«Böyüdən Allahdır!»
«Mühüm olan əkən yaxud suvaran deyil, əkiləni böyüdən Allahdır» (1 KOR. 3:7).
1. Biz hansı işdə ‘Allahın əməkdaşlarıyıq’?
‘ALLAHIN əməkdaşları’. Həvari Pavel Allahla bir işdə çalışan bizləri məhz belə adlandırdı. (1 Korinflilərə 3:5-9 ayələrini oxu.) Pavel şagird hazırlamaq işindən danışırdı. O bunu toxum səpib sulamaqla müqayisə etdi. Bu işdə müvəffəqiyyətli olmaq üçün bizə Yehovanın köməyi gərəkdir, çünki, Pavelin sözlərinə əsasən, «böyüdən Allahdır».
2. ‘Böyüdənin Allah’ olduğunu bilmək xidmətimizə düzgün yanaşmağımıza necə kömək edir?
2 Bu sadə fakt xidmətimizə düzgün yanaşmağımıza kömək edir. Təbliğ və öyrətmək işində nə qədər çalışqan olsaq da, şagirdin ruhani inkişafına görə bütün izzət nəticə etibarilə Yehovaya məxsusdur. Nə üçün? Çünki bizlərdən heç kim inkişaf prosesini axıra qədər başa düşə bilmir, qaldı ki onu idarə etsin. Süleyman padşah da eyni fikri söyləmişdi: «Hər şeyi yaradan Allahın işlərindən... xəbərsizsən» (Vaiz 11:5).
3. Toxum səpməklə şagird hazırlamaq işi arasında hansı ümumi cəhətlər var?
3 Şagirdlərin ruhani inkişaf prosesini anlaya bilməməyimiz bizi məyus etməlidirmi? Qətiyyən. Əksinə, bunun sayəsində işimiz daha da maraqlı olur. Süleyman padşah demişdi: «Toxumunu səhər vaxtı səp, axşama qədər də əlin boş durmasın. Çünki bilmirsən ki, əvvəlki məhsuldar olacaq yoxsa sonrakı yaxud hər ikisi birlikdə» (Vaiz 11:6). Əkinçi toxum səpəndə onun harada və ya ümumiyyətlə bitib-bitməyəcəyini bilmir. Çox şey bizdən asılı deyil. Eyni şeyi şagird hazırlamaq işi barədə də demək olar. İsa «Markın Müjdəsi»nin 4-cü fəslində yazılan iki məsəli çəkməklə diqqətimizi bu məqama yönəltdi. Gəlin görək onlardan nə öyrənə bilərik.
Müxtəlif torpaq növləri
4, 5. İsanın toxum səpələyən əkinçinin məsəlini qısaca nəql edin.
4 Mark 4:1-9 ayələrində İsa toxum səpələyən əkinçidən danışır: «Dinləyin! Budur, bir əkinçi toxum səpməyə çıxdı. Səpərkən toxumlardan bəzisi yol kənarına düşdü və quşlar gəlib onu dimdiklədilər. Bəzisi torpağı çox olmayan daşlığa düşdü və tez bitdi, çünki torpağın dərinliyi yox idi; günəş doğanda soldu və kökü olmadığına görə qurudu. Bəzisi tikanlar arasına düşdü. Tikanlar çıxıb onu boğdular və o, səmərə vermədi. Başqaları da bərəkətli torpağa düşdü. Böyüyüb çoxaldılar və səmərə verdilər, bəzisi otuz, bəzisi altmış, bəzisi isə yüz qat səmərə verdi».
5 Qədimdə toxumları əsas etibarilə səpələyərək əkirdilər. Əkinçi toxumları ətəyində, yaxud bir kisədə daşıyırdı və əli ilə onu hər tərəfə səpələyirdi. Deməli, bu məsəldəki əkinçi toxumu qəsdən müxtəlif növ torpaqlarda əkmir. Sədəcə onun səpələdiyi toxumlar müxtəlif torpaqlara düşür.
6. İsa əkinçi məsəlini necə izah etdi?
6 Bu məsəlin mənası bizim üçün qaranlıq deyil. Mark 4:14-20 ayələrindən gördüyümüz kimi, İsa onu izah edir: «Əkinçi Allahın kəlamını səpir. Kəlamın səpildiyi yolun kənarındakılar bunlardır: eşitdikləri zaman, dərhal şeytan gəlir və ürəklərinə səpilən kəlamı götürüb aparır. Beləcə də, daşlıq yerlərə səpilənlər kəlamı eşidib dərhal onu sevinclə qəbul edənlərdir; lakin onlarda kök yoxdur, onlar səbatsızdırlar. Sonralar bu kəlamdan ötrü sıxıntı və ya əziyyət baş verdikdə, dərhal büdrəyirlər. Tikanlar arasında səpilənlər onlardır ki, kəlamı eşidirlər, lakin dünyanın qayğıları, zənginliyin aldadıcılığı və başqa şeylərə həvəs araya girib kəlamı boğur və kəlam səmərəsiz olur. Bərəkətli torpağa səpilmiş olanlar isə, kəlamı eşidib qəbul edənlərdir. Və bəzisi otuz, bəzisi altmış, bəzisi isə yüz qat səmərə verər».
7. Toxum və müxtəlif növ torpaqlar nəyi təmsil edir?
7 Diqqət yetir ki, İsa müxtəlif növ toxumlardan istifadə edildiyindən yox, səmərəsi fərqli olan və müxtəlif torpaqlara düşən bir növ toxumdan danışır. Torpağın birinci növü tapdalanmış və bərk idi, ikincisi daşlı, üçüncüsünü tikanlar basmışdı, dördüncüsü isə yaxşı səmərə verən bərəkətli torpaq idi (Luka 8:8). Toxum nəyi təmsil edir? Bu, Allahın Kəlamında yazılan Padşahlıq haqqında xəbərdir (Mat. 13:19). Bəs müxtəlif növ torpaqlar nəyi təmsil edir? Ürəkləri bir-birindən fərqli olan insanları. (Luka 8:12, 15 ayələrini oxu.)
8. a) Əkinçi kimi təmsil edir? b) Nəyə görə insanlar təbliğə müxtəlif cür hay verirlər?
8 Bəs əkinçi kimi təmsil edir? Padşahlıq haqqında xoş xəbəri təbliğ edənləri — Allahın əməkdaşlarını. Pavel və Apollos kimi, onlar əkir və suvarır. Onlar səylə çalışsalar da, nəticələr müxtəlif olur. Nəyə görə? Çünki xoş xəbəri eşidən insanların ürəkləri bir-birindən fərqlidir. İsanın məsəlindən göründüyü kimi, əkdiyi toxumun necə səmərə verəcəyi əkinçidən asılı deyil. Bunu bilmək hər birimiz üçün, xüsusilə də çox illər, ola bilsin, onilliklər ərzində çalışan və xidmətləri səmərəsiz kimi görünən sadiq bacı-qardaşlarımız üçün necə də təsəllivericidir!a Nəyə görə belə demək olar?
9. Həvari Pavel və İsa hansı təsəlliverici fikri vurğulamışlar?
9 Əkinçinin öz işini vicdanla görüb-görməməsi onun zəhmətinin nəticəsi ilə ölçülmür. «Hər biri öz əməyinə görə mükafat alacaqdır» sözlərini yazmaqla, Pavel məhz bunu nəzərdə tuturdu (1 Kor. 3:8). Mükafat əməyin nəticəsinə görə yox, əməyə görə verilir. İsa da bu fikrə diqqət yetirmişdi. Bir dəfə şagirdləri təbliğdən sevinc içində qayıtmışdılar. İsanın adını çəkəndə cinlərin onlara itaət etməsi bu sevincə səbəb olmuşdu. Amma İsa şagirdlərinə dedi: «Ruhların sizə itaət etməsinə sevinməyin, lakin sizin adlarınızın göylərdə yazıldığına sevinin» (Luka 10:17-20). Hətta əkinçi öz əməyini səmərəsiz kimi görsə də, bu onun digərlərindən az çalışqan və yaxud imanının az olması demək deyil. Nəticə, əsas etibarı ilə, kəlamı eşidən insanın ürəyinin vəziyyətindən asılıdır. Əvvəl-axır toxumu böyüdən Allahdır!
Məsuliyyəti kəlamı eşidənlər daşıyır
10. Kəlamı eşidən insanın ürəyinin bərəkətli olub-olmayacağını nə müəyyən edir?
10 Kəlamı eşidənlər haqqında nə demək olar? Onların xoş xəbərə hay verib-verməyəcəkləri qabaqcadan müəyyən olunubmu? Xeyr. Ürəklərinin bərəkətli torpaq olub-olmayacağı onların özlərindən asılıdır. İnsanın ürəyinin vəziyyəti ya yaxşılığa, ya da pisliyə doğru dəyişə bilər (Rom. 6:17). İsa öz məsəlində dedi ki, bəziləri kəlamı «eşitdikləri zaman» Şeytan gəlir və onu götürüb aparır. Amma bu heç də həmişə belə olmur. Yaqub 4:7 ayəsində məsihçilər təşviq olunurlar: «İblisə isə qarşı durun və o, sizdən qaçacaqdır». Sonra İsa, əvvəlcə kəlamı sevinclə qəbul edən, amma ‘kökləri olmadıqları’ üçün büdrəyən insanlar haqqında danışır. Lakin Allah xidmətçilərini ‘Məsihin məhəbbətinin nə qədər geniş, uzun, uca və dərin olduğunu başa düşmək’ üçün ‘kök salıb, təməl qoymağa’ təşviq edir (Efes. 3:17-19; Kolos. 2:6, 7).
11. Qayğılar və zənginlik kəlamı boğmasın deyə xoş xəbəri eşidən insan nə edə bilər?
11 Həmçinin kəlamı eşidən, ancaq ‘dünyanın qayğılarının, zənginliyin aldadıcılığının’ araya girib kəlamı boğmasına yol verən insanlar da var (1 Tim. 6:9, 10). Onlar bunun qarşısını necə ala bilərlər? Bu sualın cavabını həvari Pavelin sözlərindən görmək olar: «Həyatınız pulpərəstlikdən azad olsun, özünüzdə olan şeylərlə kifayətlənin; çünki O Özü demişdir: “Səni heç buraxmayacağam və əsla tərk etməyəcəyəm”» (İbr. 13:5).
12. Nəyə görə bərəkətli torpağa düşən toxumun səmərəsi müxtəlif olur?
12 İsa məsəlin sonunda deyir ki, bərəkətli torpağa düşən toxumun «bəzisi otuz, bəzisi altmış, bəzisi isə yüz qat səmərə verər». Kəlama hay verənlərin ürəyinin vəziyyəti yaxşı olsa da və onlar səmərə versələr də, təbliğ işində hər biri öz şəraitindən asılı olaraq əlindən gələni edir. Məsələn, qocalıq, yaxud üzücü xəstəlik insanın təbliğ işini məhdudlaşdıra bilər. (Mark 12:43, 44 ayələri ilə müqayisə et.) Demək olar ki, əkinçidən çox az şey asılıdır, lakin o, Yehovanın bu toxumu böyütdüyünü görəndə sevinir. (Məzmur 126:5, 6 ayələrini oxu.)
Yatan əkinçi
13, 14. a) İsanın toxum səpən insan haqqındakı məsəlini qısaca danışın. b) Əkinçi kimi təmsil edir və toxum nədir?
13 Mark 4:26-29 ayələrində əkinçi haqqında başqa bir məsəli oxuyuruq: «Allahın Səltənəti yerə toxum səpən adam kimidir. Gecə-gündüz yatar, durar [«gecə yatar, gündüz durar», YD] və toxum bitər, böyüyər, özü isə bunun necə olduğunu bilməz. Çünki torpaq öz-özünə əvvəl otu, sonra sünbülü, daha sonra isə sünbüldə dolu dəni verir. Məhsul yetişdiyi zaman, dərhal orağı işə salar. Çünki biçin vaxtı gəlmişdir».
14 Əkinçi kimdir? Bəzi xristian ilahiyyatçıları fikirləşirlər ki, bu, İsanın özüdür. Lakin demək olarmı ki, İsa yatır və toxumun necə böyüdüyünü bilmir? Əlbəttə, İsa böyümə prosesindən bixəbər deyil! Öncə çəkilən məsəldə olduğu kimi, bu məsəldəki əkinçi də, səylə təbliğ edərək Padşahlıq toxumu əkən hər bir təbliğçini ayrı-ayrılıqda təmsil edir. Səpilən toxum isə onların təbliğ etdikləri kəlamdırb.
15, 16. İsa əkinçi haqqındakı məsəldə hərfi və ruhani inkişafla bağlı hansı fikri vurğuladı?
15 İsanın dediyinə əsasən, əkinçi ‘gecə yatır, gündüz durur’. Bu onun öz işinə laqeyd yanaşdığına işarə etmir. Sadəcə olaraq bu sözlərlə əksər insanların gündəlik həyatı təsvir edilir. Bu ayədə müəyyən vaxt ərzində davam edən aramsız prosesdən — gündüz işləməkdən və gecə yatıb istirahət etməkdən danışılır. Həmin vaxt baş verənləri izah edərək İsa dedi: «Toxum bitər, böyüyər, özü [əkinçi] isə bunun necə olduğunu bilməz». Burada böyümə prosesinin «öz-özünə» baş verdiyi vurğulanırc.
16 İsa burada nəyi nəzərdə tuturdu? Fikir ver ki, burada böyümə prosesi və onun tədricən baş verdiyi vurğulanır. «Çünki torpaq öz-özünə əvvəl otu, sonra sünbülü, daha sonra isə sünbüldə dolu dəni verir» (Mark 4:28). Toxum yavaş-yavaş və müxtəlif mərhələlərlə böyüyür. Onun böyüməsini tezləşdirmək qeyri-mümkündür. Eyni şeyi şagirdlərin ruhani inkişafı haqqında da demək olar. Həqiqətin kəlama hay verənlərin ürəyində böyüməsi Yehovanın yol verdiyi səviyyədə tədricən baş verir (Həv. iş. 13:48; İbr. 6:1, 2).
17. Həqiqət toxumu səmərə verəndə kimlər sevinir?
17 Əkinçi «məhsul yetişdiyi zaman» biçində necə iştirak edir? Yehova Padşahlıq haqqında həqiqəti yeni şagirdlərin ürəyində yetişdirir və onlar yetkinliyin müəyyən səviyyəsinə çatanda Allaha məhəbbətlərindən irəli gələrək öz həyatlarını Ona həsr edirlər. Allaha həsr olunmalarını vəftizlə göstərirlər. Yetkinliyə doğru gedən qardaşlar yığıncaqda yavaş-yavaş daha çox tapşırıqlar alırlar. Padşahlığın səmərəsini əkinçi ilə yanaşı, şagirdin böyüməsi üçün toxum səpməyən digər təbliğçilər də biçir. (Yəhya 4:36-38 ayələrini oxu.) Həqiqətən də, ‘əkən də, biçən də birlikdə sevinir’.
Bizim üçün dərs
18, 19. a) İsanın məsəllərini araşdırmağımız səni necə möhkəmləndirdi? b) Növbəti məqalədə söhbət nədən gedəcək?
18 «Markın Müjdəsi»nin 4-cü fəslində yazılan iki məsəldən nə öyrəndik? Biz aydın görürük ki, bizə vacib iş — Padşahlıq toxumunu səpmək həvalə edilib. Heç vaxt bəhanələrin, problemlərin və çətinliklərin bizi bu işdən uzaqlaşdırmasına yol verməməliyik (Vaiz 11:4). Biz Allahın əməkdaşları olmaq kimi gözəl şərəfə layiq görülmüşük. Padşahlıq haqqında həqiqətin ürəklərdə böyüməsinə yol verən yalnız Yehovadır. O bunu həm bizim səyimizə, həm də xoş xəbəri qəbul edən insanların səylərinə xeyir-dua verməklə edir. Biz anlayırıq ki, kiminsə ruhani inkişafını sürətləndirmək heç birimizin əlində deyil. Böyümə ləngiyəndə və yaxud baş verməyəndə ruhdan düşməməliyik. Müvəffəqiyyətimizin Yehovaya sədaqətimizlə və bizə həvalə olunan ‘Səmavi Səltənət haqqında olan Müjdəni xalqların hamısına təbliğ’ etmək işini şərəf sanıb-sanmamağımızla müəyyən edilməsini bilmək necə də təsəllivericidir! (Mat. 24:14).
19 İsa yeni şagirdlərin böyüməsi və Padşahlıq işinin genişlənməsi haqda daha nəyi öyrətmişdi? Bu sualın cavabını Müjdələrdə yazılan digər məsəllərdə tapmaq olar. Onlardan bəziləri növbəti məqalədə araşdırılacaq.
[Haşiyələr]
a 2005-ci il üçün «Yehovanın Şahidlərinin illik məcmuəsi»nin 210, 211-ci səhifələrində (rus.) Georq Fyölnir Lindalın İslandiyadakı xidməti haqqında məlumatı, həmçinin 1988-ci il üçün «Yehovanın Şahidlərinin illik məcmuəsi»nin 82-99-cu səhifələrindən (ing.) çox illər ərzində İrlandiyada səmərəsiz kimi görünən sadiq xidmətçilərin xidmətləri haqqındakı nümunələri oxuyun.
b Əvvəllər bu jurnalda izah edilirdi ki, toxum ətraf faktorların təsirilə inkişaf edən keyfiyyətləri təmsil edir. Ancaq qeyd etmək lazımdır ki, İsanın məsəlindəki toxum nə pisləşir, nə də çürük bəhrə gətirir. O sadəcə olaraq, yetişir («Gözətçi Qülləsi»nin 1980-ci il 15 iyun sayının 17-19-cu səhifələrinə bax, ing.).
c Bu ifadənin işləndiyi digər yeganə yer Həvarilərin işləri 12:10 ayəsidir. Orada dəmir qapının «özü-özlüyündən» açıldığı deyilir.
Yadınızdadırmı?
• Toxum səpməklə Padşahlıq haqqında xoş xəbəri bəyan etmək arasında hansı oxşarlıqlar var?
• Yehovanın nöqteyi-nəzərincə hansı təbliğçi sadiq sayılır?
• İsa hərfi və ruhani inkişaf arasında hansı oxşarlıqları vurğulamışdı?
• Nə üçün ‘əkən də, biçən də birlikdə sevinir’?
[13-cü səhifədəki şəkillər]
İsa nəyə görə Allahın Padşahlığını təbliğ edənləri toxum səpən əkinçi ilə müqayisə etdi?
[15-ci səhifədəki şəkillər]
Bərəkətli torpaqla müqayisə edilənlər Padşahlığın təbliğində iştirak etmək üçün əllərindən gələni edirlər
[16-cı səhifədəki şəkillər]
Böyüdən Allahdır