Eyni vaxtda həm «bəli», həm də «yox» demirsən ki?
Bir vəziyyəti təsəvvür edək: Xəstəxanalarla əlaqə komitəsinin üzvü olan bir ağsaqqal bazar günü səhər gənc bir qardaşla xidmətə çıxmağa hazırlaşır. Elə həmin səhər ağsaqqala bir qardaşdan zəng gəlir. Qardaşın arvadı maşın qəzasına düşmüş və təcili xəstəxanaya aparılmışdı. Qardaş ağsaqqaldan xahiş edir ki, qansız əməliyyat edəcək həkim tapmaqda kömək etsin. Buna görə də ağsaqqal gözlənilməz faciə ilə üzləşən ailəyə dəstək ola bilsin deyə gənc qardaşla planlaşdırdığı təbliği təxirə salmalı olur.
Başqa bir vəziyyəti təsəvvür edək: iki uşağını tək böyüdən bir ananı yığıncaqdan bir ər-arvad qonaq dəvət edir. Ana bu xəbəri uşaqlarına deyəndə onlar sevincdən yerə-göyə sığmırlar. Onlar səbirsizliklə həmin günün gəlməsini gözləyirlər. Amma bir gün qalmış onları dəvət edən ər-arvad bildirir ki, gözlənilməz bir hadisə baş verdiyi üçün qonaqlıq alınmır. Bacı daha sonra bu ailənin fikrindən nə üçün daşındığından xəbər tutur. Məlum olur ki, onları qonaq dəvət edən ər-arvadı sonradan həmin gün üçün dostları qonaq dəvət edib, onlar da bunu qəbul edib.
Sözsüz ki, bir məsihçi kimi biz sözümüzün üstündə durmalıyıq. Biz heç vaxt «həm “bəli”, həm “yox”» deməməliyik (2 Kor. 1:18). Lakin bu iki nümunədən gördüyümüz kimi, heç də bütün vəziyyətlər eyni olmur. Bəzən bizə elə gələ bilər ki, planlarımızı təxirə salmaqdan başqa çıxış yolumuz yoxdur. Bir dəfə həvari Pavel də belə bir vəziyyətlə üzləşmişdi.
PAVEL SÖZÜNÜN ÜSTÜNDƏ DURMAMAQDA GÜNAHLANDIRILMIŞDI
Eramızın 55-ci ilində özünün üçüncü təbliğ səyahəti zamanı Pavel Efesdə olarkən Egey dənizini keçib Korinfə, oradan da Makedoniyaya səyahət etmək niyyətində idi. Yerusəlimə gedərkən o, Korinf yığıncağına ikinci dəfə, ehtimal ki, onların Yerusəlimdəki qardaşlar üçün etdikləri bəxşişi toplamaq üçün getməyi planlaşdırırdı (1 Kor. 16:3). Bu, 2 Korinflilərə 1:15, 16 ayələrindən aydın görünür: «Mən bu etimadla sizə ikinci dəfə sevinc bəxş etmək üçün yanınıza gəlmək niyyətində idim. Səfərimə qısa fasilə verib yanınızda qalmaq, sonra Makedoniyaya yola düşmək, oradan yenə yanınıza qayıtmaq fikrindəydim, istəyirdim məni Yəhudeyaya ötürəsiniz».
Görünür, əvvəlki məktubunda Pavel Korinfdəki qardaşlara öz planı barədə məlumat vermişdi (1 Kor. 5:9). Lakin həmin məktubu yazdıqdan qısa müddət sonra o, Kloinin ailəsindən yığıncaqda ciddi fikirayrılığı olduğunu eşitmişdi (1 Kor. 1:10, 11). Buna görə də o, əvvəlki planını dəyişmək qərarına gəlmiş və hal-hazırda «Birinci Korinflilərə» kimi tanıdığımız məktubu yazmışdı. Bu məktubunda Pavel onlara məhəbbətlə məsləhət və düzəliş vermişdi. Həmçinin onlara xəbər vermişdi ki, o, səyahətində dəyişiklik edib, əvvəlcə Makedoniyaya gedəcək, sonra isə Korinfə gələcək (1 Kor. 16:5, 6)a.
Görünür, Korinfdəki qardaşlar Pavelin məktubunu alanda həmin yığıncaqdakı bəzi «görkəmli həvarilər» onun sözünün üstündə durmadığını, vədinə xilaf çıxdığını iddia etdilər. Özünü müdafiə etmək üçün Pavel onlardan soruşdu: «Sizcə, bu niyyətlərimdə qeyri-ciddi bir şey var idi? Məgər mən niyyətlərini kefi istəyən vaxt həyata keçirən adama oxşayıram? “Bəli, bəli” deyib, dərhal sonra “yox, yox” deyirəm?» (2 Kor. 1:17; 11:5).
Bizdə sual yarana bilər: belə vəziyyətlərdə Pavel, doğrudanmı, «[niyyətlərində] qeyri-ciddi» idi? Əsla! «Qeyri-ciddi» kimi tərcümə edilən söz insanın öz sözünün üstündə durmadığını, etibarsız olduğunu, vədinə xilaf çıxdığını bildirir. Pavelin: «Məgər mən niyyətlərini kefi istəyən vaxt həyata keçirən adama oxşayıram?» — deyə verdiyi düşündürücü sual, çox ehtimal ki, Korinfdəki məsihçilərə onun planlarında dəyişiklik etməsinin etibarsız insan olduğuna dəlalət etmədiyini anlamağa kömək etmişdi.
Pavel deyilən ittihamları qəti şəkildə təkzib edərək yazmışdı: «Necə ki, Allaha güvənirsiniz, eləcə də əmin ola bilərsiniz ki, biz sizə nə isə söyləyəndə eyni vaxtda həm “bəli”, həm “yox” demirik» (2 Kor. 1:18). Şübhəsiz ki, Pavel planında dəyişiklik etməklə Korinfdəki bacı-qardaşların rifahı üçün ən yaxşı addımı atmış oldu. 2 Korinflilərə 1:23 ayəsində oxuyuruq ki, Korinfə getməklə bağlı birinci planını onlara «[yazığı] gəldiyi üçün» dəyişmişdi. Əslində, Pavel imkan verdi ki, Korinfə gəlməzdən əvvəl onlar vəziyyəti qaydasına salsınlar. Pavelin özünün də ümid etdiyi kimi, Makedoniyada olduğu müddətdə Titusdan onu çox sevindirən xəbər aldı: yazdığı məktub, sözün əsil mənasında, onları peşman olmağa və tövbə etməyə təşviq etmişdi (2 Kor. 6:11; 7:5—7).
İSA ZƏMANƏTDİR
Sözün üstündə durmamaqla bağlı irəli sürülən ittiham elə təəssürat yarada bilərdi ki, əgər Pavel gündəlik işlərdə sözünün ağası ola bilmirsə, çətin ki, təbliğ işində etibara layiq olsun. Lakin Pavel korinflilərə xatırlatdı ki, o, onlara İsa Məsihi təbliğ edib. «Siluan, Timotey və mənim vasitəmlə sizə təbliğ edilən Allahın Oğlu Məsih İsa gah “bəli”, gah “yox” olmadı. Onun “bəli”si, doğrudan da, “bəli” oldu» (2 Kor. 1:19). Bəs heç elə olubmu ki, Pavelin nümunə götürdüyü İsa Məsih sözünün üstündə durmasın? Qətiyyən, yox! Həyatı və xidməti boyunca İsa həmişə həqiqəti söyləyib (Yəh. 14:6; 18:37). Əgər İsanın təbliğ etdiyi xəbər tamamilə doğru və etibarlı idisə və Pavel də eyni xəbəri çatdırırdısa, deməli, həvarinin də təbliği etibara layiq idi.
Sözsüz, Yehova «sadiq Allah»dır (Məz. 31:5). Biz bunu Pavelin növbəti sözlərindən görürük: «Allah nə vəd edibsə, bu vədlərin hamısı onun [Məsihin] sayəsində “bəli” oldu». İsanın yer üzündə olarkən tam sadiqliyini qoruması Yehovanın vədlərinə qarşı qaldırılan istənilən şübhələri darmadağın etdi. Pavel davam edir: «Məhz onun [İsanın] vasitəsilə biz də Allahı mədh edib “Amin” deyirik» (2 Kor. 1:20). İsa Yehova Allahın hər bir vədini yerinə yetirəcəyinə əsil zəmanət, yəni «Amin»dir!
Yehova və İsa Məsih həmişə həqiqəti söylədiyi kimi, Pavel də həmişə nə danışdığına fikir verirdi (2 Kor. 1:19). O, «kefi istəyən vaxt» vəd verən, sözünə xilaf çıxan adam deyildi (2 Kor. 1:17). Əksinə, «ruhun rəhbərliyi altında» hərəkət edirdi (Qalat. 5:16). Pavel həmişə insanların rifahını düşünürdü. Onun «bəli»si, elə «bəli» idi!
SƏNİN BƏLİN BƏLİDİRMİ?
Hal-hazırda Müqəddəs Kitaba əsasən yaşamayan insanlar arasında söz verib xırda problemə və ya özlərinə sərf edən nəyəsə görə verdikləri sözdən boyun qaçırmaq adi hal alıb. İşgüzar məsələlərdə hətta bütün məqamlar yazılı təsdiqlənsə də, «bəli» sözü həmişə «bəli» mənasını daşımır. Çoxları artıq nikaha iki nəfər arasında qurulmuş ömürlük bir ittifaq kimi baxmır. Əksinə, boşanmaların sürətlə artması göstərir ki, çoxları nikaha asanlıqla dağıda biləcəkləri təsadüfi ittifaq kimi baxırlar (2 Tim. 3:1, 2).
Bəs sənin haqqında nə demək olar? Sənin bəlin bəlidirmi? Düzdür, məqalənin əvvəlində xatırlandığı kimi, ola bilsin, etibarsız insan olduğun üçün yox, məcburiyyət qarşısında qaldığın üçün bəzən sən də sözünün üstündə dura bilmirsən. Ancaq bir məsihçi kimi, sən verdiyin sözü və ya üzərinə götürdüyün məsuliyyəti yerinə yetirmək üçün əlindən gələni etməlisən (Məz. 15:4; Mat. 5:37). Əgər belə davransan, hamı səni etibarlı, sözünün ağası, həmişə həqiqətə uyğun danışan insan kimi tanıyacaq (Efes. 4:15, 25; Yaq. 5:12). İnsanlar görəndə ki, gündəlik məsələlərdə sənə etibar etmək olar, onda onlar Allahın Padşahlığı haqqında bölüşdüyün həqiqəti dinləməyə daha meyilli olacaqlar. Buna görə də gəlin, həmişə çalışaq ki, «bəli»miz «bəli» olsun!
a Korinflilərə birinci məktubunu yazdıqdan qısa bir müddət sonra Pavel, həqiqətən də, Troasdan keçərək Makedoniyaya gəlir və orada korinflilərə ikinci məktubunu yazır (2 Kor. 2:12; 7:5). Daha sonra isə o, Korinfə səyahət edir.