Ruha görə hərəkət et və həsr olunmağına uyğun yaşa
«Ruha görə hərəkət edin və siz cismani təbiətin arzusunu əsla icra etməzsiniz» (QALAT. 5:16).
1. Pentikost günündə hansı iki cür vəftiz baş verdi?
ERAMIZIN 33-cü ilinin Pentikost günündə İsanın davamçılarının müxtəlif dillərdə danışması müqəddəs ruhla vəftiz olunduqdan sonra mümkün oldu. Onlarda möcüzəvi şəkildə ruhun ənamları özünü büruzə verməyə başladı (1 Kor. 12:4—10). Bu ənamın və həvari Peterin söylədiyi nitqin hansı nəticəsi oldu? Çoxlarının «ürəklərinə elə bil ox batdı». Peterin təşviq etdiyi kimi, onlar tövbə edib vəftiz olundular. Müqəddəs Yazılarda oxuyuruq: «Onun sözünü sevinclə qəbul edənlər vəftiz oldular. Və o gün üç minə yaxın adam cəmiyyətə qoşuldu» (Həv. iş. 2:22, 36—41). İsanın əmr etdiyi kimi, onlar «Ata, Oğul və Müqəddəs Ruh ismilə» suda vəftiz olundular (Mat. 28:19, İ—93).
2, 3. a) Müqəddəs ruhla vəftiz olunmaqla müqəddəs ruh ismilə vəftiz olunmaq arasındakı fərqi izah edin. b) Nəyə görə bu gün həqiqi məsihçi olmaq istəyən hər kəsdən suda vəftiz olunmaq tələb olunur?
2 Bəs müqəddəs ruhla və müqəddəs ruhun ismi ilə vəftiz olunmağın arasında fərq varmı? Bəli, var. Müqəddəs ruhla vəftiz olunanlar Allahın ruhani oğulları kimi yenidən — ruhdan doğulurlar (Yəh. 3:3). Onlar Allahın səmavi Padşahlığında padşah və kahin olmaq üçün məsh olunurlar; və Məsihin ruhani bədəninin üzvləridirlər (1 Kor. 12:13; Qalat. 3:27; Vəhy 20:6). Deməli, Yehova Pentikost günündə və ondan sonra insanları müqəddəs ruhla vəftiz etməklə Məsihin həmvarislərini seçirdi (Rom. 8:15—17). Bəs bizim günlərdə müntəzəm olaraq Yehovanın xalqının konqreslərində baş verən vəftiz — müqəddəs ruh ismilə vəftiz barədə nə demək olar?
3 Suda vəftiz — həqiqi məsihçilərin qeydsiz-şərtsiz Yehova Allaha həsr olunmalarının simvoludur. Bu, səmavi dəvəti alanlara da aiddir. Lakin suda vəftiz bu gün yer üzündə əbədi yaşamağa ümid edən milyonlarla kişi və qadın üçün də vacib addımdır. Malik olduğu ümiddən asılı olmayaraq, Allaha məqbul olmaq istəyən hər kəs mütləq Ata, Oğul və müqəddəs ruh ismilə suda vəftiz olunmalıdır. Bu vəftizdən sonra bütün məsihçilərdən ‘Ruha görə hərəkət etmələri’ gözlənilir. (Qalatiyalılara 5:16 ayəsini oxu.) Sən ‘Ruha görə hərəkət edərək’ Allaha həsr olunarkən verdiyin anda uyğun yaşayırsanmı?
‘Ruha görə hərəkət etmək’ nə deməkdir?
4. ‘Ruha görə hərəkət etmək’ əsas etibarilə nə deməkdir?
4 ‘Ruha görə hərəkət etmək’ müqəddəs ruhun bizə təsir etməsinə, başqa sözlə desək, gündəlik həyatımıza istiqamət verməsinə yol vermək deməkdir. «Qalatiyalılara məktub»un 5-ci fəslində müqəddəs ruhun və cismani təbiətin təsiri altında olmaq arasındakı təzad göstərilir. (Qalatiyalılara 5:17, 18 ayələrini oxu.)
5. Müqəddəs ruhun bizə təsir etməsinə yol vermək hansı əməllərdən çəkinmək deməkdir?
5 Müqəddəs ruhun bizə təsir etməsinə yol verməklə biz cismani təbiətin əməllərindən çəkinməyə çalışırıq. Cismani təbiətin əməlləri dedikdə, «zina, cinsi əxlaqsızlıq, murdarlıq, səfahət, bütpərəstlik, sehrbazlıq, düşmənçilik, münaqişə, həsəd, qəzəb, ehtiraslılıq, nifaq, təfriqələr, paxıllıq, qatillik, sərxoşluq, eyş-işrətlər» və bu kimi digər şeylər nəzərdə tutulur (Qalat. 5:19—21). Biz, demək olar ki, ‘bədənin mənfi əməllərini Ruh vasitəsilə məhv edirik’ (Rom. 8:5, 13). Bu, cismani arzuların bizə hakim kəsilməsinə yol vermək əvəzinə, diqqətimizi ruhani işlərə cəmləməyə və onun rəhbərliyinə riayət etməyə kömək edəcək.
6. Müqəddəs ruhun səmərəsini inkişaf etdirmək üçün nə gərəkdir? Nümunə çəkin.
6 Müqəddəs ruh bizə təsir etdikcə, Allaha məqbul keyfiyyətlər, ‘ruhun səmərəsini’ təzahür etdiririk (Qalat. 5:22, 23). Amma başa düşürük ki, bunun üçün bizdən böyük səy tələb olunur. Nümunə üçün torpağı becərən əkinçini götürək. Əlbəttə, günəşin və suyun rolu böyükdür; bunlarsız məhsulun olması qeyri-mümkündür. Müqəddəs ruhu günəş şüaları ilə müqayisə etmək olar. O, ruhun səmərəsini təzahür etdirmək üçün gərəkdir. Bəs əgər əkinçi zəhmət çəkməsəydi, nəyəsə nail ola bilərdimi? (Sül. məs. 10:4). Bəli, ürəyimizin torpağını necə becərməyimiz bizdə olan müqəddəs ruhun səmərəsinin keyfiyyətinə və kəmiyyətinə təsir edir. Buna görə özümüzdən soruşmalıyıq: «Müqəddəs ruhla əməkdaşlıq edərək özümdə onun səmərəsini yetişdirməyə yol verirəmmi?»
7. Müqəddəs ruhun səmərəsini özümüzdə yetişdirmək istəyiriksə, nəyə görə araşdırma aparmaq və düşünmək olduqca vacibdir?
7 Bol məhsul yığmaq üçün əkinçi tarlasını suvarmalıdır. Eynilə, bizə də ruhun səmərəsini özümüzdə yetişdirmək üçün Müqəddəs Kitab və məsihçi yığıncağı vasitəsilə təqdim olunan həqiqət suları gərəkdir (Yeşaya 55:1). Yəqin, siz bir çoxlarına Allahın Kəlamının müqəddəs ruhun məhsulu olduğu barədə danışmısınız (2 Tim. 3:16). Həmçinin sadiq və ağıllı qul sinfi Müqəddəs Kitabdakı saf həqiqət sularının başa düşülməsi üçün çox vacib olan izahat təqdim edir (Mat. 24:45—47). Nümunədən aydındır ki, müqəddəs ruhun bizə təsir etməsi üçün biz Allahın Kəlamını oxumalı və üzərində düşünməliyik. Belə etməklə biz ‘araşdırma və tədqiqatlar’ aparan peyğəmbərlərin gözəl nümunəsini izləmiş oluruq. Diqqətəlayiqdir ki, hətta mələklər də vəd olunmuş Övlad və məsh olunmuşların məsihçi yığıncağı ilə bağlı ruhani həqiqətlərə böyük maraq göstərirdilər. (1 Peter 1:10—12 ayələrini oxu.)
Müqəddəs ruh necə təsir göstərir?
8. Nəyə görə Yehovadan müqəddəs ruh diləmək vacibdir?
8 Sadəcə Müqəddəs Yazıları araşdırıb üzərində düşünmək kifayət deyil. Biz həmişə Yehovadan kömək və rəhbərlik diləməliyik. O, ‘xahiş etdiyimizdən, yaxud düşündüyümüzdən artıq etməyə qadirdir’ (Efes. 3:20; Luka 11:13). Əgər kimsə: «Allah ‘nələrə ehtiyacımız olduğunu biz Ondan diləməzdən əvvəl bilirsə’, onda diləmək nəyə lazımdır?» — deyə soruşarsa, sən ona nə cavab verəcəksən? (Mat. 6:8). İlk növbədə, müqəddəs ruh üçün dua etməklə biz Yehovaya etibar etdiyimizi göstəririk. Məsələn, əgər kimsə səndən kömək istəyərsə, sən əlindən gələn köməyi ondan əsirgəməyəcəksən, axı o, etibar etdiyi üçün sənə üz tutub. (Süleymanın məsəlləri 3:27 ayəsi ilə müqayisə et.) Eynilə, biz Yehovadan müqəddəs ruh diləyəndə Onun xoşuna gəlir və O, heç vaxt bizim xahişimizi yerə salmayacaq (Sül. məs. 15:8).
9. Allahın müqəddəs ruhunun sənə təsir etməsində məsihçi görüşlərində iştirak etməyin hansı rolu var?
9 Yəqin, sən aydın başa düşürsən ki, Allahın ruhunun bizə təsir etməsində yığıncaqların və konqreslərin də rolu danılmazdır. Bu görüşlərdə iştirak etmək və qulaq asmaq zəruridir. Bu, sənə «Allahın dərin düşüncələrini» anlamağa kömək edir (1 Kor. 2:10). Müntəzəm olaraq şərh vermək də faydalıdır. Son dörd həftə ərzində iştirak etdiyin yığıncaq görüşləri barədə fikirləş. İmanını ifadə etmək üçün əlini neçə dəfə qaldırmısan? Səncə, bu sahədə dəyişiklik etməyinə ehtiyac varmı? Əgər varsa, növbəti həftələrdə nə etməli olduğunu müəyyən et. Görüşlərdə iştirak etmək istəyin Yehovanın diqqətindən yayınmayacaq və O, görüşlərdən daha çox fayda əldə etməyin üçün sənə müqəddəs ruhundan verəcək.
10. Ruha görə hərəkət etmək başqalarına hansı dəvəti çatdırmağı özünə daxil edir?
10 Ruha görə hərəkət etmək Vəhy 22:17 ayəsindəki «Ruh və gəlin də deyirlər: “Gəl!” Qoy eşidən də desin: “Gəl!” Susayan qoy gəlsin, arzu edən qoy həyat suyunu müftə götürsün» dəvətinə hay verməyi özünə daxil edir. Məsh olunmuş gəlin sinfi vasitəsilə fəaliyyət göstərən ruh həyat suyunu müftə götürmək dəvətini çatdırır. Əgər sən «gəl» dəvətini qəbul etmisənsə, onda bu dəvəti başqalarına çatdırmaqda qərarlısanmı? Bu xilasedici işdə iştirak etmək necə də böyük şərəfdir!
11, 12. Müqəddəs ruhun təbliğ işində rolu nədən ibarətdir?
11 Bu vacib iş müqəddəs ruhun rəhbərliyi altında həyata keçirilir. Biz Müqəddəs Kitabdan müqəddəs ruhun birinci əsrdə missionerlərin yeni ərazilərdə təbliğ etmələri üçün necə imkanlar açdığı barədə oxuyuruq. Müqəddəs ruh həvari Paveli və onun əməkdaşlarını ‘Asiya əyalətində kəlamı təbliğ etməyə qoymamışdı’; müqəddəs ruh onlara Bitiniyaya getməyə də icazə verməmişdi. Biz ruhun onların həmin yerlərə getməsinə necə mane olduğunu dəqiq bilmirik, lakin aydındır ki, ruh Paveli geniş sahəsi olan Avropaya yönəltmişdi. O, aldığı görüntüdə bir makedoniyalının ondan kömək dilədiyini gördü (Həv. iş. 16:6—10).
12 Eynilə, bu gün də Yehovanın ruhu ümumdünya təbliğ işinə rəhbərlik edir. Bunun üçün Yehova möcüzəli şəkildə görüntü vermir, əksinə, müqəddəs ruhu ilə məsh olunmuşları yönəldir. Ruh bacı-qardaşları təbliğ və təlim işində əllərindən gələni etməyə təşviq edir. Şübhə yoxdur ki, bu vacib işdə sənin də payın var. Bu gözəl işdə sevincini artıra bilərsənmi?
13. Müqəddəs ruhun rəhbərliyinə tabe olduğumuzu necə göstərə bilərik? Nümunə çəkin.
13 Allahın xalqına verilən göstərişlərə riayət etməklə biz müqəddəs ruhun rəhbərliyinə tabe olduğumuzu göstəririk. Yaponiyadan olan gənc Mihokonun nümunəsinə nəzər salaq. Pioner xidmətinə yeni başlamış bu bacı hiss edirdi ki, təkrar başçəkmələr etməyi bacarmır və ev sahibini maraqlandıra bilmir. Elə həmin vaxtlar «Bizim Padşahlıq Xidmətimiz» vərəqəsində qısa təkrar başçəkmələr etmək barədə praktiki məsləhətlər çap olundu. Sonra «Həyatda məmnunluğu necə tapmaq olar?»a broşürası çıxdı. Həmin broşüra xüsusilə də yapon sahəsi üçün faydalı idi. Mihoko broşüranın istifadəsinə, xüsusilə də qısa təkrar başçəkmələr etməyə dair verilən məsləhətləri tətbiq etdi. Tezliklə o, əks təqdirdə imtina edəcək insanlarla Müqəddəs Kitabı öyrənməyə başladı. Bacı deyir: «Mən düz 12 nəfərlə Müqəddəs Kitabı öyrənməyə başladım və çatdırmadığım üçün bir neçə nəfərdən xahiş etdim ki, bir az gözləsinlər». Həqiqətən də, Yehovanın Öz xidmətçilərinə verdiyi rəhbərliyi tətbiq edərək ruha görə hərəkət edəndə bol xeyir-dualar biçirik.
Allahın ruhuna bel bağla
14, 15. a) Qeyri-kamil insanlar həsr olunmalarına uyğun necə yaşaya bilərlər? b) Sən ən yaxşı dostları necə tapa bilərsən?
14 Allahın təyin olunmuş xidmətçisi kimi, bizə xidməti icra etmək həvalə olunub (Rom. 10:14). Ola bilsin, sən düşünürsən ki, belə məsuliyyətli iş üçün yaramırsan. Lakin məsh olunmuşlar kimi, səni də bu xidmətə yararlı edən Yehovadır. (2 Korinflilərə 3:5 ayəsini oxu.) Sən əlindən gələni etməklə və Allahın ruhuna bel bağlamaqla həsr olunarkən verdiyin anda uyğun yaşaya bilərsən.
15 Düzdür, qeyri-kamil olan bizlərə kamil Allah Yehovaya həsr olunmağımıza uyğun yaşamaq asan deyil. Çətinliklərdən biri odur ki, yeni həyat tərzin vaxtilə ünsiyyət etdiyin insanları çaşdıra bilər, buna görə də onlar səni təhqiramiz sözlərlə ‘söyə’ bilərlər (1 Pet. 4:4). Lakin unutma ki, o vaxtdan bəri sən yeni dostlar qazanmısan, ancaq Yehova və İsa Məsihlə dostluq ən vacib dostluqdur. (Yaqub 2:21—23 ayələrini oxu.) Ümumdünya qardaşlığın bir hissəsi olan yığıncağındakı bacı-qardaşlarla tanış olmaq da vacibdir (1 Pet. 2:17; Sül. məs. 17:17). Sən Yehovanın ruhunun köməyilə özünə müsbət təsir göstərən dostlar tapacaqsan.
16. Nəyin sayəsində, Pavel kimi, sən də ‘zəif olmaqdan həzz ala’ bilərsən?
16 Yığıncaqda həmişə kömək etməyə hazır olan dostların olsa da, gündəlik problemlərin öhdəsindən gəlmək sənin üçün çətin ola bilər. Qarşılaşdığın çətinliklər bəzən səni lap taqətdən sala bilər, sanki, problemlərlə dolu bataqlıqdan çıxmısan. Bu, Yehovaya üz tutub Ondan müqəddəs ruh diləməyin əsil vaxtıdır. Həvari Pavel yazmışdır: «Mən zəif olduğum zaman, qüvvətliyəm». (2 Korinflilərə 4:7—10; 12:10b ayələrini oxu.) Pavel bilirdi ki, Allahın ruhu istənilən insan zəifliyinin əvəzini ödəməyə qadirdir. Beləliklə, zəifləyəndə və ya köməyə ehtiyac duyanda Allahın fəal qüvvəsi səni möhkəmləndirə bilər. Pavel yazırdı ki, ‘zəif olmaqdan həzz alır’. O məhz zəif olduğu hallarda müqəddəs ruhun ona kömək etdiyini hiss edirdi. Sən də eyni hissləri keçirə bilərsən! (Rom. 15:13).
17. Müqəddəs ruh sənə getdiyin yerə çatmağa necə kömək edə bilər?
17 Allaha həsr olunmağımıza uyğun yaşamaq üçün biz Onun ruhuna ehtiyac duyuruq. Təsəvvür et ki, yelkənli gəminin kapitanısan. Məqsədin Yehovaya əbədiyyən xidmət etməkdir. Müqəddəs ruhu getdiyin yerə sağ-salamat çatmaq üçün səmtini tutmaq istədiyin küləyə bənzətmək olar. Əlbəttə, Şeytan dünyasının ruhunun səni ora-bura sürükləməsini istəmirsən (1 Kor. 2:12). Belə desək, sən küləyin, yəni müqəddəs ruhun düzgün səmtini müəyyən etməli və onu tutmalısan. Müqəddəs ruh sənə Allahın Kəlamı və Onun ruhla idarə olunan təşkilatı vasitəsilə düzgün istiqamətdə hərəkət etməyə kömək edəcək.
18. Sən nə etməyə qəti qərarlısan və nəyə görə?
18 Əgər sən Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənir və onlarla ünsiyyətdən zövq alırsansa, lakin hələ də özünü Allaha həsr etmək və vəftiz olunmaq kimi vacib addımları atmamısansa, özündən soruş: «Mən nəyə görə tərəddüd edirəm?» Əgər sən bu gün Yehovanın iradəsinin yerinə yetirilməsində müqəddəs ruhun rolunu qəbul edir və onu qiymətləndirirsənsə, onda öyrəndiyin düzgün addımları at. Yehova səni bol-bol xeyir-dualandıracaq. O, sənə səxavətlə Öz müqəddəs ruhundan verəcək. Əgər artıq bir neçə il, yaxud onilliklərdir ki, vəftiz olunmusansa, deməli, müqəddəs ruhun təsirini artıq öz üzərində hiss etmisən. Şəxsən özün əmin olmusan ki, Yehova Öz müqəddəs ruhu ilə insanı möhkəmləndirməyə qadirdir. Bu, əbədiyyət boyu davam edə bilər. Buna görə də ruha görə hərəkət etmək qətiyyətindən dönmə.
[Haşiyələr]
a Bir çox dillərdə nəşr olunur.
b 2 Korinflilərə 12:10 (YD): «Buna görə də Məsih uğrunda zəif olmaqdan, təhqirlərə, yoxluğa, təqiblərə və çətinliklərə qatlaşmaqdan həzz alıram. Çünki mən məhz zəif olanda güclüyəm».
Yadınızdadırmı?
• Ruha görə hərəkət etmək nə deməkdir?
• Daima ‘ruha görə hərəkət etməkdə’ sənə nə kömək edə bilər?
• Sən Allaha həsr olunmağına uyğun necə yaşaya bilərsən?
[15-ci səhifədəki şəkil]
Ürəyimizin torpağını becərmək üçün səy tələb olunur
[16 və 17-ci səhifələrdəki şəkillər]
Allahın ruhunun sənə təsir etməsinə yol verirsənmi?