«Özünüzü imtahan edin»
«Özünüzü yoxlayın, görün iman yolundasınızmı? Özünüzü imtahan edin» (2 KORİNFLİLƏRƏ 13:5).
1, 2. a) E’tiqadımızın doğru olub-olmadığına dair yaranan şübhə bizə necə tə’sir göstərə bilər? b) I əsrin Korinf yığıncağında yaranan hansı vəziyyət bə’zilərində seçdikləri yolun doğru olub-olmadığına dair şübhə oyada bilərdi?
BİR NƏFƏR yol ilə gedərkən yolayrıcına yaxınlaşır. Hara dönəcəyini bilmədiyi üçün yoldan keçən bir nəfərdən soruşur. Lakin onun anlaşılmaz cavabı həmin adamı daha da çaşdırır. Çaşqınlıq içində olduğundan öz yoluna davam edə bilmir. Eynilə e’tiqadımızın düz olub-olmadığına dair şübhələr də bizə belə tə’sir göstərə bilər. Mütərəddidlik bizim qərar qəbul etmək bacarığımıza tə’sir edə və hansı yolla getməli olduğumuza dair şübhə oyada bilər.
2 Yunanıstandakı I əsrin Korinf yığıncağında bə’zi məsihçilərə eyni tərzdə tə’sir edə biləcək bir vəziyyət yaranmışdı. «Fövqəlhəvarilər» həvari Pavelin nüfuzunu şübhə altına qoyaraq deyirdilər: «Məktublarında o ciddi və qüvvətli, şəxsi görkəmi isə tə’sirsiz, nitqi isə əhəmiyyətsizdir» (2 Korinflilərə 10:7-12; 11:5, 6). Bu cür nöqteyi-nəzərə görə, Korinf yığıncağının bə’zi üzvlərində seçdikləri yolun doğru olub-olmadığına dair şübhə yarana bilərdi.
3, 4. Pavelin korinflilərə verdiyi məsləhət nəyə görə bizdə də maraq oyadır?
3 Pavel Korinf yığıncağını eramızın 50-ci ilində oraya gəldiyi zaman təşkil etmişdi. O, «Allahın kəlamını öyrədərək, bir il altı ay» Korinfdə yaşadı. O zaman «korinflilərdən bir çoxu... iman edib vəftiz oldular» (Həvarilərin işləri 18:5-11). Pavel Korinfdə yaşayan bacı-qardaşlarının ruhani rifahı üçün çox qayğı göstərirdi. Bundan əlavə, korinflilər müəyyən məsələlərə dair məsləhət üçün ona yazırdılar (1 Korinflilərə 7:1). Pavel də onlara çox qiymətli məsləhət vermişdi.
4 Pavel yazırdı: «Özünüzü yoxlayın, görün iman yolundasınızmı? Özünüzü imtahan edin» (2 Korinflilərə 13:5). Bu məsləhəti tətbiq etməklə Korinfdəki qardaşlar özlərini yollarının doğru olub-olmadığına dair şübhələrdən qoruya bilərdilər. Pavelin məsləhətinə necə əməl etmək olar? İman yolunda olub-olmadığımızı necə yoxlaya bilərik? Və özümüzü imtahan etmək nə deməkdir?
«Özünüzü yoxlayın, görün iman yolundasınızmı?»
5, 6. İman yolunda olub-olmadığımızı yoxlamaqda bizə hansı etalon kömək edir və nəyə görə onu ideal etalon adlandırmaq olar?
5 Adətən kimi və ya nəyi isə yoxlamaq üçün, vahid kimi, etalon və ya standartdan istifadə edirlər. Belə halda söhbət e’tiqadımızın deyil, özümüzün — hər birimizin ayrı-ayrılıqda yoxlanılmasından gedir. Biz kamil etalona malikik. Davudun məzmurunda deyilir: «Rəbbin qanunu kamildir, canı təzələyir, Rəbbin öyüdü e’tibarlıdır, nadanı müdrik edir. Rəbbin qayda-qanunları düzdür, ürəyi sevindirir, Rəbbin əmrləri pakdır, gözləri aydın edir» (Məzmur 19:7, 8). Müqəddəs Kitabda Yehovanın kamil qanunları və e’tibarlı xatırlatmaları, ədalətli qayda-qanunları və təmiz əmrləri yazılmışdır. Özümüzü yoxlamaq üçün, onlar gözəl etalondur.
6 Həvari Pavel Allahın ilhamlanmış Kəlamı haqqında deyir: «Allahın kəlamı canlı və tə’sirli, hər cür ikiağızlı qılıncdan itidir; o, canla ruhu, oynaqlarla iliyi bir-birindən ayıracaq qədər dəlib keçir və ürəyin düşüncə və niyyətlərini ayırd edir» (İbranilərə 4:12). Allahın kəlamı ürəyimizi yoxlaya və daxilimizdə olanları aşkara çıxara bilər. Lakin iti və böyük qüvvəyə malik olan Allahın Kəlamının bizim üçün də canlı olması üçün biz nə edə bilərik? Məzmurçu bu sualın cavabını çox aydın verir. O, Yehovanın ‘qanunundan zövq alan, gecə-gündüz bu tə’limatı dərin düşünən’ adamı xoşbəxt adlandırır (Məzmur 1:1, 2). Yehovanın qanunu Onun Kəlamı olan Müqəddəs Kitabda yazılıb. Biz Yehovanın Kəlamını oxumaqdan həzz almalıyıq. Onu oxumaq və üzərində düşünmək üçün vaxt ayırmalıyıq. Allahın Kəlamı bizi yoxlasın deyə, orada yazılanların bizə tə’sir göstərməsinə yol verməliyik.
7. İman yolunda olub-olmadığımızı yoxlamağın əsas üsulu hansıdır?
7 İman yolunda olub-olmadığımızı yoxlamağın əsas üsulu — Allahın Kəlamını oxumaq və oxuduqlarımızın üzərində düşünmək, həmçinin davranışımızın öyrəndiklərimizə müvafiq olub-olmadığını yoxlamaqdır. Allahın Kəlamını başa düşməkdə köməyimiz olduğu üçün sevinə bilərik.
8. «Sadiq və ağıllı qul» tərəfindən hazırlanan nəşrlər iman yolunda olub-olmadığımızı yoxlamaqda bizə necə kömək edə bilər?
8 Yehova «sadiq və ağıllı qul» tərəfindən hazırlanan nəşrlər vasitəsilə bizə tə’lim və nəsihət verir. Bu nəşrlərdə Müqəddəs Yazılar izah edilir (Matta 24:45). Misal üçün, «Yehovaya yaxınlaş»a kitabında olan fəsillərin çoxunun axırında «Düşünmək üçün suallar» adlı çərçivəni götürək. Bu suallar düşünmək üçün çox gözəl imkan yaradır. «Gözətçi Qülləsi» və «Oyanın!» jurnallarında müzakirə olunan müxtəlif mövzular da iman yolunda olub-olmadığımızı yoxlamaqda bizə kömək edir. Bu yaxınlarda «Gözətçi Qülləsi»ndə olan məqalələrdə «Süleymanın məsəlləri» kitabı müzakirə olunurdu. Həmin məqalələri oxuyan bir bacımız deyir: «Onlar çox faydalı məqalələrdir. Nitqimin, davranışımın və düşüncə tərzimin Yehovanın ədalətli normalarına müvafiq olub-olmadığını yoxlamağa kömək edir».
9, 10. İman yolunda olub-olmadığımızı yoxlamaq üçün Yehova bizə hansı köməyi təqdim edir?
9 Biz həmçinin yığıncaq görüşlərində və konqreslərdə də bol-bol rəhbərlik alır və ruhlanırıq. Allah bütün bunları Yeşayanın haqlarında peyğəmbərlik etdiyi kəslərə verir. Yeşaya yazır: «Son günlərdə Rəbbin evi olan dağ dağların zirvəsində möhkəm duracaq, təpələrdən yuxarı ucalacaq. Bütün millətlər ona sarı gələcək. Çox xalqlar gəlib deyəcək: “Gəlin Rəbbin dağına... qalxaq, qoy Rəbb bizə Öz yolunu öyrətsin, biz Onun yolu ilə gedək”» (Yeşaya 2:2, 3). Əlbəttə, Yehovanın yolları ilə bağlı bu cür nəsihətə malik olmaq bizim üçün əsl xeyir-duadır!
10 Həmçinin ruhani cəhətdən qabiliyyətli olan insanların, o cümlədən məsihçi ağsaqqalların da məsləhətlərini qeyd etmək olar. Müqəddəs Kitab onlar haqqında deyir: «Qardaşlar, əgər bir adam bir cinayət üstə tutulsa belə, siz ruhanilər, onu həlimlik ruhu ilə islah edin; sən də yoldan çıxarılmamaq üçün özünə fikir ver» (Qalatiyalılara 6:1). İslah olunmağımız üçün təqdim olunan bu cür köməyə görə biz necə də minnətdarıq!
11. İmanda olub-olmadığımızı yoxlamaq özünə nəyi daxil edir?
11 Nəşrlərimiz, məsihçi görüşləri, tə’yin olunmuş qardaşlar — bunların hamısı Yehovadan olan bəxşişlərdir. Lakin iman yolunda olub-olmadığını yoxlamaq üçün, hər kəs özünü təhlil etməlidir. Buna görə də nəşrlərimizi oxuyarkən və ya Müqəddəs Kitab nəsihətlərini dinləyərkən özümüzdən soruşmalıyıq: «Bu mənə aiddirmi? Mən belə edirəmmi? Məsihçi e’tiqadlarına sadiq qalırammı?» Bu tərzdə aldığımız mə’lumata göstərdiyimiz münasibət ruhani vəziyyətimizə də tə’sir göstərir. Müqəddəs Kitabda deyilir: «Nəfsani adam, Allahın Ruhuna dair həqiqətləri qəbul etmir, çünki o bunları ağılsızlıq hesab edir... Ruhani adam isə hər şey haqqında mühakimə yürüdə bilər» (1 Korinflilərə 2:14, 15). Kitablarda, jurnallarda və digər nəşrlərimizdə oxuduqlarımıza, yığıncaq görüşlərində və ağsaqqallardan eşitdiklərimizə görə minnətdarlıq hissi duymalıyıq.
«Özünüzü imtahan edin»
12. Özünü imtahan etmək nə deməkdir?
12 Özünü imtahan etmək özünə qiymət vermək deməkdir. Bəli, biz həqiqətdə ola bilərik, bəs ruhaniliyimiz hansı səviyyədədir? Özünü imtahan etməyə, yetkin olduğuna sübutlar axtarmaq və ruhani bəxşişlərə görə minnətdar olmaq daxildir.
13. İbranilərə 5:14 ayəsinə əsasən, yetkinliyimizi subut edən nədir?
13 Məsihçi kimi yetkin olduğumuza nə şəhadət edir? Həvari Pavel yazırdı: «Qüvvətli yemək isə kamillər üçündür. Çünki onların hissləri alışdırılaraq, xeyirlə şəri ayırd etmək üçün tərbiyə edilmişdir» (İbranilərə 5:14). Dərketmə qabiliyyətimizi ‘tərbiyə etməklə’ və ya məşq etdirməklə yetkin olduğumuzu subut etmiş oluruq. Necə ki idmançı hər hansı idman növündə nailiyyət qazanmaq üçün daima məşq edib əzələlərini gücləndirməlidir, eləcə də biz Müqəddəs Kitab prinsiplərini tətbiq edərək dərketmə qabiliyyətimizi məşq etdirməliyik.
14, 15. Allahın Kəlamının dərinliklərini öyrənmək üçün biz nəyə görə sə’y göstərməliyik?
14 Dərketmə qabiliyyətimizi məşq etdirməzdən əvvəl bilik əldə etməliyik. Bunun üçün sə’ylə şəxsi öyrənmə ilə məşğul olmaq vacibdir. Özümüz müntəzəm şəkildə Müqəddəs Kitabı — xüsusilə Allahın Kəlamının dərinliklərini — öyrənəndə dərketmə qabiliyyətimiz yaxşılaşır. Son illər ərzində «Gözətçi Qülləsi»ndə bir çox dərin mövzular müzakirə olunmuşdur. Dərin həqiqətləri açıqlayan məqalələrə münasibətimiz necədir? Orada «çətin anlaşılan bə’zi məsələlər» olduğu üçün onlardan qaçınmağa meylimiz varmı? (2 Peter 3:16). Əksinə, biz bu kimi məqalələrdə deyilənləri dərk etmək üçün daha çox sə’y göstəririk (Efeslilərə 3:18).
15 Bəs əgər şəxsi öyrənmə keçirmək bizim üçün çətindirsə, onda necə? Şəxsi öyrənmədən ləzzət almağı öyrənmək və ruhani iştaha inkişaf etdirmək çox vacibdirb (1 Peter 2:2). Yetkinliyə doğru irəliləmək üçün qüvvətli yeməklə — Allahın Kəlamının daha dərin həqiqətləri ilə qidalanmaq lazımdır. Əks təqdirdə dərketmə qabiliyyətimiz məhdud qalacaq. Lakin yetkinlik yalnız biliyi qavramaq bacarığında əks olunmur. Çalışqanlıqla keçirdiyimiz şəxsi öyrənmə zamanı əldə edilən bilikləri gündəlik həyatımızda tətbiq etməliyik.
16, 17. «Kəlamın icraçısı» olmağa dair şagird Yaqub hansı məsləhəti verir?
16 Bizim necə insan olduğumuzu həqiqətə minnətdar olmağımızdan — imandan irəli gələn əməllərimizdən görmək olar. Tə’sirli əyani nümunədən istifadə edərək, şagird Yaqub bu sahədə bizim necə davrana biləcəyimizi təsvir edir: «Allah kəlamını yalnız eşitməklə kifayətlənib, özünüzü aldatmayın; bu kəlamın icraçısı da olun. Çünki kəlamı eşidib onu icra etməyən, güzgüdə öz sifətinin cizgilərini seyr edən adama bənzəyir: O öz-özünə baxır, kənara çəkilir və dərhal necə olduğunu unudur. Lakin kim kamil qanuna, azadlıq qanununa diqqətlə baxıb ona bağlı qalarsa və unutqan dinləyici deyil, icraedicidirsə, öz əməlində xoşbəxt olacaqdır» (Yaqub 1:22-25).
17 Başqa sözlə, Yaqub belə deyir: Allahın kəlamının kamil qanununun güzgüsünə diqqətlə baxıb özünüzə qiymət verin. Bu sahədə sə’y göstərin və Allahın kəlamından anladıqlarınızın əsasında özünüzə nəzər salın. Sonra isə gördüklərinizi unutmayın. Lazım olan dəyişiklikləri edin. Bu məsləhətə riayət etmək bə’zən asan olmur.
18. Nəyə görə Yaqubun məsləhətinə riayət etmək asan deyil?
18 Misal üçün, Padşahlıq haqqındakı xəbərin təbliğ işində iştirak etmək tələbinə diqqət yetirək. Pavel yazır: «Salehlik üçün ürəklə iman edilir, xilas olmaq üçün isə ağızla açıqca söylənir» (Romalılara 10:10, İ–93). Xilasedici xəbəri hər kəsə bəyan etmək üçün, bir sıra dəyişikliklər etmək lazımdır. Çoxlarımız üçün təbliğ etmək bir o qədər də asan deyil. Bu işdə sə’ylə iştirak etmək və həyatımızda ona ən vacib yeri ayırmaq üçün daha çox dəyişiklik və fədakarlıq tələb olunur (Matta 6:33). Lakin biz Allahın tapşırığını yerinə yetirdikdə sevinirik, çünki bu iş Yehovanı izzətləndirir. Demək olarmı ki, biz Padşahlığın sə’yli təbliğçiləriyik?
19. Bizim imandan irəli gələn əməllərimiz özünə nəyi daxil etməlidir?
19 Bizim imandan irəli gələn əməllərimiz özünə nəyi daxil etməlidir? Pavel deyir: «Məndən nə öyrəndinizsə, nə qəbul etdinizsə, nə eşitdinizsə və məndə nə gördünüzsə, onlara əməl edin və sülh verən Allah sizinlə olacaqdır» (Filipililərə 4:9). Öyrəndiklərimizi, qəbul etdiklərimizi, eşitdiklərimizi və gördüklərimizi — bir sözlə, məsihçi kimi həsr olunmağımıza və həyat tərzimizə daxil olan hər bir şeyi tətbiq etməyimiz yetkinliyimizə şəhadət edir. Yehova Yeşaya peyğəmbər vasitəsilə deyir: «Yol budur, gedin bu yola» (Yeşaya 30:21).
20. Yığıncaq üçün böyük xeyir-dua olanlar kimlərdir?
20 Allahın Kəlamını çalışqanlıqla öyrənən, xoş xəbəri sə’ylə təbliğ edən, Allaha sədaqətlərini qoruyan və Padşahlıq işini qətiyyətlə dəstəkləyən qadın və kişilər yığıncaq üçün böyük xeyir-duadırlar. Bu cür məsihçilər yığıncağa sabitlik əhval-ruhiyyəsi gətirir. Onlar çox faydalı işlər görürlər, xüsusilə də ona görə ki, yığıncağa təzə gələn bir çox insanlara qayğı göstərir və onları dəstəkləyirlər. Pavelin iman yolunda olub-olmadığımızı yoxlamaq və özümüzü imtahan etmək məsləhətini ürəkdən qəbul etməklə, biz də başqalarına müsbət tə’sir göstərmiş oluruq.
Allahın iradəsini sevinclə yerinə yetirin
21, 22. Allahın iradəsini yerinə yetirməkdən biz necə sevinc hissi duya bilərik?
21 Qədim İsrailin padşahı olan Davud oxuyurdu: «Ey Allahım, Sənin istəyinə əməl etmək mənə zövq verir, qanunun qəlbimdədir» (Məzmur 40:8). Davud Yehovanın iradəsini yerinə yetirməyə şad idi. Nəyə görə? Ona görə ki, Yehovanın qanunları onun ürəyində idi. Davud hansı yol ilə gedəcəyinə şübhə etmirdi.
22 Əgər Yehovanın qanunu ürəyimizdədirsə, hansı yol ilə getməli olduğumuza şübhə etmirik. Yehovanın iradəsini sevinclə yerinə yetiririk. Buna görə də gəlin Yehovaya bütün ürəklə xidmət etmək üçün var gücümüzlə çalışaq (Luka 13:24).
[Haşiyələr]
a Yehovanın Şahidləri tərəfindən dərc olunub.
b Öyrənməyə dair faydalı məsləhətləri Yehovanın Şahidləri tərəfindən dərc olunan «Teokratik Xidmət Məktəbində tə’lim alırıq» (rus.) kitabının 27-32-ci səhifələrində tapmaq olar.
Yadınızdadırmı?
• İman yolunda olub-olmadığımızı necə yoxlaya bilərik?
• Özümüzü imtahan etmək nə deməkdir?
• Bizim yetkin məsihçi olduğumuz nədən görünür?
• İmandan irəli gələn əməllərimiz özümüzə qiymət verməkdə necə kömək edir?
[13-cü səhifədəki şəkil]
İman yolunda olub-olmadığımızı yoxlamağın əsas üsulunu bilirsinizmi?
[14-cü səhifədəki şəkil]
Dərketmə qabiliyyətimizi məşq etdirməklə məsihçi yetkinliyimizi əks etdiririk.
[15-ci səhifədəki şəkillər]
Kəlamın unutqan dinləyiciləri deyil, icraediciləri olaraq biz özümüzü imtahan edirik.