Cənnətə olan ümidin möhkəmdirmi?
«Məsihə aid bir adamı tanıyıram... O, cənnətə aparılmış[dır]» (2 KORİNFLİLƏRƏ 12:2-4).
1. Müqəddəs Kitabın hansı və’dləri çoxlarını vəcdə gətirir?
CƏNNƏT. Allahın yer üzündə olacaq Cənnət haqqındakı və’dini ilk dəfə eşitdiyimiz zaman keçirdiyimiz hissləri xatırlayaq. Korların gözlərinin, karların qulaqlarının açılacağını, səhrada bulaqların fışqıracağını və onun çiçəklənəcəyini, qurdla quzunun, bəbirlə çəpişin birgə yaşayacağını öyrəndiyimiz haqda düşünək. Məgər ölən əzizlərimizin həyata qaytarılacaqları və həmin Cənnətdə yaşayacaqları haqda oxuduqlarımız bizi həyəcanlandırmamışdımı? (Yeşaya 11:6; 35:5, 6; Yəhya 5:28, 29).
2, 3. a) Nəyə görə demək olar ki, Müqəddəs Kitaba əsaslanan ümidimiz möhkəm təmələ malikdir? b) Cənnətə olan ümidimizi daha nə möhkəmləndirir?
2 Müqəddəs Kitabda təsvir olunan gələcək Cənnətə ümidimiz möhkəm təmələ malikdir. Məsələn, biz İsanın e’dam olunan cinayətkara: «Sən Mənimlə bərabər cənnətdə olacaqsan» sözlərinə e’tibar edirik (Luka 23:43). Eləcə də, «biz Onun və’dinə görə yeni göylər və yeni yer gözləyirik ki, onlarda salehlik ömür sürür». Həmçinin biz hamımız inanırıq ki, Allah bizim gözlərimizdən bütün yaşları siləcək, artıq ölüm mövcud olmayacaq, kədər, fəryad və ağrı isə artıq keçmişdə qalacaq. Bu o deməkdir ki, yer üzündə yenidən Cənnət olacaq! (2 Peter 3:13; Vəhy 21:4).
3 Bu gün biz məsihçiləri əhatə edən bir şey vardır ki, o bizim Cənnətə olan ümidimizi möhkəmləndirir. Bu nədir? Bu, Allahın yaratdığı və Öz xalqını gətirib çıxartdığı ruhani cənnətdir. «Ruhani cənnət» ifadəsi mücərrəd və çətin başa düşülən bir şey kimi görünə bilər, lakin bu cür cənnət haqqında əvvəlcədən xəbər verilmişdir və o həqiqətən də mövcuddur.
Cənnətlə bağlı rö’ya
4. 2 Korinflilərə 12:2-4 ayələrində hansı rö’ya təsvir olunur və ehtimala görə, onu kim görmüşdür?
4 Gəlin həvari Pavelin yazdığı sözlərə diqqət yetirək: «Məsihə aid bir adamı tanıyıram. O... üçüncü göyə aparılmışdı. Və bu adam barədə bunu bilirəm ki, — bilmirəm bədəndəmi, bədəndən xaricmi, Allah bilir — O, cənnətə aparılmış və insanın bəhs etməsi qadağan olan sözlə söylənməz şeylər eşitmişdir» (2 Korinflilərə 12:2-4). Bu parça, Pavelin özünün həvari adlanmaq hüququnu müdafiə etdiyi ayələrdən dərhal sonra gəlir. Bundan əlavə, Müqəddəs Kitabda buna bənzər hadisə ilə qarşılaşan başqa heç kim haqqında bəhs edilmir və Cənnətlə bağlı rö’ya haqqında xəbər verən də Pavelin özüdür. Buna görə bu rö’yanın məhz Pavelə verildiyi güman edilir. Bəs o, fövqəltəbii şəkildə hansı «cənnətdə» olmuşdur? (2 Korinflilərə 11:5, 23-31).
5. Pavelin gördükləri nəyə aid deyildi və nəticə e’tibarilə, o, hansı «cənnəti» görmüşdü?
5 Kontekst əsas vermir ki, «üçüncü göy» ifadəsinin Yer kürəsini əhatə edən hava axınına, kosmosa və ya astrofiziklərin mövcud olduğunu fərz etdikləri hər hansı paralel aləmə aid olduğu nəticəsinə gələk. Müqəddəs Kitabda üç rəqəmi çox vaxt fikri vurğulamaq və gücləndirmək üçün istifadə olunur (Vaiz 4:12; Yeşaya 6:3; Matta 26:34, 75; Vəhy 4:8). Beləliklə, Pavelin gördükləri yüksək, fövqəl’adə, yə’ni ruhani bir şey idi.
6. Pavelin sözlərinə hansı tarixi hadisələr aydınlıq gətirir?
6 Pavelin sözlərinə Müqəddəs Kitabın ilk peyğəmbərlikləri aydınlıq gətirir. Allahın xalqı keçmişdə sədaqətsizlik göstərəndə, Allah cəza xüsusunda babillilərin Yəhudaya və Yerusəlimə qarşı qalxmasına yol verdi. Nəticədə Yəhudeya viran edildi, Müqəddəs Kitab xronologiyasına əsasən, bu, b. e. ə. 607-ci ildə baş verdi. Peyğəmbərlikdə deyilmişdi ki, ölkə 70 il ərzində xaraba qalacaq, bundan sonra Allah tövbə edən yəhudilərə vətənə qayıtmağa və həqiqi ibadəti bərpa etməyə icazə verəcəkdir. Bu peyğəmbərlik b. e. ə. 537-ci ildən yerinə yetməyə başladı (Qanunun təkrarı 28:15, 62-68; 2 Padşahlar 21:10-15; 24:12-16; 25:1-4; Yeremya 29:10-14). Bəs torpaqla nə baş verdi? 70 il ərzində oranı ot basmış, bə’zi yerləri qurumuş və çaqqallar məskəninə çevrilmişdi (Yeremya 4:26; 10:22). Bununla yanaşı, belə bir və’d verilmişdi: «Rəbb Siona və onun xarabalıqlarına təsəlli verəcək. Səhralarını Edenə, çöllərini Rəbbin bağına [yə’ni Cənnətə] döndərəcək» (Yeşaya 51:3).
7. Yetmiş illik xarabalıqdan sonra nə baş verməli idi?
7 Həmin və’d 70 illik dövrün sonuna yaxın yerinə yetməyə başladı. Allahın xeyir-duası ilə şərait yaxşılığa doğru dəyişdi. Qabaqcadan xəbər verilən dəyişikliklərin necə baş verdiyini təsəvvür etməyə çalış: «Səhra və quru torpaq sevinəcək, çöl şadlanacaq, nərgiz kimi çiçəklənəcək. Hər yan gül açacaq, şadlanacaq, sevincdən nəğmə oxuyacaq... [...] O vaxt korların gözləri, karların qulaqları açılacaq, axsaqlar ceyran kimi hoppanacaq, lalların dili sevinclə nəğmə deyəcək, çünki səhrada bulaqlar fışqıracaq, quru torpaqda çaylar axacaq. Qızğın qum hovuza, susuz torpaq su bulaqlarına çevriləcək. Çaqqalların yaşadığı yerlərdə qamış və qarğı bitəcək» (Yeşaya 35:1-7).
Azad olunmuş xalqda baş verən dəyişikliklər
8. «Yeşaya» kitabının 35-ci fəslinin əsas e’tibarilə insanlara aid olduğunu haradan bilirik?
8 Bu əsl dəyişiklikdir! Boş qalmış torpaq Cənnətə çevrilir. Ancaq e’tibarlı peyğəmbərliklər eyni zamanda göstərirdi ki, necə ki, səhra münbit torpağa çevriləcək, eləcə də bu dəyişikliklər insanların özləri ilə də baş verəcəkdi. Nəyə görə biz bunu əminliklə deyə bilərik? Xatırlayaq ki, Yeşayanın peyğəmbərliyi əsas e’tibarilə vətənə «sevinclə nəğmə deyərək» qayıdan və «fərəh və şadlıq» içində olan «Rəbbin satın alınmış adamları»na aid idi (Yeşaya 35:10). Bu, torpağa yox, insanlara aid idi. Yeşayanın peyğəmbərliyinin başqa yerində əsirlikdən azad olunan və Siona qayıdanlar haqqında deyilir: ‘Onlara salehlik ağacları, Rəbbin əkdiyi deyiləcək. Çünki torpaq öz qönçəsini necə çıxarırsa, Rəbb Yehova da bütün millətlərin qarşısında salehliklə həmdi elə bitirəcəkdir’. Yeşaya Allahın xalqı haqqında həmçinin demişdir: «Rəbb həmişə sizə yol göstərəcək... güc verəcək. Siz də sulanmış bağça kimi... olacaqsınız» (Yeşaya 58:11; 61:3, 11; Yeremya 31:10-12). Beləliklə, torpağın çiçəklənməsilə bərabər, azadlığa çıxmış yəhudilər də dəyişəcəklər.
9. Pavel hansı «cənnəti» görmüşdü və onun rö’yası hansı dövrə aid idi?
9 Keçmişin bu nümunəsi, Pavelin rö’yada gördüklərini başa düşməkdə bizə kömək edir. Onun rö’yası münbit tarla ilə müqayisə etdiyi və «Allahın zəmisi» adlandırdığı məsihçi yığıncağına aid idi (1 Korinflilərə 3:9). Bu rö’yanın icrası hansı dövrə aiddir? Pavel deyir ki, o, «vəhy», yə’ni gələcəkdə açılmalı olan bir şey görmüşdür. O bilirdi ki, onun ölümündən sonra dönüklük geniş inkişaf edəcəkdir (2 Korinflilərə 12:1; Həvarilərin işləri 20:29, 30; 2 Saloniklilərə 2:3, 7). Dönüklük yayılıb, Allahın həqiqətinin yanında üstünlük təşkil edən zaman, məsihçiləri çiçəklənən bağça ilə müqayisə etmək mümkün deyildi. Lakin həqiqi ibadəti yenidən yüksəliş gözləyirdi. Allahın xalqı ruhani əsirlikdən azad olmalı idi ki, «salehlər Atalarının Səltənətində [Padşahlığında] günəş kimi» parlasınlar (Matta 13:24-30, 36-43). Göydə Allahın Padşahlığı qurulduqdan cəmi bir neçə il sonra elə də oldu. Onilliklər keçdikcə, Allahın xalqının Pavelin rö’yasında gördüyü ruhani cənnətdə yaşadığı daha da aydın görünürdü.
10, 11. Nəyə görə demək olar ki, qeyri-kamiliyimizə baxmayaraq, biz ruhani cənnətdə yaşayırıq?
10 Əlbəttə, hamının qeyri-kamil olduğu bizə mə’lumdur. Buna görə də, Pavelin günlərindəki məsihçilərin arasında da olduğu kimi, vaxtaşırı problemlərin yaranması bizi təəccübləndirmir (1 Korinflilərə 1:10-13; Filipililərə 4:2, 3; 2 Saloniklilərə 3:6-14). Lakin gəlin hazırda yaşadığımız ruhani cənnət barədə düşünək. Bir zamanlar olduğumuz əzablı vəziyyətlə müqayisədə, indi özümüzü ruhani cəhətdən şəfa əldə etmiş kimi hiss edirik. Bir zamanlar acından əldən düşdüyümüz halda, indi ruhani cəhətdən yaxşı qidalanmaq imkanımız var. Allahın xalqı quraq torpaqda susuzluq çəkmir: Allah ona iltifat göstərir və Öz xeyir-dualarını onun üzərinə bol-bol yağdırır (Yeşaya 35:1, 7). Bu dünyada, sanki zindanda imiş kimi, ruhani zülmət hökm sürdüyündən, biz azadlıq və Allahın iltifat nurunu görürük. Müqəddəs Kitab peyğəmbərliklərinə qarşı kar olan insanların çoxu Müqəddəs Yazılarda deyilənləri eşitməyə və anlamağa başlamışlar (Yeşaya 35:5). Misal üçün, milyonlarla Yehovanın Şahidləri bütün dünyada «Daniel» kitabının peyğəmbərliyini ayəbəayə araşdırmışlar. Sonra onlar Müqəddəs Yazıların «Yeşaya» kitabının hər bir fəslini dərindən öyrənmişlər. Məgər belə bir gözəl ruhani qidanın olması ruhani cənnətin mövcudluğuna dəlalət etmirmi?
11 Müxtəlif mənşəli insanlar haqqında da düşünək: Allahın Kəlamını səmimi olaraq anlamağa və həyatlarında tətbiq etməyə çalışanda onlarda necə də böyük dəyişikliklər baş verir. Demək olar ki, onlardan hər biri əllərindən gələni edirlər ki, insanları vəhşi heyvanlara bənzədən keyfiyyətlərdən azad olsunlar. Ehtimal ki, ruhani bacı və qardaşların kimi, sən də özündə çoxlu dəyişikliklər etmisən (Koloslulara 3:8-14). Buna görə də Yehovanın Şahidlərinin yığıncağında səni sülhsevər insanlar əhatə edir, onlarla ünsiyyətdə olmaq çox xoşdur. Əlbəttə, onlar hələlik qeyri-kamildirlər, bununla belə heç də vəhşi şirə və ya başqa yırtıcı heyvanlara bənzəmirlər (Yeşaya 35:9). Bu gözəl ruhani qardaşlığın mövcud olması nəyi göstərir? Bunu ruhani mə’nada yalnız və yalnız cənnət adlandırmaq olar. Bu cənnət, Yehovaya sadiq qaldığımız təqdirdə görəcəyimiz əsl Cənnətin necə olacağı haqda təsəvvür yaradır.
12, 13. Ruhani cənnətimizdə qalmaq üçün nə etməliyik?
12 Lakin elə bir şey var ki, biz onu heç zaman unutmalı deyilik. Allah israillilərə dedi: «Bu gün sizə buyurduğum əmrlərin hamısına əməl edin ki, qüvvətli olasınız və... torpağa girib oranı zəbt edəsiniz» (Qanunun təkrarı 11:8). Həmin diyar haqda Levililər 20:22, 24 ayələrində də xatırlanır: «Siz Mənim qaydalarıma və hökmlərimə sə’ylə əməl edin ki, yaşamaq üçün aparacağım torpaq sizi rədd etməsin. Mən sizə dedim ki, onların torpağına siz sahib olacaqsınız; Mən o süd və bal axan torpağı sizə irs olaraq verəcəyəm». Beləliklə, Və’d edilmiş diyarı mülk olaraq almaq Yehova Allahla yaxşı münasibətlərdən asılı idi. İsraillilər Allaha qulaq asmadıqları üçün, O, babillilərə onları istila etməyə və yaşadıqları torpaqdan aparmağa imkan verdi.
13 Ruhani cənnətimizdə bizə sevinc bəxş edən çox şeylər var. Cənnətin rahatlıq gətirən xoş mənzərəsi göz oxşayır. Vəhşi heyvanlarla aralarında oxşarlığın mümkün qədər az olmasına çalışan, həmçinin xeyirxah və xoşrəftar olmağa sə’y göstərən həmimanlılarımızla aramızda sülh mövcuddur. Həmçinin Yehova ilə yaxşı münasibətlərə malik olmaq və Onun iradəsini yerinə yetirmək də vacibdir (Mikeya 6:8). Biz ruhani cənnətə, orada olmaq istədiyimiz üçün gəlmişik, lakin əgər Allahla münasibətlərimizi qorumasaq, axın bizi aparar, yaxud da ki, bizdən bu cənnəti tərk etməyi xahiş edə bilərlər.
14. Ruhani cənnətdə qalmağa bizə nə kömək edəcəkdir?
14 Allahın Kəlamından qüvvət almağa davam etməyimizin bizə çox köməyi dəyir. Məzmur 1:1-3 ayələrində məcazi dillə deyilənlərə diqqət yetirək: «Pislərin məsləhəti ilə getməyən... insan nə bəxtiyardır! O ancaq Rəbbin qanunundan zövq alar, gecə-gündüz bu tə’limatı dərin düşünər. Axar sular kənarına əkilən ağac kimi barını mövsümündə verər, yarpağı solmaz, etdiyi hər işdə uğur qazanar». Ruhani cənnətdə «sadiq və ağıllı qul»un Müqəddəs Kitaba əsaslanan nəşrləri də bizim üçün qida olaraq xidmət edir (Matta 24:45-47).
Cənnəti daha aydın görmək necə mümkündür?
15. Musa nəyə görə israilliləri Və’d edilmiş diyara daxil edə bilmədi, lakin o, nəyi gördü?
15 Cənnətin daha bir surətini nəzərdən keçirək. İsraillilər səhranı 40 il gəzib dolaşdıqdan sonra, Musa xalqı İordan çayının şərq sahilində yerləşən Moav düzənliyinə gətirdi. Keçmişdə Musa ciddi səhvə yol verdiyi üçün, Yehova qərara gəldi ki, İsraili İordan çayından Musa keçirməyəcək (Saylar 20:7-12; 27:12, 13). Musa Allaha yalvardı: «Rica edirəm, qoy İordan çayını keçib onun qərb tərəfində olan gözəl torpağı... görüm». Musa Və’d edilmiş diyara daxil ola bilməsə də, Pisqa dağına qalxıb həmin diyarın bir hissəsini görməklə, önündəki diyarın «gözəl torpaq» olduğuna əmin oldu. Səncə, həmin torpaq necə idi? (Qanunun təkrarı 3:25-27).
16, 17. a) Və’d edilmiş diyar qədim zamanlardan bəri nə dərəcədə dəyişmişdir? b) Nə üçün güman etmək olar ki, Və’d edilmiş diyar bir zamanlar Cənnət kimi olmuşdur?
16 Əgər Və’d edilmiş diyar haqqındakı təsəvvürümüzü onun bugünkü görünüşünə əsasən qursaq, o zaman ağlımızda sadəcə həddindən artıq isti qumsal və qayalıq səhra canlanacaqdır. Lakin biz tamamilə haqlı olaraq hesab edə bilərik ki, bu diyar Müqəddəs Kitabın yazıldığı dövrlərdə tamamilə başqa cür idi. Aqronom Uolter Laudermilk bir jurnalda izah edir ki, həmin diyar «minillik e’tinasız münasibət nəticəsində ciddi surətdə zərər çəkmişdir». O yazır: «Bir zamanlar çiçəklənən diyarın “səhraya” çevrilməsi təbiətin yox, insan əlinin işidir» («Scientific American»). Onun tədqiqatları göstərir ki, «bu diyar bir zamanlar pastoral cənnət olmuşdur». Beləliklə, «pastoral cənnət» insanların özləri tərəfindən tələf edilmişdira.
17 Əgər həmin diyarın Müqəddəs Kitabdakı təsviri üzərində düşünsək, onda bu nəticənin nə qədər məntiqi olduğunu görə bilərik. Yehovanın Musa vasitəsilə Öz xalqına necə zəmanət verdiyini xatırla: «Mülk olaraq almağa gedəcəyiniz torpaq dağlı-dərəli bir diyardır. Bu torpaq göydən yağış suyu içər. Ora Allahınız Rəbbin lütf göstərdiyi... bir torpaqdır» (Qanunun təkrarı 11:8-12).
18. Yeşaya 35:2 ayəsindəki peyğəmbərlik, əsir götürülmüş israillilərdə Və’d edilmiş diyarın necə olacağına dair hansı təsəvvürləri yaratmalı idi?
18 Və’d edilmiş diyar o dərəcədə gözəl və münbit olmuşdur ki, bə’zi yerlərin sadəcə adı çəkilməklə, insanın xəyalında Cənnət canlanırdı. Bu, ilk dəfə israillilərin Babildən qayıtdıqları zaman yerinə yetən «Yeşaya» kitabının 35-ci fəslindəki peyğəmbərlikdən görünür. Yeşaya peyğəmbərlik etmişdir: «Hər yan gül açacaq, şadlanacaq, sevincdən nəğmə oxuyacaq. Livanın gözəlliyi, şan-şöhrəti, Karmelin və Şaronun cah-cəlalı ona veriləcək. Hamı Rəbbin izzətini, Allahımızın əzəmətini görəcək» (Yeşaya 35:2). Livan, Karmel və Şaron haqqında xatırlatma israillilərdə, ehtimal ki, xoş və səmimi hisslər oyadırdı.
19, 20. a) Şaronun qədimdə necə olduğunu təsvir edin. b) Yer üzünün Cənnət olacağına əminliyimizi necə möhkəmləndirə bilərik?
19 Misal üçün, Samariya dağları və Böyük (Aralıq) dəniz arasındakı sahilboyu Şaron düzənliyini götürək. Bu ərazi gözəlliyi və münbitliyi ilə məşhur idi. Bol-bol suvarılır və otlaq üçün çox əlverişli idi, həmçinin onun şimalında palıd ağacları da bitirdi (1 Salnamələr 27:29; Nəğmələr nəğməsi 2:1; Yeşaya 65:10). Beləliklə, Yeşaya 35:2 ayəsində qabaqcadan xəbər verilirdi ki, torpaq Cənnət kimi canlanacaq və çiçəklənəcək. Bu peyğəmbərlik, həmçinin sonradan Pavelin rö’yasında gördüyü gözəl ruhani cənnətə də işarə edirdi. Və nəhayət, bu və başqa peyğəmbərliklər insanların yer üzündə Cənnətdə yaşayacaqlarına əminliyimizi möhkəmləndirir.
20 Ruhani cənnətdə yaşadığımız təqdirdə, biz onu və həqiqi Cənnətdə yaşamaq ümidimizi daha çox qiymətləndirə bilərik. Necə? Müqəddəs Kitabda oxuduqlarımızı dərk etməyə çalışmaqla. Müqəddəs Kitab təsvirlərində və peyğəmbərliklərində tez-tez coğrafi adlara rast gəlinir. Sən həmin yerlərin harada və bir-birlərinə münasibətdə necə yerləşdiklərini daha yaxşı təsəvvür etmək istərdinmi? Növbəti məqalədə bunu faydalı surətdə necə edə biləcəyimizi nəzərdən keçirəcəyik.
[Haşiyə]
a Denis Beyli «Müqəddəs Kitab coğrafiyası» kitabında yazır ki, «görünür, Müqəddəs Kitabın yazıldığı dövrlərdə bitki aləmi ciddi dəyişikliklərə mə’ruz qalmışdır». Nəyə görə? «İnsanlara yanacaq və inşaat materialı lazım idi... bu səbəbdən onlar ağacları doğramağa başladılar və torpaq təbiət hadisələri qarşısında aciz qaldı. Nəticədə insanın hava şəraitinə müdaxiləsi... tədricən bu ərazini xarabalığa çevirdi» («The Geography of the Bible»).
Yadınızdadırmı?
• Pavel rö’yada hansı «cənnəti» görmüşdü?
• «Yeşaya» kitabını 35-ci fəslindəki peyğəmbərlik ilk dəfə necə yerinə yetmişdir və Pavelin rö’yası ilə necə bağlıdır?
• Biz ruhani cənnəti və hərfi Cənnətdə yaşamaq ümidimizi daha çox necə qiymətləndirə bilərik?
[22-ci səhifədəki şəkil]
Musa önündəki torpağın «gözəl torpaq» olduğuna əmin oldu.