Minnətdarlığımızı nə üçün bildirməliyik?
«Əzizim Rakel, Məni ruhlandırdığın üçün sənə çox-çox minnətdaram. Bəlkə özünün də xəbərin yoxdur, ancaq sənin insanı ruhlandıran təbiətin və xoş sözlərin mənə çox kömək etdi». Cenifer
HEÇ elə olubmu ki, kimsə sizə gözləmədiyiniz bir halda öz minnətdarlığını bildirsin? Əgər bildiribsə, şübhəsiz, minnətdarlıq sözləri sizə xoş təəssürat bağışlayıb. Çünki qiymətləndirilmək və başqalarının minnətdarlığını qazanmaq təbii istəkdir (Matta 25:19-23).
Minnətdarlıq sözləri adətən insanları bir-birinə yaxınlaşdırır. Bundan başqa, minnətdarlığını bildirən şəxs başqalarının yaxşı işlərini heç vaxt nəzərdən qaçırmayan İsa Məsihin izləri ilə gedir (Mark 14:3-9; Luka 21:1-4).
Təəssüflər olsun ki, insanların yazılı və ya şifahi tərzdə minnətdarlıqlarını bildirməsi getdikcə nadir hala çevrilir. Müqəddəs Kitabda xəbərdarlıq edilmişdi ki, «axır günlərdə» insanlar «nankor» olacaqlar (2 Timoteyə 3:1, 2). Ehtiyatlı olmasaq, bu gün geniş yayılmış naşükürlük bizdə oyanan zərif minnətdarlıq hissini boğa bilər.
Valideynlər övladlarına təşəkkür etməyi öyrətmək üçün hansı praktiki addımları ata bilərlər? Kimlərə minnətdarlığımızı bildirməliyik? Ətrafımızda bu qədər nankor adamın olmasına baxmayaraq, nə üçün minnətdar insan olmalıyıq?
Ailədə
Valideynlər uşaqlarını təmin etmək üçün çox zəhmət çəkirlər. Ancaq hərdən valideynlərə elə gəlir ki, onların əziyyəti qiymətləndirilmir. Vəziyyəti düzəltmək üçün onlar nə edə bilərlər? Bu halda üç amil vacibdir.
1) Nümunə. Uşağın tərbiyəsinin bir çox sahələrində olduğu kimi, bu sahədə də nümunə gözəl müəllimdir. Müqəddəs Kitabda qədim israilli çalışqan ana haqqında yazılmışdır: «Övladları ayağa qalxıb onu alqışlayır». Bu uşaqlar minnətdarlığı bildirməyi haradan öyrəniblər? Ayənin ikinci hissəsi cavab verir: «Əri onu tərifləyir» (Süleymanın məsəlləri 31:28). Bir-birinə minnətdarlıqlarını bildirən valideynlər uşaqlarına göstərirlər ki, bu cür sözlər qarşı tərəfə məmnunluq gətirir, ailə münasibətlərini möhkəmləndirir, həm də bu, yetkinliyin əlamətidir.
Stiven adlı ata deyir: «Yoldaşıma yeməyə görə təşəkkür etməklə uşaqlarıma nümunə verməyə çalışırdım». Bunun nəticəsi nə oldu? Stiven deyir: «Qızlarımın ikisi də buna fikir verirdilər və bu onlara minnətdarlığı bildirməyin lazım olduğunu daha yaxşı anlamağa kömək etdi». Əgər ailəlisinizsə, həyat yoldaşınıza bir o qədər də nəzərə çarpmayan gündəlik işlərə görə həmişə təşəkkür edirsinizmi? Uşaqlarınıza etməli olduqları işlərə görə də «çox sağ ol» deyirsinizmi?
2) Tərbiyə. Minnətdarlıq hissini gülə bənzətmək olar. Gözəl bəhrə versinlər deyə, ikisinə də qulluq göstərmək tələb olunur. Valideynlər uşaqlarına minnətdar olmağa, həmçinin onu ifadə etməyə necə kömək edə bilərlər? Müdrik padşah Süleyman vacib bir amili vurğulayaraq yazırdı: «Saleh insan cavab verməzdən əvvəl qəlbində düşünər» (Süleymanın məsəlləri 15:28).
Valideynlər, uşaqlarınıza aldıqları istənilən hədiyyənin arxasında duran zəhmət və səxavət haqqında düşünməyi öyrədə bilərsinizmi? Bu cür düşünmək minnətdarlığın yetişməsi üçün münbit şəraitdir. Üç uşaq böyüdən Mariya deyir: «Kiminsə hədiyyə verməsinin nə demək olduğunu, yəni onun şəxsən sənin haqqında düşünüb, səninlə nə dərəcədə maraqlandığını oturub uşaqlara başa salmaq vaxt tələb edir. Ancaq düşünürəm ki, çəkdiyim zəhmətə dəyər». Bu cür söhbətlər uşaqlara minnətdarlıqlarını bildirən zaman yalnız nə deməli olduqlarını deyil, həmçinin nə üçün deməli olduqlarını öyrənməyə kömək edir.
Hikmətli valideynlər çalışırlar ki, uşaqları hamının onlara yaxşılıq etməyə borclu olduğunu fikirləşməsinləra. Süleymanın məsəlləri 29:21 ayəsində qulla rəftar etmək barəsindəki xəbərdarlıq eynilə uşaqlara da tətbiq edilir: «Kim ərköyün qul böyütsə, axırda bu ona dərd verər».
Lap balaca uşaqlara minnətdarlıq etməyi necə öyrətmək olar? Üç uşaq anası Linda deyir: «Ərimlə mən uşaqlarımızı həvəsləndirirdik ki, yazdığımız minnətdarlıq məktubuna şəkil çəksinlər və ya adlarını yazsınlar». Düzdür, şəkil sadə, xətləri isə çətin oxunan ola bilər, ancaq uşaqlar bundan çox şey öyrənəcəklər.
3) İsrarlı olmaq. Hər birimiz xudbindliyə anadangəlmə meylliyik və bu meyl minnətdarlıq hissini boğa bilər (Yaradılış 8:21; Matta 15:19). Ancaq Müqəddəs Kitab Allahın xidmətçilərini təşviq edir: «Ruhən və əqlən yeniləşin. Və Allahın bənzəyişinə görə həqiqi salehlik və müqəddəsliklə yaradılmış yeni mənliyi geyinin» (Efeslilərə 4:23, 24).
Ancaq təcrübəli valideynlər bilirlər ki, uşağa ‘yeni mənliyi geyinməyə’ kömək etmək heç də asan deyil. Yuxarıda xatırlanan Stiven deyir: «Qızlarımıza him-cim etmədən, öz xoşları ilə “sağ ol” deməyi öyrətmək üçün çox vaxt keçdi». Ancaq Stiven və arvadı təslim olmadılar. Stiven davam edir: «İsrarlı olmağın sayəsində qızlarımızı buna alışdırdıq. İndi onların başqalarına minnətdarlıqlarını bildirmələri ilə fəxr edirik».
Dost və yaxınlara
Çox vaxt «sağ ol» deməməyimizin səbəbi nankor deyil, sadəcə unutqan olmağımızdır. Sadəcə minnətdar olmaq yox, onu həm də ifadə etmək doğrudanmı vacibdir? Bu suala cavab vermək üçün, gəlin İsa və bir neçə cüzamlının hadisəsini nəzərdən keçirək.
İsa Yerusəlimə gedəndə cüzama tutulmuş on nəfərə rast gəldi. Müqəddəs Kitabda deyilir: «[Onlar] yüksək səslə dedilər: “İsa ustad, bizə mərhəmət et!” O, onları görüb dedi: “Gedin, özünüzü kahinlərə göstərin”. Və onlar yolda ikən saflaşdılar. Onlardan biri isə, sağaldığını görəndə, yüksək səslə Allahı həmd-səna edərək, geri döndü. Və üzüqoylu İsanın ayaqlarına düşərək, Ona təşəkkür etdi; bu adam da samariyalı idi» (Luka 17:11-16).
Digərlərinin minnətdarlıqlarını bildirməmələri İsanın nəzərindən qaçdımı? Daha sonra nəql edilir: «Onda İsa dedi: “Saflaşanlar on nəfər deyildilərmi? Bəs qalan doqquz nəfəri hanı? Bu əcnəbidən başqa geri dönüb Allahı həmd-səna edən olmadımı?”» (Luka 17:17, 18).
Digər doqquz cüzamlı heç də pis adam deyildilər. Bir az əvvəl onlar İsaya iman etdiklərini açıqca bildirmiş və həvəslə onun Yerusəlimə gedib özlərini kahinlərə göstərmək əmrinə tabe olmuşdular. Şübhəsiz ki, onlar İsanın xeyirxahlığına görə dərin minnətdarlıq duyurdular, ancaq minnətdarlıqlarını ona bildirmədilər. Məsih onların bu hərəkətinə təəssüfləndi. Bəs biz necə? Kimsə bizimlə yaxşı rəftar edəndə dərhal «çox sağ ol» deyir, yerinə düşəndə isə, minnətdarlıq məktubu yazırıqmı?
Müqəddəs Kitab deyir ki, «məhəbbət... kobud davranmaz, öz mənfəətini axtarmaz» (1 Korinflilərə 13:4, 5). Buna görə, minnətdarlığı səmimi qəlbdən bildirmək təkcə etik qaydalara daxil deyil, həm də məhəbbətin təzahürüdür. Cüzamlılarla baş verən hadisədən öyrənirik ki, Məsihi razı salmaq istəyən adam millətindən, irqindən və dinindən asılı olmayaraq, hamıya qarşı məhəbbətli və minnətdar olur.
Özünüzdən soruşun: «Axırıncı dəfə haçan tanışıma, iş və ya məktəb yoldaşıma, xəstəxana işçilərinə, dükançıya, yaxud mənə köməyi dəyən başqa adama təşəkkürümü bildirmişəm?» Nə üçün «sağ ol» deməklə və ya başqa üsullarla bir-iki gün ərzində neçə dəfə minnətdarlığınızı bildirdiyinizi qeyd etməyəsiniz? Belə qeydlər sizə kömək edəcək ki, minnətdarlığınızı daha yaxşı necə bildirə biləcəyinizi görəsiniz.
Əlbəttə, minnətdarlığımıza ən çox layiq olan Yehova Allahdır. ‘Hər bir yaxşı bəxşiş və hər kamil hədiyyəni’ verən Odur (Yaqub 1:17). Axırıncı dəfə nə vaxt Allaha sizin üçün etdiyi bir şeyə görə səmimi qəlbdən minnətdarlığınızı bildirmisiniz? (1 Salonikililərə 5:17, 18).
Başqaları minnətdarlıqlarını bildirməsələr də
Etdiyimiz yaxşılığa görə kimsə minnətdarlıq etməyə bilər. Bəs başqaları bunu etməsələr də, biz nə üçün minnətdarlığımızı bildirməliyik? Təkcə bir səbəbə diqqət yetirək.
Minnətdarlıq hissindən məhrum adamlara yaxşılıq etməklə mərhəmətli Yaradanımız Yehova Allahı təqlid etmiş olacağıq. Göstərdiyi məhəbbəti çoxlarının qiymətləndirməməsi Yehovanı onlara yaxşılıq etməkdən saxlamır (Romalılara 5:8; 1 Yəhya 4:9, 10). O, «Öz günəşinə əmr edir ki, pis və yaxşı adamların üzərinə doğsun; və saleh olanlar ilə olmayanların üzərinə yağışlar göndərir». Əgər biz nankor dünyada yaşamağımıza baxmayaraq, minnətdar olmağa çalışırıqsa, ‘göylərdə olan Atamızın oğulları olduğumuzu’ sübut edəcəyik (Matta 5:45).
[Haşiyə]
a Bir çox valideynlər uşaqları ilə Yehovanın Şahidləri tərəfindən dərc edilmiş «Böyük Müəllimdən öyrən» kitabını (rus.) oxuyub müzakirə edirlər. Məsələn, 18-ci fəsil «Çox sağ ol deməyi unutmursan ki?» adlanır.
[23-cü səhifədəki yazı]
Bir-iki gün ərzində neçə dəfə «sağ ol» dediyinizi qeyd edin
[23-cü səhifədəki şəkil]
Minnətdarlıq bildirməkdə övladlarınıza nümunə verin
[23-cü səhifədəki şəkil]
Hətta balaca uşaqlara da minnətdarlıqlarını bildirməyi öyrətmək olar