Fəsil 5
Yehovaya ibadət edənlərin azadlığı
1, 2. a) Allah ilk kişi ilə qadına nə cür azadlıq bəxş etmişdi? b) Adəmlə Həvvanın fəaliyyətini istiqamətləndirən bəzi qanunları sadalayın.
YEHOVA ilk kişi ilə qadını azad yaratmışdı. Onların azadlığı ilə bugünkü «azadlıq» arasında yerlə göy qədər fərq vardı. Bu iki adam Cənnətdə — gözəl Eden bağında yaşayırdı. Kamil zehin və bədən sayəsində, onlar xəstəliyin nə olduğunu bilmirdilər. Bu cür həyat onlara həzz verirdi. Ölüm bu gün hər kəsin labüd sonu olsa da, ilk kişi ilə qadın ölməməli idilər. Adəmlə Həvva robot da deyildilər. Allah onlara qərar qəbul etmək qabiliyyəti, başqa sözlə desək, iradə azadlığı kimi ecazkar bir hədiyyə bəxş etmişdi. Lakin bu gözəl hədiyyədən daima istifadə etmək üçün ilk kişi ilə qadın Allahın qanunlarına ehtiramla yanaşmalı idilər.
2 Misal üçün Allahın yaratdığı fiziki qanunları götürək. Bu qanunları yazılı şəkildə verməyə heç lüzum yox idi. Adəmlə Həvva elə yaradılmışdılar ki, fiziki qanunlara tabe olmaq onlar üçün təbii idi. Aclıq hissi onlara xəbər verirdi ki, yemək lazımdır. Susuzlayanda su içirdilər. Günəş batanda yatmaq vaxtı gəldiyini anlayırdılar. Yehova onlara iş də tapşırmışdı. Bu tapşırıq öz-özlüyündə bir qanun idi, belə ki, onların fəaliyyətini istiqamətləndirirdi. Adəmlə Həvva dünyaya uşaq gətirməli, bütün canlı aləmin üzərində hökmranlıq etməli, yer üzünü bürüyənədək Cənnətin sərhədlərini genişləndirməli idilər (Yaradılış 1:28; 2:15). Bu necə də gözəl və faydalı bir qanun idi! Həmin qanunun sayəsində Adəmlə Həvvanın məmnunluq gətirən işi vardı. Bu iş onlara bütün kamil bacarıqlarından səmərə ilə istifadə etməyə imkan yaradırdı. Həmçinin onlar verilmiş tapşırığın yerinə yetirilməsi ilə bağlı qərarlar qəbul etməkdə sərbəst idilər. İnsana bundan artıq nə lazımdır ki?!
3. Adəmlə Həvva iradə azadlığından hikmətlə istifadə etməyi necə öyrənə bilərdilər?
3 Əlbəttə, Adəmlə Həvvanın sərbəst qərar qəbul etmək imkanlarının olması heç də onların hər bir qərarının yaxşı nəticə verəcəyini bildirmirdi. Bu sərbəstlik Allahın qanun və prinsipləri çərçivəsindən kənara çıxmamalı idi. Bəs Adəmlə Həvva onları necə öyrənə bilərdilər? Yaradana qulaq asıb Onun işlərini diqqətlə müşahidə etməklə. Allah Adəmlə Həvvaya ağıl bəxş etmişdi və onlar bunun sayəsində öyrəndiklərini həyatda tətbiq edə bilərdilər. Kamil olduqlarından, qərar qəbul edəndə Allahın keyfiyyətlərini əks etdirmək onlar üçün təbii idi. Adəmlə Həvva Allahın onlar üçün nələr etdiyini qiymətləndirib daima ürəyini sevindirmək istəsəydilər, həmişə Onu təqlid etməyə çalışacaqdılar (Yaradılış 1:26, 27; Yəhya 8:29).
4. a) Yalnız bir ağacın meyvəsindən yeməmək əmri Adəmlə Həvvanın azadlığını məhdudlaşdırırdımı? b) Allahın tələbinin ədalətli olduğu nədən görünür?
4 Allah tamamilə haqlı olaraq, Adəmlə Həvvanın Ona bir Yaradan kimi bəslədiyi sədaqəti və qoyduğu çərçivə daxilində qalıb-qalmayacağını yoxlamaq qərarına gəldi. Bu səbəbdən Yehova Adəmə əmr etdi: «Bağdakı bütün ağacların bəhrəsindən istəyəndə yeyə bilərsən. Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən» (Yaradılış 2:16, 17). Həvva yaradılandan sonra bu qanun ona da çatdırıldı (Yaradılış 3:2, 3). Bəs bu məhdudiyyət onları azadlıqdan məhrum etmirdi? Əsla yox. Həmin o ağacın meyvəsindən başqa, ürəkləri istədikləri bütün meyvələri yeyə bilərdilər (Yaradılış 2:8, 9). Onlar qəbul etməli idilər ki, Allah Yaradan olduğu üçün yer Ona məxsusdur və Onun qanun vermək hüququ var. Allahın qanunları Onun niyyətinə müvafiqdir və insanların xeyrinədir (Məzmur 24:1, 10).
5. a) Adəmlə Həvva ecazkar azadlıqlarını necə itirdilər? b) Adəmlə Həvvanın azadlığının yerini nə tutdu və bunun bizə hansı təsiri oldu?
5 Bəs nə baş verdi? Xudpəsənd niyyətlərə can atan bir mələk, öz iradə azadlığından sui-istifadə edib Şeytan, başqa sözlə desək, «düşmən» oldu. O Həvvanı aldatdı və onu Allahın iradəsinə zidd çıxmağa təhrik etdi (Yaradılış 3:4, 5). Həvva Allahın qanununu pozdu, Adəm də ona qoşuldu. Onlar ixtiyarları çatmayan bir şeyə əl uzatmaqla ecazkar azadlıqlarından məhrum oldular. Günah ilk kişi və qadının üzərində ağalıq etməyə başladı və nəticədə Allahın xəbərdarlıq etdiyi kimi onlar öldülər. Adəmlə Həvva günahı bütün gələcək nəsillərinə miras qoydular və bu, anadangəlmə pisliyə meyldə özünü büruzə verir. Xəstəliklər, qocalıq və ölüm də günahın nəticəsidir. Şeytanın təsiri altında daha da güclənən pisliyə meyl nəticəsində, cəmiyyətdə nifrət, cinayət, zülm və milyonlarla insan həyatına son qoyan müharibələr adi hala çevrilmişdir. Bu, Allahın başlanğıcda insanlara bəxş etdiyi azadlıqdan necə də fərqlənir! (Qanunun təkrarı 32:4, 5; Əyyub 14:1, 2; Romalılara 5:12; Vəhy 12:9).
Azadlığı haradan tapmaq olar
6. a) Əsl azadlığı haradan tapmaq olar? b) İsa hansı azadlıqdan danışırdı?
6 Təəccüblü deyil ki, hər yanda baş alıb gedən pislikdən cana gəlmiş adamlar daha geniş azadlıq arzusundadırlar. Belə isə əsl azadlığı haradan tapmaq olar? İsa Məsih demişdi: «Əgər siz Mənim sözümə sadiq qalsanız, həqiqətən Mənim şagirdlərimsiniz. Siz həqiqəti dərk edəcəksiniz; və həqiqət sizi azad edəcəkdir» (Yəhya 8:31, 32). Bu, insanların rəhbərləri və ya bir quruluşu başqası ilə əvəz etməklə qazanmağa ümid etdikləri azadlıq deyil. İsa bütün problemlərin kökü olan günahın köləliyindən qurtulmaqdan danışırdı (Yəhya 8:24, 34-36, İ–93). Beləliklə əgər insan İsa Məsihin şagirdi olursa, onun həyatında gözəçarpan dəyişikliklər baş verir. O əsl azadlığa qovuşur!
7. a) Biz hansı mənada artıq indi günahdan azad ola bilərik? b) Bu cür azadlığa sahib olmaq üçün nə etməliyik?
7 Bu o demək deyil ki, həqiqi məsihçilərdə günaha anadangəlmə meyl yox olur. Onlar günahı miras aldıqları üçün, hələ də onunla mübarizə aparırlar (Romalılara 7:21-25). Lakin öz həyatında İsanın təlimlərini rəhbər tutan insan daha günahın qulu olmur. Artıq günah adam üçün, əmrlərinə sözsüz əməl edilən ağaya çevrilmir. İnsan mənasız və vicdanı ləkələyən həyat tərzinin əsarətindən yaxa qurtarır. Allahın qarşısında onun vicdanı təmizlənir, çünki keçmişdə işlətdiyi günahlar İsanın fidiyə qurbanlığına gətirdiyi iman sayəsində bağışlanır. Hərçənd günaha meyl özünü bildirir, lakin Məsihin təmiz təlimlərini yadda saxlayaraq təslim olmayan adam göstərir ki, artıq günah onun ağası deyil (Romalılara 6:12-17).
8. a) Həqiqi məsihçilərin necə azadlığı var? b) Biz hakim dairələrə necə münasibət bəsləməliyik?
8 Bir məsihçi kimi aldığımız azadlığın üzərində düşünək. Biz yalan təlimlərin təsirindən, mövhumat və günahın əsarətindən azadıq. Ölülərin vəziyyəti və dirilmə haqqındakı bilik bizi ölüm qarşısında qorxudan tamamilə azad edir. Allahın saleh Padşahlığının qeyri-kamil insan hakimiyyətlərini əvəz edəcəyini bilməyimiz bizi ümidsizlikdən qurtarır (Daniel 2:44; Matta 6:10). Amma bu azadlıq bizə hakim dairələrə və onların qoyduqları qanunlara hörmətsiz yanaşmaq hüququ vermir (Titusa 3:1, 2; 1 Peter 2:16, 17).
9. a) Yehova hal-hazırda mümkün olan ən geniş azadlıqdan bizim istifadə etməyimizə sevə-sevə necə kömək edir? b) Biz müdrik qərarları necə qəbul edə bilərik?
9 Yehova Allah istəmir ki, biz ən yaxşı həyat yolunu səhvlər buraxa-buraxa tapaq. O quruluşumuzu, nəyin bizə həqiqi məmnunluq və əbədi fayda gətirəcəyini yaxşı bilir. Allah bilir ki, hansı düşüncələr və əməllər insanın Onunla və digər adamlarla münasibətini korlaya və hətta yeni dünyaya açılan qapını üzünə bağlaya bilər. Yehova Müqəddəs Kitab və Özünün görünən təşkilatı vasitəsilə bizi bu haqda sevə-sevə xəbərdar edir (Mark 13:10; Qalatiyalılara 5:19-23; 1 Timoteyə 1:12, 13). Bunlara riayət edib-etməmək özümüzdən asılıdır, çünki Allah bizə iradə azadlığı bəxş etmişdir. Müqəddəs Kitabda deyilənləri ürəkdən qəbul etmişiksə, Adəmdən fərqli olaraq müdrik qərarlar verəcəyik. Aşkar görünəcək ki, bizim üçün Yehova ilə yaxşı münasibətdə olmaqdan mühüm heç nə yoxdur.
Başqa növ azadlıq arzusu
10. Yehovanın Şahidlərindən bəziləri hansı növ azadlığa can atırlar?
10 Bəzi gənc və hətta gənclik illəri artıq arxada qalmış Yehovanın Şahidlərində arabir başqa növ azadlıq arzusu baş qaldıra bilər. Ola bilsin dünya onlara cazibədar görünür və bu haqda çox düşündükcə indi geniş yayılmış, lakin məsihçiyə yaraşmayan işlərə həvəs bir o qədər güclənir. Çox ehtimal bu məsihçilər narkotik maddələr qəbul etmək, sərxoşluq və əxlaqsızlıqla məşğul olmaq fikrində deyillər. Ancaq onlar həqiqi məsihçi olmayanlarla ünsiyyət qurur və bu adamların hörmətini qazanmaq istəyirlər. Belə məsihçilər hətta onların danışıq və hərəkət tərzini yamsılaya da bilərlər (3 Yəhya 11).
11. Məsihçini pis iş görməyə bəzən kimlər şirnikləndirə bilər?
11 Bəzən özlərini Yehovanın xidmətçisi kimi qələmə verənlər, məsihçini Allaha məqbul olmayan işlərə qoşulmağa şirnikləndirə bilərlər. Erkən məsihçilərin bəzilərilə də bu baş vermişdi və bizim dövrdə də belə ola bilər. Çox vaxt belə adamlar Allahın qanununa zidd olan işlərə meyl salırlar, çünki bu işlərdən həzz alacaqlarını düşünürlər. Onlar başqalarını «əylənməyə» dəvət edib, «azadlıq vəd edirlər, halbuki özləri pozğunluğun köləsidirlər» (2 Peter 2:19).
12. Allahın qanunlarına və prinsiplərinə zidd əməllərin aqibəti necə olur?
12 Bu cür «azadlığın» nəticəsi həmişə ağır olur, çünki insan Allahın qanunlarını pozur. Məsələn, nikahdan kənar cinsi yaxınlığın nəticəsi vicdan əzabı, xəstəlik, ölüm, arzuedilməz hamiləlik və nikahın pozulması ola bilər (1 Korinflilərə 6:18; 1 Saloniklilərə 4:3-8). Narkotik maddələrdən sui-istifadə etməyin nəticəsində əsəbilik, başgicəllənmə, təngənəfəslik, qarabasma yaranır, həmçinin adamın dili topuq çalır və gözləri zəifləyir. Bu hətta ölümlə nəticələnə bilər. Adamda asılılıq yarana bilər və bu halda o narkotik maddələr almağa pul tapmaq üçün cinayət də törədə bilər. Sərxoşluğun da aqibəti təxminən eynidir (Süleymanın məsəlləri 23:29-35). Bu cür işlərə qoşulanlar azad olduqlarını düşünə bilərlər, lakin sonra günahın köləsinə çevrildiklərini başa düşəndə artıq gec olur. Günah isə çox zalım ağadır! Əgər biz indidən bu haqda fikirləşsək, belə işlərdən özümüzü qoruya bilərik (Qalatiyalılara 6:7, 8).
Problemlərin kökü
13. a) Problemlərin kökündə duran ehtiras çox vaxt nəyin nəticəsində oyanır? b) Dostluğun yaxşı yaxud pis olduğunu müəyyən etmək üçün kimin baxışlarını bilmək lazımdır? c) 13-cü abzasdakı suallara cavab verəndə Yehovanın nöqteyi-nəzərinə xüsusi fikir verin.
13 Gəlin çox vaxt problemlərin nədən başlandığı üzərində düşünək. Müqəddəs Kitab izah edir: «Hər kəs öz ehtirası ilə aparılaraq və aldanaraq imtahan olunur. Ehtiras isə boylu qalıb günah doğurur. Yetişən günah da ölüm törədir» (Yaqub 1:14, 15). Ehtiras nədən oyanır? Beynimizə daxil olan şeylərdən. Çox vaxt bu, Müqəddəs Kitab prinsiplərinə riayət etməyənlərlə ünsiyyətdən sonra baş verir. Əlbəttə hamı bilir ki, «pis dostluq»dan uzaqlaşmaq lazımdır (1 Korinflilərə 15:33). Bəs hansı dostluğu pis saymaq olar? Yehova bu məsələyə necə baxır? Növbəti sualların və ayələrin üzərində düşünməklə düzgün cavab tapa bilərik.
Bəzi adamlar xalq arasında hörmətli sayılsa da, səncə, onlardan bizə yaxşı dost çıxar? (Yaradılış 34:1, 2, 18, 19).
Onların məsihçiyə yaraşmaz söhbət və zarafat etdiklərini görürüksə, bu adamlarla yaxın dostluq etməyə dəyər? (Efeslilərə 5:3, 4).
Allahı sevməyən adamlarla dostluq etsək, Yehova hansı hissləri keçirəcək? (2 Salnamələr 19:1, 2).
Əqidəmizi bölüşməyənlərlə bir yerdə işlədiyimiz və ya oxuduğumuz hallarda nə üçün ehtiyatlı olmalıyıq? (1 Peter 4:3, 4).
Televiziya verilişləri, kino, internet, kitab, qəzet və jurnallar ünsiyyət vasitələridir. Onlardan istifadə edəndə nədən çəkinməliyik? (Süleymanın məsəlləri 3:31; Yeşaya 8:19; Efeslilərə 4:17-19).
Dost seçimimiz Yehovaya bizim barəmizdə nə deyir? (Məzmur 26:1, 4, 5; 97:10).
14. Artıq indidən Allahın Kəlamının verdiyi rəhbərliyə sədaqətlə riayət edənləri hansı ecazkar azadlıq gözləyir?
14 Biz artıq Allahın yeni dünyasının astanasındayıq. Allahın göydəki Padşahlığı bəşəriyyəti Şeytanın və onun pis sisteminin təsirindən azad edəcək. İtaətkar insanlar tədricən günahın bütün nəticələrindən qurtulacaqlar. O zaman onların zehni və bədəni kamil olacaq və onlar Cənnətdə əbədi yaşayaraq həyatdan həzz alacaqlar. Axırda bütün canlı məxluqların ‘Rəbbin ruhuna’ müvafiq azadlığı olacaq (2 Korinflilərə 3:17). İndi Allahın Kəlamının rəhbərliyini qulaqardına vurub, bütün bunları itirmək müdrik hərəkət olmazdı. Gəlin məsihçi azadlığımızdan hikmətlə istifadə edərək açıq nümayiş etdirək ki, biz doğrudan da ‘Allahın övladlarının izzətli azadlığını’ arzulayırıq! (Romalılara 8:21).
Təkrar üçün suallar
• İlk kişi ilə qadının necə azadlığı var idi? Bəs indi bəşəriyyət hansı vəziyyətdədir?
• Həqiqi məsihçilərin hansı azadlığı var? Bu azadlıq dünyadakı «azadlıq»dan nə ilə fərqlənir?
• «Pis dostluq»dan uzaq durmaq nə üçün vacibdir? Nəyin pis olduğunu ayırd etməkdə Adəmdən fərqli olaraq biz kimin tərəfini tuturuq?
[46-cı səhifədəki şəkillər]
Allahın Kəlamı bizi xəbərdar edir: «Aldanmayın: pis dostluq yaxşı əxlaqı pozar»