Məsihin Xatirə gecəsini nəyə görə qeyd edirik?
«Xatirəmi yad etmək üçün bunu həmişə edin» (1 KOR. 11:24).
1, 2. İsa Məsih eramızın 33-cü ilinin 14 nisanı nə etdi? (Məqalənin əvvəlindəki şəklə baxın.)
ERAMIZIN 33-cü ilinin 14 nisan gecəsidir. Bədirlənmiş ay Yerusəlimi işıqlandırır. Bir az əvvəl İsa və həvariləri israillilərin 15 əsr öncə Misir əsarətindən qurtulmaları münasibəti ilə Pasxa bayramını qeyd etdilər. İndi İsa Məsih 11 həvarisi ilə xüsusi şam yeməyi təsis edir. Həmin günün sonuna kimi o öldürüləcəkdi və bu mərasim onun ölümünün xatirəsi üçündüra (Mat. 26:1, 2).
2 İsa şükür edib mayasız çörəyi şagirdlərinə ötürərək deyir: «Götürün, yeyin». Sonra bir cam şərabı götürüb yenə şükür edib deyir: «Bundan hamınız için» (Mat. 26:26, 27). İsa şagirdlərinə başqa heç nə ötürmür. Lakin bu əlamətdar gecədə onun sadiq davamçılarına deyəsi çox sözü var.
3. Bu məqalədə hansı sualları araşdıracağıq?
3 Beləliklə, İsa həmin gecə həmçinin «Ağamızın şam yeməyi» adlanan mərasimi, ölümünün Xatirə gecəsini təsis etdi (1 Kor. 11:20). Bununla əlaqədar bəzilərində sual yarana bilər: «İsa Məsihin ölümü nə üçün qeyd edilir? Çörək və şərabın mənası nədir? Xatirə gecəsinə necə hazırlaşa bilərik? Simvollardan kim qəbul etməlidir? Məsihçilər Allahın onlara verdiyi ümidə necə yanaşmalıdırlar?»
İSA MƏSİHİN ÖLÜMÜNÜ NƏ ÜÇÜN QEYD EDİRİK?
4. İsanın ölümü nəyə yol açdı?
4 Adəmin nəsli olduğumuz üçün biz günah və ölümü miras almışıq (Rom. 5:12). Heç bir qeyri-kamil insan nə özünün, nə də başqasının həyatı üçün Allaha fidyə verə bilməz (Məz. 49:6—9). Lakin İsa öz kamil bədənini qurban verməklə və qanını axıtmaqla müvafiq fidyəni ödəyə bildi. Fidyənin dəyərini Allaha təqdim etməklə İsa bizim günah və ölümdən azad olmağımıza, habelə əbədi həyat ənamını almağımıza yol açdı (Rom. 6:23; 1 Kor. 15:21, 22).
5. a) Allahın və Məsihin bəşəriyyəti sevdiyini haradan bilirik? b) İsanın ölümünün yad edilməsində nə üçün iştirak etməliyik?
5 Fidyə tədbiri Allahın bəşəriyyəti sevdiyini sübut edir (Yəh. 3:16). İsanın özünü qurban verməsi onun da bizi sevdiyinə dəlalət edir. O, hələ Allahın memarı kimi göydə yaşayarkən «bəşər övladlarına görə [fərəhlənirdi]» (Sül. məs. 8:30, 31). Allaha və İsa Məsihə minnətdarlıq bizi təşviq etməlidir ki, İsanın ölümünün yad edilməsində iştirak edək. Bununla biz İsanın «xatirəmi yad etmək üçün bunu həmişə edin» əmrinə tabe oluruq (1 Kor. 11:23—25).
SİMVOLLARIN MƏNASI
6. Xatirə gecəsində istifadə olunan çörəyə və şəraba necə baxmalıyıq?
6 İsa Xatirə gecəsini təsis edərkən çörəyi və şərabı möcüzəvi şəkildə öz bədəninə və qanına çevirmədi. Əksinə, o, çörək barədə demişdi: «Bu, mənim bədənimi təmsil edir». Şərab haqda da belə demişdi: «Bu, bir çoxları uğrunda axıdılacaq qanımı, “əhd qanını” təmsil edir» (Mark 14:22—24). Aydın məsələdir ki, həmin vaxt şagirdləri çörəyə və şəraba simvol kimi baxırdılar.
7. Xatirə gecəsində istifadə edilən çörək nəyi təmsil edir?
7 Eramızın 33-cü ilinin bu vacib axşamında İsa Pasxa yeməyindən qalmış mayasız çörəkdən istifadə etmişdi (Çıx. 12:8). Müqəddəs Yazılarda maya bəzən qüsur və günahın simvolu kimi xatırlanır (Mat. 16:6, 11, 12; Luka 12:1). Deməli, İsanın mayasız çörəkdən istifadə etməsi tam münasib idi. Mayasız çörək İsanın günahsız bədənini təmsil edirdi (İbr. 7:26). Xatirə gecəsində məhz bu cür çörəkdən istifadə edilir.
8. Xatirə gecəsində istifadə olunan şərab nəyi təmsil edir?
8 Həm eramızın 33-cü ilinin 14 nisanında İsanın istifadə etdiyi şərab, həm də bu gün Xatirə gecəsində istifadə olunan şərab İsanın qanını təmsil edir. İsanın qanı Yerusəlimdən kənarda yerləşən Qolqota adlanan yerdə bəşəriyyətin «günahını əfv etmək» üçün axıdılmışdı (Mat. 26:28; 27:33). Xatirə gecəsində istifadə edilən çörək və şərab İsanın itaətkar bəşəriyyət uğrunda verdiyi misilsiz qurbanı təmsil edir və biz məhəbbətin bu cür təcəssümünü qiymətləndiririk. Buna görə də, yaxşı olardı ki, hər birimiz hər il keçirilən Xatirə gecəsinə hazırlaşaq.
NECƏ HAZIRLAŞIRIQ?
9. a) Xatirə gecəsi ilə bağlı ayələri oxumaq nəyə görə vacibdir? b) Fidyə sənin üçün nə deməkdir?
9 «Müqəddəs Yazıları hər gün araşdırın» broşürasında göstərilən müvafiq ayələri oxuyub İsanın ölümündən əvvəl etdikləri üzərində düşünə bilərik. Bu bizə ürəyimizi Məsihin Xatirə gecəsinə hazırlamağa kömək edə bilər. Bir bacı deyir: «Xatirə gecəsini səbirsizliklə gözləyirik. İlbəil bu mərasim mənim üçün daha da xüsusiləşir. Yadımdadır, əziz atamın tabutunun önündə durub ona necə baxırdım... Məhz həmin an mən fidyənin nə qədər dəyərli olduğunu anladım... Mən fidyə ilə bağlı bütün ayələri, onların izahını yaxşı bilirdim. Lakin ölümün acısını dadandan sonra bu dəyərli fidyənin gətirəcəyi xeyir-dualara görə ürəyim sevinclə dolub daşdı». Həqiqətən də, hər birimiz Xatirə gecəsinə hazırlaşarkən İsanın qurbanlığının bizi günahdan və ölümün pəncəsindən necə qurtardığı üzərində dərindən düşünməliyik.
10. Xatirə gecəsinə hazırlıq xidmətimizdə necə əks oluna bilər?
10 Xatirə gecəsinə xidmətimizi müxtəlif üsullarla genişləndirməklə, məsələn, həmin vaxt köməkçi pioner kimi xidmət etməklə də hazırlaşa bilərik. Biz öyrətdiyimiz insanları və başqalarını Xatirə gecəsinə dəvət edə bilərik. Onlara Allah və Məsih barədə, həmçinin mömin insanları gözləyən xeyir-dualar haqda həvəslə danışa bilərik (Məz. 148:12, 13).
11. Bəzi korinflilər Xatirə gecəsində simvollardan necə qəbul edirdilər?
11 Xatirə gecəsinə hazırlaşarkən həvari Pavelin Korinfdəki məsihçilərə yazdığı sözlərin üzərində düşünün. (1 Korinflilərə 11:27—34 ayələrini oxuyun.) Pavel qeyd etmişdi ki, əgər kimsə çörək və şərab simvollarından nalayiq tərzdə qəbul edirsə, «Ağamızın [İsa Məsihin] bədəninə və qanına görə günah həmin adamın boynuna düşür». Deməli, məsh olunmuş adam «özünü tədqiq [etməli] və layiq olub-olmadığına əmin [olmalı]» və yalnız bundan sonra simvollardan qəbul etməlidir. Əks halda, o, «yeyib-içdiyi [şeylərə]» görə «özünü məhkum edir». Nalayiq davrandıqlarına görə korinflilərin çoxu «zəif və xəstə [olmuş], xeylisi də [ruhani] ölüm yuxusuna [getmişdi]». Ola bilsin, bəziləri Xatirə gecəsindən əvvəl və ya həmin vaxt o qədər yeyib-içirdi ki, onlarda nə əqli, nə də ruhani sayıqlıq qalırdı. Onlar bu cür nalayiq şəkildə simvollardan qəbul etdikləri üçün Allahın rəğbətini itirmişdilər.
12. a) Xatirə gecəsini Pavel nə ilə müqayisə etmişdi və simvollardan qəbul edənlərə hansı xəbərdarlığı vermişdi? b) Simvollardan qəbul edən şəxs ciddi günah işlədibsə, nə etməlidir?
12 Pavel Xatirə gecəsini başqaları ilə bölüşülən yeməklə müqayisə edib simvollardan qəbul edənlərə belə xəbərdarlıq etmişdi: «Siz həm Yehovanın camından, həm də cinlərin camından içə bilməzsiniz. Siz həm “Yehovanın süfrəsindən”, həm də cinlərin süfrəsindən yeyə bilməzsiniz» (1 Kor. 10:16—21). Simvollardan qəbul edən şəxs ciddi günah işlədibsə, o, ruhani kömək istəməlidir. (Yaqub 5:14—16 ayələrini oxuyun.) Bu məsh olunmuş şəxs «tövbəyə yaraşan iş [görərsə]», Xatirə gecəsindəki simvollardan qəbul edə bilər. Bununla o, Məsihin qurbanlığına hörmətsizlik göstərməz (Luka 3:8).
13. Allahın bizə verdiyi ümidin üzərində dua edib düşünmək nəyə görə faydalı olardı?
13 Hər birimiz üçün Xatirə gecəsinə hazırlaşarkən Allahın bizə verdiyi ümidin üzərində dua edib düşünmək faydalı olardı. Yehovanın heç bir həsr olunmuş xidmətçisi və Oğlunun sadiq davamçısı istəməz ki, məsh olunmuş məsihçi olduğuna aydın dəlil olmadan simvollardan qəbul edib İsanın qurbanlığına hörmətsizlik göstərsin. Bəs onda məsihçi necə əmin ola bilər ki, simvollardan qəbul etsin, ya yox?
SİMVOLLARDAN KİMLƏR QƏBUL ETMƏLİDİR?
14. Yeni əhdlə simvollardan qəbul etməyin hansı əlaqəsi var?
14 Simvollardan qəbul etməyə haqqı olanlar yüz faiz əmindirlər ki, onlar yeni əhdə daxildirlər. İsa şərabla bağlı demişdi: «Bu cam qanım əsasında bağlanan yeni əhdi təmsil edir» (1 Kor. 11:25). Allah Yeremya peyğəmbər vasitəsilə qabaqcadan demişdi ki, israillilərlə bağlanmış Qanun əhdindən fərqlənən yeni əhd təsis edəcək. (Yeremya 31:31—34 ayələrini oxuyun.) Allah yeni əhdi ruhani israillilərlə bağlayıb (Qalat. 6:15, 16). Bu əhd Məsihin qurbanlığı ilə təsdiq olunub və tökülən qanı ilə qüvvəyə minib (Luka 22:20). İsa yeni əhdin Vasitəçisidir və sadiq məsh olunmuşlar göydəki mirası almaq üçün bu əhdə daxil ediliblər (İbr. 8:6; 9:15).
15. Padşahlıq əhdinə kimlər daxildir və sadiq qalanlar hansı şərəfə layiq görüləcəklər?
15 Xatirə gecəsində simvollardan qəbul etməyə haqqı çatan şəxslər bilirlər ki, onlar Padşahlıq əhdinə daxil ediliblər. (Luka 12:32 ayəsini oxuyun.) İsanın məsh olunmuş davamçısı olan və onun çəkdiyi iztirablara şərik olaraq ona sadiq qalanlar səmavi padşahlığa da şərikdirlər (Filip. 3:10). Padşahlıq əhdinə daxil olduqları üçün sadiq məsh olunmuşlar göydə Məsihlə birgə əbədiyyət boyu hakimiyyət sürəcəklər (Vəhy 22:5). Xatirə gecəsində simvollardan qəbul etməyə məhz onların ixtiyarı çatır.
16. Romalılara 8:15—17 ayələrinin mənasını qısaca izah edin.
16 Xatirə gecəsində simvollardan yalnız o şəxslər qəbul etməlidir ki, ruh onların Allahın övladları olduqlarına şahidlik edir. (Romalılara 8:15—17 ayələrini oxuyun.) Diqqət yetirin ki, Pavel burada «atacan» mənasını daşıyan arami dilində «abba» sözündən istifadə etmişdi. «Atacan» sözü ataya nəvazişli, eyni zamanda hörmətcil müraciəti bildirir. «Oğulluğa götürən ruh»u alanlar Allahın ruhdan doğulmuş övladlarıdır. Allahın ruhu onların ruhu ilə birlikdə şahidlik edərək onlara əminlik verir ki, onlar Yehovanın məsh olunmuş oğullarıdır. Bu sadəcə onlarda yer üzündə yaşamaq istəyinin itməsi demək deyil. Onlar əmindirlər ki, ölənə kimi sadiq qalsalar, səmavi Padşahlıqda İsanın həmvarisləri olacaqlar. Bu gün Məsihin «müqəddəs Allah tərəfindən məsh [olunmuş]» 144 000 davamçısının yer üzündə çox az qismi qalıb (1 Yəh. 2:20; Vəhy 14:1). Allahın ruhu ilə onlar: «Atacan, Ata!» — deyə çağırırlar. Onların Allahla necə də mübarək münasibətləri var!
ALLAHIN SƏNƏ VERDİYİ ÜMİD
17. Məsh olunmuş məsihçilər hansı ümidə malikdirlər və buna necə yanaşırlar?
17 Əgər sən məsh olunmuş məsihçisənsə, onda sənin şəxsi duanın əsas mövzusu göylər ümididir. Müqəddəs Kitabda səmavi bəy İsa Məsihə «nişanlı» olmaq haqda bəhs ediləndə sən bunu özünə aid edir və Məsihin «gəlininin» bir hissəsi olacağını gözləyirsən (2 Kor. 11:2; Yəh. 3:27—29; Vəhy 21:2, 9—14). Allah Öz Kəlamında ruhani övladlarına məhəbbətini ifadə edəndə sən deyirsən: «Bu, mənə deyilir». Yehova Kəlamında məsh olunmuş oğullarına göstəriş verəndə müqəddəs ruh səni buna itaət etməyə və ürəyində: «Bu mənə aiddir», — deməyə təşviq edir. Beləliklə, Allahın ruhu və sənin ruhun birlikdə şahidlik edir ki, sən göylər ümidinə maliksən.
18. «Başqa qoyunlar» hansı ümidə malikdir və sən buna necə yanaşırsan?
18 Yox əgər sən «başqa qoyunlar»dan ibarət olan «böyük bir izdiham»a daxilsənsə, onda Allah sənə yer üzündə yaşamaq ümidi verib (Vəhy 7:9; Yəh. 10:16). Sən Cənnətdə əbədi yaşamaq istəyir və Müqəddəs Kitabda gələcəkdə yer üzündə olacaq həyat haqda deyilənlər üzərində düşünəndə şadlanırsan. Sən ailənlə və digər saleh insanlarla birgə sülh içində yaşamağın intizarındasan. Sən qıtlığın, kasıbçılığın, iztirabın, xəstəliyin və ölümün kökünün kəsiləcəyi vaxtı səbirsizliklə gözləyirsən (Məz. 37:10, 11, 29; 67:6; 72:7, 16; Yeşaya 33:24). Yer üzündə əbədi yaşamaq ümidi ilə dirildilən adamları qarşılamağın həsrətindəsən (Yəh. 5:28, 29). Yehovanın sənə yer üzündə yaşamaq ümidi verdiyinə görə Ona sonsuz minnətdarsan! Düzdür, sən Xatirə gecəsində simvollardan qəbul etmirsən, amma İsa Məsihin fidyə qurbanlığına görə minnətdarlığını təzahür etdirmək üçün orada iştirak edirsən.
SƏN DƏ MİNNƏTDARLIĞINI BİLDİR!
19, 20. a) Allahın sənə verdiyi ümid hansı halda gerçəkləşəcək? b) İsa Məsihin Xatirə gecəsində nə üçün iştirak edəcəksən?
19 Yer üzündə yaşamaq ümidinə və ya göylər ümidinə malik olmağından asılı olmayaraq, ümidin yalnız və yalnız Yehova Allaha, İsa Məsihə və onun fidyə qurbanlığına iman gətirdiyin təqdirdə gerçəkləşəcək. Xatirə gecəsində olarkən malik olduğun ümidin və İsanın ölümünün mahiyyəti üzərində düşünmək imkanın olacaq. Buna görə də məqsəd qoy ki, bütün dünyada 2015-ci ilin aprelin 3-ü, cümə günü gün batandan sonra Padşahlıq zallarında və digər yerlərdə keçiriləcək Xatirə gecəsində iştirak edəcək milyonlarla insandan biri də sən olasan.
20 Bu mərasimdə iştirak etmək sənin İsanın fidyə qurbanlığına olan minnətdarlığını daha da artıracaq. Natiqi diqqətlə dinləmək səni başqalarına məhəbbət göstərməyə, yəni Yehovanın məhəbbəti və Onun bəşəriyyətə dair niyyəti barədə öyrəndiklərini onlarla bölüşməyə təşviq edəcək (Mat. 22:34—40). Buna görə də əlindən gələni et ki, İsa Məsihin Xatirə gecəsində iştirak edəsən.
a İbrani təqviminə əsasən gün gün batandan gün batana hesablanırdı.