FƏSİL 20
Yehovanı şərəfləndirən yardım işi
1, 2. a) Yəhudiyyədəki məsihilər hansı çətinliklə üzləşmişdilər? b) Yəhudiyyədə yaşayan məsihilərə həmimanlıları tərəfindən necə məhəbbət göstərilmişdi?
ERAMIZIN təxminən 46-cı ilidir. Yəhudiyyədə aclıq hökm sürür. Ərzaq od qiymətinə olduğundan yəhudi məsihilərin az da olsa taxıl almağa imkanları yoxdur. Onlar acından ölürlər. Lakin qısa bir zamanda Yehova onlara elə bir yolla kömək əli uzadır ki, əvvəllər Məsihin heç bir şagirdi bu cür kömək görməmişdi. Bəs nə baş vermişdi?
2 Şəfqət hissindən irəli gələrək Antakya və Suriyadakı yəhudi və qeyri-yəhudi məsihilər Yerusəlimdə və Yəhudiyyədə əziyyət çəkən yəhudi məsihilər üçün yardım toplayır. Sonra isə öz aralarından iki nəfər məsul qardaşı — Şaul və Barnəbanı seçirlər ki, bu yardımı Yerusəlimdəki yığıncağın ağsaqqallarına çatdırsınlar. (Həvarilərin işləri 11:27—30; 12:25 ayələrini oxuyun.) Təsəvvür edirsiniz, Antakyadakı bacı-qardaşların bu cür məhəbbət göstərməsi Yəhudiyyədə ehtiyac içində olan məsihilərə necə təsir etmişdi?!
3. a) Müasir dövrdə Allahın xalqı Antakyadakı erkən məsihilərin nümunəsini necə izləyirlər? Nümunə çəkin. (Həmçinin «Bizim günlərdə böyük miqyasda görülən ilk yardım işi» adlı çərçivəyə baxın.) b) Biz bu fəsildə hansı sualları araşdıracağıq?
3 Eramızın birinci əsrində baş vermiş bu hadisə məsihilərin bir ərazidən digər əraziyə həmimanlılarına yardım göndərmələri barədə qeydə alınmış ilk hadisədir. Bu gün biz Antakyadakı bacı-qardaşların nümunəsini izləyirik. Başqa ərazidə qardaşlarımızın təbii fəlakətlərdən və ya çətinliklərdən əziyyət çəkdiyini biləndə biz onların köməyinə çatırıqa. Təbii fəlakətlərdən əziyyət çəkənlərə yardım göstərməyin xidmətimizin digər sahələri ilə necə əlaqəli olduğunu başa düşmək üçün gəlin bu işlə bağlı üç sualı nəzərdən keçirək. Nəyə görə yardım göstərmək işinə xidmətimiz kimi baxırıq? Yardım göstərməkdə məqsəd nədir? Və bu bizə hansı xeyir-duaları gətirir?
Nəyə görə yardım işi müqəddəs xidmətdir?
4. Məsihi xidməti ilə bağlı Bulus korinflilərə nə yazmışdı?
4 Həvari Bulus korinflilərə yazdığı ikinci məktubunda məsihilərin xidmətinin iki sahəsini vurğulamışdı. Bulus bu məktubu məsh olunmuş məsihilərə ünvanlasa da, bu gün həmin sözlər Məsihin yer üzündə yaşamaq ümidinə malik olan davamçılarına da aiddir (Yəhya 10:16). Xidmətimizin bir sahəsi «barışıq [xidməti]», yəni təbliğ etmək və təlim vermək işidir (2 Kor. 5:18—20; 1 Tim. 2:3—6). Digər sahəsi isə həmimanlılarımızın xeyrinə xidmət etməyimizdir. Bulus bunu «müqəddəslərə yardım [işi]» adlandırır (2 Kor. 8:4). «Barışıq [xidməti]» və «yardım [işi]» ifadələrində istifadə olunan həm «xidmət», həm də «iş» sözü yunanca diakonia sözünün tərcüməsidir. Bu nəyə görə belə əhəmiyyətlidir?
5. Bulusun yardım etmək işini xidmət adlandırması nəyi göstərir?
5 Bulus hər iki iş üçün eyni yunan sözündən istifadə etməklə yardım işinin məsihi yığıncağında həyata keçirilən xidmət növü olduğunu göstərir. O, bundan bir az əvvəl demişdi: «Xidmət növləri də müxtəlifdir, amma Ağa birdir. Fəaliyyətlər də müxtəlifdir... Bütün bu işləri həyata keçirən eyni müqəddəs ruhdur» (1 Kor. 12:4—6, 11). Əslində, Bulus yığıncaqda görülən müxtəlif xidmət növlərini «müqəddəs [xidmətlə]» əlaqələndirirb (Rom. 12:1, 6—8, haş.). Buna görə də onun nəyə görə vaxtının bir hissəsini «müqəddəslərə xidmət [etməyə]» ayırması təəccüblü deyil (Rom. 15:25, 26).
6. a) Bulusun izahatına əsasən, nəyə görə yardım etmək ibadətimizin bir hissəsidir? b) Yardım işini dünya miqyasında necə həyata keçirdiyimizi təsvir edin. (214 və 215-ci səhifələrdəki «Təbii fəlakətlər baş verəndə» adlı çərçivəyə baxın.)
6 Bulus Korinfdəki məsihilərə nəyə görə yardım işinin xidmətlərinin və Yehovaya ibadətlərinin bir hissəsi olduğunu görməyə kömək etdi. Gəlin onun necə mülahizə yürütdüyünə diqqət yetirək. Yardım işində iştirak edən məsihilər «Məsih haqqındakı xoş xəbərə tabe [olurlar]» (2 Kor. 9:13). Onlar Məsihin təlimlərinə əməl etmək istəyindən irəli gələrək həmimanlılarına kömək edirlər. Onların bacı-qardaşlar üçün gördükləri işlər isə, Bulusun sözlərinə əsasən, «Allahın... hədsiz [lütfünün]» təzahürüdür (2 Kor. 9:14; 1 But. 4:10). Buna görə də yardım işi də daxil olmaqla, ehtiyac içində olan bacı-qardaşlarımıza xidmətlə bağlı «Gözətçi qülləsi» jurnalının 1975-ci il 1 dekabr sayında birbaşa deyilirdi: «Gəlin Yehova Allahın və İsa Məsihin xidmətin bu növünə xüsusi dəyər verdiklərinə heç vaxt şübhə etməyək». Bəli, yardım etmək işi müqəddəs xidmətin vacib bir hissəsidir (Rom. 12:1, 7; 2 Kor. 8:7; İbr. 13:16).
Yardım etməyimizin konkret məqsədi var
7, 8. Yardım işimizin birinci məqsədi nədir? İzah edin.
7 Yardım işimizin məqsədi nədir? Bulus bu sualı korinflilərə yazdığı ikinci məktubunda cavablandırır. (2 Korinflilərə 9:11—15 ayələrini oxuyun.) O, bu ayələrdə yardım işi ilə nail olduğumuz üç əsas məqsədi vurğulayır. Gəlin bunlara bir-bir nəzər salaq.
8 Birincisi, etdiyimiz yardım Yehova Allaha izzət gətirir. Diqqət yetirək ki, yuxarıda gətirilən beş ayədə Bulus öz qardaşlarının diqqətini tez-tez Yehova Allaha yönəldir. Həvari onlara «Allaha şükran» etmək barədə xatırladır (11 və 12-ci ayə). O vurğulayır ki, yardım göstərilən məsihilər «Allahı mədh [etməyə]» və göstərdiyi «hədsiz lütf»ə görə Ona həmd etməyə təşviq olunurlar (13 və 14-cü ayə). Bulus sonda yardım işi ilə bağlı xidmət barədə söhbətinə: «Allaha şükürlər olsun!» — sözləri ilə yekun vurur (15-ci ayə; 1 But. 4:11).
9. Yardım işi insanların bizə olan münasibətini necə dəyişə bilər? Nümunə çəkin.
9 Bulus kimi, Allahın müasir xidmətçiləri də yardım işinə Yehovaya izzət gətirmək və Onun təlimlərini bəzəmək imkanı kimi baxırlar (1 Kor. 10:31; Tit. 2:10). Həqiqətən də, yardım etmək işi Yehova və Onun Şahidləri haqqındakı mənfi fikirləri dəyişməkdə vacib rol oynayır. Bir nümunəyə nəzər salaq: qasırğa baş vermiş ərazidə yaşayan bir qadın qapısına: «Xahiş olunur Yehovanın Şahidləri narahat etməsinlər», — sözləri yazılmış lövhə asmışdı. Bir gün o, könüllülərin qarşıdakı küçədə dağılmış bir evi bərpa etdiklərini gördü. Bir neçə gün bu mehriban işçiləri müşahidə etdikdən sonra gedib onların kim olduqlarını soruşdu. Bu könüllülərin Yehovanın Şahidləri olduqlarını biləndə qadın çox təəccübləndi. O dedi: «Mən necə də yanılmışam». Bundan sonra o, qapının üstündəki lövhəni götürdü.
10, 11. a) Yardım etmək işinin ikinci məqsədinə nail olduğumuzu hansı nümunələr göstərir? b) Hansı nəşr yardım işi ilə məşğul olanlara kömək edir? («Könüllülərə kömək» adlı çərçivəyə baxın.)
10 İkincisi, yardım işi həmimanlılarımızın «ehtiyaclarını tam [ödəyir]» (2 Kor. 9:12a). Fəlakət baş verən zaman biz bacı-qardaşlarımızın ən zəruri ehtiyaclarını ödəməyə və onların dərdlərini yüngülləşdirməyə tələsirik. Çünki məsihi yığıncağının üzvləri bir bədəndirlər və «bədənin bir üzvü əziyyət çəkirsə, onunla birlikdə bütün üzvlər də əziyyət çəkir» (1 Kor. 12:20, 26). Bu gün məhəbbət və şəfqət hissindən irəli gələrək bir çox bacı-qardaşlar əllərindəki işi yarımçıq qoyaraq öz alətlərini götürüb təbii fəlakət zonasındakı həmimanlılarının köməyinə gedirlər (Yaq. 2:15, 16). Məsələn, 2011-ci ildə Yaponiyada baş vermiş sunamidən sonra Birləşmiş Ştatlardakı filial ABŞ-dakı Regional tikinti komitələrinə məktub göndərib dağılmış ibadət evlərini bərpa etmək üçün Yaponiyaya «bir neçə təcrübəli qardaş» göndərib-göndərə bilməyəcəklərini soruşdu. Qardaşlar bu xahişə necə hay verdilər? «Heç belə nəticə gözləmirdik», — deyə Birləşmiş Ştatların filialı xəbər verir. Bir neçə həftənin içində kömək etmək istəyənlərin sayı 600-ə çatdı və onlar öz hesablarına Yaponiyaya getməyə razı oldular. Xaricdən gələn könüllüdən ora gəlməyə onu nəyin təşviq etdiyini soruşanda o belə demişdi: «Yaponiyadakı qardaşlarla biz bir bədənin üzvləriyik. Onların dərdi bizim dərdimizdir». Fədakar məhəbbət könüllü işçiləri, bəzən təhlükəli olsa belə, həmimanlılarına kömək etməyə təşviq edirc (1 Yəh. 3:16).
11 Göstərilən yardımı Yehovanın Şahidi olmayan insanlar da qiymətləndirir. Məsələn, 2013-cü ildə Arkanzasda (ABŞ) baş verən təbii fəlakətdən sonra bir qəzetdə Yehovanın Şahidi olan könüllülərin dərhal hərəkətə keçməsi barədə belə sözlər yazılmışdı: «Yehovanın Şahidləri könüllülərin işini elə yaxşı təşkil edirlər ki, onlar təbii fəlakətlər zamanı dərhal hərəkətə keçərək məharətlə və effektiv şəkildə işlərinin öhdəsindən gəlirlər». Həqiqətən də, həvari Bulusun dediyi kimi, bizim göstərdiyimiz köməklik bacı-qardaşlarımızın ehtiyaclarını tam ödəyir.
12—14. a) Nəyə görə yardım işimizin üçüncü məqsədi olduqca vacibdir? b) Hansı sözlər daim ruhani işlərlə məşğul olmağın vacibliyini vurğulayır?
12 Üçüncüsü, biz təbii fəlakətdən əziyyət çəkənlərə ruhani işlərini sahmana salmağa kömək edirik. Bu nəyə görə vacibdir? Bulus qeyd etmişdi ki, yardım alanlar Allaha bol-bol şükürlər etməyə təşviq olunurlar (2 Kor. 9:12b). Təbii fəlakətdən əziyyət çəkənlərin Yehovaya minnətdarlıqlarını bildirmələrinin ən yaxşı yolu mümkün qədər tez bir zamanda ruhani işlərini sahmana salmaqdır (Filip. 1:10). 1945-ci ildə «Gözətçi qülləsi»ndə deyilirdi: «Bulus ianə yığmaq işini dəstəkləyirdi,.. çünki bunun sayəsində ehtiyacı olan... məsihi bacı-qardaşlar müəyyən maddi yardım ala və Yehova haqqında daha sərbəst və şövqlə şahidlik edə bilərdilər». Bu gün bizim məqsədimiz də dəyişməz olaraq qalır. Yenidən təbliğ fəaliyyətinə başlamaqla qardaşlarımız təkcə təbii fəlakətdən əziyyət çəkən yaxınlarını yox, həm də özlərini möhkəmləndirmiş olurlar. (2 Korinflilərə 1:3, 4 ayələrini oxuyun.)
13 Gəlin aldıqları kömək sayəsində xidmətlərini bərpa etmiş və yenidən ruhən möhkəmlənmiş bəzi bacı-qardaşların şərhlərini oxuyaq. Bir qardaş bölüşür: «Xidmətdə olmaq ailəmiz üçün əsil xeyir-dua idi. Başqalarına təsəlli verməyə çalışanda, az da olsa, dərd-sərimizi unudurduq». Bir bacı deyir: «Ruhani işlərlə məşğul olanda diqqətim ətrafımda baş verən qarma-qarışıqlıqdan yayınırdı. Özümü təhlükəsizlikdə hiss edirdim». Başqa bir bacı isə belə deyir: «Bir çox şeylər bizdən asılı olmasa da, xidmətdə olmaq ailəmizə düzgün istiqamət verirdi. Yeni dünya ilə bağlı ümidimizi başqaları ilə bölüşəndə hər şeyin yeniləşəcəyinə əminliyimiz artırdı».
14 Təbii fəlakətlərdən əziyyət çəkən həmimanlılarımızın mümkün qədər tez bərpa etməli olduqları digər ruhani fəaliyyət yığıncaqda iştirak etməkdir. Gəlin görək 60-a yaxın yaşı olan Kiyoko adlı bacının başına nələr gəlib. Sunamidə əynindəki paltarından və ayaqqabısından başqa hər şeyini itirən bu bacı həyatına necə davam edəcəyini bilmirdi. Bir ağsaqqal ona növbəti yığıncaq görüşünü maşında keçirəcəklərini dedi. Kiyoko bacı bölüşür: «Ağsaqqal, həyat yoldaşı, mən və başqa bir bacı maşında oturub yığıncaq görüşü keçirdik. Görüş sadə şəkildə keçdi, buna baxmayaraq, bir möcüzə kimi, sunaminin xatirələrini məndən uzaqlaşdırdı. Ürəyimə rahatlıq gəldi. Bu görüş mənə məsihi ünsiyyətinin nə dərəcədə böyük qüvvəyə malik olduğunu göstərdi». Başqa bir bacı təbii fəlakətdən sonra getdiyi yığıncaq görüşü barədə deyir: «Bu görüşlər mənim üçün əsil xilas yeri oldu!» (Rom. 1:11, 12; 12:12).
Yardım işi əbədi xeyir-dualar gətirir
15, 16. a) Yardım işində iştirak etmək Korinfdə və başqa ərazilərdə yaşayan məsihilərə hansı faydanı gətirirdi? b) Yardım işində iştirak etmək bizə hansı xeyir-duaları gətirir?
15 Həvari Bulus yardım işi barədə danışarkən həmçinin korinflilərə bu işdə iştirak etməyin onlara və digər məsihilərə çoxlu xeyir-dualar gətirəcəyini izah edərək demişdi: «Onlar [kömək alan Yerusəlimdəki yəhudi məsihilər] Allahın sizə göstərdiyi hədsiz lütfə görə sizdən ötrü gecə-gündüz dua edir, sizi sevdiklərini bildirirlər» (2 Kor. 9:14). Bəli, korinflilərin səxavətliliyi Məsihin yəhudilərdən olan davamçılarını Korinfdən olan yəhudi və qeyri-yəhudi qardaşları üçün dua etməyə təşviq etdi və onlara olan məhəbbətlərini daha da alovlandırdı.
16 «Gözətçi qülləsi» jurnalının 1945-ci il 1 dekabr sayında Bulusun yardım işinin gətirdiyi fayda ilə bağlı dediyi sözləri bizim günlərə tətbiq olunaraq deyilirdi: «Məsihilərin dünyanın bir hissəsindən digər hissəsinə — ehtiyacı olan həmimanlılarına yardım göndərməsinin Allahın həsr olunmuş xalqını necə birləşdirdiyini bir təsəvvür edin!» Bu gün yardım işində iştirak edənlər bunu öz təcrübələrindən görürlər. Daşqın olan ərazidə köməklik göstərən bir ağsaqqal deyir: «Yardım işində iştirak etmək qardaşlarla münasibətlərimi daha da möhkəmləndirdi». Həmimanlılarından yardım almış bir bacı isə öz minnətdarlığını bu sözlərlə ifadə edir: «Bizim qardaşlığımız yerüzü Cənnətin bir hissəsidir». (Məsəllər 17:17 ayəsini oxuyun.)
17. a) Əşiya 41:13 ayəsindəki sözləri yardım işinə necə tətbiq etmək olar? b) Yardım işinin Yehovaya necə izzət gətirdiyini və birliyimizi möhkəmləndirdiyini göstərən bəzi nümunələr çəkin. (Həmçinin «Bütün dünyada yardım işində iştirak edən könüllülər» adlı çərçivəyə baxın.)
17 Könüllülər təbii fəlakətdən əziyyət çəkən bacı-qardaşlarımızın köməyinə gələndə onlar Allahın Əşiya peyğəmbər vasitəsilə verdiyi vədin həqiqət olduğunu xüsusilə hiss edirlər: «Mən, Allahın Yehova sənin sağ əlindən tutmuşam, sənə deyirəm: “Qorxma! Sənə kömək edəcəyəm”» (Əşy. 41:13). Təbii fəlakətdən sonra bir bacı belə deyir: «Ətrafda baş verən dağıntılara baxanda özümü lap çarəsiz hiss edirdim, ancaq Yehova məni darda qoymadı. Qardaşların mənə göstərdikləri köməyin nə qədər dəyərli olduğunu sözlə ifadə edə bilmirəm». Təbii fəlakət zamanı viran qalmış ərazidə xidmət edən iki ağsaqqal yığıncaqlarının adından yazmışdı: «Zəlzələ çoxlu əzab-əziyyətə səbəb oldu, ancaq Yehova qardaşlarımız vasitəsilə dadımıza çatdı. Əvvəllər biz yardım işi barədə sadəcə oxuyurduq, indi isə bu köməyi hiss edirik».
Siz də köməyinizi əsirgəməyin!
18. Əgər yardım işində iştirak etmək istəyirsinizsə, nə edə bilərsiniz? (Həmçinin «Bu, onun həyatına istiqamət verdi» adlı çərçivəyə baxın.)
18 Siz də yardım işinin gətirdiyi sevinci dadmaq istəyərdinizmi? Əgər belədirsə, unutmayın ki, bu işdə iştirak edənlər çox vaxt ibadət evlərinin tikintisində iştirak edənlərin arasından seçilir. Buna görə də yığıncağınızın ağsaqqallarına ərizə doldurmaq istədiyinizi bildirin. Bundan əlavə, yardım işində təcrübəsi olan bir ağsaqqalın sözlərinə qulaq asmağa dəyər. O deyir: «Ancaq Təbii fəlakətdən zərər çəkənlərə yardım komitəsindən rəsmi dəvət aldıqdan sonra hadisə yerinə getmək olar». Beləcə, gördüyümüz yardım işi nizam-intizamla həyata keçiriləcək.
19. Könüllülərin xidməti necə sübut edir ki, biz Məsihin əsil davamçılarıyıq?
19 Həqiqətən də, yardım işində iştirak etmək Məsihin «bir-birinizi sevin» əmrinə tabe olmağın ən gözəl yoludur. Bu cür məhəbbət təzahür etdirməklə Məsihin əsil şagirdləri olduğumuzu sübut edirik (Yəh. 13:34, 35). Allahın Padşahlığının sadiq təbəələrinin köməyinə gəlməklə Yehovaya izzət gətirən bu qədər könüllülərin olması, sözün əsil mənasında, böyük xeyir-duadır!
a Bu fəsildə söhbət həmimanlılarımıza göstərdiyimiz yardım işindən gedir, ancaq çox vaxt bizim göstərdiyimiz bu yardımdan Yehovanın Şahidləri olmayan insanlar da faydalanır (Qal. 6:10).
b Bulus diakonos (xidmətçi) sözünü cəmdə işlətməklə «yığıncaq [xidmətçilərini]» təsvir etmişdi (1 Tim. 3:12).
c «Gözətçi qülləsi» jurnalının 1994-cü il 1 noyabr sayının 23—27 səhifələrində yerləşən «Bosniyada olan həmimanlılarımıza yardım» adlı məqaləyə (rus.) baxın.