Oxucuların sualları
Həvari Bulusun 1 Korinflilərə 15:29 ayəsində dediyi sözlər o deməkdirmi ki, həmin dövrdə bəzi məsihilər ölənlər üçün vəftiz olunublar?
Xeyr. Nə Müqəddəs Kitab, nə də tarix belə bir şeyin olduğunu təsdiqləmir.
Müqəddəs Kitabın bəzi tərcümələrində bu ayə elə təəssürat oyadır ki, sanki həvari Bulusun yaşadığı dövrdə ölülər uğrunda edilən vəftiz var idi. Məsələn, bir tərcümədə deyilir: «Əgər ölülər heç vaxt dirilməsə, insanlar ölülər uğrunda niyə vəftiz olunur?» («Müqəddəs Kitab Şirkəti», 2009).
Gəlin iki Müqəddəs Kitab aliminin bununla bağlı fikirlərinə baxaq. Dr. Qreqori Lokvud deyir ki, «ölmüş insanın əvəzinə vəftiz olunmaq fikri nə Müqəddəs Kitabla, nə də tarixlə uzlaşır». Professor Qordon Fi də bu fikirlə razıdır. O yazır: «Nə tarixdə, nə Müqəddəs Kitabda belə bir vəftizin olduğuna dair bir dənə də olsun nümunə yoxdur. İncildə bu haqda heç nə yazılmayıb. Üstəlik, nə ilk məsihilərin belə bir şey etdiyinə dair, nə də onlardan qısa müddət sonra yaranan kilsələrdə belə bir şeyin icrasına dair heç bir sübut yoxdur».
Müqəddəs Kitabda deyilir ki, İsanın davamçıları bütün xalqların içində şagird hazırlamalı, onları vəftiz etməli, İsanın əmr etdiyi hər şeyə riayət etməyi onlara öyrətməli idi (Mət. 28:19, 20). İnsan vəftiz olunmaq üçün Yehova və Onun Oğlu haqqında öyrənməli, onlara iman edib, itaət etməli idi. Artıq ölmüş və qəbirdə olan biri bütün bunları edə bilməzdi, nə də həyatda olan məsihi onun yerinə bunu edə bilməzdi (Vaiz 9:5, 10; Yəh. 4:1; 1 Kor. 1:14—16).
Bəs onda Bulus nəyi nəzərdə tuturdu?
Bəzi məsihilər ölülərin dirilməsini inkar edirdi (1 Kor. 15:12). Bulus bu fikri təkzib edirdi. Bulus deyirdi ki, o, hər gün ölümlə üz-üzə dururdu. Amma bu cür təhlükələrlə üzləşməsinə baxmayaraq, o əmin idi ki, öləndən sonra, İsa kimi, ruhani varlıq kimi diriləcək (1 Kor. 15:30—32, 42—44).
Korinflilər başa düşməli idi ki, məsh olunmuş məsihi olan kəs hər gün sınaqlarla üzləşəcək və göylər həyatına dirilmək üçün öləcək. Onlar «Məsih İsa ilə vəhdətdə olmaq üçün vəftiz» olunanda «onun ölümünə şərik olmaq üçün də vəftiz» edilmişdilər (Rom. 6:3). Bu o demək idi ki, onlar İsa Məsih kimi ölümə aparan və göylər həyatına dirilmə ilə nəticələnən yola qədəm qoymuşdular.
İsa suda vəftiz olunandan bir neçə il sonra iki həvarisinə belə demişdi: «Vəftiz olunacağım vəftizlə... vəftiz olunacaqsınız» (Mark 10:38, 39). İsa bu sözlərdən sonra vəftiz olunmamışdı. Bununla o, sadiqliyini qorumasının ölümlə nəticələnəcəyini nəzərdə tuturdu. Bulus yazırdı ki, məsh olunmuşlar Məsih kimi calala yetişmək üçün onun kimi əzab çəkəcəklər (Rom. 8:16, 17; 2 Kor. 4:17). Deməli, onlar da göylər həyatına dirilmək üçün ölməli idilər.
Odur ki, Bulusun sözlərini dəqiqliklə belə tərcümə etmək olar: «Belə isə, ölmək üçün vəftiz olunanlar nə etsin? Ölülər dirilməyəcəksə, onda onlar nəyə görə bu məqsədlə vəftiz olunurlar?»