“Bütün insanlara tam həlimlik” göstərin
“İmanlılara xatırlat ki... mülayim olub, bütün insanlara tam həlimlik göstərsinlər” (TİTUSA 3:1, 2).
1. Nəyə görə həlimlik göstərmək həmişə asan olmur?
HƏVARİ Pavel yazırdı: “Mən Məsihi təqlid etdiyim kimi, siz də məni təqlid edin” (1 Korinflilərə 11:1). Allahın bütün xidmətçiləri bu məsləhətə sə’ylə riayət etməyə çalışırlar. Bunun asan olmadığını e’tiraf etmək lazımdır, çünki ulu valideynlərimizdən miras aldığımız xudbin meyllər Məsihin nümunəsini dəqiq izləməyə imkan vermir (Romalılara 3:23; 7:21-25). Bununla belə, əgər sə’y göstərsək, hər birimiz həlimliyi təzahür etdirə bilərik. Lakin bunun üçün təkcə öz iradəmiz kifayət etməz. Nəyə görə?
2. “Bütün insanlara tam həlimlik” göstərməkdə bizə nə kömək edə bilər?
2 Allaha məqbul həlimlik — müqəddəs ruhun səmərəsinin bir hissəsidir. Allahın fəal qüvvəsinə nə qədər çox tabe olsaq, bu səmərə bizdə bir o qədər də çox nəzərə çarpacaq. Yalnız o zaman biz “bütün insanlara tam həlimlik” göstərə biləcəyik (Titusa 3:2). Gəlin, İsanı necə təqlid edə və başqalarının bizimlə ünsiyyətdən təravət duymaları üçün necə davrana biləcəyimizi nəzərdən keçirək (Matta 11:29; Qalatiyalılara 5:22, 23).
Ailədə
3. Dünyanın ruhu ailələrə necə tə’sir göstərir?
3 Həlimliyi göstərməyin ən çox vacib olduğu sahələrdən biri ailədir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi mə’lumata görə, qadınların sağlamlığını, yol qəzaları və malyariya xəstəliyindən çox ailə daxilində baş verən zorakılıqlar təhlükə altına qoyur. Məsələn, Londonda qeydə alınan və zorakılıqla törədilən cinayətlərin dörddə bir hissəsi ailədə baş verir. Polislər, çox vaxt qəzəb və qışqıra-qışqıra danışaraq öz hisslərini cilovlamayan insanlarla qarşılaşırlar. Daha pisi odur ki, bə’zi ər-arvadlar münasibətlərində ədavətə yol vermişlər. Bütün bunlar “dünyanın ruhunu”n göstərdiyi tə’sirin acı nəticələridir və bu cür davranışlara məsihçi ailələrində yer yoxdur (Efeslilərə 4:31; 1 Korinflilərə 2:12).
4. Həlimlik ailəyə necə tə’sir edir?
4 Dünyanın ruhuna qarşı durmaq üçün bizə Allahın ruhu lazımdır. “Rəbbin Ruhu harada isə, azadlıq da oradadır” (2 Korinflilərə 3:17). Məhəbbət, yaxşılıq, özünə hakim olmaq və səbir kimi keyfiyyətlər, qeyri-kamil insanların ailə tellərini möhkəmləndirir (Efeslilərə 5:33). Bir çox ailələrin həyatını zəhərləyən söyüş və mübahisələr zəminində kəskin şəkildə seçilən həlimlik evdə gözəl atmosfer yaradır. İnsanın dediyi sözlər vacibdir, lakin onun sözlərinin bağışladığı tə’sir həmin sözləri necə deməsindən asılıdır. Həyəcan və narahatçılıq hissləri həlimliklə ifadə olunduqda gərginlik azalır. Müdrik Süleyman padşah demişdir: “Həlim cavab hirsi yatırar, sərt söz qəzəbi alovlandırar” (Süleymanın məsəlləri 15:1, MKŞ).
5. Dini baxışları ayrı olan ailələrdə həlimlik necə kömək edir?
5 Həlimlik dini baxışları ayrı olan ailələrdə xüsusilə vacibdir. Yaxşı işlərlə tamamlanan həlimlik, hətta “zidd gedən” kəsləri də Yehova üçün fəth etməyə kömək edəcəkdir. Peter məsihçi qadınlarına belə bir məsləhət verir: “Öz ərlərinizə tabe olun ki, bə’ziləri kəlama itaət etməzlərsə, ehtiram içində təmiz həyatınızı müşahidə edərək, siz arvadların rəftarı ilə heç bir söz söylənmədən fəth edilsinlər. Qoy sizin bəzəyiniz, saç hörmə, qızıl taxma və təmtaraqla geyinmə kimi zahiri şeylərdən ibarət olmasın. Gizli olan daxili varlığınız, həlim və sakit ruhun faniləşməz gözəlliyi ilə sizin bəzəyiniz olsun. Bu, Allahın qarşısında çox qiymətlidir” (1 Peter 3:1-4).
6. Həlimlik, valideynlərlə uşaqları bir-birlərinə necə yaxınlaşdırır?
6 Valideynlərlə uşaqlar arasındakı münasibətlər, xüsusilə də Yehovaya qarşı məhəbbət az olduqda gərginləşə bilər. Lakin məsihçi ailələrində hamı bir-birinə həlimliklə yanaşmalıdır. Pavel atalara məsləhət verirdi: “Uşaqlarınızı qəzəbləndirməyin, ancaq onları Rəbbin tərbiyə və nəsihəti ilə böyüdün” (Efeslilərə 6:4). Ailədə həlimlik hökm sürdükdə, uşaqlarla valideynlər arasında sıx dostluq münasibəti yaranır. Beş oğuldan biri olan Din xatırlayır: “Atam həlim insan idi. Yadıma gəlmir ki, yeniyetmə dövrümdə belə, onunla aramızda mübahisə olsun. O, bə’zən nədənsə mə’yus olduqda belə mülayimliyini qoruyurdu. Elə olurdu ki, tənbeh olaraq o, məni otağıma yollayır, yaxud hansısa üstünlüklərdən məhrum edirdi, amma aramızda heç vaxt mübahisə olmazdı. O, bizə yalnız ata deyil, həm də dost idi. Ona görə də, biz onun qanını qaraltmaq istəmirdik”. Gördüyümüz kimi, həlimlik valideynlərlə uşaqları bir-birlərinə yaxınlaşdırır.
Xidmətdə
7, 8. Təbliğ xidmətində həlimlik göstərmək nəyə görə çox vacibdir?
7 Həlimliyin göstərilməsi vacib olan digər sahələrdən biri də, təbliğ xidmətidir. Biz Padşahlıq haqqında xoş xəbəri təbliğ edərkən, müxtəlif xarakterli insanlarla qarşılaşırıq. Bə’ziləri gətirdiyimiz ümidverici xəbəri sevinclə qəbul etdikləri halda, başqaları müxtəlif səbəblər üzündən pis münasibət göstərə bilərlər. Elə burada həlimlik keyfiyyəti, dünyanın ən uzaq yerlərinə qədər şahidlik etmək tapşırığını yerinə yetirməkdə bizə kömək edəcəkdir (Həvarilərin işləri 1:8; 2 Timoteyə 4:5).
8 Həvari Pavel yazırdı: “Məsihi Rəbb kimi ürəklərinizdə təqdis edin. Malik olduğunuz ümid barəsində sizdən hesabat istəyən hər kəsə həmişə cavab vermək üçün hazır olun” (1 Peter 3:15, İ–93). Məsihin nümunəsi daima ürəyimizdə yaşadığı üçün, bizimlə kobud danışan insanlara şəhadətlik edərək bütün qüvvəmizlə həlimlik və hörmət təzahür etdirməyə çalışırıq. Bu cür davranış çox vaxt gözəl nəticələr verir.
9, 10. Təbliğ xidmətində həlimliyin dəyərini göstərən hadisəni danışın.
9 Bir dəfə bir ər-arvadın qapısını döyürlər. Əri Kit otaqda qalır, arvadı isə qapını açmağa gedir. Gələnlərin Yehovanın Şahidi olduqlarını bildikdə, qadın Şahidləri uşaqlarla amansız davranmaqda ittiham etməyə başlayır. Qardaşımız sakitliyi qoruyub, mülayimliklə deyir: “Mən sizi başa düşürəm. İcazə verin, Yehovanın Şahidlərinin nəyə inandıqlarını izah edim”. Bütün söhbəti eşidən Kit qapıya yaxınlaşıb, söhbəti kəsir.
10 Sonradan həmin ər-arvad qonaqla kobud rəftar etdiklərinə görə peşman oldular. Şahidin göstərdiyi həlimlik onlara dərin tə’sir bağışlamışdı. Onların təəccübünə səbəb olaraq, həmin qardaş bir həftədən sonra yenidən qayıtdı və Kit ilə arvadı, onun nəyə inandığını Müqəddəs Kitabın vasitəsilə izah etməsinə icazə verdilər. Axırda ər-arvad: “Son iki il ərzində başqa Şahidlərlə çox söhbət etmişik”, deyə vurğuladılar. Onlar Müqəddəs Kitabı öyrənməyə razı olub, sonunda Yehovaya həsr olunduqlarını vəftizlə simvollaşdırdılar. Onlara ilk dəfə gələn Şahidin göstərdiyi sə’y əbəs olmadı! İllər keçdikdən sonra həmin Şahid Kit və arvadı ilə yenidən görüşdükdə artıq onların ruhani bacı-qardaş olduqlarını öyrəndi. Gördüyümüz kimi, həlimlik gözəl səmərələr gətirdi.
11. Həlimlik kiminsə həqiqəti qəbul etməsinə necə zəmin hazırlaya bilər?
11 Harold hərbi xidmətdə ikən çəkdiyi əziyyətlər üzündən qəddarlaşmış və Allahın mövcudluğuna şübhə etməyə başlamışdı. Bu az imiş kimi, sərxoş sürücünün ucbatından əlil qalmışdı. Onun yanına Yehovanın Şahidləri gəldikdə, Harold onların bir daha gəlməməsini tələb etmişdi. Bir dəfə Bill adlı Şahid, Haroldun qonşuluğunda yaşayan maraqlanan adama baş çəkməli idi. O, səhvən başqa qapını döydü. Harold iki əl ağacının köməyi ilə qalxıb qapını açdıqda, Bill dərhal üzr diləyərək, onun qonşularına baş çəkmək istədiyini bildirdi. Harold özünü necə apardı? Mə’lum oldu ki, o, televiziya xəbərlərindən Şahidlərin qısa bir müddətdə Padşahlıq Zalı tikdiklərini eşidib. Bu qədər insanların çiyin-çiyinə işlədiklərini görən Harold Şahidlərə olan münasibətini dəyişmişdi. Bilin mülayimliyi və həlimliyi, həmçinin səmimiliklə üzr istəməsi Harolda dərin tə’sir bağışladı və Şahidlərin onun yanına gəlməsinə razılıq verdi. O, Müqəddəs Kitabı öyrənməyə başladı, müvəffəqiyyətlər əldə etdi və nəticədə Yehovanın vəftiz olunmuş xidmətçisi oldu.
Yığıncaqda
12. Məsihçi yığıncağının üzvləri hansı dünyəvi meyllərə qarşı durmalıdırlar?
12 Həlimliyi göstərməyin çox vacib olduğu üçüncü sahə — məsihçi yığıncağıdır. Müasir cəmiyyətdə toqquşmalar adi haldır. Həyata cismani nöqteyi-nəzərdən baxan insanlar üçün mübahisələr, çəkişmələr və savaşlar normal hesab olunur. Olur ki, bu cür dünyəvi meyllər gizlicə yığıncağa daxil olur və mübahisələr, bəhslər şəklində özünü büruzə verir. Belə vəziyyətləri həll etmək lazım gəldikdə, məs’ul qardaşlar kədərlənirlər. Buna baxmayaraq, Yehovaya və həmimanlılara olan məhəbbətləri onları büdrəmiş kəsləri islah etməyə təşviq edir (Qalatiyalılara 5:25, 26).
13, 14. Zidd gedənləri həlimliklə islah etsək, hansı nəticəni görə bilərik?
13 Birinci əsrdə Pavel və onun əməkdaşı Timotey yığıncağın bə’zi üzvləri ucbatından yaranan çətinliklərlə qarşılaşdılar. Pavel Timoteyi təşviq edirdi ki, “şərəfsiz” istifadə üçün qablara bənzəyən qardaşlardan özünü qorusun. Pavel izah edir: “Rəbbin qulu isə toqquşmaya baş qoşmamalı, amma hamı ilə sakit rəftar etməli, öyrətməyə hazır olmalı, haqsızlıqlara tab gətirməlidir. Zidd gedənləri isə həlimliklə islah etməlidir”. Biz gərgin vəziyyətlərdə də həlimlik göstərdikdə, çox vaxt bu, zidd gedən kəsləri öz tənqidi münasibətlərini yenidən nəzərdən keçirməyə təşviq edir. Pavelin daha sonra yazdığı kimi, Yehova da öz növbəsində “onlara həqiqəti dərk etmək üçün tövbəyə fürsət” verə bilər (2 Timoteyə 2:20, 21, 24, 25). Diqqət yetirin ki, Pavel həlimliyi sakit rəftar və tab gətirməklə əlaqələndirir.
14 Pavel təbliğ etdiyi həqiqətə müvafiq həyat sürürdü. Korinf yığıncağında “fövqəlhəvarilər” üzündən problemlər yarananda Pavel qardaşlara yazmışdı: “Aranızda hazır ikən təvazökar, qaib ikən isə sizə qarşı cəsur olan mən Pavel, şəxsən, Məsihin həlimliyi və yumşaqlığı naminə rica edirəm” (2 Korinflilərə 10:1; 11:5). Bəli, Pavel doğrudan da Məsihi təqlid edirdi. Diqqət yetirin ki, o, qardaşlarına “Məsihin həlimliyi” ilə yalvarırdı. O, hökmlü və amiranə tondan qaçınırdı. Onun məsləhəti, sözsüz ki, yığıncağın həssas ürəkli üzvlərinə tə’sir bağışlamışdı. Pavel yığıncaqdakı gərgin münasibətləri yüngülləşdirmiş, sülh və birlik üçün əsas qoymuşdu. Məgər hər birimiz özümüzü bu cür aparmağa çalışmalı deyilikmi? Məsihin və Pavelin nümunəsini xüsusilə də ağsaqqallar izləməlidir.
15. Məsləhəti həlimliklə vermək nəyə görə vacibdir?
15 Qardaşlara kömək etmək məs’uliyyəti yalnız yığıncaqda əmin-amanlıq və birlik təhlükə altında olduqda icra olunmur. Qardaşlar məhəbbətlə verilən rəhbərliyə, münasibətlərdə gərginlik yaranmazdan çox əvvəl ehtiyac duyurlar. “Qardaşlar, əgər bir adam bir cinayət üstə tutulsa belə, siz ruhanilər, onu... islah edin” deyə, Pavel təşviq edir. Bu necə mümkündür? “Həlimlik ruhu ilə... sən də yoldan çıxarılmamaq üçün özünə fikir ver” (Qalatiyalılara 6:1). “Həlimlik ruhunu” qorumaq həmişə asan olmur, xüsusilə də ona görə ki, bütün məsihçilər, o cümlədən məs’ul qardaşlar da günahlı meyllərin tə’sirinə düçar ola bilərlər. Bununla belə, həlimlik sayəsində büdrəyən kəsin islah olunması bir qədər yüngül keçəcək.
16, 17. Məsləhəti qəbul etməmək istəyini aradan nə qaldıra bilər?
16 “İslah etmək” kimi tərcümə edilmiş yunan sözü, həmçinin sınan sümükləri birləşdirmək kimi ağrılı əməliyyatı da təsvir edə bilər. Şəfqətli həkim sınan sümükləri birləşdirəndə, həmin əməliyyatın müsbət cəhətlərindən danışır. Onun sakit səsi xəstəyə təsəlli verir. Əvvəlcədən deyilmiş bir neçə söz ağrını yüngülləşdirməyə kömək edir. Ruhani islah da ağrılı ola bilər. Lakin həlimliyin sayəsində ona tab gətirmək asan olacaq, bu isə gözəl münasibətləri bərpa etməyə yol açacaq və büdrəyən kəsə öz davranışını düzəltməyə kömək edəcəkdir. Hətta məsləhət əvvəlcə çox pis qarşılansa da, kömək edən kəs tərəfindən göstərilən həlimlik, Müqəddəs Kitabın verdiyi sağlam məsləhəti qəbul etməmək istəyini ‘qırmağa’ kömək edər (Süleymanın məsəlləri 25:15).
17 Kim isə başqasının islah olunmasına kömək edəndə, həmişə təhlükə var ki, onun məsləhəti tənqid kimi qəbul edilsin. Müqəddəs Kitab üzrə bir alim öz şərhində deyir: “Biz kimə isə töhmət verəndə, özümüzdən razı olmaq təhlükəsinə düşə bilərik, bu səbəbdən həlimliyə böyük ehtiyacımız var”. Təvazökarlıqdan gələn həlimlik, məsləhət verən məsihçiyə bu təhlükədən qaçınmağa kömək edəcək.
“Bütün insanlara”
18, 19. a) Məsihçilərin dünyanın hakim dairələrinə həlimliklə yanaşmaları nəyə görə çətin olur? b) Məsihçilərin hakim dairələrə həlimliklə yanaşmalarına nə kömək edər və bu hansı gözəl səmərələri gətirə bilər?
18 Çoxlarının həlimlik göstərməkdə çətinlik çəkdikləri sahə, dünyəvi hakimlərə qarşı münasibətdir. Bir qayda olaraq, səlahiyyət verilmiş bə’zi insanlar özlərini sərt aparır və insanlara şəfqət göstərmirlər (Vaiz 4:1; 8:9). Lakin Yehovaya olan məhəbbətimiz Onun ən yüksək hakimiyyətini e’tiraf etməyə və insan hakimiyyətlərinə borclu olduğumuz nisbi tabeçilik göstərməyə kömək edəcək (Romalılara 13:1, 4; 1 Timoteyə 2:1, 2). Hətta vəzifəli şəxslər bizim Yehovaya ümumxalq qarşısında xidmətimizi məhdudlaşdırmağa çalışdıqda belə, biz həmd qurbanları gətirmək üçün hələ də mümkün olan imkanları məmnuniyyətlə axtarırıq (İbranilərə 13:15).
19 Vəziyyət hər necə olsa da, biz təcavüzkarlığa əl atmırıq. Müdrik davranmağa çalışır, eyni zamanda da heç vaxt düzgün prinsiplərdə güzəştə getmirik. Məhz bu cür davranmaqla, bizim qardaşlarımız dünyanın 234 ölkəsində xidmətlərini müvəffəqiyyətlə davam edirlər. Biz Pavelin ‘rəislərə və hakim dairələrə tabe olmaq, itaət etmək, hər növ xeyirxah iş görməyə hazır olmaq, heç kimə iftira atmamaq, qeyri-davakar, mülayim olmaq, bütün insanlara tam həlimlik göstərmək’ məsləhətinə riayət edirik (Titusa 3:1, 2).
20. Həlimlik göstərən kəsləri hansı mükafat gözləyir?
20 Hər kim ki, həlimlik göstərir, bol-bol xeyir-dualar alacaq. “Həlimlər nə bəxtiyardırlar! — demişdir İsa,— çünki yeri miras alacaqlar” (Matta 5:5). Həlimliyin sayəsində Məsihin ruhla məsh edilmiş qardaşları xoşbəxtlik əldə edir və Padşahlığın yer üzündəki malikanəsində idarə etməyə nadir imkan alırlar. “Başqa qoyunlar”dan olan “böyük... izdiham” da həlimlik təzahür etdirir və yer üzərində olacaq Cənnəti səbirsizliklə gözləyirlər (Yəhya 10:16; Vəhy 7:9; Məzmur 37:11). Necə də gözəl gələcəkdir! Buna görə də, gəlin Pavelin Efes şəhərindəki məsihçilərə verdiyi xatırlatmanı heç zaman unutmayaq: “Beləliklə, Rəbb üçün məhbus olan mən, sizə yalvarıram ki, aldığınız də’vətə layiq bir həyat sürəsiniz. Tam təvazökarlıq və həlimliklə” (Efeslilərə 4:1, 2).
Təkrar
• Ailədə
• təbliğ xidmətində
• yığıncaqda
• həlimlik göstərən insanlar hansı xeyir-duaları alırlar?
• Həlim insanlara hansı mükafat və’d edilmişdir?
[25-ci səhifədəki şəkil]
Həlimlik, dini baxışları ayrı olan ailələrdə xüsusilə vacibdir.
[25-ci səhifədəki şəkil]
Həlimlik ailə tellərini möhkəmləndirir.
[26-cı səhifədəki şəkil]
Həqiqəti həlimliklə və dərin ehtiramla müdafiə edin.
[28-ci səhifədəki şəkil]
Büdrəyən kəsə həlimliklə verilmiş məsləhəti qəbul etmək asan olur.