İlk məsihçilər və Musanın qanunu
“Qanun Məsihə [“tərəf”, YD] yol göstərən mürəbbimiz oldu” (QALATİYALILARA 3:24).
1, 2. Musanın qanununa dəqiqliklə riayət edən israillilər hansı faydanı əldə edirdilər?
ERAMIZDAN əvvəl 1513-cü ildə Yehova İsrail xalqına qanunlar külliyyatı verdi. Allah İsrail xalqına dedi ki, əgər Onun sözünü dinləyərlərsə, xeyir-dua alacaq, xoşbəxt və firavan həyat sürəcəklər (Çıxış 19:5, 6).
2 Musanın qanunu, yaxud sadəcə “Qanun” adlanan həmin qanunlar külliyyatı “müqəddəs, ədalətli və yaxşı” idi (Romalılara 7:12). O mərhəmət, düzgünlük, əxlaqi təmizlik və insanpərvərlik kimi gözəl keyfiyyətləri inkişaf etdirməyi öyrədirdi (Çıxış 23:4, 5; Levililər 19:14; Təsniyə 15:13-15; 22:10, 22). Qanun həmçinin israilliləri bir-birini sevməyə də təşviq edirdi (Levililər 19:18). Bundan başqa, onlar Qanun altında olmayan qeyri-yəhudilərlə ünsiyyət etməli və ya onlarla qohumluq əlaqələri yaratmalı deyildilər (Təsniyə 7:3, 4). Məcazi mə’nada desək, Musanın qanunu yəhudilərlə qeyri-yəhudiləri ayıran “hasar” olub, Allahın xalqını natəmiz bütpərəst adətlərdən və düşüncə tərzindən qoruyurdu (Efeslilərə 2:14, 15; Yəhya 18:28).
3. Qanuna heç kimin mükəmməl şəkildə riayət edə bilmədiyi üçün, o hansı məqsədə xidmət edirdi?
3 Lakin hətta ən vicdanlı yəhudilər belə Allahın qanununa mükəmməl şəkildə riayət edə bilmirdilər. Bu o deməkdirmi ki, Yehova onlardan çox şey tələb edirdi? Xeyr. İsrailə Qanun verilməsinin səbəblərindən biri, “cinayətləri ortaya çıxartmaq” idi (Qalatiyalılara 3:19). Qanun səmimi yəhudilərə kömək edirdi ki, Xilaskara böyük ehtiyac duyduqlarını dərk etsinlər. Xilaskar gəldikdə isə, sadiq yəhudilər sevinc içində idilər. Onların günah və ölümün lə’nətindən qurtuluşları yaxınlaşırdı! (Yəhya 1:29).
4. Hansı mə’nada Qanun “Məsihə tərəf yol göstərən mürəbbi” idi?
4 Musanın qanunu müvəqqəti quruluş idi. Həmimanlılarına məktubunda həvari Pavel onu “Məsihə [“tərəf”, YD] yol göstərən mürəbbi” adlandırmışdı (Qalatiyalılara 3:24). Qədimdə mürəbbi uşaqları məktəbə aparır və məktəbdən gətirirdi. Adətən o, müəllim rolunu oynamır, sadəcə uşaqları müəllimin yanına aparırdı. Buna bənzər şəkildə, Musanın qanunu Allah qorxusuna malik olan yəhudiləri Məsihə doğru aparmalı idi. İsa isə davamçılarına söz verdi ki, “dövrün sonuna qədər hər gün” onlarla olacaqdır (Matta 28:20). Buna görə də, məsihçi yığıncağı yarandıqdan sonra “mürəbbiyə”, yə’ni Qanuna ehtiyac qalmadı (Romalılara 10:4; Qalatiyalılara 3:25). Lakin yəhudilərdən olan bə’zi məsihçilər bu vacib həqiqəti dərhal dərk etmədilər. Onlar, hətta İsanın dirilməsindən sonra da Qanunun ayrı-ayrı tələblərinə riayət edirdilər. Başqaları isə öz düşüncə tərzlərini dəyişdilər və bununla bizə gözəl nümunə qoydular. Gəlin bütün bunların necə baş verdiyini nəzərdən keçirək.
Məsihçi tə’limində yeni anlayışlar
5. Peter rö’yada hansı göstərişləri aldı və nəyə görə onu dəhşət bürümüşdü?
5 Eramızın 36-cı ilində həvari Peter heyrət doğuran bir rö’ya gördü. Göydən gələn bir səs, Qanuna görə natəmiz sayılan quş və heyvanları kəsib yeməyi buyururdu. Peteri dəhşət bürümüşdü! Axı o, əsla “murdar və ya natəmiz şey” yeməmişdi. Ancaq səs ona dedi: “Allahın təmiz dediyi şeyləri sən murdar sayma” (Həvarilərin işləri 10:9-15). Peter Qanundan möhkəm yapışmaq əvəzinə, öz nöqteyi-nəzərini dəyişdi. Bu, Allahın niyyəti ilə bağlı olan vacib həqiqəti anlamaqda ona kömək etdi.
6, 7. Peterin artıq qeyri-yəhudilərin də təbliğ edə biləcəyi qənaətinə gəlməsinə kömək edən nə idi və ehtimal ki, o daha hansı nəticəyə gəlmişdi?
6 Daha sonra baş verən hadisəyə baxaq. Budur, üç nəfər kişi Peterin qaldığı evə yaxınlaşıb, onlarla bərabər Kornelius adlı Allahdan qorxan sünnətsiz və qeyri-yəhudi olan bir nəfərin evinə getməyi rica etdilər. Peter həmin kişiləri evə də’vət edib, onları qonaq etdi. Gördüyü rö’yanın mə’nasını anlayan Peter, ertəsi gün bu adamlarla birlikdə Korneliusun evinə yola düşdü. Orada İsa Məsih haqqında əsaslı şəhadət etdi. Söhbət zamanı Peter dedi: “Doğrudan da dərk edirəm ki, Allah insanların kimliyinə baxmaz. Amma hər xalqdan olub, Ondan qorxan və haqq iş görən Ona məqbuldur”. İsaya nəinki Kornelius, həmçinin onun qohumları və yaxın dostları da iman gətirdilər və “təbliği eşidənlərin hamısı üzərinə Müqəddəs Ruh nazil oldu”. Bu işdə Yehovanın əli olduğunu görən Peter, onlara “İsa Məsih adı ilə vəftiz olmalarını əmr etdi” (Həvarilərin işləri 10:17-48).
7 Peterə nə kömək etdi ki, Musanın qanununa riayət etməyən qeyri-yəhudilərin indi İsa Məsihin davamçısı ola biləcəkləri qənaətinə gəlsin? Ruhani bəsirət. Allahın, qeyri-yəhudilərdən olan sünnətsiz adamlar üzərinə müqəddəs ruhunu tökərək onları təqdir etdiyini görəndə, Peter bu adamların vəftizə layiq olduqlarını anladı. Eyni zamanda, görünür, Peter dərk edirdi ki, Allah, Məsihin davamçısı olmaq üçün vəftiz olmaq istəyən qeyri-yəhudilərdən Musanın qanununa riayət etməyi tələb etmir. Əgər sən həmin dövrdə yaşasaydın, Peter kimi nöqteyi-nəzərini dəyişməyə hazır olardınmı?
Bə’ziləri “mürəbbini” izləməyə davam edirdilər
8. Peterin sünnətə olan nöqteyi-nəzərindən fərqli olaraq, Yerusəlimdə yaşayan bə’zi məsihçilər hansı nöqteyi-nəzərə sahib idilər və nəyə görə?
8 Peter Korneliusun evini tərk edib, Yerusəlimə yola düşdü. Sünnətsizlərin “Allah kəlamını qəbul etdikləri” haqqında xəbər, yəhudilərdən olan bə’zi şagirdləri təşvişə salaraq, Yerusəlim yığıncağına qədər gedib çatdı (Həvarilərin işləri 11:1-3). “Sünnət tərəfdarları” digər xalqlardan olan insanların İsanın davamçısı ola biləcəklərini qəbul etsələr də, onların xilas olmaları üçün Qanuna riayət etməli olduqları fikrindən dönmürdülər. Digər tərəfdən, yəhudi dininin təbliğ edilmədiyi və yəhudilərdən az məsihçilərin yaşadığı yerlərdə sünnət məsələsi, ola bilsin, bir o qədər də mübahisəyə səbəb olmurdu. Bu iki müxtəlif rə’y 13 ilə yaxın davam etdi (1 Korinflilərə 1:10). Bu vəziyyət ilk məsihçilər üçün, xüsusilə də yəhudilərin olduğu ərazilərdə yaşayan digər xalqlardan olan məsihçilər üçün, yəqin ki, böyük sınaq idi!
9. Sünnət məsələsinin həll edilməsi nəyə görə çox vacib idi?
9 Eramızın 49-cu ilində, Yerusəlimdən Pavelin təbliğ etdiyi Suriya Antakyasına məsihçilər gəldikdə, vəziyyət mürəkkəbləşdi. Onlar, digər xalqlardan məsihçiliyi yeni qəbul edənlərin Qanuna əsasən sünnət edilmələrini öyrətməyə başladılar. Pavel və Barnaba ilə onların arasında, hətta müxtəlif rə’ylər və mübahisələr yaranmışdı. Bu məsələ həll olunmamış qalsaydı, həm yəhudilərdən, həm də digər xalqlardan olan məsihçiləri mütləq büdrədə bilərdi. Bu səbəbdən qərarlaşdırıldı ki, Pavel və bir neçə başqa adam Yerusəlimə gedib, bu məsələyə dair məsihçilərin rəhbərlik şurasından son qərarın verilməsini xahiş etsinlər (Həvarilərin işləri 15:1, 2, 24).
Müxtəlif rə’ylərdən sonra birlik!
10. Rəhbərlik şurası digər xalqlara dair tələblər haqda qərar verməzdən əvvəl hansı amilləri nəzərə aldı?
10 Təşkil edilmiş görüşdə, ehtimal ki, bə’ziləri sünnət tərəfdarları, bə’ziləri isə buna qarşı idilər. Lakin bu məsələdə emosiyalara üstünlük verilmədi. Xeyli mübahisədən sonra həvari Peter və Pavel, Allahın digər xalqlar arasında göstərdiyi əlamətlərdən danışdılar. Onlar Allahın sünnətsizlər üzərinə müqəddəs ruh tökdüyü haqqında söylədilər. Əslində onlar, “Allahın qəbul etdiyi insanı məsihçi yığıncağının rədd etməsi düzgündürmü?” məsələsini qaldırdılar. Bundan sonra şagird Yaqub, bu məsələyə dair Yehovanın iradəsinin nədən ibarət olduğunu göstərən Müqəddəs Yazılardan bir parçanı oxudu (Həvarilərin işləri 15:4-17).
11. Sünnət haqqındakı məsələyə nə tə’sir göstərmədi və Yehovanın bu qərara xeyir-dua verdiyi nədən görünür?
11 İndi hər şey rəhbərlik şurasının üzvlərindən asılı idi. Özləri yəhudi olduqlarından sünnətəmi üstünlük verəcəkdilər? Xeyr, belə olmadı. Həmin sadiq kişilər Müqəddəs Yazılara və Allahın müqəddəs ruhunun rəhbərliyinə tabe olmağa tam qərarlı idilər. Məsələyə toxunan bütün sahələri dinlədikdən sonra, rəhbərlik şurası yekdilliklə qərar qəbul etdi ki, digər xalqlardan olan məsihçilərin sünnət edilməsi və Musanın qanununa tabe olması lazım deyil. Qardaşlar bunu eşitdikdə sevindilər və onların yığıncaqları “gündən-günə sayca çoxalırdı”. Aydın teokratik rəhbərliyə tabe olan bu məsihçilər, tamamilə Müqəddəs Yazılara əsaslanan cavab alaraq xeyir-dua qazandılar (Həvarilərin işləri 15:19-23, 28, 29; 16:1-5). Lakin daha bir vacib sual cavabsız qalmışdı.
Bəs yəhudilərdən olan məsihçilər necə?
12. Hansı sual cavabsız qalmışdı?
12 Rəhbərlik şurası aydın başa saldı ki, yəhudi olmayan məsihçilərə sünnət lazım deyil. Bəs yəhudilərdən olan məsihçilər necə? Rəhbərlik şurasının qərarı bu məsələyə dair müəyyən cavab vermirdi.
13. Xilas olmaq üçün Musanın qanununa riayət etməyin vacib olduğu fikri nəyə görə düzgün deyildi?
13 Yəhudilərdən olan bə’zi məsihçilər ‘Qanuna sə’ylə riayət edərək’ öz uşaqlarını sünnət etməyə və Qanunun ayrı-ayrı tələblərini yerinə yetirməyə davam edirdilər (Həvarilərin işləri 21:20). Başqaları isə, yəhudilərdən olan məsihçilərin xilas olması üçün Qanuna tam riayət etməyin vacib olduğunu iddia edərək, daha dərinə gedirdilər. Burada onlar böyük səhvə yol verirdilər. Məsələn, məsihçi öz günahlarının bağışlanması üçün heyvan qurbanlarını necə gətirə bilərdi? Məsihin qurbanlığı bu cür təqdimələri ləğv etmişdi. Yaxud, yəhudilərin digər xalqlarla ünsiyyət etməməsi tələbinə məsihçi necə riayət edə bilərdi? Xoş xəbərin coşğun təbliğçilərinə bir tərəfdən bu məhdudiyyətlərə tabe olmaq, digər tərəfdən isə İsanın öyrətdiyi hər şeyi digər xalqlardan olan insanlara öyrətmək tapşırığını yerinə yetirmək olduqca çətin olardı (Matta 28:19, 20; Həvarilərin işləri 1:8; 10:28)a. Bu məsələnin birinci əsrdə rəhbərlik şurası tərəfindən haçansa aydınlaşdırılması haqqında heç bir mə’lumatımız yoxdur. Buna baxmayaraq, yığıncaq köməksiz qalmamışdı.
14. Pavelin Allahdan ilham almış məktublarında Qanuna dair hansı izahatlar verilmişdi?
14 İzahat rəhbərlik şurasının məktubu formasında deyil, həvarilərin Allahdan ilham almış məktubları kimi gəldi. Məsələn, həvari Pavel Romada yaşayan həm yəhudilərə, həm də qeyri-yəhudilərə güclü bir məktub yazmışdı. O, bu məktubda, “daxildən yəhudi olan yəhudidir və... ruhən, ürəkdə olan sünnətlilik əsl sünnətlilikdir” deyə aydın izah etdi (Romalılara 2:28, 29). Həmin məktubunda Pavel əyani nümunənin köməyi ilə artıq məsihçilərin Qanun altında olmadığını göstərdi. O, məktubda bir qadının eyni vaxtda iki kişinin arvadı ola bilməyəcəyini söylədi. Ancaq əgər əri ölərsə, qadın yenidən ərə getmək üçün azaddır. Sonra Pavel həmin nümunəni məsihçilərə tətbiq edərək göstərdi ki, onların eyni zamanda həm Musanın qanunu altında olmaları, həm də Məsihə məxsus olmaları mümkün deyil. Onlar, Məsihlə birləşmək üçün, Qanun üçün “ölü” olmalı idilər (Romalılara 7:1-5).
Yeni həqiqəti anlamaqda yaranan çətinliklər
15, 16. Yəhudilərdən olan bə’zi məsihçilər nəyə görə Qanuna dair yeni həqiqəti qavraya bilmirdilər və bu, ruhən ayıq qalmağın gərəkliyini necə göstərir?
15 Pavelin Qanuna dair gətirdiyi dəlillər təkzib olunmaz idi. Bəs onda nəyə görə yəhudilərdən olan bə’zi məsihçilər yeni həqiqəti dərhal qavramadılar? Bunun səbəblərindən biri, onlarda ruhani bəsirətin azlığı idi. Məsələn, onlar qüvvətli ruhani qidaya e’tinasız yanaşırdılar (İbranilərə 5:11-14). Həmçinin onlar məsihçi yığıncaqlarında müntəzəm iştirak etmirdilər (İbranilərə 10:23-25). Edilən dəyişiklikləri bə’zilərinin qəbul etməməsinin daha bir səbəbi, ola bilsin, Qanunun xarekteri ilə bağlı idi. Qanun mə’bəd və kahinlik kimi gözlə görülə və əllə toxunula bilən şeylərə əsaslanmışdı. Ruhani cəhətdən zəif olan kəslərə Qanunu qəbul etmək, görünməyən həqiqətlərə əsaslanan daha dərin məsihçi prinsiplərini qəbul etməkdən asan idi (2 Korinflilərə 4:18).
16 Pavel Qalatiyalılara olan məktubunda məsihçilərdən bə’zilərinin nəyə görə Qanuna riayət etməyə can atdıqlarının daha bir səbəbini söyləmişdi. O deyirdi ki, bu insanlar geniş yayılmış dinin üzvləri olaraq hörmətli vətəndaşlar kimi görünmək istəyirdilər. Onlar başqalarından fərqlənməmək üçün, demək olar ki, istənilən güzəştə getməyə hazır idilər. Onları Allahın deyil, daha çox insanların təqdiri maraqlandırırdı (Qalatiyalılara 6:12).
17. Qanuna riayət etməyə dair düzgün nöqteyi-nəzər nə zaman tamamilə aydın oldu?
17 Pavelin və başqalarının Allahdan ilham almış məktublarını dərindən öyrənən ağıllı məsihçilər, Qanuna dair düzgün qənaətə gəldilər. Lakin yalnız eramızın 70-ci ilindən sonra Musanın qanununa düzgün nöqteyi-nəzər yəhudilərdən olan məsihçilərin hamısına tamamilə aydın oldu. Bu, Yehovanın iradəsi ilə Yerusəlimin, mə’bədin və kahinlərin nəsil şəcərəsinə dair yazıların məhv edildiyi zaman mümkün oldu. Qanunun bütün tələblərinə artıq heç kəs riayət edə bilmirdi.
Bizim üçün ibrət dərsi
18, 19. a) Ruhən sağlam qalmaq üçün dəyişikliklərə hansı münasibəti inkişaf etdirməli və hansı münasibətdən qaçınmalıyıq? b) Pavelin nümunəsindən, məs’ul qardaşların göstərişlərinə tabe olmağın vacibliyi haqqında nə öyrənirik? (16-ci səhifədəki çərçivəyə baxın.)
18 Uzaq keçmişdə baş vermiş bu hadisələri nəzərdən keçirdikdə, yəqin ki, səndə növbəti suallar yaranır: “Əgər o dövrdə yaşasaydım, Allahın tədricən açılan iradəsinə necə yanaşardım? Heç nəyə baxmadan, ən’ənəvi baxışlardan möhkəm yapışardımmı? Yoxsa həqiqətin düzgün anlayışı aydın oluncaya qədər səbir göstərərdim? Və belə bir anlayış verildikdə ona bütünlüklə tabe olardımmı?”
19 O dövrdə yaşasaydıq hansı münasibəti göstərəcəyimizi, əlbəttə ki, tam əminliklə deyə bilmərik. Lakin hər birimiz özümüzdən soruşa bilərik: “Bu gün Müqəddəs Kitaba dair edilən açıqlamalara necə yanaşıram? (Matta 24:45). Müqəddəs Yazılara əsasən verilən göstərişlərə nöqtəbənöqtə deyil, onların ruhunu da yerinə yetirərək həyatımda tətbiq etməyə çalışırammı? (1 Korinflilərə 14:20). Bə’zi sualların cavabsız qaldığını düşünürəmsə, səbrlə Yehovanı gözləyirəmmi?” Bu gün aldığımız ruhani qidanı yaxşı mənimsəməyimiz olduqca vacibdir ki, “axın bizi... ayırmasın” (İbranilərə 2:1). Yehova öz Kəlamı, ruhu və yerdəki təşkilatı vasitəsilə göstərişlər verdikdə, gəlin diqqətlə qulaq asaq. Əgər belə etsək, Yehova bizə sonsuz və xoşbəxt həyat bəxş edəcəkdir.
[Haşiyə]
a Peter Suriya Antakyasında olarkən, digər xalqlardan olan məsihçilərlə yaxından ünsiyyət edirdi. Yerusəlimdən yəhudi mənşəli məsihçilər gəldikdə isə, Peter “sünnət tərəfdarlarından qorxaraq, çəkilib qeyri-yəhudilərdən ayrıldı”. Hörmətli həvarinin onlarla yemək yeməkdən imtina etməsinin digər xalqlardan olan məsihçilərin, yəqin ki, nə qədər xətrinə dəydiyini təsəvvür etmək olar (Qalatiyalılara 2:11-13).
Siz necə cavab verərdiniz?
• Hansı mə’nada Musanın qanunu “Məsihə tərəf yol göstərən mürəbbi” idi?
• Sizcə, nəyə görə Peter və “sünnətin tərəfdarları” həqiqətin anlayışında baş verən dəyişikliklərə bu qədər müxtəlif yanaşdılar?
• Yehovanın bu gün həqiqəti necə açıqladığı barədə nə öyrəndiniz?
[16-cl səhifədəki çərçivə/şəkil]
Pavel sınağı təvazökarlıqla qarşılayır
Pavel eramızın 56-cı ilində missioner səyahətini uğurla başa vurub Yerusəlimə qayıtdı. Orada onu sınaqlar gözləyirdi. Yığıncaqda mə’lum olmuşdu ki, Pavel Qanunun artıq qüvvədə olmadığını öyrədir. Ağsaqqallar ehtiyat edirdilər ki, Pavelin Qanun haqqında açıqca dedikləri həqiqəti yeni öyrənən yəhidiləri büdrədə bilər və onlarda elə bir fikir yarana bilər ki, guya məsihçilər Yehovanın quruluşuna hörmət göstərmirlər. Yığıncaqda əhdi olan dörd yəhudi vardı, onlar, bəlkə də nazarey olmağı əhd etmişdilər. Onlar, əhdin bütün tələblərini yerinə yetirmək üçün mə’bədə getməli idilər.
Ağsaqqallar Paveldən bu məsihçilərlə mə’bədə gedib, onların xərcini üzərinə götürməsini xahiş etdilər. Bu vaxta qədər Pavel, xilas üçün Qanuna riayət etməyin tələb olunmadığını bildirən ilhamlanmış ən azı iki məktub yazmışdı. Lakin o, başqalarının da vicdanını nəzərə alırdı. O, bir az qabaq demişdi: “Qanun altındakıları əldə etmək üçün, onlarla Qanun altındakı adam kimi davrandım” (1 Korinflilərə 9:20-23). Pavel qərara gəldi ki, ağsaqqalların təklifini qəbul etməklə, Müqəddəs Kitabın hansısa vacib prinsipini pozmayacaq (Həvarilərin işləri 21:15-26). Pavelin qərarında yanlış bir şey yox idi. Əhd etmək Müqəddəs Yazılara zidd getmirdi, mə’bəd isə bütlərə deyil, həqiqi ibadət üçün istifadə edilirdi. Pavel, kiminsə büdrəməsinə səbəb olmamaq üçün, ağsaqqalların xahişinə əməl etdi (1 Korinflilərə 8:13). Sözsüz ki, bunun üçün Paveldən böyük təvazökarlıq tələb olunurdu. Bu isə ona olan hörmətimizi daha da artırır.
[14 və 15-ci səhifələrdəki şəkil]
İllər ərzində məsihçilər arasında Musanın qanununa dair müxtəlif rə’ylər mövcud idi.