Əsla tükənməyən məhəbbət yetişdirin
‘[Məhəbbət] hər şeyə tab gətirər. Məhəbbət əsla tükənməz’ (1 KOR. 13:7, 8).
1. a) Məhəbbət çox vaxt necə təqdim edilir? b) Çoxları kimi və nəyi sevir?
MƏHƏBBƏT haqqında çox şey yazılıb. Mahnılarda tərənnüm edilib və ideallaşdırılıb. Məhəbbət insanların əsas tələbatlarından biridir. Lakin kitab və filmlərdə təqdim olunan məhəbbət hekayələri çox vaxt reallığı əks etdirmir; mağazalar bu kimi materiallarla doludur. Allaha və insanlara əsil məhəbbət isə, demək olar ki, yox dərəcəsindədir. Biz Müqəddəs Kitabın bu axır günlər haqqında dediklərinin necə yerinə yetdiyinin şahidiyik. İnsanlar ‘xudbin, pulpərəst və zövqü Allahdan çox sevir’ (2 Tim. 3:1-5).
2. Müqəddəs Kitab bizi düzgün olmayan məhəbbətdən necə çəkindirir?
2 İnsanlar sevmək bacarığı ilə yaradılıblar, lakin Allahın Kəlamı bizi düzgün olmayan məhəbbətdən çəkindirir. Müqəddəs Kitabda insanın ürəyində bu cür məhəbbətin kök saldığı halda nə baş verdiyi təsvir olunur (1 Tim. 6:9, 10). Həvari Pavelin Dimas haqqında yazdıqlarını yadınıza salın. Pavelin əməkdaşı olmasına baxmayaraq, o, bu dünyanın təkliflərini daha çox sevdi (2 Tim. 4:10). Həvari Yəhya da məsihçiləri bu təhlükəyə qarşı xəbərdar edirdi. (1 Yəhya 2:15, 16 ayələrini oxu.) Dünyanı, onun keçib gedən şeylərini və yollarını sevmək Allahı və Ondan olan şeyləri sevməyə ziddir.
3. Biz hansı çətinliklə qarşılaşırıq və bu zaman hansı suallar meydana çıxır?
3 Bu dünyadan olmasaq da, hələ ki bu dünyada yaşayırıq. Buna görə də, dünyanın məhəbbətə təhrif olunmuş baxışlarından çəkinmək bizə çətin olur. Amma yanlış və təhrif olunmuş məhəbbətin tələsinə düşməmək həyati vacib məsələdir. Bəs biz prinsiplərə əsaslanan məhəbbəti kimə qarşı inkişaf və təzahür etdirməliyik? Hər şeyə tab gətirən və əsla tükənməyən məhəbbəti inkişaf etdirməkdə bizə nə kömək edir? Məhəbbətə can atmaq bizə hansı faydanı gətirir və gələcəyimizə necə təsir edir? Düzgün yolda ola bilməyimiz üçün bu suallara dair Yehovanın nöqteyi-nəzərini öyrənməliyik.
Yehovaya qarşı məhəbbət yetişdirin
4. Allaha olan məhəbbətimiz necə böyüyür?
4 Yetişdirmək — bir şeyi hazırlamaq və böyüməsi üçün ona qulluq etmək mənasını verir. Səylə çalışaraq torpağı becərən və toxum səpən əkinçini təsəvvür edək. O, səpdiyi toxumun böyüməsini gözləyir (İbr. 6:7). Eynilə, bizim Allaha olan məhəbbətimiz də böyüməlidir. Bunun üçün nə tələb olunur? Biz Padşahlıq haqqında həqiqət toxumunun səpildiyi ürəyimizin münbit torpağını becərməliyik. Bunun üçün Allahın Kəlamını diqqətlə öyrənməliyik ki, Onun haqqında biliyimiz artsın (Kolos. 1:10). Müntəzəm olaraq yığıncaq görüşlərində fəal iştirak etmək də bizə biliyimizi artırmağa kömək edəcək. Dərin biliklərə yiyələnmək üçün hər birimiz daim səy göstəririkmi? (Sül. məs. 2:1-7).
5. a) Yehovanın əsas keyfiyyətləri haqqında necə öyrənə bilərik? b) Allahın ədaləti, müdrikliyi və qüvvəsi barədə nə deyə bilərik?
5 Yehova Öz Kəlamı vasitəsilə necə şəxsiyyət olduğunu açıqlayır. Müqəddəs Yazıları öyrənməklə və Yehova haqqında daha çox bilik əldə etməklə Onun ədalət, qüvvə, müdriklik, ən əsası isə, ən üstün olan məhəbbət kimi xüsusiyyətlərinə görə minnətdarlığımızı artıra bilərik. Yehovanın ədaləti Onun yollarında və mükəmməl qanunlarında əks olunur (Qanun. t. 32:4; Məz. 19:7). Biz Yehovanın əl işləri üzərində düşünə və misilsiz müdrikliyinə dərin ehtiram bəsləyə bilərik (Məz. 104:24). Həmçinin Kainat Yehovanın ‘bol qüvvə və böyük qüdrət’ Mənbəyi olduğuna dəlalət edir (Yeşaya 40:26).
6. Allahın bizə olan məhəbbəti nədən görünür və bu, sizə necə təsir edir?
6 Bəs Allahın əsas keyfiyyəti olan məhəbbət haqqında nə demək olar? Onun məhəbbəti çox böyükdür və O, bizim hamımızı sevir. Yehova bu məhəbbəti bəşəriyyəti azad etmək üçün fidyə verməklə təzahür etdirib. (Romalılara 5:8 ayəsini oxu.) Bu qurban bütün bəşəriyyətə əlçatandır, ancaq yalnız Allahın məhəbbətinə hay verənlər və Onun Oğluna iman gətirənlər ondan fayda əldə edəcək (Yəh. 3:16, 36). Günahlarımızı yumaq üçün Allahın İsanı fidyə olaraq təqdim etməsi ürəyimizdə Ona qarşı məhəbbət oyatmalıdır.
7, 8. a) Allaha məhəbbət göstərmək üçün bizdən nə tələb olunur? b) Hansı çətinliklərə baxmayaraq, Allahın xalqı Onun əmrlərinə əməl edir?
7 Allahın bizim üçün etdiyi hər şeyə görə məhəbbətimizi necə göstərə bilərik? Müqəddəs Kitabda bu vacib suala belə cavab verilir: «Allahı sevmək, Allahın əmrlərinə riayət etmək deməkdir. Onun əmrləri isə ağır deyildir» (1 Yəh. 5:3). Bəli, Yehova Allaha olan məhəbbətimiz bizi Onun əmrlərinə riayət etməyə təşviq edir. Bu, Onun adı və Padşahlığı haqqında şahidlik etmək kimi başqalarına xeyir gətirən işdə iştirak etməyimizin səbəblərindən biridir. Əgər bu işdə bütün ürəkdən iştirak ediriksə, onda bu, Allahın əmrlərinə təmiz niyyətlə riayət etdiyimizə dəlalət edir (Mat. 12:34 ).
8 İnsanların xoş xəbərə laqeyd yanaşmalarına və ya onu rədd etmələrinə baxmayaraq, bütün dünyada qardaşlarımız Allahın əmrlərinə riayət etməkdə əzmlidirlər. Onlar xidmətlərini tam şəkildə icra etmək səylərini zəiflətmirlər (2 Tim. 4:5). Buna bənzər tərzdə, biz də Allah haqqında biliyi başqaları ilə bölüşməyə, həmçinin Onun digər əmrlərinə riayət etməyə təşviq olunuruq.
Biz İsa Məsihi nəyə görə sevirik?
9. Məsih hansı sınaqlara qatlaşmalı oldu və onu buna nə təşviq etdi?
9 Allaha olan məhəbbətdən əlavə, Onun Oğluna qarşı məhəbbət yetişdirmək üçün də çoxlu səbəblərimiz var. İsanı heç vaxt görmədiyimizə baxmayaraq, onun haqqında daha çox öyrəndikcə məhəbbətimiz get-gedə artır (1 Pet. 1:8). İsa hansı sınaqlara qatlaşmalı olmuşdu? O, Atasının iradəsini yerinə yetirəndə səbəbsiz nifrət, təqib, yalan ittihamlar, təhqir və digər alçaldıcı ədalətsizliklərlə üzləşmişdi. (Yəhya 15:25 ayəsini oxu.) İsa səmavi Atasını sevdiyi üçün bütün bu sınaqlara tab gətirdi. Məhz məhəbbətdən irəli gələrək, o, bir çoxları uğrunda canını fidyə olaraq qurban verdi (Mat. 20:28).
10, 11. Məsihin bizim üçün etdiklərini nəzərə alsaq, məqsədimiz nə olmalıdır?
10 İsanın etdikləri bizi ona qarşılıqlı olaraq cavab verməyə təşviq edir. Məsihin bizim uğrumuzda etdikləri barədə düşünəndə ona olan məhəbbətimiz daha da artır. Onun davamçısı olduğumuz üçün eyni məhəbbəti inkişaf etdirməli və daim təzahür etdirməliyik, onda Padşahlıq haqqında şahidlik etmək və şagird hazırlamaq tapşırığına axıra qədər riayət edə biləcəyik (Mat. 28:19, 20).
11 Məsihin bəşəriyyətə göstərdiyi məhəbbətə cavab olaraq, biz son gəlməmişdən öncə onun tapşırığını axıra qədər yerinə yetirmək istəyirik. (2 Korinflilərə 5:14, 15 ayələrini oxu.) Allahın bəşəriyyətə dair niyyətini həyata keçirməkdə Məsihin məhəbbəti əsas rol oynayır. Məsihin izləri ilə getsək, Allahın niyyətinin yerinə yetməsində bizim də payımız olacaq. Bunun üçün əlimizdən gəldiyi qədər Allaha məhəbbət inkişaf etdirmək lazımdır (Mat. 22:37). İsanın təlimlərinə və əmrlərinə riayət etməklə biz, İsa kimi, Allahı sevdiyimizi və hər nə olursa-olsun Onun ali hökmranlığının tərəfini tutmağa qəti qərarlı olduğumuzu göstəririk (Yəh. 14:23, 24; 15:10).
Ən mükəmməl məhəbbət yolu ilə gedin
12. Pavel «əla yol» ifadəsi altında nəyi nəzərdə tuturdu?
12 Həvari Pavel Məsihi təqlid edirdi. Məsihin nümunəsini dəqiq izlədiyi üçün Pavel alnıaçıqlıqla qardaşları özünü təqlid etməyə çağırırdı (1 Kor. 11:1). Pavel Korinfdəki məsihçiləri I əsrdə verilən ruhun şəfa vermək və başqa dillərdə danışmaq kimi ənamlarına can atmağa təşviq etsə də, bundan da yaxşı yolun olduğunu göstərdi. O, 1 Korinflilərə 12:31 ayəsində deyir: «Mən sizə bundan əla yol göstərərəm». Bu ayənin kontekstindən görürük ki, burada söhbət ən mükəmməl məhəbbət yolundan gedir. O, hansı mənada ən mükəmməl yoldur? Pavel bunu nümunə əsasında izah edir. (1 Korinflilərə 13:1-3 ayələrini oxu.) Əgər onda məhəbbət olmasaydı, nə qədər böyük qabiliyyətə malik olmasına və nə qədər möhtəşəm işlər görməsinə baxmayaraq, bunların bir dəyəri olardımı? Əlbəttə, yox! Allahın müqəddəs ruhu sayəsində o, bu vacib həqiqəti izah etdi. Bunu bizə çatdırmaq üçün o necə də təsirli sözlərdən istifadə edib!
13. a) 2010-cu il üçün illik ayə hansıdır? b) Nəyə görə məhəbbət əsla tükənməyəcək?
13 Sonra Pavel məhəbbətin nə olduğunu aydın şəkildə izah edir. (1 Korinflilərə 13:4-8 ayələrini oxu.) Vaxt ayırıb, məhəbbət haqqında deyilənlərə nə dərəcədə uyğun gəldiyinizi yoxlayın. Amma gəlin 7-ci ayənin sonunda və 8-ci ayənin başlanğıcında yazılan sözlərə diqqət yetirək. Orada deyilir: ‘[Məhəbbət] hər şeyə tab gətirər. Məhəbbət əsla tükənməz’. Bu, 2010-cu ilin illik ayəsi olacaq. Diqqət yetirin: 8-ci ayədə Pavel deyir ki, məsihçi yığıncağının ilk çağlarında verilən peyğəmbərlik etmək və başqa dillərdə danışmaq kimi ruhun ənamları ləğv ediləcək. Onlara son qoyulacaq. Amma məhəbbət həmişə olacaq. Yehova məhəbbətin təcəssümüdür və O əbədidir. Buna görə də məhəbbət əsla tükənməyəcək. Bu xüsusiyyət, əbədi Allahımızın xüsusiyyəti kimi, əbədi qalacaq (1 Yəh. 4:8).
Məhəbbət hər şeyə tab gətirir
14, 15. a) Məhəbbət bizə sınaqlara tab gətirməkdə necə kömək edir? b) Nəyə görə bir gənc qardaş imanından dönmədi?
14 Məsihçilərin istənilən sınaqlara, çətinliklərə və problemlərə tab gətirməsinə nə kömək edir? Əsas etibarilə, prinsiplərə əsaslanan məhəbbət. Belə məhəbbət özünə sadəcə maddi şeylərdən imtina etməkdən daha çox şeyi daxil edir. Bu, nöqsansızlığımızı qorumaq, lazım gələrsə, Məsih naminə həyatımızdan belə keçmək deməkdir (Luka 9:24, 25). Gəlin İkinci Dünya müharibəsi zamanı və ondan sonra həbs və əmək düşərgələrində əziyyət çəkən Şahidlərin sadiqliyi üzərində düşünək.
15 Gənc alman Şahidi Vilhemin hadisəsi bunu çox yaxşı təsvir edir. Nasistlər onu güllələyəndə o, güzəştə getməyib axıra qədər sadiq qaldı. Ailəsinə yazdığı vida məktubunda Vilhem deyirdi: «Başçımız İsa Məsihin əmr etdiyi kimi, biz hər şeydən əvvəl, Allahı sevməliyik. Əgər Onun tərəfini tutsaq, O, bizi mükafatlandıracaq». Bir qədər sonra «Gözətçi Qülləsi»ndə onun ailə üzvlərindən birinin sözləri gətirilirdi: «Biz bir ailə kimi çalışmışıq ki, təlatümlü dövrlərdə Allaha məhəbbət həmişə birinci yerdə dursun». Hal-hazırda Eritreyada, Cənubi Koreyada və bir çox başqa ölkələrdə həbsxanalarda yatan qardaşlar eyni ruh təzahür etdirirlər. Bu qardaşlar Yehovaya olan möhkəm məhəbbətlərini qoruyub saxlayırlar.
16. Malavidəki qardaşlarımız hansı sınaqlara tab gətirmişlər?
16 Bir çox yerlərdə qardaşlarımızın imanı və dözümlülüyü müxtəlif sınaqlara məruz qalır. 26 il ərzində Malavidə Yehovanın Şahidlərinin fəaliyyəti qadağa altında olmuş və onlar şiddətli təqib və vəhşiliklərlə üzləşmişlər. Onların dözümlülüyü xeyir-dualandırıldı. Təqiblər başlayanda ölkədə təxminən 18 000-ə yaxın Şahid vardı. Otuz ildən sonra onların sayı iki dəfədən çox artdı — 38 393 nəfər oldu. Başqa ölkələrdə də bu cür artım müşahidə olunur.
17. Bəziləri imanlarına şərik olmayan ailə üzvləri tərəfindən hansı sınaqlara məruz qalırlar və bunlara tab gətirməkdə onlara nə kömək edir?
17 Allahın xalqının ümumilikdə qarşılaşdığı birbaşa hücumlar bir yana, hətta ayrı-ayrılıqda da məsihçilər ailə üzvləri tərəfindən təqiblərə məruz qalırlar. Məsihçiyə ailə üzvləri, eləcə də digər yaxın qohumları təzyiq göstərə bilər. Məgər İsa bunun baş verəcəyini deməmişdimi? Bəli, çoxları bu sözlərin həqiqiliyini öz üzərində hiss etmişdir (Mat. 10:35, 36). Yeniyetmələr imanlarına şərik olmayan valideynləri tərəfindən təqib olunurlar. Hətta bəziləri evlərindən qovulur, ancaq onlar çöldə qalmırlar, xeyirxah həmimanlıları onlara sığınacaq verir. Digərləri isə doğmaları tərəfindən rədd edilir. Onlara bu cür pis rəftara tab gətirmək üçün güc verən təkcə qardaşlığa olan məhəbbət yox, ən əsası, Yehovaya və Onun Oğluna olan səmimi məhəbbətdir (1 Pet. 1:22; 1 Yəh. 4:21).
18. Hər şeyə tab gətirən məhəbbət evli məsihçilərə necə kömək edir?
18 Həyatın bir çox başqa sahələri də var ki, hər şeyə tab gətirən məhəbbət tələb edir. Məhəbbət evli məsihçiləri İsanın növbəti sözlərinə hörmətlə yanaşmağa təşviq edir: «Allahın birləşdirdiyini insan ayırmamalıdır» (Mat. 19:6). Evli məsihçilər ‘həyatda əziyyətlə’ üzləşəndə özlərinə xatırlatmalıdırlar ki, onların nikahında əsas yeri Yehova tutur (1 Kor. 7:28). Onun Kəlamında deyilir ki, məhəbbət ‘hər şeyə tab gətirir’ və bu xüsusiyyəti geyinən ər-arvad bir-birinə yaxın olacaq və nikahlarını möhkəmləndirəcək (Kolos. 3:14).
19. Təbii fəlakətlər zamanı Allahın xalqı arasındakı məhəbbəti nədən görmək olar?
19 Məhəbbət bizə təbii fəlakət zamanı hər şeyə tab gətirməyə kömək edir. Perunun cənubunda zəlzələ və Birləşmiş Ştatların Meksika körfəzi sahillərində «Katrina» qasırğası baş verən zaman bunu aydın görmək mümkün idi. Bu fəlakətlər zamanı bir çox qardaşlarımız evlərindən və ya əmlaklarından məhrum oldular. Məhəbbət ümumdünya yığıncağını onlara humanitar yardım göstərməyə, könüllüləri isə evlərini yenidən tikməyə və Padşahlıq Zallarını bərpa etməyə təşviq etdi. Bu işlər sübut edir ki, qardaşlarımız həmişə və istənilən vəziyyətlərdə bir-birlərini sevir və qayğılarına qalırlar (Yəh. 13:34, 35; 1 Pet. 2:17).
Məhəbbət əsla tükənməz
20, 21. a) Nəyə görə məhəbbət ən mükəmməl keyfiyyətdir? b) Nəyə görə siz məhəbbət yolu ilə getmək əzmindəsiniz?
20 Yehovanın müasir xalqı arasında ən mükəmməl məhəbbət yolu ilə getməyin müdriklik olduğunu görürük. Həqiqətən də, bu, bütün hallarda özünü doğruldur. Görün, həvari Pavel bu həqiqəti necə qeyd edir. Birincisi, o deyir ki, ruhun ənamları keçib gedəcək və məsihçi yığıncağı yetkinliyə çatacaq. Sonra isə o, belə nəticə çıxarır: «İndi isə üç şey baqidir: iman, ümid, məhəbbət; amma məhəbbət bunların hamısından üstündür» (1 Kor. 13:13).
21 İman etdiyimiz şeylər nəhayətdə gerçəkləşəcək, buna görə də onlara iman etməyə artıq ehtiyac qalmayacaq. Bütün şeylər yeniləşəndən sonra həyata keçməsini həsrətlə gözlədiyimiz vədlərə olan ümidə də artıq ehtiyac qalmayacaq. Bəs məhəbbət? Məhəbbət əsla tükənməyəcək, həmişə olacaq. Əbədi yaşayacağımızı nəzərə alsaq, Allahın məhəbbətinin digər yönlərini də görəcək və başa düşəcəyik. Əsla tükənməyən ən mükəmməl məhəbbət yolu ilə gedərək Allahın iradəsini həyata keçirsək, əbədi yaşayacağıq (1 Yəh. 2:17).
Necə cavab verərdiniz?
• Nəyə görə özümüzü düzgün olmayan məhəbbətdən gözləməliyik?
• Məhəbbət bizə nələrə tab gətirməyə kömək edir?
• Hansı mənada məhəbbət əsla tükənmir?
[27-ci səhifədəki yazı]
2010-cu il üçün illik ayə: ‘[Məhəbbət] hər şeyə tab gətirər. Məhəbbət əsla tükənməz’ (1 Kor. 13:7, 8).
[25-ci səhifədəki şəkil]
Allaha olan məhəbbət bizi şahidlik etməyə təşviq edir
[26-cı səhifədəki şəkil]
Tükənməz məhəbbət Malavidəki bacı və qardaşlara sınaqlara tab gətirməyə kömək etdi