İnsan zəiflikləri üzərində qələbə qazanırıq
“Cismani təbiətə uyan düşüncə — ölümdür” (ROMALILARA 8:6).
1. Bə’ziləri insan bədəninə necə yanaşırlar və hansı sual müzakirə edilməyə layiqdir?
“SNƏ şükür edərəm; çünki çox gözəl və valehedici surətdə yaradılmışam” (Məzmur 139:14). Məzmurçu Davud, Yeqovanın yaratdıqlarından birini — insan bədənini seyr edərək Ona belə həmd edirdi. Lakin bə’zi din müəllimləri, insan bədənini günah üçün sığınacaq və alət adlandıraraq, tam layiqli bu tə’rifə qoşulmurlar. Onu “cahillik paltarı, nöqsanların kökü, pozğunluq telləri, qaranlıq zindan, yaşayan ölü, canlı cəsəd, yeriyən məzar” adlandırırlar. Doğrudur ki, həvari Pavel, “cismani təbiətimdə yaxşı şey yaşamır” sözlərini demişdir (Romalılara 7:18). Lakin bu, bizim günahlı bədənin aciz əsirləri olduğumuzumu bildirir?
2. a) “Cismani təbiətə uyan düşüncə” nədir? b) Allaha məqbul olmağı arzu edən insanlarda “cismani təbiətlə” “ruh” arasında hansı münaqişə baş verir?
2 Müqəddəs Yazılarda insan bədəni bə’zən “cismani təbiət” adlandırılır. Müqəddəs Kitabda “cismani təbiət” ifadəsi ilə həmçinin üsyankar Adəmin nəslindən olan insanın günahlı vəziyyətinə işarə edilir (Efeslilərə 2:3; Məzmur 51:5; Romalılara 5:12). Adəmdən aldığımız miras “cismani təbiətimizin zəifliyinə” səbəb oldu (Romalılara 6:19). Buna görə Pavel xəbərdarlıq edirdi: “Cismani təbiətə uyan düşüncə — ölümdür” (Romalılara 8:6). “Cismani təbiətə uyan düşüncə” ifadəsi altında, bizim, günahlı cismani təbiətin arzularına tabe olduğumuz və onunla hərəkətə gətirildiyimiz nəzərdə tutulur (1 Yəhya 2:16). Buna görə də əgər biz Allaha məqbul olmağa çalışırıqsa, bizdə durmadan “cismani təbiətin əməlləri”nə həvəs oyadan günahlı təbiətimizlə ruhaniliyimiz arasında daima münaqişə baş verir (Qalatiyalılara 5:17—23; 1 Peter 2:11). Pavel bu daxili mübarizəni təsvir edərək, ucadan dedi: “Nə zavallı adamam! Ölümə aparan bu bədəndən məni kim xilas edəcək?” (Romalılara 7:24). Pavel şirnikdirmələrin aciz qurbanı idimi? Müqəddəs Kitab bu suala qəti surətdə “xeyr” cavabı verir.
Şirnikdirmə və günahın reallığı
3. Çox insanlar günaha və şirnikdirici tə’sirlərə necə yanaşırlar, lakin Müqəddəs Kitab bizi bu cür münasibətdən necə çəkindirir?
3 Bu gün bir çox insanların “günah” haqqında heç bir təsəvvürləri yoxdur. “Günah” sözü, köhnəlmiş və insanlara xas olan səhvləri göstərən söz kimi rişxənd mə’nasında istifadə edilir. Onlar anlamırlar ki, “biz hamımız Məsihin hökm kürsüsü önündə görünməliyik ki, hər birimiz, bədəndə yaşayarkən gördüyü yaxşı yaxud pis işlərin əvəzini alsın” (2 Korinflilərə 5:10). Kim isə istehza ilə deyə bilər: “Mən, sınaqlardan başqa hər şeyə dözə bilərəm”. Çoxları yeməkdə, cinsi əlaqədə, əyləncələrdə öz arzularına yol verən və nəyin bahasına olursa-olsun istədiklərinə nail olan cəmiyyətdə yaşayırlar. Bu insanlar hər şeyi dərhal və gecikdirmədən əldə etmək istəyirlər! (Luka 15:12). Onlar “həqiqi həyatın” gələcəkdə gətirəcəyi sevinc barədə düşünmədən, yalnız həmən an alınan zövqü görürlər (1 Timoteyə 6:19). Müqəddəs Kitab isə, hər şeyi götür-qoy etməyi və uzaqgörən olmağı, ruhani və ya başqa cəhətdən zərər gətirə biləcək hər şeydən uzaq olmağı öyrədir. Allah tərəfindən ilhamlanmış bir məsəldə deyilir: “Fərasətli adam şəri görüb gizlənir; təcrübəsiz adamlar isə, irəli keçib zərər görürlər” (Süleymanın məsəlləri 27:12).
4. Pavel, 1 Korinflilərə 10:12, 13 ayələrində nə haqda xəbərdarlıq edir?
4 Korinfdə — əxlaq pozğunluğu ilə məşhur olan şəhərdə yaşayan məsihçilərə yazdığı məktubunda, Pavel şirnikdirmə və günahın gücü haqqında real xəbərdarlıq verir. O deyir: “Kim düşünürsə ki, ayaq üstə durub, ehtiyatlı olsun ki, yıxılmasın. Siz hər insanın başına gələndən başqa bir imtahana mə’ruz qalmadınız. Allah sadiqdir; O, gücünüzdən artıq imtahan olunmanıza razılıq verməz, lakin imtahan ilə yanaşı, qurtuluşu da tə’min edəcəkdir ki, tab gətirə biləsiniz” (1 Korinflilərə 10:12, 13). Biz hamımız— gənclər və yaşlılar, kişilər və qadınlar — məktəbdə, işdə və başqa yerlərdə tez-tez şirnikdirici tə’sirlərlə qarşılaşırıq. Buna görə də, gəlin Pavelin sözlərini diqqətlə araşdıraq və onların nə mə’na daşıdığını aydınlaşdıraq.
Özünüzə güvənməkdən qorunun
5. Özünə güvənmək nə üçün təhlükəlidir?
5 Pavel deyir: “Kim düşünürsə ki, ayaq üstə durub, ehtiyatlı olsun ki, yıxılmasın”. Mə’nəvi gücümüzə həddindən artıq güvənmək təhlükəlidir. Bu, günahın təbiətinə və gücünə dair anlayışın çatışmazlığını göstərir. Əgər Musa, Davud, Süleyman və həvari Pavel kimi insanlar günaha yol verirdilərsə, onda günahın bizim üçün təhlükə yaratmayacağını düşünmək olarmı? (Saylar 20:2—13; 2 Samuel 11:1—27; 1 Krallar 11:1—6; Matta 26:69—75). Süleymanın məsəlləri 14:16 ayəsində deyilir: “Hikmətli adam qorxar və şərdən ayrılar; fəqət ağılsız adam qürrələnər və özünə güvənər”. İsa isə demişdi: “Ruh qeyrətli, bədən isə zəifdir” (Matta 26:41). Əxlaqsız arzular bütün qeyri-kamil insanlara xas olduğu üçün, biz Pavelin xəbərdarlıqlarına ciddi yanaşmalı və şirnikdirici tə’sirlərə qapılmamalıyıq, əks təqdirdə “yıxıla” bilərik (Yeremya 17:9).
6. Şirnikdirici tə’sirlərə nə vaxt və necə hazırlaşmalıyıq?
6 Qəflətən baş verə biləcək fəlakətə hazırlaşmaq— müdrik davranışdır. Asa padşah başa düşürdü ki, sülh vaxtından müdafiə tikililərinin təməlini qoymaq üçün istifadə etmək lazımdır (2 Tarixlər 14:2, 6, 7). O, bilirdi ki, düşmən hücum edən zaman müdafiəyə hazırlaşmaq gecdir. Şirnikdirici tə’sirlər yarananda qəbul edəcəyimiz qərarları da sakit mühitdə, ayıq tərzdə düşünmək mümkün olan zaman qəbul etmək daha yaxşıdır (Məzmur 63:6). Daniel və Allahdan qorxan dostları Yeqovanın qanunlarına sadiq qalmağı, onlara padşah süfrəsinin ləziz yeməkləri təklif olunmamışdan qabaq qərara almışdılar. Bu onlara, əqidələrinə əsasən davranmağa və natəmiz qidanı qəbul etməməyə imkan verdi (Daniel 1:8). Gəlin biz də, əxlaq təmizliyini qorumaq qətiyyətimizi möhkəmləndirərək, sınaqlara əvvəlcədən hazırlaşaq. O zaman günaha yol vermərik.
7. Başqalarının şirnikdirici tə’sirlərə davam gətirdiklərini bilmək nə üçün təsəllivericidir?
7 Həvari Pavelin sözləri necə də təsəlli verir: “Siz hər insanın başına gələndən başqa bir imtahana mə’ruz qalmadınız” (1 Korinflilərə 10:13). Həvari Peter yazırdı: “Möhkəm imanla ona [İblisə] qarşı durun və bilin ki, dünyadakı qardaşlarınız da eyni əzabları çəkirlər” (1 Peter 5:9). Bəli, əgər həmimanlılarımız bu cür imtahanlarla qarşılaşarkən, şirnikdirici tə’sirlərə Allahın köməkliyi sayəsində davam gətirdilərsə, buna bizim də gücümüz çatar. Biz məsihçilər pozğun bir dünyada yaşadığımız üçün, hər birimiz əvvəl-axır şirnikdirici tə’sirlərə mə’ruz qalacağıq. İnsan zəiflikləri və günah işlətməyə olan həvəslər üzərində qələbə qazanacağımıza əmin olmaqda bizə nə kömək edə bilər?
Şirnikdirici tə’sirlərə davam gətirmək mümkündür
8. Şirnikdirici tə’sirlərdən qaçınmağın əsas üsulu nədən ibarətdir?
8 “Günaha qul olmamağın” əsas üsullarından biri— imkan daxilində şirnikdirici tə’sirlərdən qaçınmaqdır (Romalılara 6:6). Biz, Süleymanın məsəlləri 4:14, 15 ayələrində təşviq olunuruq: “Pislərin yoluna girmə və şərir adamların yolunda yerimə. Sən ondan çəkin, yanından keçmə; onun yanından yan keç”.Çox vaxt biz əvvəlcədən bilirik ki, bu və ya digər şərait günaha gətirib çıxara bilər. Buna görə də aydındır ki, məsihçiyə, düzgün olmayan arzular yaradan və natəmiz ehtiraslar alışdıran insanlardan, əşyalardan və yerlərdən kənar duraraq, buna bənzər vəziyyətlərdən “yan keçmək” lazımdır.
9. Müqəddəs Yazılar təhlükəli vəziyyətlərdən qaçmağın vacibliyini necə qeyd edir?
9 Şirnikdirici tə’sirlərin üzərində qələbə qazanmağın əsas üsullarından biri də — bu tə’sirləri yaradan vəziyyətlərdən qaçmaqdır. Pavel xəbərdarlıq edirdi: “Cinsi əxlaqsızlıqdan çəkinin” (1 Korinflilərə 6:18). O, həmçinin yazırdı: “Bütpərəstlikdən qaçın” (1 Korinflilərə 10:14). Bundan əlavə, həvari Timoteyə varlanmağa olan hədsiz-hesabsız arzulardan, həmçinin “gənclik ehtiraslarından” “qaçmağı” tə’kidlə məsləhət edirdi (2 Timoteyə 2:22; 1 Timoteyə 6:9—11).
10. Şirnikdirici tə’sirlərdən qaçmağın nə dərəcədə vacib olduğunu, bir-birinə əks olan hansı iki nümunə göstərir?
10 İsrail padşahı Davudun başına gələnləri nəzərdən keçirək. O, evinin damından çimən gözəl bir qadını gördü və onun ürəyində düzgün olmayan arzular yarandı. O, evin damından getməli və şirnikdirici tə’sirdən qaçmalı idi. O isə bu qadının kim olduğunu müəyyənləşdirdi (bu qadın Bat-şeba idi)... Və axırda bu hadisə fəlakətlə nəticələndi (2 Samuel 11:1—12:23). Bəs ağasının əxlaqsız arvadı Yusifi onunla yatmağa təhrik edən zaman, o necə davrandı? Müqəddəs Kitabda deyilir: “Hər gün Yusifə söylədiyi halda, onun yanında yatmaq, yaxud onunla bərabər olmaq ricasını dinləməzdi”. Yusif o zaman Musanın hələ verilməmiş qanununun əmrlərini bilmədən, ona belə cavab verdi: “Necə bu böyük pisliyi edim və Allaha qarşı suç işlədim?” Bir gün qadın Yusifi tutub dedi: “Mənimlə bərabər yat”. Yusif onunla qalıb nə isə izah etməyə çalışdımı? Yox. O “qaçdı və çölə çıxdı”. Yusif şirnikdirici tə’sirin onun üzərində qələbə qazanmasına imkan vermədi. O qaçdı! (Təkvin 39:7—16).
11. Şirnikdirici tə’sirlərlə tez-tez qarşılaşanda nə etmək olar?
11 Qaçmaq bə’zən qorxaqlıq əlaməti hesab olunur, lakin ən ehtiyatlı davranış — təhlükəli vəziyyətlərdən məhz uzaqlaşmaqdır. Tutaq ki, biz iş yerində tez-tez şirnikdirici tə’sirlərlə qarşılaşırıq. Hətta iş yerimizi dəyişmək imkanımız olmasa da, yəqin ki, şirnikdirici tə’sirlərə səbəb olan vəziyyət yaranan zaman, hara isə getmək imkanımız var. Biz, nalayiq olduğunu bildiyimiz hər şeydən qaçmalı və həqiqətə əsasən davranmağa qətiyyətli olmalıyıq (Amos 5:15). Şirnikdirici tə’sirlərdən qaçmaq, İnternetin pornoqrafik saytlarına daxil olmamaq və şübhə doğuran əyləncə yerlərindən uzaq olmaq mə’nasını daşıya bilər. Həmçinin nalayiq jurnalı atmaq və ya Allahı sevən və bizə kömək edə bilən yeni dostlar tapmaq mə’nasını da verə bilər (Süleymanın məsəlləri 13:20). Bizi günaha təhrik edən nə olursa-olsun, ondan qətiyyətlə üz döndərmək bizim tərəfimizdən müdriklik olardı (Romalılara 12:9).
Dua necə kömək edə bilər
12. “Bizi imtahana çəkmə” dediyimiz zaman, biz Allahdan nə haqda xahiş etmiş oluruq?
12 Pavelin növbəti zəmanəti çox ruhlandırır: “Allah sadiqdir; O, gücünüzdən artıq imtahan olunmanıza razılıq verməz, lakin imtahan ilə yanaşı, qurtuluşu da tə’min edəcəkdir ki, tab gətirə biləsiniz” (1 Korinflilərə 10:13). Məsələn, Yeqovanın bizə yardım etməsi, şirnikdirici tə’sirlərlə mübarizə aparmaq üçün etdiyimiz dualara cavab verməsində əks olunur. İsa Məsih belə dua etməyi öyrədirdi: “Bizi imtahana çəkmə, lakin bizi şərdən xilas et” (Matta 6:13). Yeqova bu cür səmimi duanı eşidəcək və şirnikdirici tə’sirlərlə qarşılaşdığımız zaman bizi tərk etməyəcəkdir. O, bizi Şeytandan və onun hiylələrindən azad edəcəkdir (Efeslilərə 6:11). Şirnikdirici tə’sirləri görüb, onlara qarşı dura bilməmiz üçün Allahdan kömək istəməliyik. Əgər Allahdan, şirnikdirici tə’sirlərə qapılmağımıza yol verməməsini xahiş etsək, O, Şeytanın, yə’ni “şərin” hiylələrinin qurbanı olmamağımıza kömək edəcəkdir.
13. Keçib getməyən şirnikdirici tə’sirlərlə qarşılaşdığımız zaman nə etmək lazımdır?
13 Şirnikdirici tə’sirlər keçib getməyən zaman, ürəkdən dua etmək xüsusilə vacibdir. Bə’zən şirnikdirici tə’sirlər nə dərəcədə zəif olduğumuzu xatırladan düşüncə və nöqteyi-nəzərlərlə güclü daxili mübarizəyə səbəb ola bilər (Məzmur 51:5). Məsələn, vaxtilə öhdəsindən gəldiyimiz əxlaqsız vərdiş haqqında xatirələr bizə əzab verə bilər. Əgər həmin vərdişə qayıtmaq həvəsi duyuruqsa, onda necə? Belə hissləri sadəcə olaraq boğmağa çalışmaq əvəzinə, bu haqda Yeqovaya danışın və əgər lazım gələrsə dəfələrlə təkrar edin (Məzmur 55:22). O, Kəlamı və müqəddəs ruhu vasitəsilə zehnimizi natəmiz fikirlərdən təmizləməyə kömək edəcəkdir (Məzmur 19:8, 9).
14. Nəyə görə şirnikdirici tə’sirlərin öhdəsindən gəlmək üçün dua etmək lazımdır?
14 Getsamani bağında həvarilərini yuxu basdığını görəndə, İsa onları təşviq etdi: “Oyaq durub dua edin ki, imtahana uğramayasınız. Doğrudan da ruh qeyrətli, bədən isə zəifdir” (Matta 26:41). Şirnikdirici tə’sirlərin öhdəsindən gəlmək üçün, onların qəbul etdikləri formaları bilmək və həmçinin güclə görülən təhlükələrini hiss etmək vacibdir. Bundan əlavə, şirnikdirici tə’sirlər yaranan kimi dərhal dua etmək olduqca vacibdir: bu, onların qarşısında tab gətirə bilməmiz üçün bizə güc verəcəkdir. Şirnikdirici tə’sirlər ən zəif yerimizdən vurduğu üçün, biz onlara qarşı təkbaşına müqavimət göstərə bilmərik. Dua etmək bizim üçün olduqca vacibdir, çünki Allahın verdiyi qüvvə sayəsində Şeytandan daha yaxşı müdafiə oluna bilərik (Filipililərə 4:6, 7). Ola bilsin, biz həmçinin “yığıncağın ağsaqqallarının” köməyinə və dualarına ehtiyac duyacağıq (Yaqub 5:13—18).
Şirnikdirici tə’sirlərə fəal tərzdə müqavimət göstərin
15. Şirnikdirici tə’sirlərə müqavimət göstərmək özünə nə daxil edir?
15 Əgər şirnikdirici tə’sirlərdən qaçınmaq mümkün deyilsə, onda biz, onlar keçib gedənə və ya vəziyyət dəyişənə qədər fəal tərzdə onlara qarşı müqavimət göstərməliyik. İsa, Şeytanın sınaqlarına, o uzaqlaşana qədər müqavimət göstərdi (Matta 4:1—11). İsanın şagirdi Yaqub yazırdı: “Allaha tabe olun, iblisə isə qarşı durun və o, sizdən qaçacaqdır” (Yaqub 4:7). Müqavimət, Allahın Kəlamı ilə zehnimizi möhkəmləndirməyimizdən və Allahın normalarına riayət etmək üçün qəti qarar qəbul etməyimizdən başlayır. Bizə xas olan hər hansı zəifliklə əlaqədar əsas ayələri yadda saxlamaq və onların üzərində düşünmək bizim tərəfimizdən düzgün hərəkət olardı. Narahatçılığımızı bölüşə biləcəyimiz və şirnikdirici tə’sirlər yaranan zaman müraciət edə biləcəyimiz bir yetkin məsihçiyə, bəlkə də ağsaqqala yanaşmaq müdriklik olardı (Süleymanın məsəlləri 22:17).
16. Əxlaqi cəhətdən təmizliyimizi necə qorumaq olar?
16 Müqəddəs Yazılar bizi yeni mənlik geyinməyə təşviq edir (Efeslilərə 4:24). Yə’ni Yeqovanın bizi formalaşdırmasına və dəyişdirməsinə yol verməliyik. Pavel, əməkdaşı Timoteyə yazırdı: “Salehlik, Allah yoluna bağlılıq, iman, məhəbbət, təhəmmül, həlimlik yolunu izlə. İman uğrunda gedən mübarizədə yaxşı çarpış, əbədi həyatı bərk tut” (1 Timoteyə 6:11, 12). Allahın şəxsiyyəti haqqında dərin biliklər əldə etmək məqsədilə Onun Kəlamını sə’ylə öyrənərək və sonra Onun tələblərinə uyğun tərzdə davranaraq “salehlik... yolunu izləyə” bilərik. Həmçinin başqa işlərlə yanaşı xoş xəbəri təbliğ etməyi və görüşlərə getməyi özünə daxil edən məsihçi fəaliyyəti ilə zəngin qrafikin olması da çox vacibdir. Əgər biz Allaha yaxınlaşır və Onun təqdim etdiyi ruhani köməkdən tam fayda əldə ediriksə, onda bizə ruhən böyümək və əxlaqi cəhətdən təmiz qalmaq asan olacaqdır (Yaqub 4:8).
17. Şirnikdirici tə’sirlərlə qarşılaşdığımız zaman, Allahın bizi tərk etməyəcəyini haradan bilirik?
17 Pavel əmin edir ki, Allahın verdiyi bacarıqlar sayəsində öhdəsindən gələ bilməyəcəyimiz imtahan yoxdur. Yeqova, “imtahan ilə yanaşı, qurtuluşu da tə’min edəcəkdir ki, tab gətirə bilək” (1 Korinflilərə 10:13). Bəli, biz Allaha daima güvəniriksə, O, nöqsansızlığımızı qorumaq üçün şirnikdirici tə’sirlərin, ruhani gücümüzdən çox olmasına yol verməyəcəkdir. Allah istəyir ki, biz, Onun gözündə düzgün olmayan şeylərə şirnikdirən həvəslə apardığımız fəal mübarizədə qalib gələk. Bundan əlavə, biz Onun bu və’dinə ümid edə bilərik: “Səni heç buraxmayacağam və əsla tərk etməyəcəyəm” (İbranilərə 13:5).
18. İnsan zəiflikləri üzərində qələbə qazanacağımıza nə üçün şübhə etməmək olar?
18 Pavelin, insan zəifliyi ilə apardığı mübarizənin nə ilə nəticələnəcəyinə şübhəsi yox idi. O, özünü cismani arzuların zavallı və aciz qulu hesab etmirdi. Əksinə o deyirdi: “Mən elə qaçıram ki, məqsədsiz olmayım. Elə vuruşuram ki, zərbəm boşa çıxmasın. Fəqət bədənimə cəfa verib, onu kölə edirəm ki, başqalarına təbliğ etdikdən sonra, özüm yarışda iştirak etməkdən mərhum olmayım” (1 Korinflilərə 9:26, 27, İ—93). Qeyri-kamil bədənlə biz də müvəffəqiyyətlə mübarizə apara bilərik. Biz səmavi Atamızdan, Müqəddəs Yazıların, ona əsaslanan nəşrlərin, məsihçi görüşlərinin və yetkin həmimanlılarımızın vasitəsilə düzgün davranmağımıza kömək edən xatırlatmalar alırıq. Allahın köməkliyi ilə insan zəifliklərinin üzərində qələbə qazana bilərik!
Xatırlayırsınızmı?
• “Cismani təbiətə uyan düşüncə” nədir?
• Şirnikdirici tə’sirlərə necə hazırlaşmaq olar?
• Şirnikdirici tə’sirlərin öhdəsindən gəlmək üçün hansı tədbiri görmək olar?
• Şirnikdirici tə’sirlərlə mübarizədə dua hansı rolu oynayır?
• İnsan zəiflikləri üzərində qalib gəlməyin mümkün olduğunu haradan bilirik?
[8-ci səhifədəki şəkillər]
Müqəddəs Kitab, cismani arzuların aciz qurbanı olduğumuzu öyrətmir.
[10-cu səhifədəki şəkil]
Günahdan qaçınmağın əsas üsullarından biri — şirnikdirici tə’sirlərdən qaçmaqdır.