Onlar ‘Quzunun ardınca gedirlər’
«Bunlar Quzu hara gedərsə, ardınca gedənlərdir» (VƏHY 14:4).
1. İsanın əsil şagirdləri onun ardınca getmək məsələsinə necə yanaşırdılar?
XİDMƏTİNİN təxminən iki il yarımını İsa ‘Kefernahumda sinaqoqda təlim verirdi’. Onun sözlərindən dəhşətə gələn «şagirdlərdən bir çoxu Ondan ayrılıb, artıq Onunla gəzmirdi». İsa 12 həvarisindən onların da getmək istəyib-istəmədiklərini soruşanda Şimon Peter cavab verdi: «Ya Rəbb, biz kimin yanına gedə bilərik? Əbədi həyatın sözləri Səndədir. Biz də iman etdik və bilirik ki, Yaşayan Allahın Oğlu Məsih Sənsən» (Yəh. 6:48, 59, 60, 66-69). İsanın əsil şagirdləri onun ardınca getməkdən imtina etmədilər. Onlar müqəddəs ruhla məsh edildikdən sonra da İsanın göstərişlərinə riayət etməyə davam edirdilər (Həv. iş. 16:7-10).
2. a) «Sadiq və ağıllı qul» və ya «sadiq... nökərbaşı» kimdir? b) Qul sinfinin ‘Quzu hara gedərsə, ardınca getməsi’ nədən görünür?
2 Bəs bizim dövrdə yaşayan məsh olunmuş məsihçilər haqqında nə demək olar? İsa ‘gəlişinin [«iştirakının», YD] və dövrün sonunun əlamətinə’ dair peyğəmbərliyində yer üzündəki ruhla məsh olunmuş davamçılarından ibarət qrupu «sadiq və ağıllı qul» və ya «sadiq... nökərbaşı» adlandırdı (Mat. 24:3, 45; Luka 12:42). Qul sinfi bir qrup şəklində ‘Quzu hara gedərsə, ardınca gedir’. (Vəhy 14:4, 5 ayələrini oxu.) Onun üzvləri özlərini yalan dinin dünya imperiyası olan ‘Böyük Babilin’ təlimlərindən və əməllərindən təmiz saxlamaqla ruhani mənada bakir qalırlar (Vəhy 17:5). Onların dilində təlimlərlə bağlı heç bir ‘yalan tapılmayıb’ və onlar özlərini Şeytanın dünyasından ‘ləkəsiz’ saxlayırlar (Yəh. 15:19). Məsh olunmuşların yer üzündəki qalığı gələcəkdə Quzunun ardınca göyə gedəcək (Yəh. 13:36).
3. Qul sinfinə etibar etməyimiz nəyə görə vacibdir?
3 İsa sadiq və ağıllı qulu öz «nökərləri», yəni qul sinfinin ayrı-ayrı üzvləri üzərinə təyin edib ki, onlara ‘vaxtlı-vaxtında yemək versin’. O, həmçinin «bütün malikanəsinin idarəsini» qula tapşırıb (Mat. 24:45-47). Bu ‘malikanəyə’ sayı artmaqda olan ‘başqa qoyunlardan’ ibarət «böyük bir izdiham» daxildir (Vəhy 7:9; Yəh. 10:16). Bəs məsh olunmuşların və ‘başqa qoyunların’ ayrı-ayrı üzvləri onların üzərinə təyin olunan qula etibar etməli deyillərmi? Qul sinfinin etibarımıza layiq olmasına çoxlu səbəblər var. Ən vacib səbəblərdən ikisi bunlardır: 1) Yehova qul sinfinə etibar edir. 2) Qul sinfinə həmçinin İsa da etibar edir. Gəlin həm Yehova Allahın, həm də İsa Məsihin sadiq və ağıllı qula tam etibar etdiyini göstərən sübutlara nəzər salaq.
Yehova qula etibar edir
4. Biz nəyə görə sadiq və ağıllı qulun təqdim etdiyi ruhani qidaya əmin ola bilərik?
4 Gəlin görək, sadiq və ağıllı qul nəyin sayəsində bizi vaxtlı-vaxtında bəsləyici ruhani qida ilə təmin edir. Yehova deyir: «Sənə təlim verəcəyəm, gedəcəyin yolu öyrədəcəyəm». Sonra əlavə edir: «Nəsihət verəcəyəm, gözüm sənin üstündə olacaq» (Məz. 32:8). Bəli, Yehova qul sinfinə rəhbərlik verir. Buna görə də biz qul sinfinin Müqəddəs Yazılara dair izahatının düzgünlüyünə və ona əsasən verdiyi rəhbərliyə tam etibar edə bilərik.
5. Qul sinfinə Allahın ruhunun səlahiyyət verdiyi nədən görünür?
5 Yehova qul sinfini həmçinin müqəddəs ruhu ilə də xeyir-dualandırır. Bu ruh gözəgörünməz olsa da, fəaliyyət göstərdiyi insanlarda yetişdirdiyi bəhrələri açıqca görmək olar. Sadiq və ağıllı qulun Yehova Allah, Onun Oğlu və Padşahlıq haqqında verdiyi ümumdünya şahidlik işində nələrə nail olduğunu düşünək. Yehovanın xidmətçiləri Padşahlıq haqqında müjdəni 230-dan çox ölkə və ərazidə bəyan edirlər. Məgər bu işi görməkdə qul sinfinə Yehovanın ruhunun səlahiyyət verdiyi danılmaz sübut deyilmi? (Həvarilərin işləri 1:8 ayəsini oxu.) Qul sinfi Yehovanın bütün dünyadakı xalqını vaxtlı-vaxtında ruhani qida ilə təmin etmək üçün çoxlu vacib qərarlar qəbul etməlidir. Bu qərarları qəbul edərkən və həyata keçirərkən qul ruhun səmərəsinə daxil olan məhəbbət, həlimlik və digər xüsusiyyətləri təzahür etdirir (Qalat. 5:22, 23).
6, 7. Yehova sadiq qula nə dərəcədə etibar edir?
6 Yehovanın sadiq qula nə dərəcədə etibar etdiyini anlamaq üçün onun üzvlərinə verdiyi vədin üzərində düşünək. Həvari Pavel yazıb: «Şeypur çalınacaq və ölülər qeyri-fani şəkildə diriləcəklər, biz isə dəyişiləcəyik. Çünki bu fani varlığımız qeyri-faniliyi geyməli, bu ölümlü varlığımız ölməzliyi geyməlidir» (1 Kor. 15:52, 53). Məsihin Allaha fani insan bədənində sədaqətlə xidmət edən və ölən məsh olunmuş davamçıları əbədi yaşayan adi ruhani varlıqlar kimi dirilmirlər. Onlara ölməzlik — sonsuzluq və məhvedilməzlik verilir. Üstəlik, onlar çürüməyən, özü-özünü təmin edən bədən alaraq qeyri-faniliyi alırlar. Vəhy 4:4 ayəsində dirilən məsh edilmişlər taxtlar üzərində oturan və başlarında qızıl tac olanlar kimi təsvir olunurlar. Məsh olunmuş məsihçiləri padşahlıq izzəti gözləyir. Ancaq Allahın onlara etibar etməsinə başqa sübutlar da var.
7 Vəhy 19:7, 8 ayələrində deyilir: «Quzunun toy saatı gəldi. Onun gəlini özünü hazırladı; və geymək üçün ona təmiz, parlaq, zərif kətan verildi. Zərif kətan isə müqəddəslərin saleh işləridir». Yehova məsh olunmuş məsihçiləri Oğlu üçün gəlin olaraq seçib. Qeyri-fanilik, ölməzlik, padşahlıq hakimiyyəti, Quzuya ərə getmək imkanı — bunlar necə də möhtəşəm ənamlardır! Bütün bunlar ‘Quzu hara gedərsə, ardınca gedən’ məsh olunmuş məsihçilərə Allahın etibar etdiyini göstərən dəlillərdir.
İsa qula etibar edir
8. İsa məsh olunmuş davamçılarına etibar etdiyini necə göstərir?
8 İsanın öz məsh olunmuş davamçılarına tamamilə etibar etdiyinə hansı sübutlar var? Yer üzündəki həyatının son axşamı İsa 11 sadiq həvarisinə vəd verərək dedi: «Keçirdiyim sınaqlarda Mənimlə bərabər olanlar sizsiniz, və Atam Mənə bir səltənət tapşırdığı kimi Mən də sizə bir səltənət tapşırıram ki, Mənim Səltənətimdə süfrəmdə yeyib-içəsiniz və İsrailin on iki qəbiləsinə hökm etmək üçün taxtlarda oturasınız» (Luka 22:28-30). İsanın o vaxt 11 həvarisi ilə kəsdiyi əhd 144 000 məsh olunmuş məsihçinin hamısına aiddir (Luka 12:32; Vəhy 5:9, 10; 14:1). İsa onlara etibar etməsəydi, özü ilə birlikdə Padşahlıqda hökmranlıq etmək üçün əhd bağlayardımı?
9. Məsihin ‘bütün malikanəsinə’ nələr daxildir?
9 Üstəlik, İsa Məsih «bütün malikanəsinin idarəsini» — yer üzündə Padşahlığa məxsus olan hər şeyi sadiq və ağıllı qula tapşırıb (Mat. 24:47). Bu malikanəyə Yehovanın Şahidlərinin ümumdünya mərkəzi idarəsi, müxtəlif ölkələrdə yerləşən filiallar, Konqres və Padşahlıq Zalları, həmçinin Padşahlıq haqqında xoş xəbərin təbliği və şagird hazırlamaq işi daxildir. Məgər kimsə etibar etmədiyi adama qiymətli şeylərinin qeydinə qalmağı və ondan istifadə etməyi həvalə edərdimi?
10. İsa Məsihin öz məsh olunmuş davamçıları ilə olduğunu nə göstərir?
10 Göyə qalxmazdan bir qədər əvvəl İsa sadiq şagirdləri qarşısında peyda olub onlara belə bir vəd verdi: «Budur, Mən, dövrün sonuna qədər hər gün sizinləyəm» (Mat. 28:20). İsa öz vədini yerinə yetirdimi? Son 15 il ərzində Yehovanın Şahidlərinin yığıncaqlarının sayı bütün dünyada 70 000-dən 100 000-ə qədər artıb, bu isə 40 faizdən çox artımı təşkil edir. Bəs yeni şagirdlər haqda nə demək olar? Son 15 il ərzində təxminən 4,5 milyon şagird vəftiz olunub, belə ki, günə orta hesabla 800-dən çox adam düşür. Bu valehedici artım Məsihin məsh olunmuş davamçılarına yığıncaq görüşlərində rəhbərlik etdiyinə və şagird hazırlamaq işində onları dəstəklədiyinə aydın sübutdur.
Qul həm sadiq, həm də ağıllıdır
11, 12. Qul həm sadiq, həm də ağıllı olduğunu necə göstərir?
11 Yehova Allah və İsa Məsih sadiq və ağıllı qula tamamilə etibar edirlərsə, biz də belə etməli deyilikmi? Axı qul ona tapşırılan işi yerinə yetirərkən sədaqətli olduğunu göstərmişdir. Məsələn, «Gözətçi Qülləsi» 130 ildir ki, dərc edilir. Yehovanın Şahidlərinin yığıncaq görüşləri və konqresləri ruhaniliyimizi inkişaf etdirməyə davam edir.
12 Sadiq qul həm də ağıllıdır: o nə Yehovadan qabağa qaçaraq məğrurluq göstərir, nə də ki Allah aydın göstərişlər verən zaman geridə qalır. Məsələn, yalan din rəhbərləri bu dünyanın xudbin, allahsız hərəkətləri ilə dinməz-söyləməz razılaşdıqları, yaxud onlara açıq-aydın bəraət qazandırdıqları halda, qul Şeytan sisteminin tələlərinə qarşı vaxtlı-vaxtında müdrik xəbərdarlıqlar verir. Bu, Yehova Allahın və İsa Məsihin onu xeyir-dualandırması sayəsində mümkündür. Buna görə də sadiq və ağıllı qul bizim etibarımıza layiqdir. Ona etibar etdiyimizi bəs biz necə göstərə bilərik?
Quzunun ardınca gedən məsh olunmuşlarla gedin
13. Zəkəriyyənin peyğəmbərliyinə əsasən, sadiq və ağıllı qula etibar etdiyimizi necə göstərə bilərik?
13 Müqəddəs Yazıların «Zəkəriyyə» kitabında ‘bir Yəhudiyə’ yaxınlaşan və: «Qoy sizinlə gedək» deyən «on adam» haqqında danışılır. (Zəkəriyyə 8:23 ayəsini oxu.) On adamın ‘Yəhudiyə’ «siz» deyə müraciət etməsi onun bir qrup insanı təmsil etdiyini göstərir. Bizim günlərdə yəhudi məsh olunmuş məsihçilərin qalığını — ‘Allahın İsrailinin’ bir hissəsini təmsil edir (Qalat. 6:16). «Müxtəlif dillərdə danışan millətlərdən olan on adam» isə başqa qoyunlardan ibarət olan böyük izdihamı təmsil edir. Məsh olunmuş məsihçilər, Məsih hara gedərsə, onun ardınca getdikləri kimi, böyük izdiham da sadiq və ağıllı qulla gedir, yəni onu müşayiət edir. Böyük izdihamın üzvləri heç vaxt özlərini «səmavi dəvətə ortaq olanlar»ın əməkdaşları adlandırmaqdan utanmamalıdırlar (İbr. 3:1). İsa məsh olunmuşları «qardaş» adlandırmağa utanmır (İbr. 2:11).
14. Məsihin qardaşlarını necə dəstəkləyə bilərik?
14 İsa Məsih qardaşlarına sədaqətlə göstərilən köməyi özünə göstərilən kömək kimi qiymətləndirir. (Matta 25:40 ayəsini oxu.) Belə isə, yerüzü ümidi olanlar Məsihin ruhla məsh olunmuş qardaşlarını necə dəstəkləyə bilərlər? Əsas etibarilə Padşahlıq haqqında xoş xəbərin təbliğində kömək etməklə (Mat. 24:14; Yəh. 14:12). Onilliklər ərzində məsh olunmuşların sayı yer üzündə azaldığı halda, başqa qoyunların sayı artıb. Yerüzü ümidinə malik olanlar imkan daxilində tammüddətli xidmətçilər kimi xidmət edərək şahidlik verəndə ruhla məsh olunmuşlara şagird hazırlamaq tapşırıqlarını yerinə yetirməkdə dəstək olurlar (Mat. 28:19, 20). Qeyd etmək lazımdır ki, bu işi müxtəlif üsullarla ianələr etməklə də dəstəkləyə bilərik.
15. Hər bir məsihçi qulun vaxtlı-vaxtında verdiyi qidaya və təşkilati qərarlara necə münasibət göstərməlidir?
15 Bəs sadiq qulun Müqəddəs Kitab nəşrləri və yığıncaq görüşləri vasitəsilə vaxtlı-vaxtında təqdim etdiyi ruhani qida haqda ayrı-ayrılıqda hər birimiz nə düşünürük? Biz onu minnətdarlıqla qəbul edərək öyrəndiklərimizi canla-başla tətbiq edirikmi? Sadiq və ağıllı qulun təşkilati qərarlarına necə münasibət göstəririk? Verilən göstərişlərə hazırlıqla tabe olmağımız göstərir ki, biz Yehovanın Öz rəhbərliyini məhz bu cür təqdim etdiyinə inanırıq (Yaq. 3:17).
16. Nəyə görə bütün məsihçilər Məsihin qardaşlarına qulaq asmalıdırlar?
16 İsa demişdir: «Qoyunlarım səsimə qulaq asırlar, mən də onları tanıyıram, və ardımca gəlirlər» (Yəh. 10:27). Məsh olunmuş məsihçilər məhz belə davranırlar. Bəs onlarla gedənlər haqda nə demək olar? Onlar İsaya qulaq asmalıdırlar. Onun qardaşlarına da qulaq asmaq vacibdir. Çünki Allahın xalqının ruhani firavanlığının əsas məsuliyyəti onların üzərinə qoyulub. Məsihin qardaşlarının səsinə qulaq asmaq özünə nəyi daxil edir?
17. Qul sinfinə qulaq asmaq özünə nəyi daxil edir?
17 Bu gün sadiq və ağıllı qulu bütün dünyada Padşahlığın təbliğ işini təşkil edən və ona rəhbərlik edən Rəhbərlik Şurası təmsil edir. Rəhbərlik Şurasının üzvləri ruhla məsh olunmuş təcrübəli ağsaqqallardır. Onları aramızda rəhbərliyi öz üzərlərinə götürənlər kimi təsvir etmək olar (İbr. 13:7). Bütün dünyada 100 000-dən çox yığıncağı təşkil edən Padşahlığın 7 000 000-dan çox təbliğçisinin qeydinə qalan bu məsh olunmuş nəzarətçilərin ‘Rəbbin işində’ görməli işləri çoxdur (1 Kor. 15:58). Qul sinfinə qulaq asmaq onu təmsil edən Rəhbərlik Şurası ilə tam əməkdaşlıq etmək deməkdir.
Qul sinfinə qulaq asanlar xeyir-dua alırlar
18, 19. a) Sadiq və ağıllı qul sinfinə qulaq asanlar hansı xeyir-duaları alırlar? b) Biz nəyə qəti qərarlı olmalıyıq?
18 Sadiq və ağıllı qul təyin olunduğu andan etibarən ‘çoxlarını salehliyə döndərib’ (Dan. 12:3). Bura, yaşadığımız bu pis sistem məhv olunan zaman sağ qalmağa ümid edənlər daxildir. Allah qarşısında saleh ada malik olmaq necə də böyük xeyir-duadır!
19 Gələcəkdə ‘müqəddəs şəhər, [144 mindən ibarət olan] yeni Yerusəlim öz əri üçün hazırlanmış bəzəkli bir gəlin kimi göydən, Allahın yanından enəndə’ qul sinfinə qulaq asanları nə gözləyir? Müqəddəs Kitabda deyilir: «Allahın Özü onlarla olacaqdır. Allah onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır, çünki əvvəlki şeylər keçib getdi» (Vəhy 21:2-4). Beləliklə, gəlin həmişə Məsihin ruhla məsh olunmuş etibarlı qardaşlarına qulaq asaq.
Nə öyrəndiniz?
• Yehovanın sadiq və ağıllı qula etibar etdiyinə hansı sübutlar var?
• Məsihin qul sinfinə tamamilə etibar etdiyi nədən görünür?
• Nəyə görə sadiq nökərbaşı etibarımıza layiqdir?
• Qul sinfinə etibar etdiyimizi necə göstərə bilərik?
[25-ci səhifədəki şəkil]
Bilirsənmi, Yehova Öz Oğlu üçün gəlin xüsusunda kimi seçib?
[26-cı səhifədəki şəkillər]
İsa Məsih öz «malikanəsinin» idarəsini sadiq və ağıllı qula tapşırıb
[27-ci səhifədəki şəkil]
Şahidlik işində iştirak edəndə məsh olunmuş məsihçiləri dəstəkləmiş oluruq