Yehova Allahın vədlərinə iman edin
«İman... gözlə görünməyən gerçəkliklərin sübutunu açıq-aşkar görməkdir» (İBR. 11:1).
1. Allahın bizə bəxş etdiyi iman ənamına necə yanaşmalıyıq?
İMAN hər insanda olmayan çox dəyərli bir xüsusiyyətdir (2 Salon. 3:2). Amma nə yaxşı ki, Yehova Allah xidmətçilərinə iman bəxş edib (Rom. 12:3; Qal. 5:22). Bu bəxşişinə görə hər birimiz Ona ürəkdən minnətdarıq.
2, 3. a) İman insana hansı nemətləri bəxş edir? b) Bu məqalədə hansı suallara cavab tapacağıq?
2 Səmavi Atamız Oğlu İsa Məsih vasitəsilə insanları Özünə yaxınlaşdırır. Allah İsaya iman gətirən hər kəsin günahını bağışlayır. Bunun da sayəsində insanın qarşısında Yehova ilə əbədiyyən dost olmaq imkanı açılır (Yəh. 6:44, 65; Rom. 6:23). Bəs biz nə etmişik ki, Allah bizi bu gözəl ənama layiq görüb? Əslində, günahlı olduğumuz üçün bizim layiq olduğumuz yeganə şey ölümdür (Zəb. 103:10). Amma Yehova bizim daxildə yaxşı insan olduğumuzu görüb və lütfündən irəli gələrək bizə müjdəni açıb. Bunun sayəsində biz İsanı tanıyıb ona iman gətirmişik və bu iman bizə əbədi yaşamaq ümidi verib. (1 Yəhya 4:9, 10 ayələrini oxuyun.)
3 Bəs iman etmək, əslində, nə deməkdir? Sadəcə, Allahın gələcəklə bağlı vədlərinə inanmaqdır? İmanla bağlı ortaya bir sual da çıxır: imanlı olduğumuzu necə sübut edə bilərik?
ÜRƏKDƏ İMAN EDİN
4. Nəyə əsasən demək olar ki, iman etmək, sadəcə, Allahın vədlərinə inanmaq deyil?
4 İman etmək, sadəcə, Allahın vədlərinə inanmaq deyil. İman insanı Allahın iradəsinə uyğun yaşamağa təşviq edən böyük qüvvədir. Allahın xilas yoluna iman etmək bizi müjdəni insanlara car çəkməyə təşviq edir. Həvari Bulus yazmışdı: «Əgər sən dilinlə İsanın Ağa olduğunu hamıya bəyan edirsənsə və ürəyində Allahın onu diriltdiyinə iman edirsənsə, xilas olacaqsan. Çünki insan ürəyində iman edəndə salehliyə, imanını dili ilə bəyan edəndə isə xilasa yetişir» (Rom. 10:9, 10; 2 Kor. 4:13).
5. Nəyə görə iman vacib xüsusiyyətdir və onu necə möhkəmləndirə bilərik? Nümunə çəkin.
5 Göründüyü kimi, əbədi həyat iman etməkdən və imanı möhkəm saxlamaqdan asılıdır. İmanı bitkiyə bənzətmək olar. Süni bitkidən fərqli olaraq, təbii bitki qulluq tələb edir. Sağlam olması və böyüməsi üçün bitkini vaxtı-vaxtında sulamaq lazımdır. Bitkiyə kifayət qədər su verilməzsə, o quruyacaq. İmanımız da «baxımsız» qalsa, zəifləyib məhv olacaq (Luka 22:32; İbr. 3:12). Amma imanımıza, necə deyərlər, qulluq etsək, onu zəifləməyə qoymayacağıq, əksinə, o, günü-gündən böyüyəcək və beləcə, imanda möhkəm olacağıq (2 Salon. 1:3; Tit. 2:2).
MÜQƏDDƏS KİTABDA İMANIN TƏRİFİ
6. İbranilərə 11:1 ayəsinə əsasən, imana hansı iki amil daxildir?
6 İbranilərə 11:1 ayəsində imana tərif verilir. (Ayəni oxuyun.) Bu ayəyə əsasən iman özünə gözlə görünməyən iki amili daxil edir. Birincisi, ümid edilən şeyləri. Bura hələ baş verməmiş hadisələr, yəni gələcəkdə həyata keçəcək vədlər daxildir, məsələn, dünyadakı pisliyin məhv olması və yeni dünyanın gəlməsi. İkinci amil gözlə görünməyən gerçəkliklərdir. Bu, özünə insan gözü ilə görmək mümkün olmayan həqiqətləri daxil edir, məsələn, Yehova Allahın, İsa Məsihin, mələklərin varlığını və səmavi Padşahlığın fəaliyyətini (İbr. 11:3). İmanımızın canlı olduğunu və Allahın Kəlamında yazılan görünməyən həqiqətlərə iman etdiyimizi necə sübut edə bilərik? Sözlərimizlə və əməllərimizlə. Bunlarsız imanımız kamil ola bilməz.
7. Nuh peyğəmbərin nümunəsindən göründüyü kimi imanlı insan necə olmalıdır? (Məqalənin əvvəlindəki şəklə baxın.)
7 İbranilərə 11:7 ayəsində Nuh peyğəmbərin imanının nə dərəcədə güclü olduğu təsvir olunur. Orada yazılıb: «[O,] hələ görünməyən şeylərlə bağlı Allah tərəfindən xəbərdar ediləndən sonra Allah qorxusu ilə ailəsinin xilası üçün gəmi tikdi». Peyğəmbərin iman sahibi olduğunu onun Allahın buyruğu ilə nəhəng gəmini tikməsi sübut edir. Sözsüz ki, onun qonum-qonşusu nəyə görə bu böyüklükdə gəmini tikdiyini soruşurdular. Görəsən, onda Nuh peyğəmbər nə edirdi? Susub dururdu? Bəlkə onlara: «Gedin öz işinizlə məşğul olun», — deyirdi? Əsla! Əksinə, peyğəmbərin imanı onu cəsarətlə şəhadət verməyə və insanları Allahın hökm günü barədə xəbərdar etməyə təşviq edirdi. Çox ehtimal ki, o, camaata Yehovanın ona dediyi növbəti sözləri təkrarlamışdı: «Artıq bütün insanların sonu çatıb, çünki onların ucbatından yer zorakılıqla dolub... Mən yer üzünü suya qərq edəcəyəm ki, göylər altında olan bütün canlılar məhv olsun. Yerdəki hər şey tələf olacaq». Yehova Nuha xilas olmağın yeganə yolunun gəmiyə minmək olduğunu demişdi. Təbii ki, Nuh camaata bu barədə də danışmışdı. Beləcə, «salehlik carçısı» olan Nuh peyğəmbər imanlı insan olduğunu sübut etmişdi (Yar. 6:13, 17, 18; 2 But. 2:5).
8. Yaqub iman barədə nə yazmışdı?
8 Ehtimal ki, həvari Bulus imana tərif verdiyi «İbranilərə məktub»unu yazandan qısa müddət sonra Yaqub öz məktubunu yazmışdı. Bulus kimi Yaqub da imanın yalnız inanmaqdan ibarət olmadığını, əməllərin də vacib olduğunu vurğulamışdı. Məsələn, o yazmışdı: «Sən mənə öz imanını əməlsiz göstər, mən isə sənə imanımı əməldə göstərim» (Yaq. 2:18). Sonra Yaqub inanmaqla, iman etməyin fərqini aydın şəkildə göstərmişdi. O qeyd etmişdi ki, cinlər də Allaha inanır, amma onların imanı yoxdur. Əksinə, onlar Allahın niyyətinə qarşı çıxırlar (Yaq. 2:19, 20). İman sahibi olan kəs isə Allahı razı salan işlər görür. Yaqub, buna misal olaraq, İbrahim peyğəmbəri nümunə çəkərək demişdi: «Məgər atamız İbrahim oğlu İshaqı qurbangahın üzərində təqdim edəndən sonra əməlləri sayəsində saleh bilinmədi? Görürsən, onun imanı əməllərlə müşayiət edilirdi və əməllərlə də tamamlandı». Sonra insanın imanının əməlindən göründüyünü vurğulamaq üçün Yaqub yazmışdı: «Ruhsuz bədən ölü olduğu kimi, əməlsiz iman da ölüdür» (Yaq. 2:21—23, 26).
9, 10. Həvari Yəhyanın yazdıqlarından iman etməyin vacibliyi necə görünür?
9 Yaqub məktubunu yazandan haradasa 30 il sonra həvari Yəhya öz adını daşıyan müjdəni və üç məktubunu yazmışdı. Müqəddəs Kitabı yazan digər insanlar kimi, o da iman etməyin dərin məna daşıdığını yaxşı başa düşürdü. Yəhya yunan dilindən «iman etmək» kimi tərcümə olunan sözü onların hamısından çox işlətmişdi.
10 Məsələn, o, yazmışdı: «Oğula iman edən əbədi həyata qovuşacaq. Oğula itaət etməyənsə həyata qovuşmayacaq, Allahın qəzəbinə düçar olacaq» (Yəh. 3:36). Bəli, məsihi imanlı olduğunu İsanın əmrlərinə boyun əyməklə sübut etməlidir. Yəhyanın yazdıqlarından görmək olar ki, İsa dəfələrlə ona və Atasına iman etməyin vacibliyini vurğulamışdı (Yəh. 3:16; 6:29, 40; 11:25, 26; 14:1, 12).
11. Həqiqətə görə minnətdar olduğumuzu necə göstərə bilərik?
11 Yehovaya şükürlər olsun ki, Öz müqəddəs ruhu vasitəsilə bizə həqiqəti açıb və müjdəyə iman gətirməyə kömək edib! (Luka 10:21 ayəsini oxuyun.) Bizi «imanımızın Öndəri və kamilləşdirəni» olan Oğlu İsa Məsih vasitəsilə Özünə yaxınlaşdırdığı üçün Ona ömür boyu minnətdar olmalıyıq (İbr. 12:2). Yehovanın bu lütfünə minnətdarlıq əlaməti olaraq, dua etməklə və Müqəddəs Kitabı oxumaqla imanımızı möhkəm saxlamalıyıq (Efes. 6:18; 1 But. 2:2).
12. İmanımızı əməldə necə göstərməliyik?
12 Yehovanın vədlərinə iman etdiyimizi əməllərimizlə göstərməliyik. Məsələn, Allahın Padşahlığı barədə təbliğ etməli və şagird hazırlamaq işində iştirak etməliyik. Həmçinin «hamıya, ələlxüsus, iman qardaşlarımıza» yaxşılıq etməliyik (Qal. 6:10). Eləcə də var gücümüzlə çalışıb «köhnə şəxsiyyəti əməlləri ilə birgə» əynimizdən çıxarmalıyıq ki, heç nə bizə ruhani cəhətdən zərər vura bilməsin (Kol. 3:5, 8—10).
ALLAHA İMAN MƏSİHİ BÜNÖVRƏSİNİN BİR HİSSƏSİDİR
13. Allaha iman etmək nə üçün vacibdir? Müqəddəs Kitabda Allaha iman necə təsvir olunur və nə üçün?
13 Müqəddəs Kitabda deyilir: «İman etmədənsə Allahın razılığını qazanmaq mümkün deyil, çünki Allaha yaxınlaşan adam Onun varlığına və Onu cidd-cəhdlə axtaranlara mükafat verdiyinə inanmalıdır» (İbr. 11:6). Müqəddəs Kitabda Allaha iman məsihiliyin bünövrəsinin bir hissəsi kimi təsvir olunur. Məsihi olmaq və bu yolda qalmaq üçün Allaha iman mütləqdir (İbr. 6:1, 2). Məsihi bu bünövrəni, yəni imanını başqa vacib xüsusiyyətlərlə tamamlamalıdır ki, Allahın məhəbbətindən ayrılmasın. (2 Butrus 1:5—7 ayələrini oxuyun; Yhd. 20, 21.)
14, 15. Nəyə görə məhəbbət imandan vacib xüsusiyyətdir?
14 İncili yazanlar iman haqqında yüz dəfələrlə yazmaqla onun vacibliyini vurğulayıblar. İncildə başqa heç bir xüsusiyyət barədə bu qədər çox yazılmayıb. Bəs bu o deməkdirmi ki, iman ən vacib xüsusiyyətdir?
15 Həvari Bulus imanı məhəbbətlə müqayisə edərək yazmışdı: «Dağları yerindən tərpədəcək dərəcədə güclü iman sahibiyəmsə, lakin məhəbbətim yoxdursa, mən heç nəyəm» (1 Kor. 13:2). «Tövratda ən böyük əmr hansıdır?» sualına verdiyi cavabla İsa Allaha məhəbbətin ən vacib xüsusiyyət olduğunu vurğulamışdı (Mət. 22:35—40). Məhəbbət özünə, iman da daxil olmaqla, məsihiyə xas bir çox vacib xüsusiyyəti daxil edir. Allahın Kəlamında yazılıb: «Məhəbbət... hər şeyə inanır». Deməli, məhəbbət bizi Allahın Öz Kəlamı vasitəsilə dediyi hər şeyə inanmağa, yəni iman etməyə kömək edir (1 Kor. 13:4, 7).
16, 17. İncildə iman və məhəbbət xüsusiyyətləri necə işlənir? Onlardan hansı daha vacibdir və nəyə görə?
16 İman və məhəbbət vacib xüsusiyyət olduğu üçün İncili yazanlar bu xüsusiyyətlərin adını çox vaxt qoşa çəkiblər. Bulus həmimanlılarını təşviq edirdi ki, iman və məhəbbət zirehini geyinsinlər (1 Salon. 5:8). Butrus yazmışdı: «Siz [İsanı] heç vaxt görməmisiniz, buna baxmayaraq, onu sevirsiniz. Onu indi görməsəniz də, ona iman edirsiniz» (1 But. 1:8). Yaqub məsh olunmuş qardaşlarına belə bir sualla müraciət etmişdi: «Məgər Allah dünyanın gözündə yoxsul olanları imanda zəngin olub Onu sevənlərə vəd etdiyi Padşahlığın varisi olmaq üçün seçməyib?» (Yaq. 2:5). Yəhya yazmışdı: «[Allahın] əmri budur ki, Oğlu İsa Məsihin adına inanaq və bizə verdiyi əmrə əməl edib bir-birimizi sevək» (1 Yəh. 3:23).
17 İman vacib xüsusiyyət olsa da, yeni dünyada ona ehtiyac olmayacaq, çünki iman etdiyimiz vədlərin hamısı çin olacaq. Amma Allaha və insanlara məhəbbəti həmişə gücləndirməliyik, bu xüsusiyyət həmişə olacaq. Buna görə də həvari Bulus yazmışdı: «Bu üç şey isə qalacaq: iman, ümid və məhəbbət. Ancaq məhəbbət bunların hamısından üstündür» (1 Kor. 13:13).
İMANIN BƏHRƏSİ
18, 19. Bu gün iman hansı bəhrəni gətirir və bu, kimin sayəsində mümkündür?
18 Bizim günlərdə Yehovanın xalqı Onun qurduğu Padşahlığa iman gətirir. Bu imanın nəticəsində səkkiz milyondan artıq sakini olan və bütün dünyanı əhatə edən ruhani cənnət ərsəyə gəlib. Bu cənnətdə Allahın ruhu bol bəhrə verir (Qal. 5:22, 23). Bu, məsihilər arasındakı imanın və məhəbbətin gücünə ən bariz nümunədir!
19 Bu cür ruhani cənnəti heç bir insan ərsəyə gətirə bilməz, buna yalnız Allah-Taala qadirdir. Bu möhtəşəm cənnət «silinməz, əbədi nişan olub Yehovaya şan-şöhrət» gətirir (Əşy. 55:13). Yehovaya minnətdarıq ki, bizə belə bir ənam bəxş edib, qarşımızda iman vasitəsilə xilas olmaq imkanı açıb (Efes. 2:8). Yehovanın xeyir-duası ilə sakini olduğumuz ruhani cənnət bundan da böyük olacaq və bir gün bütün yer üzü əbədiyyən Yehovaya alqış oxuyan kamil, saleh, xoşbəxt insanlarla dolacaq. Gəlin əlimizdən gələni edək ki, Yehovanın vədlərinə imanımız günü-gündən möhkəmlənsin.