüncə tərzini əks etdirin
“Qoy təhəmmül və təsəlli verən Allah, Məsih İsaya əsasən sizə, öz aranızda həmfikir olmağı ehsan etsin [“sizə, Məsih İsanın malik olduğu düşüncə tərzini öz aranızda əks etdirməyi bəxş etsin”, YD]” (ROMALILARA 15:5).
1. İnsanın düşüncə tərzi onun həyatına necə tə’sir edir?
İNSANIN düşüncə tərzi onun həyatına nəzərə çarpacaq dərəcədə tə’sir edir. İnsan istər e’tinasız və ya çalışqan, müsbət və ya mənfi düşüncə tərzli, istərsə də inadkar və ya əməkdaşlığa hazır, heç nə ilə qane olmayan və ya hər şey üçün minnətdar olsun - onun müxtəlif vəziyyətlərdə özünü necə aparacağı və ətrafdakıların ona necə yanaşmaları bütün bunlardan asılıdır. İnsanın düşüncə tərzi yaxşı olanda, hətta kifayət qədər çətin vəziyyətlərdə belə, sevincini qoruyub saxlaya bilər. Hətta obyektiv nöqteyi-nəzərdən hər şey yaxşı olanda da, düşüncə tərzi pis olan insana elə gəlir ki, ətrafındakı işlər öz qaydasında deyil.
2. İnsanda bu və ya digər düşüncə tərzi haradan yaranır?
2 Mənfi və ya müsbət düşüncə tərzini yetişdirmək olar, onu hətta yetişdirmək lazımdır da. “Kollirin Ensiklopediyası”nda yeni doğulan körpə haqqında deyilir: “Nəticədə onda olacaq düşüncə tərzini, o özü əldə edir və ya yetişdirir; bu, xarici dil və ya başqa vərdişlərin öyrənilməsini xatırladır”. Biz düşüncə tərzini necə yetişdiririk? Bu çox şeydən asılıdır, lakin bizi əhatə edən mühitin və ünsiyyətin bu işdə rolu az deyil. Həmin ensiklopediyada qeyd edilir: “Tədricən biz, yaxın ünsiyyətdə olduğumuz insanların düşüncə tərzini mənimsəyir və ya ona vərdiş edirik”. Buna bənzər bir fikir min illər əvvəl Müqəddəs Kitabda yazılıb: “Hikmətlilərlə gəzən adam hikmətli olur; fəqət ağılsızların dostu zərər görür” (Süleymanın məsəlləri 13:20; 1 Korinflilərə 15:33).
Düzgün düşüncə tərzinə nümunə
3. Nümunəvi düşüncə tərzi kimdə olmuşdur və bunda biz ona necə bənzəyə bilərik?
3 Bütün başqa münasibətlərdə olduğu kimi, İsa Məsih, düşüncə tərzinə münasibətdə də gözəl nümunə verdi. O dedi: “Mənim sizə etdiyim kimi siz də edəsiniz deyə, sizə bir nümunə göstərdim” (Yəhya 13:15). İsa kimi olmaq üçün, biz ilk növbədə onun haqqında olan biliyimizi artırmalıyıqa. Biz onun həyatını öyrənirik ki, həvari Pavelin sözlərinə riayət edək: “Siz bunun üçün çağırıldınız. Çünki Məsih də bizə bir nümunə qoyaraq, bizim üçün iztirab çəkdi ki, biz Onun izləri ilə gedək” (1 Peter 2:21). Bizim məqsədimiz, bacardıqca daha çox İsaya bənzəməkdir. Bunun üçün isə, onda olan düşüncə tərzini inkişaf etdirmək lazımdır.
4, 5. Romalılara 15:1—3 ayələrində İsanın düşüncə tərzinin hansı sahəsinə diqqət yetirilir və məsihçilər İsaya necə bənzəyə bilərlər?
4 İsa Məsihin düşüncə tərzində olmaq nə deməkdir? Pavelin Romalılara yazdığı məktubun 15-ci fəsli, bu suala cavab verməkdə bizə kömək edir. Pavel, bu fəslin ilk ayələrində İsanın diqqətə layiq bir xüsusiyyəti barədə deyir: “Biz qüvvətlilər qüvvətsizlərin zəifliklərinə dözməli və öz qayğımıza qalmamalıyıq. Hər birimiz yaxşılıq naminə öz qonşumuzun qayğısına qalmalıyıq ki, o ruhən inkişaf etsin. Ona görə ki, Məsih də Öz qayğısına qalmamışdı, amma necə ki, yazılmışdır: “Səni rüsvay edənlərin həqarəti Mənim üzərimə düşdü”” (Romalılara 15:1—3).
5 Məsihçilər təşviq olunurlar ki, İsanın düşüncə tərzini təqlid edərək, yalnız özlərini məmnun etməyə yox, təvazökarlıqla başqalarının da ehtiyaclarına qayğı göstərməyə hazır olsunlar. Doğrudan da, başqalarına təvazökarlıqla könüllü surətdə xidmət etmək, “qüvvətlilərin” fərqləndirici xüsusiyyətidir. Dünyada yaşamış bütün insanlardan ruhani cəhətcə qüvvətli olan İsa, özü barədə deyirdi: “İnsan Oğlu Ona xidmət edilmək üçün deyil, xidmət etməyə və bir çoxları üçün canını fidiyə olaraq verməyə gəlmişdir” (Matta 20:28). Biz məsihçilər də, başqalarına, o cümlədən “qüvvətsizlərə” xidmət etmək istəyirik.
6. Müqavimət və təzyiqə göstərdiyi münasibətdə, biz İsaya necə bənzəyə bilərik?
6 İsanın başqa bir gözəl xüsusiyyəti ondan ibarət idi ki, onun düşüncə tərzi həmişə müsbət, davranışı isə nümunəvi olmuşdu. İsa, heç zaman yol vermirdi ki, ətrafındakı insanların mənfi düşüncə tərzi, onun Allaha xidmətinə olan şəxsi münasibətinə tə’sir göstərsin; biz də eynilə belə etməliyik. Allaha sədaqətlə ibadət etdiyinə görə İsanı təhqir və tə’qib edən zaman, o, dözüm və səbirlə buna tab gətirirdi. İsa bilirdi ki, “yaxşılıq naminə öz qonşusunun qayğısına qalmağa” çalışan şəxslər, onlara inanmayan və onları başa düşməyən dünyanın tərəfindən müqavimətə mə’ruz qala bilərlər.
7. İsa səbirliliyi necə göstərdi və nəyə görə biz də belə davranmalıyıq?
7 Düzgün düşüncə tərzini İsa başqa cəhətlərdə də göstərirdi. O, Yeqovanın niyyətləri ilə əlaqədar heç vaxt səbirsizlik etmirdi, ancaq təmkinliklə onların yerinə yetməsini gözləyirdi (Məzmur 110:1; Matta 24:36; Həvarilərin işləri 2:32—36; İbranilərə 10:12, 13). Bundan əlavə, İsa öz davamçıları ilə də hövsələsiz rəftar etmirdi. İsa onlara dedi: “Məndən öyrənin”; çünki o, “həlim” idi, buna görə də onun öyüd-nəsihətləri qüvvə verir və ruhlandırırdı. “Qəlbdən təvazökar” olduğu üçün isə, o, heç zaman məğrur və ya lovğa deyildi (Matta 11:29). Pavel bizi bu işdə İsaya bənzəməyə təşviq edir: “Məsih İsada olan fikir sizin aranızda da olsun. Allah surətində olduğu halda O, Allahla bərabərliyi, imtinası mümkün olmayan bir haqq saymadı. Lakin Özünü heç edərək, Özünü qul surətinə salıb, insanlara oxşar oldu” (Filipililərə 2:5—7).
8, 9. a) Biz nə üçün xudbin olmayan düşüncə tərzi üzərində işləməliyik? b) Əgər İsanın nümunəsinə dəqiqliklə əməl etməyə müvəffəq olmuruqsa, nəyə görə ruhdan düşmək lazım deyil və Pavel bu cəhətdən necə yaxşı nümunə verdi?
8 Başqalarına xidmət etmək və onların təlabatlarını özümüzünkündən üstün tutmaq istədiyimizi demək asandır. Lakin əgər öz düşüncə tərzimizi vicdanla nəzərdən keçirsək bəlkə də aşkar olunar ki, ürəyimiz buna tam mə’nada meylli deyil. Nə üçün? Birincisi, ona görə ki, biz Adəmlə Həvvadan xudbinlik xüsusiyyətini miras almışıq; ikincisi isə, ona görə ki, biz, xudbinliyə təhrik edən dünyada yaşayırıq (Efeslilərə 4:17, 18). Çox hallarda xudbin olmayan düşüncə tərzini yetişdirmək üçün, anadangəlmə qeyri-kamillik meyllərinə qarşı duran təfəkkürü inkişaf etdirmək lazımdır. Bunun üçün qətiyyətli olmaq və sə’y göstərmək tələb olunur.
9 İsanın qoyduğu kamil nümunənin zəminində açıq-aşkar qeyri-kamilliyimiz, bə’zən bizi ruhdan sala bilər. Onun düşüncə tərzini əldə etmək bizə qeyri-mümkün görünə bilər. Lakin Pavelin ümidverici sözlərinə fikir verin: “Çünki bilirəm ki, məndə, yə’ni cismani təbiətimdə yaxşı şey yaşamır; yaxşı şey etmək istəyi məndə var, amma tətbiq etməyə gücüm çatmır. İstədiyim yaxşı şeyi etmirəm, lakin istəmədiyim pis işi görürəm. Çünki Allahın Qanunundan daxili varlığıma görə zövq alıram. Lakin mən üzvlərimdə başqa bir qanun da görürəm ki, o, ağlımın təsvib etdiyi qanun ilə mübarizə edir və üzvlərimdə olan günah qanununa məni əsir edir” (Romalılara 7:18, 19, 22, 23). Düzdür, Pavelin qeyri-kamilliyi, Allahın iradəsini istədiyi kimi yerinə yetirməyində ona dəfələrlə mane olmuşdur, amma Pavelin göstərdiyi düşüncə tərzi - Yeqova və Onun qanunları barədə fikirləşməsi və bununla əlaqədar onda yaranan hisslər - nümunəvi olmuşdur. Buna biz də nail ola bilərik.
Düzgün olmayan düşüncə tərzini dəyişirik
10. Pavel filipililəri hansı düşüncə tərzini inkişaf etdirməyə təşviq edirdi?
10 Elə olurmu ki, kiməsə düzgün olmayan düşüncə tərzini dəyişmək lazım gələ? Bəli. Görünür ki, birinci əsrdəki bə’zi məsihçilərə bunu etmək lazım idi. Pavel, Filipililərə göndərdiyi məktubunda, məsihçilərdə hansı düşüncə tərzinin olmasından danışırdı. O yazırdı: “Bu o demək deyil ki, mən indi ona [daha erkən dirilmə vasitəsilə göylər həyatına] nail olmuşam, yaxud indi kamilləşmişəm; amma tələsirəm ki, mükafatı əldə edim, çünki Məsih məni bunun üçün əldə etdi. Qardaşlar, mən hesab etmirəm ki, onu əldə etmişəm. Yalnız bir şey edirəm, arxada qalan hər şeyi unudub, qarşıda olana çatmağa can ataraq, Allahın Məsih İsa vasitəsilə etdiyi yüksək də’vətə daxil olan mükafat üçün hədəfə doğru qaçıram. Beləliklə, aramızda kim kamil isə belə düşünsün” (Filipililərə 3:12—15).
11, 12. Malik olacağımız düşüncə tərzini Yeqova bizə necə aşkar edir?
11 Pavelin sözlərindən görünür ki, insan məsihçi olduqdan sonra ruhən inkişaf etməyin vacibliyini hiss etmirsə, onun düşüncə tərzi düz deyildir. Həmin şəxs Məsihin düşüncə tərzini mənimsəməyib (İbranilərə 4:11; 2 Peter 1:10; 3:14). Demək olarmı ki, bu adam ümidsiz vəziyyətdədir? Əsla yox. Əgər biz, düşüncə tərzimizi həqiqətən də dəyişmək istəyiriksə, Allah bu işdə bizə kömək edə bilər. Daha sonra Pavel deyir: “Əgər siz bir mövzuda başqa cür düşünürsünüzsə, Allah bunu da sizə açacaqdır” (Filipililərə 3:15).
12 Ancaq hansı düşüncə tərzinə malik olmağımızı Yeqovanın bizə aşkar etməsini istəyiriksə, qüvvə sərf etməliyik. Allahın Kəlamını, dua edərək “sadiq və ağıllı qul”un nəşr etdiyi ədəbiyyatların köməyi ilə öyrənmək “başqa cür düşünən” kəslərə düzgün düşüncə tərzini inkişaf etdirməkdə kömək edəcəkdir (Matta 24:45). “Allahın cəmiyyətini... güdmək” üçün, müqəddəs ruhla tə’yin olunan məsihçi ağsaqqalları belə insanlara sevinclə kömək edəcəklər (Həvarilərin işləri 20:28). Biz Yeqovaya çox minnətdarıq ki, O, bizim qeyri-kamilliyimizi nəzərə alır və məhəbbətlə bizə kömək göstərir! Gəlin bu köməyi qəbul edək.
Başqalarından öyrənirik
13. Müqəddəs Kitabın Eyub haqqında söylədikləri, düzgün düşüncə tərzinə aid bizi nəyə öyrədir?
13 Romalılara yazdığı məktubun 15-ci fəslində Pavel göstərir ki, tarixi nümunələr üzərində dərindən fikirləşmək, düşüncə tərzini dəyişməkdə bizə kömək edə bilər. O, yazır: “Bundan əvvəl yazılanların hamısı bizə tə’lim olaraq yazıldı ki, təhəmmül və Müqəddəs Yazıların təsəllisi ilə ümidimiz olsun” (Romalılara 15:4). Keçmişdə Yeqovanın bə’zi sadiq xidmətçilərindən tələb olunurdu ki, düşüncə tərzlərini dəyişsinlər. Məsələn, Eyub bütövlükdə yaxşı düşüncə tərzinə malik idi. O, heç zaman pislikləri Yeqovadan görmürdü və əzabların onda Allaha qarşı şübhə oyatmasına yol vermirdi (Eyub 1:8, 21, 22). Lakin özünə bəraət qazandırmağa meylli idi. Yeqova Elihunu təşviq etdi ki, bu meylin öhdəsindən gəlməkdə Eyuba kömək etsin. İncimək əvəzinə, Eyub təvazökarlıqla düşüncə tərzini dəyişməyin zəruri olduğuna razılaşdı və dərhal bu sahədə işə başladı (Eyub 42:1—6).
14. Göstərdiyimiz düşüncə tərzinə aid bizə məsləhət veriləndə, Eyuba necə bənzəyə bilərik?
14 Əgər məsihçilərdən biri, nədə isə düzgün düşüncə tərzi göstərmədiyimizi bizə xeyirxahlıqla deyərsə, biz Eyub kimi davranarıqmı? Gəlin onun kimi, Allahı heç nədə “günahkar görməyək” (Eyub 1:22, YD). Əgər nahaqdan əzab çəkiriksə, gəlin şikayətlənməyək və öz çətinliklərimizdə Yeqovanı taqsırkar tutmayaq. Yeqovaya xidmətimizdə hansı şərəfli imtiyazları yerinə yetirsək də, “heç bir qiyməti olmayan qullar” olduğumuzu yadda saxlayaraq, özümüzə haqq qazandırmayaq (Luka 17:10).
15. a) İsanın bə’zi davamçılarında hansı səhv düşüncə tərzi aşkar olundu? b) Peter yaxşı düşüncə tərzini necə əks etdirdi?
15 Birinci əsrdə İsanı dinləyənlərdən bə’ziləri səhv düşüncə tərzi göstərmişdilər. Bir dəfə İsa, çətin anlaşılan fikir söylədi. Buna cavab olaraq, “şagirdlərindən bir çoxu bunu eşitdikdə: Bu çətin sözdür. Onu kim dinləyə bilər? - dedilər”. Aydın məsələdir ki, belə deyənlərin düşüncə tərzləri düzgün deyildi. Bu da ona gətirib çıxartdı ki, onlar İsanı dinləməkdən əl çəkdilər. Biz oxuyuruq: “Bu zamandan e’tibarən şagirdlərindən bir çoxu Ondan ayrılıb, artıq Onunla gəzmirdi”. Bəs onların hamısınınmı düşüncə tərzi səhv idi? Xeyr. Daha sonra deyilir: “Buna görə İsa Onikilərə dedi: “Yoxsa siz də getmək istəyirsiniz?” Şimon Peter Ona cavab verdi: “Ya Rəbb, biz kimin yanına gedə bilərik?”” Sonra Peter, əslində öz sualına özü cavab verir: “Əbədi həyatın sözləri Səndədir” (Yəhya 6:60, 66—68). Necə də gözəl düşüncə tərzidir! Müqəddəs Kitabın nöqteyi-nəzərində çətin razılaşa biləcəyimiz izahat və ya dəyişikliklə rastlaşdığımız zaman, məgər Peterdə olan düşüncə tərzini əks etdirmək yaxşı olmazmı? Nəyi isə həmin an başa düşmədiyimizə görə Yeqovaya xidməti dayandırmaq və ya “səhih sözləri”n əksinə danışmaq necə də ağılsızlıq olardı! (2 Timoteyə 1:13)
16. İsanın günlərində yəhudi din xadimləri hansı sarsıdıcı münasibəti göstərdilər?
16 Birinci əsrin yəhudi din xadimlərində İsanın düşüncə tərzi yox idi. İsa Lazarı diriltdiyi zaman baş verən hadisə göstərir ki, onlar İsanı dinləməyi inadkarlıqla rədd edirdilər. Bu mö’cüzə, düzgün düşüncə tərzi olan insanların hamısı üçün, İsanın Allah tərəfindən göndərildiyinə şəksiz sübut idi. Lakin oxuyuruq: “Buna görə baş kahinlər və fəriseylər bir Sinedrion toplayıb dedilər: “Nə edək? Bu Adam bir çox mö’cüzələr göstərir. Onu belə buraxsaq, hamı Ona iman gətirəcək; romalılar da gəlib həm yerimizi, həm də xalqımızı yox edəcəklər””. Onlar hansı qərara gəldilər? “Elə o gündən e’tibarən qərara aldılar ki, İsanı öldürsünlər”. Onlar, İsanı öldürmək razılığından əlavə, onun mö’cüzə göstərmək qabiliyyətinin canlı sübutunu da məhv etmək niyyətində oldular: “Baş kahinlər Lazarı da öldürməyi aralarında qət etdilər” (Yəhya 11:47, 48, 53; 12:9—11). Əgər belə bir düşüncə tərzi bizdə yaransaydı və həqiqətdə sevindirməli olan şeylər bizi əsəbiləşdirsəydi, bu necə də pis olardı! Bəli, bu çox təhlükəli olardı!
Məsihin müsbət düşüncə tərzini təqlid edirik
17. a) Daniel hansı şəraitlərdə cəsarət göstərdi? b) İsa cəsarətini necə göstərdi?
17 Yeqovanın xidmətçiləri müsbət düşüncə tərzini qoruyub saxlayırlar. Danielin düşmənləri, otuz gün ərzində padşahdan savayı başqa bir tanrıya və ya insana hər hansı bir xahişlə müraciət etməyi qadağan edən qanunun sərancamına nail olmağa sözləşdikləri zaman, Daniel anladı ki, bu, onun Yeqova Allahla olan münasibətinə qəsd etməkdir. O, 30 gün ərzində Allaha dua etmədimi? Əksinə, Daniel adəti üzrə, gündə üç dəfə Yeqovaya dua etməyi cəsarətlə davam etdirdi (Daniel 6:6—17). İsa da düşmənlərinin onu qorxutmalarına yol vermirdi. Bir dəfə şənbə günü, o, əli qurumuş bir adamla rastlaşdı. İsa bilirdi ki, əgər şənbə günündə kiməsə şəfa verərsə, bu, orada iştirak edən yəhudilərin çoxuna xoş gəlməyəcək. O, açıq-aşkar xahiş etdi ki, onlar bu barədə öz fikirlərini desinlər. Onlar imtina etdikdə, İsa həmin adama şəfa verdi (Mark 3:1—6). İsa öz tapşırığını heç zaman unutmurdu və onu lazım bildiyi kimi yerinə yetirirdi.
18. Bizə nə üçün müqavimət göstərirlər və düşmənlərin mənfi düşüncə tərzinə biz necə münasibət göstərməliyik?
18 Bu gün Yeqovanın Şahidləri dərk edirlər ki, düşmənlərdə mümkün olan mənfi reaksiyaların onlarda da qorxu hissi yaratmasına yol vermək olmaz. Əks təqdirdə, onların düşüncə tərzləri Məsihinkinə müvafiq olmayacaq. Yeqovanın Şahidlərinə - bəziləri onların haqqında həqiqəti bilmədikləri üçün, digərləri isə onların özünə və ya onların müjdələrinə nifrət etdikləri üçün - müqavimət göstərənlərin sayı az deyil. Lakin onların qeyri-səmimi niyyətlərinin müsbət düşüncə tərzimizə tə’sir etməsinə yol verməyək. Allaha necə ibadət etməyi başqalarının bizə diqtə etmələrinə heç zaman yol vermək olmaz.
19. Biz necə göstərə bilərik ki, Məsihdə olan düşüncə tərzi bizdə də var?
19 Nə qədər çətin olsa da İsa, davamçılarına və Allahın quruluşuna həmişə müsbət düşüncə tərzi göstərirdi (Matta 23:2, 3). Biz onu təqlid etməliyik. Bəli, bizim qardaşlarımız qeyri-kamildirlər, ancaq axı biz də eləyik. Bundan əlavə, ümumdünya qardaşlığından başqa, belə gözəl və həqiqi mə’nada sədaqətli olan dostları biz haradan tapa bilərik? Yeqova bizə hələ ki öz yazılı Kəlamının tam izahını verməyib, amma hansı dini qrup bizdən çox dərk edir? Belə isə gəlin İsa Məsihin malik olduğu düzgün düşüncə tərzini həmişə özümüzdə qoruyub saxlayaq. Düzgün düşüncə tərzini qoruyub saxlamaq üçün biz, həmçinin Yeqovanı da gözləməliyik. Bu haqda növbəti mövzuda bəhs olunacaq.
[Haşiyə]
a İsanın həyatı və xidməti, Gözətçi Qülləsi Cəmiyyətinin nəşr etdiyi “Dünyada yaşamış ən böyük insan” kitabında müzakirə olunur (türk.).
Siz necə izah edərdiniz
• Düşüncə tərzimiz həyatımıza necə tə’sir edir?
• İsa Məsihin düşüncə tərzini təsvir edin.
• Eyubun düşüncə tərzindən nəyə öyrənmək olar?
• Göstərilən müqavimətləri hansı düşüncə tərzi ilə qarşılamaq düzgün olardı?
[18-ci səhifədəki şəkillər]
Düşüncə tərzi düzgün olan məsihçi başqalarına kömək etməyə cəhd göstərir
[21-ci səhifədəki şəkil]
Allahın Kəlamını dua edərək öyrənmək, Məsihin düşüncə tərzini mənimsəməkdə bizə kömək edir